Məhkəmə qərarları › İş №e-2(079)-104/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-104/2022

25.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-104/2022 25.02.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq m ü ə y y ə n e t d i : İddiaçı Açıq Səhmdar Cəmiyyəti “28” yanvar 2022-ci ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək 22 oktyabr 2020-ci il tarixli, 101840-571564/4 nömrəli kredit müqaviləsi üzrə 2988,23 (iki min doqquz yüz səksən səkkiz manat, iyirmi üç qəpik) manat məbləğində əsas və 412,01 (dörd yüz on iki manat, bir qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 3400,24 (üç min dörd yüz manat, iyirmi dörd qəpik) manat məbləğində borcun və 54,41 (əlli dörd manat qırx bir qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 22 oktyabr 2020-ci il tarixli, 101840-571564/4 nömrəli istehlak krediti müqaviləsinə əsasən ona 24 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə 4100 (dörd min bir yüz) manat məbləğində kredit verilmişdi. Eyni zamanda bankla digər Cavabdeh2 arasında 22 oktyabr 2020-ci il tarixli, 101840-571564/4 nömrəli zaminlik müqaviləsi bağlanmışdı. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında (borcalan tərəfindən 22 oktyabr 2020-ci il tarixli, 101840-571564/4 nömrəli kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə görə) borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlər dəfələrlə şifahi xəbərdarlıq olunsa da, onlar banka olan borclarını ödəməmişlər. Onların 25 yanvar 2022-ci il tarixə kredit müqaviləsi üzrə 2988,23 (iki min doqquz yüz səksən səkkiz manat, iyirmi üç qəpik) manat məbləğində əsas və 412,01 (dörd yüz on iki manat, bir qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 3400,24 (üç min dörd yüz manat, iyirmi dörd qəpik) manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. İddiaçının tələbinin hüquqi həlli ilə bağlı məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat formasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat formasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə tərəflərin iştirakı olmadan iddia tələbinə baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İddianın təmin edilməsi ilə bağlı məhkəmənin istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən ərizəyə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlardır. Ərizəyə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə məhkəmə onu qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan Cavabdeh1 Babək rayonu, Vayxır kəndində, Cavabdeh2 isə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 12, mənzil 82-də rəsmi qeydiyyatda olması aydın olur. Bundan əlavə iş materiallarında Cavabdeh1 faktiki yaşayış yeri Bakı şəhəri, Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni yaşayış massivi göstərilmişdi. Cavabdeh1 ünvanlanmış məhkəmə sənədləri onun faktiki yaşayış yeri ünvanının (Bakı şəhəri, Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni yaşayış massivi) düzgün olmaması səbəbindən poçt xidməti tərəfindən məhkəməyə geri qaytarılsa da, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin sənədlər onun qeydiyyatda olduğu yer üzrə Babək Rayon İcra Hakimiyyətinin Vayxır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdi. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən sonuncu qeyd edilən hal məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. Mülki iş materiallarına əlavə edilmiş sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən yuxarıda qeyd edilən məhkəmə sənədlərinin Cavabdeh2 09 fevral 2022-ci ildə təqdim edilməsi aydın olur. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətindən görünür ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla ilk öncə onu qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında borc və Cavabdeh2 ilə isə zaminlik müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 470.1-ci maddəsində qeyd edilir ki, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh1 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında 22 oktyabr 2020-ci il tarixli, 101840-571564/4 nömrəli kredit müqaviləsi bağlanmış və onlar həmin müqavilə üzrə aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər: -müqavilənin predmeti adlanan 1-ci bölmənin mahiyyətinə görə bank borcalana 4100 (dörd min bir yüz) manat məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və onu qaytarmağı, habelə kreditdən istifadədəyə görə müqavilənin 1 nömrəli əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə illik 29 (iyirmi doqquz) faiz dərəcəsi ilə hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürür. Kredit 24 (iyirmi dörd) ay müddətinə şəxsi istehlak məqsədi üçün verilir. Kredit müqavilə ilə müəyyən olunan şərtlər borcalan tərəfindən icra edildikdən sonra bank tərəfindən borcalanın müvafiq cari hesabına köçürmə yolu ilə verilir; - 2.1-ci bənd ilə müəyyən edilir ki, müqavilə üzrə öhdəliklərin təminatı 22 oktyabr 2020-ci il tarixli 101840-571564/4 nömrəli zaminlik müqaviləsi üzrə zaminlikdir; - 4.1-ci və 4.3-cü bəndlərdə isə qeyd edilir ki, bu müqavilə üzrə əsas borc və faizlər ödəniş cədvəlinə əsasən borcalanın bankdakı AZ46AZEN**********4944101001 nömrəli cari hesabına köçürmə yolu ilə və ya nağd şəkildə mədaxil edilməklə həmin vəsaitin silinməsi yolu ilə kredit müddətində tam həcmdə qaytarılır. Kredit müddətinin axımı kredit borcalanın cari hesabına köçürüldüyü təqvim tarixindən başlanır və müddətin sonuncu günü, əgər bu tarix qeyri-iş gününə düşərsə, növbəti iş günü qurtarır; - 5.1.1 və 5.1.7-ci bəndlərin mahiyyətindən aydın olur ki, müqavilənin 6-cı bəndində nəzərdə tutulan hallarda və qaydada kreditin dərhal qaytarılmasını tələb etmək, üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyi və onların pozulmasına yol verməməyi borcalandan tələb etmək iddiaçının hüququdur; -müqavilənin 5.4.1, 5.4.3 və 5.4.6-cı bəndlərinə əsasən isə kredit öhdəliyini müqavilənin 4-cü bəndində nəzərdə tutulmuş qaydada və şərtlərlə vaxtından əvvəl icra etmək, müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə əsas borcu və faizləri banka ödəmək, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsindən irəli gələn bütün (hesablanmış faizləri) xərcləri bu müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə banka ödəmək cavabdehin vəzifəsidir; -həmçinin müqavilənin 6.1 və 6.1.5-ci bəndləri ilə müəyyən edilib ki, ödəniş cədvəlinə uyğun olaraq əsas borcun vaxtında icra olunmaması və ya lazımi qaydada icra olunmaması və ya faizlərin borcalan tərəfindən ödəniş cədvəli ilə müəyyən edilən ödəniş tarixindən 2 (iki) dəfə ardıcıl olaraq ödəməməsi (gecikdirilməsi) halında iddiaçı cavabdehdən kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər; -müqavilənin 7.1, 8.1 və 8.3-cü bəndlərindən müqavilə tərəflərin imzaları və möhürü olan tərəfin möhürü ilə təsdiq edildiyi tarixdən hüquqi qüvvəyə minməsi və borcalan tərəfindən əsas borcu, faizlər və digər xərclər banka tam həcmdə ödənildiyi tarixdən qüvvədən düşməsi, ödəniş cədvəlində və ya kredit öhdəliyinin vaxtından əvvəl icrasına dair müqavilənin 6.2-ci bəndinə uyğun verilmiş xəbərdarlıqda (pretenziyada) müəyyən edilən müddətlərdə öhdəliklər vaxtında tam icra edilmədikdə kredit gecikdirilmiş hesab edilməsi və müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödəniş aparılmadıqda, hər gecikdirilmiş gün üçün gecikdirilmiş əsas borc məbləğinə illik 58 (əlli səkkiz) faiz dərəcəsi ilə faiz hesablanması və bu faiz borcalan tərəfindən tam həcmdə ödənilməsinin müəyyən edilməsi aydın olur. Yuxarıda qeyd olunan ümumiləşdirərək məhkəmə qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanılmış 22 oktyabr 2020-ci il tarixli, 101840-571564/4 nömrəli kredit müqaviləsi üzrə iddiaçının əsas öhdəliyi kredit məbləğini Cavabdeh1 vermək, sonuncunun isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada ondan istifadə etməklə qaytarmaq, habelə kreditdən istifadəyə görə müqavilənin 1 nömrəli əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə hesablanmış faizləri banka qaytarmaqdır. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir ki, bu həmin hallara da mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş materiallarına əlavə edilmiş 22 oktyabr 2020-ci il tarixli, TT2029655F3J nömrəli kassa məxaric orderi ilə sübuta yetirilir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin tələbinin əsassızlığı və eyni zamanda iddiaçı ilə Cavabdeh1 arasında 22 oktyabr 2020-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehlərin üzərinə düşsə də onlar bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdi. Cavabdeh1 müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməməsi ona İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə ünvanlanmış 01 noyabr 2021-ci il tarixli 101/101/0757/2021 nömrəli xəbərdarlıqdan və bu xəbərdarlığın təqdim edilməsi barədə 050087 və 050088 nömrəli yol qaiməsindən məlum olur. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının kredit borcunun qaytarılmasına dair tələbi əsaslıdır. Məhkəmə belə hesab edir ki, borcun məbləğinə hüquqi aydınlıq gətirməzdən öncə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı iddia tələbinə aydınlıq gətirilməlidir. Bununla bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində öhdəliyin icrasının təmin edilməsinin üsullarından biri kimi zaminlik qeyd olunub. Həmin Məcəlləyə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsi ilə müəyyən olunur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 22 oktyabr 2020-ci il tarixli, 101840-571564/4 nömrəli zaminlik müqaviləsində müqavilə tərəfləri iş üzrə əhəmiyyətli olan aşağıdakı şərtlər barədə razılığa gəlib: -müqavilənin 1.1-ci bəndinə əsasən zamin, borc alanın 22 oktyabr 2020-ci il tarixli 101840-571564/4 nömrəli kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərinə götürür; - 2.1-ci bənddə qeyd edilir ki, zaminlik ilə təmin olunan kredit müqaviləsinin predmeti bankla borcalan arasında bağlanmış 22 oktyabr 2020-ci il tarixli, 101840-571564/4 nömrəli kredit müqaviləsinə əsasən bank borc alana istehlak məqsədi ilə ilik 29 (iyirmi doqquz) faiz dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə verilmiş 4100 (dörd min bir yüz) manat məbləğində kreditdir; - 3.1.1 və 3.1.2-ci bəndlər ilə müəyyən edilir ki, borc alan kredit müqaviləsində müəyyən edilmiş müddətdə əsas borcu və əsas borc üzrə hesablanmış faizləri qaytarmadıqda, habelə kredit təyinatı üzrə istifadə bilmədikdə, zaminə qarşı tələb yönəltmək, müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyi və onların pozulmasına yol verməməyi digər tərəflərdən tələb etmək bankın hüququdur; -3.6.1 və 3.6.6-cı bəndlərə əsasən borc alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə bankın ilk tələbi ilə zaminliklə təmin edilmiş öhdəliyi 3 (üç) iş günü ərzində tam həcmdə icra etməsi, zaminliklə təmir edilmiş öhdəlik üzrə əsas borc, faizlər və borc alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla bank qarşısında borc alan ilə eyni həcmdə birgə məsuliyyət daşıması zaminin vəzifəsidir; -4.1-ci bəndə görə zamin və borcalan bank qarşısında birgə məsuliyyət daşıyırlar; -9.1-ci bənddə göstərilir ki, müqavilə tərəflərin imzaları ilə təsdiq edildiyi tarixdən qüvvəyə minir və 22 oktyabr 2020-ci il tarixli, 101840-571564/4 müqaviləsi üzrə kredit, faizlər və digər pul tələbləri üzrə öhdəliklərin banka tam həcmdə icra olunduğu tarixədək qüvvədədir. Tərəflər arasında bağlanmış müqavilənin mahiyyətindən aydın olur ki, Cavabdeh2 22 oktyabr 2020-ci il tarixli, 101840-571564/4 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsində isə zaminliyə xitam verilməsinin əsasları qeyd olunub ki, kazırki vəziyyətdə isə mülki iş materiallarından zaminliyə xitam verilməsinin əsasları müəyyən edilmədiyindən və zaminlik müqaviləsinə əsasən Cavabdeh2 bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıması nəzərdə tutulduğundan məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı irəli sürdüyü tələbi də əsaslı hesab edir. Cavabdehlərin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı onların diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 22 oktyabr 2020-ci il tarixli, 101840-571564/4 nömrəli kredit müqaviləsinin 9.1-ci bəndindən aydın olur ki, iş üzrə Cavabdeh1 iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməyib. Borcun məbləğinə gəldikdə isə iş materiallarına əlavə edilmiş 25 yanvar 2022-ci il tarixli maliyyə arayışında Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 2988,23 (iki min doqquz yüz səksən səkkiz manat, iyirmi üç qəpik) manat məbləğində əsas, 412,01 (dörd yüz on iki manat, bir qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 3400,24 (üç min dörd yüz manat, iyirmi dörd qəpik) manat məbləğində kredit borcunun olması qeyd edilir. Hər bir cavabdehdən tutulmalı olan borcun miqdarı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Qeyd edilən prosessual normanının tələbini, həmçinin zaminlik müqaviləsinə əsasən zaminin borclu ilə birlikdə eyni məsuliyyət daşımasını nəzərə alan məhkəmə belə hesab edir ki, kredit müqaviləsi üzrə yaranmış borc cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumunun 54 (əlli dörd) manat miqdarı cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; - 22 oktyabr 2020-ci il tarixli, 101840-571564/4 nömrəli kredit müqaviləsi üzrə 2988,23 (iki min doqquz yüz səksən səkkiz manat, iyirmi üç qəpik) manat əsas, 412,01 (dörd yüz on iki manat, bir qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 3400,24 (üç min dörd yüz manat, iyirmi dörd qəpik) manat məbləğində borc Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; -iddia təmin olunduğundan onun verilməsi ilə bağlı olaraq iddiaçı tərəfindən ödənilmiş 54 (əlli dörd) manat miqdarında dövlət rüsumu cavabdehdən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i : İddia təmin olunsun. 22 oktyabr 2020-ci il tarixli, 101840-571564/4 nömrəli kredit müqaviləsi üzrə 2988,23 (iki min doqquz yüz səksən səkkiz manat, iyirmi üç qəpik) manat əsas, 412,01 (dörd yüz on iki manat, bir qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 3400,24 (üç min dörd yüz manat, iyirmi dörd qəpik) manat məbləğində borc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia təmin olunduğundan onun verilməsi ilə bağlı olaraq iddiaçı tərəfindən ödənilmiş 54 (əlli dörd) manat miqdarında dövlət rüsumu cavabdehdən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar