Məhkəmə qərarları › İş №e-2(079)-108/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №e-2(079)-108/2024

18.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № e-2(079)-108/2024 18.01.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh vərəsələrinə qarşı borcun ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi və ya hər hansı icraat növü üzrə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində (bundan sonra - MPM) nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. MPM-in - 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. - 50.3-ci maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. - 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. - 149.2 və 149.2.2-ci maddəsinə ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Sözügedən iddia ərizəsində isə cavabdeh qrafasında qeyri-müəyyən şəkildə “Cavabdeh vərəsələri” qeyd olunmuş, konkret olaraq cavabdehin adı, soyadı, atasının adı, şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan göstərilməmişdir. Məhkəmə belə hesab edir ki, mülki icraatın çəkişmə və dispozitivlik prinsipi əsasında həyata keçirilməsi iddia tələbinə cavab verməli olan şəxslərin də məhz iddiaçı tərəfindən müəyyən edilməsini tələb edir. Məlum olduğu kimi mülki prosessual qanun məhkəmə tərəfindən başqa cavabdehin prosesə cəlb edilməsini, əsl olmayan tərəfin əsl cavabdehlə əvəz edilməsini belə iddiaçının razılığı əsasında mümkün hesab edir. Sözügedən halda iddiaçı tərəfindən yalnız borclunun mirası qəbul etmiş vərəsələrinin dairəsi dəqiq müəyyən edilərək məhkəməyə müraciət edilə bilərdi. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 aprel 2023-cü il tarixli qərarında vurğulanmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında vurğulanmışdır ki, Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Göründüyü kimi kreditorların tələbləri yalnız borclunun mirası qəbul etmiş, mirasdan imtina etməmiş vərəsələrinə yönəldilə bilər. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə belə hesab edir ki, mülki prosesin sübuetetmə yükünün bölüşdürülməsinə dair qaydaları həmçinin iddiaya cavab verməli olan şəxslərin müəyyən edilməsi hissəsində də eyni qaydada tətbiq olunmalıdır. Sözügedən halları nəzərə alan məhkəmə belə hesab edir ki, qeyri-müəyyən şəxslər dairəsinə yönəlmiş iddia ərizəsi ərizənin forma və məzmununa əməl olunmadığından geri qaytarılmalıdır. Belə ki, MPM-in 152.1 və 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir (152.3-cü maddə). İddiaçıya izah olunmalıdır ki, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. MPM-in 114.1 və 114.1.3-cü maddələrinə əsasən Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Belə olan halda İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsi ilə 19 dekabr 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödədiyi 41.89 manat (qırx bir manat səksən doqquz qəpik) miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair dair ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsi ilə 19 dekabr 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödədiyi 41.89 manat (qırx bir manat səksən doqquz qəpik) miqdarında dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar