Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-113/2024 28.02.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev X1 prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında (yazılı icraat qaydasında) baxaraq müəyyənetdi: Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti 16 yanvar 2024-cü il "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək bank ilə Cavabdeh arasında bağlanmış 17 avqust 2020-ci il tarixli, LM-082000233 nömrəli müqavilə üzrə 654.07 (altı yüz əlli dörd manat, yeddi qəpik) manat əsas, 16.18 (on altı manat, on səkkiz qəpik) manat faiz, 5.82 (beş manat, səksən iki qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3.78 (üç manat, yetmiş səkkiz qəpik) manat faiz borcu olmaqla ümumilikdə 679.85 (altı yüz yetmiş doqquz manat, səksən beş qəpik) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04 aprel 2013-cü il tarixli, 169- RE/13 saylı kredit müqaviləsi üzrə cavabdehə 18 (on səkkiz) ay müddətinə illik 28 faiz dərəcəsi ilə 2560 (iki min beş yüz altmış) ABŞ dolları məbləğində kredit verilmişdi. Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə cavabdeh arasında 17 avqust 2020-ci il tarixli, LM-082000233 saylı restrukturizasiya müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış 04 aprel 2013-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehin Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 781.41 (yeddi yüz səksən bir manat, qırx bir qəpik) manat borc məbləği restrukturizasiya olunmuşdur. Cavabdeh bu müqavilə üzrə müəyyən olunan şərtlərlə qalıq borcu 36 ay müddətinə hər ay qrafik üzrə 22.04 (iyirmi iki manat, dörd qəpik) manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Kreditin müddəti 17 avqust 2023-cü il tarixədək müəyyənləşdirilmişdi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********308 saylı, 25 avqust 2023-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsa idi, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Bank ilə Cavabdeh arasında bağlanmış 17 avqust 2020-ci il tarixli, LM-082000233 saylı müqavilə üzrə 28 sentyabr 2023-cü il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 679.85 (altı yüz yetmiş doqquz manat, səksən beş qəpik) manat təşkil edir. Bundan 654.07 (altı yüz əlli dörd manat, yeddi qəpik) manat əsas, 16.18 (on altı manat, on səkkiz qəpik) manat faiz, 5.82 (beş manat, səksən iki qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3.78 (üç manat, yetmiş səkkiz qəpik) manat faiz borcu təşkil edir. İddiaçının tələbinin hüquqi həlli ilə bağlı məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat qaydasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, həmin Məcəllənin 284-6.1-ci maddəsi ilə müəyyən olunur ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmənin iddianın qismən təmin edilməsi ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlardır. İddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları qismən təsdiq edən sübutlar məhkəməyə təqdim etmişdir. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə onu qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan iş üzrə cavabdehin Babək rayonu, Cəhri qəsəbəsində rəsmi qeydiyyatda olması aydın olur. Cavabdeh iddiaçının ərizəsinin surəti məhkəmənin 16 yanvar 2024-cü il tarixli məhkəmə bildirişi ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada verilmişdi. Belə ki, cavabdehə göndərilmiş məhkəmə sənədləri onun Babək rayonu, Cəhri qəsəbəsində yaşamaması səbəbindən poçt xidməti tərəfindən məhkəməyə geri qaytarılsa da, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin sənədlər onun qeydiyyatda olduğu yer üzrə Babək Rayon İcra Hakimiyyətinin Cəhri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdi. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən sonuncu qeyd edilən hal məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. Məhkəmə bildirişində cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübut məhkəməyə daxil olmamışdır. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətindən görünür ki, sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə ilk öncə onu qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla məhkəmə bildirir ki, tərəflər mülki hüquq münasibətləri olmuş və onlar arasında borc müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Ümumiyyətlə mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İddiaçının tələbi Cavabdeh ilə arasında bağlanmış 17 avqust 2020-ci il tarixli, LM- 082000233 nömrəli kredit müqaviləsinə əsaslandığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən tərəflər arasında bağlanmış müqavilənin etibarlı olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin: - 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; - 324.4-cü maddəsinin tələbinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; - 329.1 və 329.2-ci maddələri ilə müəyyən edilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; - 331.1-ci maddəsinin tələbinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (tərəflər arasında müqavilə bağlanan zaman qüvvədə olan redaksiya); - 740.2-ci maddəsi ilə müəyyən edilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (tərəflər arasında müqavilə bağlanan zaman qüvvədə olan redaksiya). "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04 aprel 2013-cü il tarixli, 169- RE/13 nömrəli və Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə cavabdeh arasında bağlanmış 17 avqust 2020-ci il tarixli, LM-082000233 nömrəli müqavilələri yuxarıda qeyd edilən maddi hüquq normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə müqavilə tərəflərinin qanunvericiliyin tələbinə əməl etməklə müqavilə bağlaması öz təsdiqini tapır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04 aprel 2013-cü il tarixli, 169- RE/13 nömrəli kredit müqaviləsindən görünür ki, onlar iş üçün əhəmiyyətli olan aşağıda qeyd edilən şərtlər barədə razılığa gəlmişlər. Müqavilənin: - 1.1-ci bəndinə əsasən müqavilənin predmeti kreditorun borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında kredit verməsi, borcalanın isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair pul öhdəliyidir; -2.1 - 2.5-ci bəndlərinə görə müqaviləyə əsasən kreditor borcalana 2560 (iki min beş yüz altmış) ABŞ dolları məbləğində kredit verir. Müqaviləyə əsasən kredit borcalana TV alınması məqsədi ilə 18 (on səkkiz) ay müddətinə verilir. Kreditin istifadəsinə görə borcalan kreditora illik 28 (iyirmi səkkiz) faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 56 faiz təşkil edir. Gecikdirilən borc məbləğinə cərimə kimi illik 56 (əlli altı) faiz dərəcəsi ilə, faiz dərəcəsilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir; -3.2 və 3.4-cü bəndlər ilə müəyyən edilir ki, müqavilədə göstərilmiş qaydada borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və müqavilənin ayrılmaz hissəsi olan annuitet ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirir. Kredit üzrə faizlər kreditin borcalana verildiyi gündən həmin vəsaitin qalıq məbləğinin kreditora tam ödənildiyi günə qədər hesablanır və tutulur. -4.1-ci və 4.1.5-ci bəndlərə əsasən müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər ilə birlikdə qaytarılmasını tələb etmək kreditorun hüququdur; -4.4, 4.4.3 və 4.4.4-cü bəndlərin tələbinə görə ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişləri kreditora vaxtında ödəmək, kreditor tələb etdikdə krediti hesablanmış faizlər və cərimə faizləri ilə birlikdə qaytarmaq borcalanın vəzifəsidir; -7.3 və 7.5-ci bəndlərlə müəyyən edilir ki, müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının aidiyyəti məhkəmələri tərəfindən həll olunur. Borcalan kreditin verildiyi valyutanın Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi Azərbaycan manatına olan rəsmi məzənnəsinin bu müqavilənin imzalandığı günlə müqayisədə əhəmiyyətli dəyişməsi ilə bağlı məsuliyyəti öz üzərinə qəbul edir və bununla bağlı kreditora qarşı gələcəkdə heç bir iddia irəli sürmədən müqavilə üzrə öhdəliklərini yerinə yetirir; - 8.2-ci bəndə əsasən müqavilə tərəflərin onu imzaladığı gündən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh arasında bağlanmış 17 avqust 2020-ci il tarixli, LM- 082000233 nömrəli restrukturizasiya müqaviləsinin: - 1.1.1, 1.1.2 və 1.1.3-cü bəndələrinə əsasən “Restrukturizasiya şərtləri” Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi sahəsində tətbiq edilən vahid şərtlərdir. Şərtlər bankla müştəri arasında bağlanacaq güzəştli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab olunacaqdır və tərəflər arasındakı münasibətlərin əsas şərtlərini əks etdirəcəkdir. “Restrukturizasiya müqaviləsi” müştərinin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə tərəflər arasında bağlanan, müqavilənin nömrəsini, tərəfləri və onların rekvizitlərini, restrukturizasiya olunan kreditin məbləği, qaytarılma şərtlərini, habelə bu Şərtlərdə qeyd edilən və edilməyən digər şərtləri nəzərdə tutan yazılı əqddir (sənəd). Kredit müqaviləsinin forması və strukturu ləğv prosesində olan bank tərəfindən Fərmana uyğun olaraq müəyyən edilir. Restrukturizasiyanın məqsədi bankla Cavabdeh arasında bağlanılmış və mövcud olan 17 Avqust 2020-ci il tarixli LMO82OOO233 nömrəli kredit müqaviləsi üzrə restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsidir; - 2.1-ci bəndinə görə ləğv prosesində olan bank tərəfindən tərəflər arasında bağlanmış 04 aprel 2013-cü il tarixli, 169- RE/13 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (hazırda həmin səlahiyyətlər Mərkəzi Banka verilmişdir) tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 781,41 (yeddi yüz səksən bir manat, qırx bir) manat məbləği restrukturizasiya olunur və borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürür; - 3.1, 3.2, 3.3, 3.6-cü bəndləri ilə müəyyən edilir ki, restrukturizasiya müqaviləsinin bağlanması ilə borclunun restrukturizasiya olunmuş kredit borcları üzrə ilkin kredit müqaviləsinə xitam verilir. Restrukturizasiya olunmuş kredit və ona hesablanmış faizlər ödəniş cədvəlinə və bu müqaviləyə əsasən banka nağd qaydada və ya köçürmə yolu ilə qaytarılır. Faizlər restrukturizasiya olunan tarixdən güzəştli kredit banka tam məbləğdə faktiki qaytarılan günədək 5 il ərzində illik 1 faiz olmaqla hesablanır. Restrukturizasiya milli valyuta ilə həyata keçirilir. Manatın xarici valyutaya münasibətdə məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq güzəştli kredit manatla qaytarılmalıdır. Bankın kassası, ödəniş terminalları və ya digər ödəniş vasitələri ilə ödəniş zamanı manatdan fərqli valyutada ödəniş edilərkən, məbləğin konvertasiyası ödənişin həyata keçirildiyi anda həmin günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə əsasında aparılır. Bütün digər ödəniş vasitələri ilə edilmiş ödənişlər isə vəsaitin Banka daxil olduğu anda həmin günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə əsasında aparılır. Restrukturizasiya müqaviləsi 36 ay müddətinə bağlanılır. Borcun ödənilməli olduğu son tarix 17 avqust 2023cü ildir; - 4.1 və 4.1.4-cü bəndlərin tələbinə əsasən ləğv prosesində olan bank restrukturizasiya müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyi və onların pozulmasına yol verməməyi borcludan tələb edə bilər; - 4.4 və 4.4.1-ci bəndlərinə görə ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək borclunun vəzifəsidir; - 6.3-cü bəndində qeyd edilir ki, restrukturizasiya müqaviləsi Azərbaycan dilində, tərəflərin sayına uyğun nüsxədə tərtib edilir. Bütün nüsxələr eyni hüquqi qüvvəyə malikdir. Müqavilə tərəflərin imzaları ilə təsdiq edildiyi andan qüvvəyə minir və tərəflərin öhdəlikləri tam icra olunduğu anadək qüvvədə qalır. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən Cavabdeh həmin müqavilə üzrə restrukturizasiya olunmuş kredit məbləğini 17 sentyabr 2020-ci ildən başlamaqla 17 avqust 2023-cü ilədək hər ay 22.04 (iyirmi iki manat, dörd qəpik) manat, sonuncu ay isə 22.12 (iyirmi iki manat, on iki qəpik) manat ödəməli olması aydın olur. Yuxarıda qeyd edilən müqavilədən aydın olur ki, tərəflər arasında olan razılaşma üzrə iddiaçının cavabdehə müqavilədə nəzərdə tutulmuş kredit məbləğini verməsi, cavabdehin isə həmin müqavilə üzrə ona verilmiş krediti müqavilə şərtlərinə uyğun olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflər bildirir ki, hər bir tərəf öz öhdəliyinin icrasını yerinə yetirdiyini sübut etmək vəzifəsi daşıyır. Belə ki, həmin maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının 04 aprel 2013-cü il tarixli, 169- RE/13 saylı kredit müqaviləsi üzrə öz öhdəliyini icra etməməsi iş materiallarına əlavə edilmiş 04 aprel 2013-cü il tarixli kassa məxaric orderi ilə sübuta yetirilir. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdi. Əksinə onun müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməməsi iş materiallarına əlavə edilmiş Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh ünvanlanmış 25 avqust 2023-cü il tarixli bildirişdən məlum olur. Həmin sənədlə müəyyən edilir ki, cavabdeh müqavilə şərtlərini pozduğundan, kredit müqaviləsi üzrə əsas və faiz borcun ödənilməsinə görə ona iddiaçı tərəfindən xəbərdarlıq edilib, borcun ödənilməsi üçün ona 3 gün müddət təyin edilmişdi. Bu həmçinin tərəflər arasında olan mübahisənin məhkəməyə qədər nizamasalma qaydasına əməl etməsini sübut edir. Cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi tədqiq olunmuş sənədlərlə öz təsdiqini tapdığından bununla bağlı məhkəmə onun diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini, yəni onun təqsirlilik prezumpsiyasını nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 17 avqust 2020-ci il tarixli, LM-082000233 nömrəli müqaviləsinin 5-ci bölməsindən isə aydın olur ki, iş üzrə cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Yuxarıda göstərilənləri ümumiləşdirək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan kredit borcunun və ona hesablanmış faizlərin qaytarılmasına dair tələbi əsaslıdır. Borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş 11 oktyabr 2023-ci il tarixli, **********889 nömrəli maliyyə arayışında Cavabdeh Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 654.07 (altı yüz əlli dörd manat, yeddi qəpik) manat məbləğində əsas borcu və 16.18 (on altı manat, on səkkiz qəpik) manat məbləğində faiz borcu olması qeyd edilir. Məhkəmə bildirir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il Qərarında məhkəmə vurğulamışdır ki, Mülki Məcəllənin 423.1-ci maddəsində “müqavilənin ləğv edilməsi haqqında razılaşma” ifadəsindən istifadə olunsa da, burada məhz tərəflərin qarşılıqlı razılaşması yolu ilə müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur. Halbuki, “ləğv etmə” dedikdə əqdə əsaslanan münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırması imkanı başa düşülür. Həmin qərarda həmçinin qeyd edilmişdi ki, müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. Mülki Məcəllənin 422-ci maddəsində şəraitin sonradan dəyişməsinin tərəflər arasındakı müqavilə münasibətlərinə təsirinin şərtləri və əsasları, Məcəllənin 423-cü maddəsində isə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında müqavilənin dəyişdirilməsi və ləğv edilməsinin qaydası (forma və üsulu) göstərilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdi ki, müqavilənin birtərəfli qaydada dəyişdirilməsi və ya Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulan əsaslar olmadan onun ləğv edilməsi yalnız “şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişməsi” halında və həmin Məcəllənin 422-ci maddəsində nəzərdə tutulan şərtlər daxilində baş verə bilər. Həmçinin, sadalanan hal və şərtlərin baş verdiyi təqdirdə müqavilənin birtərəfli qaydada və hansı həcmdə dəyişdirilməsi, buna şərait olmadıqda isə onun ləğv edilməsi tərəfin öz subyektiv mülahizəsi ilə deyil, yalnız məhkəmə tərəfindən müəyyən edilməklə baş verə bilər. Belə ki, yalnız bir tərəfin istəyi ilə müqavilədə nəzərdə tutulan hüquq və öhdəliklərin predmetinin, həcminin və ya şərtlərinin dəyişdirilməsi və ya onun ləğvi müqavilə münasibətlərində tərəflərin bərabərliyi və ədalətlilik prinsiplərinə uyğun olmadığı kimi, mahiyyətcə razılaşmanı nəzərdə tutan müqavilə anlayışının təbiətinə də zidd olardı. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Həmçinin, müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi üçün öhdəliyin pozulması heç də həmişə şərt kimi çıxış etmir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib bilmişdi ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır. O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddənin tətbiqi tərəflər arasında sinallagmatic öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir. Aşağıdakı hallarda əlavə müddətin təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: - bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; - öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; - xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda (Mülki Məcəllənin 447.2-ci maddəsi). Müqavilədən imtinanı istisna edən hallar Məcəllənin 447.3-cü maddəsində əks olunmuşdur. Mülki Məcəllənin öhdəliyin icrasından imtinanı nəzərdə tutan 443.5-ci maddəsinə əsasən, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Sonda Konstitusiya Məhkəməsinin həmin Qərarda formalaşdırdığı hüquqi mövqeyə görə Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Qeyd edilən qərarda göstərilənləri iş materialları ilə əlaqələndirən məhkəmə bildirir ki, ərizəyə əlavə edilmiş müqavilədən tərəflər arasında 17 avqust 2020-ci il tarixli, LM- 082000233 nömrəli restrukturizasiya müqaviləsinin bağlanması, iddia tələbindən və ərizəyə əlavə edilmiş bildirişdən Cavabdeh «"xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etməməsi aydın olur ki, bu da müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulmasının baş verməsidir. İddiaçı isə 25 avqust 2023-cü il tarixdə cavabdehə bildiriş göndərərək həmin sənəddə ondan banka olan borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməsini təklif etmişdi. İddiaçının cavabdehə verdiyi xəbərdarlığı Konstitusiya Məhkəməsinin Qərarında formalaşdırdığı mövqeyi ilə əlaqələndirən məhkəmə tərəflərin nəzərinə çatdırır ki, cavabdehə həmin xəbərdarlığı göndərməklə və Cavabdeh müqavilə üzrə yaranmış borcu tam tələb etməklə aralarında bağlanmış 17 avqust 2020-ci il tarixli, LM-082000233 nömrəli müqaviləni ləğv etmişdi. Bu səbəbdən də cavabdehin ona qarşı olan borcu məhz müqavilənin ləğv edildiyi tarixədək hesablanmalıdır. Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh göndərdiyi bildirişdən isə müqavilənin ləğv edildiyi tarixə cavabdehin 654.07 (altı yüz əlli dörd manat, yeddi qəpik) manat əsas, 15,77 (on beş manat, yetmiş yeddi qəpik) manat faiz borcu və 5.57 (beş manat, əlli yeddi qəpik) manat cərimə borcu olması aydın olur. Müqavilənin ləğv edildiyi tarixə olan əsas borc məbləği iddia tələbində olan miqdarla eynilik təşkil etsə də, faiz və cərimə borcunun fərqli olması müəyyən edilir. Bu səbəbdən də məhkəmə iddiaçının tələbini faiz borcuna münasibətdə qismən əsaslı hesab edir. İddiaçının cavabdehə qarşı olan cərimənin ödənilməsi tələbinin hüquqi həllinə gəldikdə isə məhkəmə bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinin tələbini cavabdehin nəzərinə çatdırır. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış 17 avqust 2020-ci il tarixli, LM-082000233 nömrəli müqavilənin 5.3-cü bəndindən isə müəyyən olur ki, borclu borcun ödənilməsini gecikdirdiyi halda hər gecikdirilən gün üçün gecikdirilmiş əsas borc məbləğinin müəyyən faizi miqdarında dəbbə pulu ödəyir və kredit müqaviləsi üzrə müəyyənləşdirilən dəbbə pulunun yuxan həddi hər il üçün 0,02 faiz olmaqla, restrukturizasiya müddətinə 0,1 faizdən çox olmamalıdır Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbini də əsaslı sayır. Lakin cərimənin məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş 11 oktyabr 2023-cü il tarixli maliyyə arayışında Cavabdeh Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 5.82 (beş manat, səksən iki qəpik) manat miqdarında cərimə borcu olması qeyd edilsə də, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il Qərarında formaladırdığı mövqeyə əsaslan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi bu hissədə də qismən əsaslı sayılıb müqavilənin ləğv edildiyi günədək olan cərimə borcu, yəni 5.57 (beş manat, əlli yeddi qəpik) manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Bundan əlavə iddiaçının cavabdehə qarşı müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün 3.78 (üç manat, yetmiş səkkiz qəpik) manat tələb etməsinə hüquqi münasibət bildirən məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. İş üzrə cavabdehin iddiaçı qarşısında öz öhdəliyini lazımınca icra etməməsi yuxarıda qeyd edildiyi kimi öz təsdiqini tapdığından məhkəmə iddiaçının tələbini bu hissədə də əsaslı qəbul edir. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə yekunda belə nəticəyə gəlir ki, iddiaçının tələbi ümumilikdə qismən əsaslı olduğundan, əsaslı sayıldığı hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan, yəni 29 (iyirmi doqquz) manat, 97 (doxsan yeddi) qəpik miqdarı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; - 17 avqust 2020-ci il tarixli, LM-082000233 nömrəli restrukturizasiya müqaviləsi üzrə 654.07 (altı yüz əlli dörd manat, yeddi qəpik) manat əsas, 15,77 (on beş manat, yetmiş yeddi qəpik) manat faiz, 5.57 (beş manat, əlli yeddi qəpik) manat cərimə borcu, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün 3.78 (üç manat, yetmiş səkkiz qəpik) manat olmaqla, ümumilikdə 679.19 (altı yüz yetmiş doqquz manat, on doqquz qəpik) manat məbləğində borc Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; -iddia qismən təmin olduğundan 29 (iyirmi doqquz) manat, 97 (doxsan yeddi) qəpik miqdarında dövlət rüsumu iş üzrə cavabdehdən tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməli; -iddia digər hissədə əsaslı olmadığından rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin olunsun. 17 avqust 2020-ci il tarixli, LM-082000233 nömrəli restrukturizasiya müqaviləsi üzrə 654.07 (altı yüz əlli dörd manat, yeddi qəpik) manat əsas, 15,77 (on beş manat, yetmiş yeddi qəpik) manat faiz, 5.57 (beş manat, əlli yeddi qəpik) manat cərimə borcu, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün 3.78 (üç manat, yetmiş səkkiz qəpik) manat olmaqla, ümumilikdə 679.19 (altı yüz yetmiş doqquz manat, on doqquz qəpik) manat məbləğində borc Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Həmçinin 29 (iyirmi doqquz) manat, 97 (doxsan yeddi) qəpik miqdarında dövlət rüsumu cavabdehdən tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. İddia digər hissədə əsaslı olmadığından rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №e-2(079)-113/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-113/2024
28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver