Məhkəmə qərarları › İş №e-2(078)-778/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-778/2022

06.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-778/2022 06.12.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASCnin xeyrinə 09 sentyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 11157.15 AZN əsas, 2289.81 AZN faiz, cəmi 13446.96 AZN pul vəsaitinin və 130.34 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını хаhiş etmişdir. İddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə göndərərək, iddia ərizələrinin tam əsaslı və qanuni olduğunu, iddia ərizəsində qeyd etdiklərini nəzərə alaraq məhkəmədən mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclası iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. İddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 09 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi bağlandığını, həmin müqaviləyə əsasən ona illik 25.79 faiz dərəcəsi ilə 48 ay müddətinə 11157.15 AZN məbləğində kredit verildiyini, kreditin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh2 arasında 09 sentyabr 2021-ci il tarixli zaminlik müqaviləsi bağlandığını, kredit müqavilələrinin şərtlərinə əsasən cavabdehlərin öz üzərlərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsələr də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmədiklərini, Cavabdeh1 23 iyun 2022-ci il tarixə İddiaçı ASC-yə 09 sentyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 11157.15 AZN əsas, 2289.81 AZN faiz, cəmi 13446.96 AZN borcunun yarandığını, bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdehlər tərəfindən borcun qaytarılmasının təmin edilmədiyini, bunları nəzərə alaraq, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 09 sentyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 11157.15 AZN əsas, 2289.81 AZN faiz, cəmi 13446.96 AZN pul vəsaitinin və 130.34 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını хаhiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, оnlar məhkəmə baxış iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə baxış iclası cavabdehlərin iştirakı olmadan keçirilmişdir. İş materiallarına əlavə olunmuş: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (borcverən) ilə Cavabdeh1 (borcalan) arasında bağlanmış 09 sentyabr 2021-ci il tarixli, RGTK4127911A500 nömrəli Kredit Müqaviləsinə əsasən, kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana müəyyən müddətə, məqsədli istifadə, qaytarılmaq, faizlər ödənilmək və təminatlılıq şərtilə 11157.15 (on bir min yüz əlli yeddi manat on beş qəpik) AZN məbləğində kredit verilməsini, borcalan isə aldığı krediti və kredit üzrə hesablanacaq faizləri bu müqavilədə göstərilən müddətdə və qaydada kreditora qaytarmağı öhdəsinə götürür. Kredit borcalana gündəlik tələbat məqsədilə verilir. Kredit 48 (qırx səkkiz) ay müddətinə verilir. Kreditdən istifadəyə görə borcalan illik 25.79% ödəyir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (borcverən), Cavabdeh1 (borcalan) və Cavabdeh2 (zamin) arasında bağlanmış 09 sentyabr 2021-ci il tarixli, Z-RGTK4127911A500 nömrəli Zaminlik Müqaviləsinə əsasən, borcalan bank qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürür və zamin bank qarşısında borcalanla birgə məsuliyyət daşıyır. 09 sentyabr 2021-ci il tarixli, RGTK4127911A500 nömrəli Kredit Müqaviləsinə əlavəyə əsasən, Cavabdeh1 üzərinə götürdüyü krediti faizləri ilə birlikdə İddiaçı ASC-yə 11 oktyabr 2021-11 avqust 2025-ci il tarixləri aralığında hər ay 374.87 AZN, 09 sentyabr 2025-ci il tarixdə isə 388.24 AZN olmaqla, cəmi 18007.13 AZN ödəməyi öhdəsinə götürmüşdür. 29 iyun 2022-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 23 iyun 2022-ci il tarixə 11157.15 AZN əsas, 2289.81 AZN faiz, cəmi 13446.96 AZN borcu vardır. Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin 29 sentyabr 2022-ci il tarixli, 242 nömrəli rəyinə əsasən, Cavabdeh1 tərəfindən İddiaçı ASCyə ödənilmiş pul vəsaitinə dair hesabdan çıxarış məlumatları və 09 sentyabr 2021-ci il tarixli, RGTK4127911A500 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 İddiaçı ASC-yə 23 iyun 2022-ci il tarixə (maliyyə arayışı verildiyi tarixə) kredit üzrə olan əsas borcu 11157.15 (on bir min yüz əlli yeddi manat on beş qəpik) manat, faiz borcu 2269.97 (iki min iki yüz altmış doqquz manat doxsan yeddi qəpik) manat təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Аzərbаycаn Respublikаsı Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci mаddəsinə əsаsən, mülki işlər üzrə məhkəmə icrааtının vəzifələri hər bir fiziki və yахud hüquqi şəхsin Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsındаn, qаnunlаrındаn və digər nоrmаtiv hüquqi аktlаrındаn irəli gələn hüquq və mənаfelərinin məhkəmədə təsdiq оlunmаsıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Mülki işin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında Kredit Müqaviləsi və Zaminlik Müqaviləsi bağlanılmış, cavabdehlər öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmiş, nəticədə icranı gecikdirmişlər. Həmçinin məhkəmə Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin 29 sentyabr 2022-ci il tarixli, 242 nömrəli rəyini mötəbər sübut kimi nəzərə alır. Məhkəmə tədqiq edilmiş iş materiallarını yuxarıda sadalanan maddi və prosessual normalarla əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11157.15 (on bir min yüz əlli yeddi manat on beş qəpik) manat əsas borc və 2269.97 (iki min iki yüz altmış doqquz manat doxsan yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 13427.12 (on üç min dörd yüz iyirmi yeddi manat on iki qəpik) manat pul vəsaitinin və 130.34 (yüz otuz manat otuz dörd qəpik) manat dövlət rüsumunun əvəzi iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 433.1-ci maddəsinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 471-ci maddəsinə əsasən, zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 358.0.3 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11157.15 (on bir min yüz əlli yeddi manat on beş qəpik) manat əsas borc və 2269.97 (iki min iki yüz altmış doqquz manat doxsan yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 13427.12 (on üç min dörd yüz iyirmi yeddi manat on iki qəpik) manat pul vəsaitinin və 130.34 (yüz otuz manat otuz dörd qəpik) manat dövlət rüsumunun əvəzi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə rədd olunsun. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar