Məhkəmə qərarları › İş №e-2(078)-778/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-778/2024

24.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-778/2024 24.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Babək rayonU, A.Buzqov kəndində qeydiyyatda olan iddiaçı Nümayəndə Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyənetdim: İddiaçı Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1500 manat əsas borcun, gecikdirilmiş penya pulu olan 150 manatın, nəticə etibarilə ümumilikdə 1650 (min altı yüz əlli) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 36.50 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Nümayəndə ərizəni onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 26 iyun 2023-cü il tarixdə 200 nömrəli Nisyə mal satılması Müqaviləsi bağladıqlarını, 26 iyun 2023-cü il tarixli, 200 nömrəli Nisyə mal satılması Müqaviləsinə əsasən Cavabdeh “İPhone 12 pro” markalı telefonu 12 aylıq kreditlə 1650 manat dəyərində aldığını və hazırki vaxtadək onun tərəfindən ilkin ödəniş də daxil olmaqla, 150 manat ödəndiyini, lakin hazırda qalan 1500 manat borcunu ödəməkdən imtina etdiyini, bütün müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 2% penya (cərimə) pulunun ödənilməsinin nəzərdə tutulduğunu, buna görə də, həmin məbləğlərin də cavabdehin borcu hesab olunduğunu, telefon satışı ilə məşğul olaraq özü üçün maddi qazanc əldə etdiyini və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, yəni vaxtında ödənilməyən ödənişlərin onun üçün maddi zərərlərə gətirib çıxardığını, hazırki vəziyyətdə də cavabdehə satdığı telefonun vaxtında ödənilməyən pullarının onun maddi itkilərə məruz qalmağına səbəb olduğunu, cavabdehə yox, başqa şəxsə həmin telefon satılsaydı, maddi itkilərlə qarşılaşmayacağını, həmçinin borcun ödənilməsi ilə bağlı cavabdehə tərəflərindən dəfələrlə şifahi xəbərdarlıq olunduğunu və borc pulun ödənilməsinin ondan tələb edildiyini, lakin onun borcun ödənilməsindən imtina etdiyini, buna görə ciddi maddi itkilərlə qarşılaşdığını, Naxçıvan şəhərində nüfuza və hörmətə malik olan bir şəxs kimi tanındığını, geniş müştəri dairəsinin olduğunu, müştərilərinin yanında kifayət qədər inam və etibara, həmçinin nüfuza və hörmətə malik olduğunu, satıcı-alıcı münasibətlərinin kəskinləşməsinin, münasibətlərin pozulmasının və mübahisənin məhkəməyə daşınmasının heç də yaxşı hal olmadığını, lakin bu şəraitin yaranmasında cavabdehin yaratdığı səbəb və şəraitin dayandığını, əgər cavabdeh borcu vaxtında ödəsəydi, məsələnin də bu səviyyəyə gəlib çıxmaya biləcəyini, cavabdehin yuxarıda qeyd olunan 26 iyun 2023-cü il tarixli, 200 nömrəli müqavilədən yaranan 1500 manat əsas borcunun olduğunu, bundan əlavə, müqavilədə göstərilən 3.3-cü bəndə əsasən müqavilə üzrə aylıq ödənişin 2%-nin hər gecikdirilmiş gün üçün ödənilməli olan 150 manat penya pulunun və 36.50 manat dövlət rüsumunun da cavabdehdən alınıb ona qaytarılmasını istədiyini, bunları nəzərə alaraq, Cavabdeh 1500 manat əsas borcun, gecikdirilmiş penya pulu olan 150 manatın, nəticə etibarilə ümumilikdə 1650 (min altı yüz əlli) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 36.50 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Nümayəndə ilə Cavabdeh arasında bağlanmış 26 iyun 2023-cü il tarixli, 200 nömrəli Nisyə mal satınalması Müqaviləsinə əsasən, müqaviləyə əsasən satıcı alıcıya ümumi məbləği 1650 (min altı yüz əlli) manat dəyərində “İPhone 12 pro” markalı mobil telefonu satmağı, alıcı isə müqavilə ilə razılaşdırılmış qaydada mobil telefonun dəyərini ödəməyi öhdəsinə götürür. 26 iyun 2023-cü il tarixli, 200 nömrəli Mal satınalması Müqaviləsinə 1 nömrəli əlavəyə əsasən, Cavabdeh 1650 manat məbləğində pulu xx.xx.2023-cü il tarixdə 275 manat, xx.xx.2023-xx.xx.2024-cü il tarixləri aralığında hər ay 125 manat olmaqla, ödəməyi öhdəsinə götürür. 11 aprel 2024-cü il tarixli arayışa əsasən, Cavabdeh Nümayəndə 26 iyun 2023-cü il tarixli, 200 nömrəli müqaviləyə görə 1500 manat əsas borc və 150 manat penya pulu olmaqla, ümumilikdə 1650 (min altı yüz əlli) manat məbləğində ödənilməmiş borcu mövcuddur. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından məlum olur ki, iş üzrə Cavabdeh “İPhone 12 pro” markalı telefonu tam qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. Borcalan Cavabdeh pretenziya göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.3-cü maddəsinə görə, satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə görə, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə görə, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı Nümayəndə alqı-satqı müqaviləsi üzrə dəbbə pulu olaraq cavabdehdən 150 manat tutulmasını xahiş etmişdir. Yuxarıda qeyd olunan normalar baxımından məhkəmə hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu əsas borca münasibətdə tənasübsüz olduğundan azaldılaraq, əsas borcun 5% miqdarında 75 manat məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə xx.xx.2024-cü il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2024-cü il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia qismən təmin edilməklə, Cavabdeh xx.xx.2023-cü il tarixli, 200 nömrəli Nisyə mal satın alması müqaviləsi üzrə 1500 manat əsas, 75 manat gecikdirilmiş dəbbə borcu olmaqla, ümumilikdə 1575 manat borc iddiaçı Nümayəndə xeyrinə tutulmalıdır. Ərizə qismən təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə Nümayəndə tərəfindən xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdim: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 200 nömrəli Nisyə mal satın alması müqaviləsi üzrə 1500 (bir min beş yüz) manat əsas, 75 (yetmiş beş) manat gecikdirilmiş dəbbə borcu olmaqla, ümumilikdə 1575 (bir min beş yüz yetmiş beş) manat borc iddiaçı Nümayəndə xeyrinə tutulsun. İddia tələbi qalmış hissədə rədd edilsin. Nümayəndə tərəfindən xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar