Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-942/2022 26.10.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı təşkilatın nümayəndəsi Nümayəndə, onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı təşkilat "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə və onun vəkili və nümayəndəsi Vəkil Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 350 (üç yüz əlli) manat əsas borc, gecikdirilmiş peniya olan 35 (otuz beş) manat, hüquqi yardım üçün ödənilmiş 200 (iki yüz) manat vəkil xərci, 13 (on üç) manat notarius xərci olmaqla nəticə etibarilə 598 (beş yüz doxsan səkkiz) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun iddiaçı təşkilat İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən iddiaçı təşkilatın nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, o, İddiaçı MMC-nin təsisçisidir. Onunla Cavabdeh arasında 27 oktyabr 2021-ci il tarixdə 666 nömrəli kredit-satış müqaviləsi bağlanmış, müqavilənin şərtinə əsasən Redmi Not 8 markalı telefonu 5 aylıq kredit şərti ilə 400 manata almış, bundan ilkin ödəniş daxil olmaqla 190 manatı ödəmiş və 210 manat borcu qalmışdır. Eyni zamanda cavabdehlə 27 oktyabr 2021-ci il tarixdə 668 nömrəli kredit-satış müqaviləsi bağlanmış, müqavilənin şərtinə əsasən Redmi Not 9 markalı telefonu 5 aylıq kredit şərti ilə 450 manata almış, bundan ilkin ödəniş daxil olmaqla 310 manatı ödəmiş və 140 manat borcu qalmışdır. Müqavilədə gecikdirilmiş hər gün üçün 10 manat penya (cərimə) borcunun ödənilməsi nəzərdə tutulmuşdur və bu borc da cavabdehin borcu hesab edilir, belə ki, vaxtında ödənilməyən ödənişlər maddi zərərə səbəb olur. Hazırda cavabdehin 666 və 668 nömrəli müqavilələr üzrə ümumilikdə 350 manat əsas borcu var, bundan başqa cavabdehin ümumilikdə 35 manat cərimə borcu vardır. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq olunmuş və borc pulun ödənilməsi ondan tələb edilmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə ödəməli olduğu borcu geri verməkdən boyun qaçırmışdır. Nümayəndə sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat verən iddiaçının vəkili və nümayəndəsi Vəkil hüquqlarını müdafiə etdiyi və eyni zamanda nümayəndəsi şəxsin izahatını təsdiqlədiyini, heç bir əlavəsinin olmadığını bildirmiş və sonda iddianın təmin olunması barədə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 27 oktyabr 2021-ci il tarixli 666 nömrəli kredit-satış müqaviləsindən aydın olur ki, həqiqətən həmin tarixdə İddiaçı MMC tərəfindən Nümayəndə ilə Cavabdeh arasında qeyd olunan müqavilə bağlanmış və müqavilənin şərtinə əsasən Cavabdeh dəyəri 400 manat olan Redmi Not 8 markalı telefonu almış, bundan 50 manat nağd ödəniş edərək qalan 350 manat borcu 5 ay müddətinə aylıq 70 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 27 oktyabr 2021-ci il tarixli 668 nömrəli kredit-satış müqaviləsindən aydın olur ki, həqiqətən həmin tarixdə İddiaçı MMC tərəfindən Nümayəndə ilə Cavabdeh arasında qeyd olunan müqavilə bağlanmış və müqavilənin şərtinə əsasən Cavabdeh dəyəri 450 manat olan Redmi Not 9 markalı telefonu almış, bundan 100 manat nağd ödəniş edərək qalan 350 manat borcu 5 ay müddətinə aylıq 70 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün qalan malın dəyərinin 10% miqdarında cərimə ödənilməsi nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş mobil telefonu iddiaçı cavabdehin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdeh isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərinə götürmüş olduqları öhdəliyi lazımınca icra etməmişdir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliyi lazımınca yerinə yetirməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməmiş və buna görə də müvafiq məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalı, iş üzrə Cavabdeh 350 (üç yüz əlli) manat əsas borc və 35 (otuz beş) manat cərimə borcu olmaqla ümumilikdə 385 (üç yüz səksən beş) manat məbləğində pul alınaraq iddiaçı təşkilata ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia təmin olunduğundan İddiaçı MMC tərəfindən X1 xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbzlə ödənilmiş ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Məhkəmə məhkəmə məsrəfi ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən vəkilə hüquqi yardım üçün 10 avqust 2022-ci il tarixdə verilmiş 005399 nömrəli qəbzlə ödənilmiş 200 (iki yüz) manat xidmət haqqı Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Eyni zamanda 13 (on üç) manat notarius xərci Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. İş üzrə Cavabdeh 350 (üç yüz əlli) manat əsas borc və 35 (otuz beş) manat cərimə borcu olmaqla ümumilikdə 385 (üç yüz səksən beş) manat məbləğində pul alınaraq iddiaçı təşkilat İddiaçı MMC-nə ödənilsin. İddiaçı MMC tərəfindən X1 xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbzlə ödənilmiş ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, vəkilə hüquqi yardım üçün ödənilmiş 200 (iki yüz) manat xidmət haqqı və 13 (on üç) manat notarius xərci Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №e-2(078)-942/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-942/2022
26.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver