Məhkəmə qərarları › İş №e-2(078)-865/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-865/2022

30.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-865/2022 30.11.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, iddiaçı təşkilat «X3 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: «X3 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6811.25 manat əsas məbləğ üzrə borcun, 62.98 manat faiz borcunun, 11.31 manat cərimə borcunun, cəmi 6885.54 manat kredit borcunun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 88.86 manat dövlət rüsumunun «X3 Azərbaycan» QSC-nin xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə çıxarılmasını хаhiş etmişdir. İddiaçı təşkilat «X3 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinə məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclası iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. İddiaçı təşkilat «X3 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, 27 dekabr 2019-cu ildə "X3 Azərbaycan" QSC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlandığını, kredit müqaviləsinin şərtlərinə görə bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 7765 manat məbləğində pul ayrıldığını və onun 60 ay müddətində kreditin əsas məbləği və ona illik 1% dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli olduğunu, "X3 Azərbaycan" QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirdiyini, borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyi icra etmədiyini və bu günədək borcu ödəmədiyini, cavabdehin kredit müqaviləsinə əsasən "X3 Azərbaycan" QSC-yə olan əsas məbləğ üzrə borcunun 6811.25 manat, faiz borcunun 62.98 manat, cərimə borcunun 11.31 manat, cəmi borcunun 6885.54 manat təşkil etdiyini, bunları nəzərə alaraq, Cavabdeh 6811.25 manat əsas məbləğ üzrə borcun, 62.98 manat faiz borcunun, 11.31 manat cərimə borcunun, cəmi 6885.54 manat kredit borcunun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 88.86 manat dövlət rüsumunun «X3 Azərbaycan» QSC-nin xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə çıxarılmasını хаhiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxış iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. İş materiallarına əlavə olunmuş: «X3 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti (borcverən) ilə Cavabdeh (borcalan) arasında bağlanmış 27 dekabr 2019-cu il tarixli, 264730 nömrəli Güzəştli Kredit və Zaminlik Müqaviləsinin 1.1, 1.2 və 1.8-ci bəndlərinə görə, borcverən borcalana bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə kredit verir. Borcalan isə kredit üzrə almış olduğu bütün borc pul məbləğlərini bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və müddətlərdə borcverənə qaytarmağı öhdəsinə götürür. Kreditin məbləği 7765.00 (yeddi min yeddi yüz altmış beş) AZN təşkil edir. Kredit üzrə faktiki illik faiz dərəcəsi 1.00% təşkil edir. 26 iyul 2022-ci il tarixli maliyyə arayışına əsasən, "X3 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 27 dekabr 2019-cu il tarixli kredit müqaviləsinin şərtlərinə görə bank tərəfindən borcalana 7765.00 (yeddi min yeddi yüz altmış beş) AZN məbləğində kredit verilmişdir. Cavabdeh "X3 Azərbaycan" QSC-yə hazırda borcu aşağıdakılardan ibarətdir: Əsas məbləğ üzrə borc: 6811.25 (altı min səkkiz yüz on bir manat iyirmi beş qəpik) AZN; Faiz borcu: 62.98 (altmış iki manat doxsan səkkiz qəpik) AZN; Cərimə borcu: 11.31 (on bir manat otuz bir qəpik) AZN; Cəmi borc: 6885.54 (altı min səkkiz yüz səksən beş manat əlli dörd qəpik) AZN. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 oktyabr 2022-ci il tarixli, 257 nömrəli ekspert rəyinə əsasən, təqdim olunmuş maliyyə arayışı, hesabdan çıxarış məlumatları və 27 dekabr 2019-cu il tarixli, 264730 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə kredit üzrə 26 iyul 2022-ci il tarixə (maliyyə arayışının verilmə tarixinə) olan əsas borcu 6815.79 (altı min səkkiz yüz on beş manat yetmiş doqquz qəpik) manat, faiz borcu 68.92 (altmış səkkiz manat doxsan iki qəpik) manat təşkil edir. Təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank tərəfindən cərimə hesablanmadığı üçün hazırki tədqiqatla Cavabdeh cərimə hesablanmır. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Kоnstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki işin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsi bağlanılmış, cavabdeh öhdəliyini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmiş, nəticədə icranı gecikdirmişdir. Məhkəmə həmçinin Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 oktyabr 2022-ci il tarixli, 257 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul etmir, belə ki, ekspert rəyi iddia tələbinə uyğun olmadığından, əlavə hesablama olduğundan nəzərə alınmamalıdır. Məhkəmə tədqiq edilmiş iş materiallarını yuxarıda sadalanan maddi və prosessual normalarla əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 6811.25 (altı min səkkiz yüz on bir manat iyirmi beş qəpik) manat əsas borc, 62.98 (altmış iki manat doxsan səkkiz qəpik) manat faiz borcu və 11.31 (on bir manat otuz bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 6885.54 (altı min səkkiz yüz səksən beş manat əlli dörd qəpik) manat məbləğində borc və 88.86 (səksən səkkiz manat səksən altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı təşkilat «X3 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 433.1-ci maddəsinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 6811.25 (altı min səkkiz yüz on bir manat iyirmi beş qəpik) manat əsas borc, 62.98 (altmış iki manat doxsan səkkiz qəpik) manat faiz borcu və 11.31 (on bir manat otuz bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 6885.54 (altı min səkkiz yüz səksən beş manat əlli dörd qəpik) manat məbləğində borc və 88.86 (səksən səkkiz manat səksən altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi «X3 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar