Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-999/2023 16.10.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı təşkilat "xxxx" ASC-nin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı təşkilat "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 18 oktyabr 2021-ci il tarixli, İK1007063 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 7 205.23 (on bir min altı yüz on manat 86 qəpik) manat əsas borc, 542.92 (yeddi yüz otuz səkkiz manat 09 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 7748.15 (yeddi min yeddi yüz qırx səkkiz manat 15 qəpik) manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 97.48 (doxsan yeddi manat 48 qəpik) manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatla Cavabdeh arasında bağlanmış 18 oktyabr 2021-ci il tarixli, İK1007063 saylı kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 48 ay müddətinə 9300 (doqquz min üç yüz) manat məbləğində krediti verilmişdir. Borcalan Bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1-ci bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Bu səbəbdən Borcalanla dəfələrlə telefonla əlaqə saxlanılmış və Borcalanə xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləği dəqiq göstərilməklə borcun icrası tələb edilmişdir. İddiaçının tələbinin əsaslandığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı, kredit ödənişləri cədvəli və kassa məxaric orderidir. Kredit müqaviləsinin 6.1-ci maddəsinə əsasən müəyyənləşdirilmişdir ki, tərəflər bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsinə görə qarşı tərəfə vurduğu ziyana görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Kredit müqaviləsinin 2.10-cu maddəsinə əsasən müəyyənləşdirilmişdir ki, gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə hesablanır. Kredit müqaviləsinin 8.2-ci maddəsinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflər müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Cavabdeh tərəflər arasında bağlanmış 18 oktyabr 2021-ci il tarixli, İK1007063 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023- cü il tarixə 7205.23 (on bir min altı yüz on manat 86 qəpik) manat əsas borc, 542.92 (yeddi yüz otuz səkkiz manat 09 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 7748.15 (yeddi min yeddiyüz qırx səkkiz manat 15 qəpik) manat kredit borcu öhdəliyi var. İddiaçı təşkilat sonda qeyd olunanların, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarının nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə iddiaçı təşkilat "xxxx" ASC-nə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin təşkilatın nümayəndəsi Nümayəndə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə məhkəmənin elektron ünvanına ərizə göndərərək iddia tələbini müdafiə etdiyini, məhkəmə iclasında işlərin çoxluğu səbəbdən iştirak edə bilməyəcəklərini, mülki işə onların iştirakı olmadan baxılıb qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə mülki işə "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçı təşkilatın ərizəsini, iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsidir. Həmin maddəyə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki işin materiallarına əlavə olunmuş 18 oktyabr 2021-ci il tarixli, İK1007063 saylı İstehlak krediti müqaviləsinin surətindən görünür ki, həqiqətən "xxxx" ASC ilə Cavabdeh arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Müqavilənin 1-ci bəndinə əsasən Bank Borcalana istehlak məqsədilə illik 17% dərəcəsi ilə 48 ay müddətinə 9300 (doqquz min üç yüz) manat məbləğində kredit verilməsini, Borcalan isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.3-cü bəndinə əsasən kredit məbləği borcalana illik 17 % dərəcəsi ilə verilir. Faizlər annuitet qaydasında hesablanır, nəticədə kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) illik 18.57 %-dir. Müqavilənin 2.8-ci bəndinə əsasən kreditdən istifadəyə görə faizlərin hesablanması müddəti ssuda hesabı üzrə borcun yaranma tarixindən (bu tarix daxil edilir) başlayır və bu borcun qaytarılması tarixində (bu tarix daxil edilmir) qurtarır. Faizlərin ödənilməsi kreditin qaytarılması ilə birlikdə hər ay həyata keçirilir. Ödənişlər müəyyən dövrlər üzrə həyata keçirildiyi halda faizlərin ödənilməsi tarixi ödəniş aparılan dövrə daxil edilmir. İş materiallarına əlavə edilmiş 18 oktyabr 2021-ci il tarixli, İK1007063 saylı kredit müqaviləsinə əlavənin surətindən müəyyən edilir ki, tərəflər kredit müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki ikitərəfli qaydada imzalamışlar. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 713 nömrəli arayışın surətindən məlum olur ki, 18 oktyabr 2021-ci il tarixli, İK1007063 saylı İstehlak krediti müqaviləsi üzrə Cavabdeh həmin tarixə Banka 7205.23 (on bir min altı yüz on manat 86 qəpik) manat əsas borc, 542.92 (yeddi yüz otuz səkkiz manat 09 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 7748.15 (yeddi min yeddiyüz qırx səkkiz manat 15 qəpik) manat məbləğində borcu mövcuddur. Cavabdeh Banka olan əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə bildiriş məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən kredit müqaviləsinin şərtləri yerinə yetirilməmişdir. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verilməli, iş görülməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehlərin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdehlər isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərlərinə götürmüş olduqları öhdəliyi lazımınca icra etməməmişlər. Belə ki, iddiaçı əsas borcluya faizlə vermiş olduğu kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və müəyyən edilmiş məbləği Cavabdeh verməklə kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi lazımınca icra etməmiş və buna görə də cavabdehlər kredit müqaviləsi üzrə götürmüş olduğu öhdəliyi tam icra etmədiyinə görə müvafiq məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Plenum qərarında formalaşmış hüquqi mövqe ondan ibarətdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Cavabdeh Banka olan əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə göndərilmiş xəbərdarlıq məktubunda cavabdehin 18 oktyabr 2021-ci il tarixli, İK1007063 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 502.7 manat gecikdirilmiş əsas, 311.86 manat gecikdirilmiş faiz borcu olmaqla ümumilikdə 814.56 manat borcu olduğu göstərilmişdir. 26 may 2023-cü il tarixli maliyyə arayışında isə əsas borcun 7205.23 manat, faiz borcunun 542.92 manat və cəmi öhdəliyin 7748.15 manat olduğu göstərilmiş, bütov şəkildə pulun tələb edilməsi ilə bağlı borcluya ümumiyyətlə xəbərdarlıq göndərilməmişdir. Tərəflə göndərilən xəbərdarlıq məktubu ilə maliyyə arayışı bir-birindən fərqli olmuşdur. Bu hal isə kreditorun borclu ilə müqavilə münasibətlərində olmaqda davam etməsi kimi qiymətləndirilməlidir. Belə olan halda isə kreditor məhkəməyə müraciət etməzdən əvvəl borcluya iddia tələbində qeyd edilən məbləğdə borcun olmasına dair bildiriş göndərilməli idi. Buna görə də iddiaçı cavabdehdən tərəfə göndərdiyi bildirişdə qeyd edilən məbləğdən artıq borcu tələb edə bilməz. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddiası qismən təmin olunmalı, Cavabdeh 18 oktyabr 2021-ci il tarixli, İK1007063 saylı kredit müqaviləsinə əsasən 502.7 (beş yüz iki manat yetmiş qəpik) manat əsas borc, 311.86 (üç yüz on bir manat səksən altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 814.56 (səkkiz yüz on dörd manat əlli altı qəpik) manat məbləğində gecikdirilmiş kredit borcu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddiaçı "xxxx" ASC tərəfindən iddia qaldırılması üçün xx.xx.2023-cü il tarixdə Hökümət ödəniş portalında və ya AsanPay vasitəsilə ********** qəbz nömrəsi ilə ödənilmiş 97.48 (doxsan yeddi manat 48 qəpik) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq qiymətləndirilən iddialar üzrə iddia tələbinin 1000 (bir) min manatadək olması nəzərə alınaraq 30 (otuz) manatı Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin olunsun. Cavabdeh 18 oktyabr 2021-ci il tarixli, İK1007063 saylı kredit müqaviləsinə əsasən 502.7 (beş yüz iki manat yetmiş qəpik) manat əsas borc, 311.86 (üç yüz on bir manat səksən altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 814.56 (səkkiz yüz on dörd manat əlli altı qəpik) manat məbləğində gecikdirilmiş kredit borcu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddiaçı "xxxx" ASC tərəfindən iddia qaldırılması üçün xx.xx.2023-cü il tarixdə Hökümət ödəniş portalında və ya AsanPay vasitəsilə ********** qəbz nömrəsi ilə ödənilmiş 97.48 (doxsan yeddi manat 48 qəpik) manat dövlət rüsumunun 30 (otuz) manatı Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-999/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-999/2023
16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver