Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-132/2022 14.04.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında şifahi icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i : İddiaçı Açıq Səhmdar Cəmiyyəti “18” fevral 2022-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək 30 sentyabr 2019-cu il tarixli, BBLK1501964A169 nömrəli kredit kartına dair müqavilə üzrə Cavabdeh2 9240.52 (doqquz min iki yüz qırx manat, əlli iki qəpik) manat əsas borc, 1722.68 (bir min yeddi yüz iyirmi iki manat, altmış səkkiz qəpik) manat faiz borcu və 30 sentyabr 2019-cu il tarixli, GTKR1501815A169 nömrəli kredit müqaviləsi üzrə 11516.65 (on bir min beş yüz on altı manat, altmış beş qəpik) manat əsas borc, 1480.46 (bir min dörd yüz səksən manat, qırx altı qəpik) manat faiz borcu, həmçinin ödənilmiş 161.88 (bir yüz altmış bir manat, səksən səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, onunla Cavabdeh2 arasında bağlanmış 30 sentyabr 2019-cu il tarixli kredit kartı müqaviləsinə əsasən cavabdehə 30 iyun 2022-ci il tarixədək illik 25 faiz dərəcəsi ilə 10000 (on min) manat məbləğində kredit xətti ayrılmışdır. Həmçinin cavabdeh ilə 30 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə ona 36 ay müddətinə illik 25,90 faiz dərəcəsi ilə 20000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. 20000 manatlıq kreditin təminatı kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 ilə 30 sentyabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlamışdır. Bu müqavilənin 1-ci bəndinə əsasən zamin şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Cavabdehin 01 fevral 2022-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə kredit kartı müqaviləsi üzrə 9240.52 (doqquz min iki yüz qırx manat, əlli iki qəpik) manat əsas, 1722.68 (bir min yeddi yüz iyirmi iki manat, altmış səkkiz qəpik) manat faiz, kredit müqaviləsi üzrə isə 11516.65 (on bir min beş yüz on altı manat, altmış beş qəpik) manat əsas, 1480.46 (bir min dörd yüz səksən manat, qırx altı qəpik) manat faiz borcu yaranmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) onun tərəfindən bu günədək borcun tutulması təmin edilməmişdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qayada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Əkbərov X1 Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə 21 fevral 2022-ci il tarixdə Babək Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərə qarşı kredit borcunun qaytarılması tələbinə dair məhkəməyə müraciət etdiklərini, məhkəməyə iddia ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədlərin məhkəməyə təqdim edildiyini, mülki işə iddia tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh2 verdiyi izahatında əvvəllər bankdan xırda biznes yaratmaq üçün 10000 manat kredit götürdüyünü, 7-8 ay sonra bankın ona 20000 manat pul verə biləcəyini bildirdiyini, özünün bu barədə bankla razılaşdığını, əvvəlki müqavilə üzrə borcları çıxdıqdan sonra ona təqribən 6000 manat pul verdiklərini, əvvəllər Azterminalda ekspeditor işlədiyini, ayda 1030 manat əmək haqqı aldığını, hər ay ödəniş etdiyini, 2021-ci ilin aprel ayının 6-da işdən çıxarıldığını, buna görə də ödənişi qaytara bilmədiyini, oğlu Yılmazın da Azterminalda işlədiyini, ona zamin durduğunu, özünün işdən çıxarılmasından sonra oğlunun əmək haqqını tam tutulduğunu, ona verilmiş kreditin limitinin 10000 manat olduğunu, limitin 9240 manatını ailənin ehtiyacları üçün xərclədiyini, oğlunun zamin durduğu müqavilə üzrə 11516 manat əsas, 1480 manat faiz borcu olduğunu, işdən çıxarıldıqdan sonra bankdan aylıq ödənişi ödəyə bilməsi üçün onun azaldılmasını istədiyini, bankın isə ondan ayda 800 manat ödəniş tələb etdiyini, işsiz olduğundan borcunu ödəyə bilmədiyini, banka faizlərin dayandırılması üçün müraciət etdiyini, hazırda yeni işə qəbul olduğunu, ayda 400 manat əmək haqqı aldığını, borcu ödəməyə etirazının olmadığını qeyd etmişdi. Məhkəmə hazırlıq iclasında iştirak edən digər Cavabdeh1 verdiyi izahatında paltar alveri ilə məşğul olmaq üçün bankdan kredit götürdüklərini, lakin pandemiya olduğundan işlərin düşündükləri kimi getmədiyini, sonra atasının işdən çıxarıldığını, özünün Azterminalda ekspeditor işlədiyini, atası Cavabdeh2 işdən çıxandan sonra hər ay onun əmək haqqını tam tutmağa başladıqlarını, özünün isə ayda 670 manat əmək haqqı aldığını, hər ay işə gedib əmək haqqı almadığı üçün məcbur qalıb işdən çıxdığını, halhazırda bir neçə yerə işlə bağlı müraciət etsə də işsiz olduğunu, borcu qəbul etdiyini, maddi imkanı olmadığından və işsiz olduğundan borcu ödəyə bilmədiyini, banka 11516 manat əsas, 1480 manat faiz borcu olduğunu bildirmişdi. Məhkəmə iş materiallarını və cavabdehlərin izahlarını tədqiq edərək müəyyən edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 30 sentyabr 2019-cu il tarixli, BBLK1501964A169 nömrəli kredit kartına dair müqavilə, 30 sentyabr 2019-cu il tarixli, GTKR1501815A169 nömrəli kredit müqaviləsinin bağlanması, sonuncu müqavilə üzrə borcun təminatı olaraq onun övladı Cavabdeh1 ilə bank arasında 30 sentyabr 2019-cu il tarixli, Z-GTKR1501815A169 zaminlik müqaviləsinin bağlanması, kredit müqaviləsinə əsasən Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 illik 25.9 faizlə 36 ay müddətində 20000 (iyirmi min) manat məbləğində kredit verməsi barədə müqavilə tərəflərinin razılığa gəlmələri və cavabdehlərin müqavilələrdən irəli gələn əsas öhdəliyini icra etməməsi işin mübahisəsiz hallarıdır. Bu faktların mübahisəsiz olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə edilən 30 sentyabr 2019-cu il tarixli, BBLK1501964A169 nömrəli kredit kartına dair müqavilədən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında adı çəkilən müqavilənin bağlanması; -iddia ərizəsinə əlavə edilən 30 sentyabr 2019-cu il tarixli, GTKR1501815A169 nömrəli kredit müqaviləsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 30 sentyabr 2019-cu il tarixdə kredit müqaviləsinin bağlanması və müqaviləyə əsasən cavabdehə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən illik 25.9 faizlə 36 ay müddətində 20000 (iyirmi min) manat məbləğində kredit verilməsi barədə müqavilə tərəflərinin razılığa gəlmələri; -iddia ərizəsinə əlavə edilən 30 sentyabr 2019-cu il tarixli, Z-GTKR1501815A169 nömrəli zaminlik müqaviləsindən eyni tarixli kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 ilə bank arasında 30 sentyabr 2019-cu il tarixli zaminlik müqaviləsinin bağlanması; -cavabdehlərin məhkəmədə verdikləri izahlardan onların müvafiq müqavilələrdən irəli gələn əsas öhdəlikləri lazımınca icra etməmələri aydın olur. İddiaçının tələbi isə müqavilələr üzrə yaranmış borcların cavabdehlərdən tutulub ona verilməsidir. İddiaçının tələbini məhkəmə ona təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə təsdiq etdiyindən onun tələbi əsaslı sayılaraq təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddia ərizəsinə əlavə olunmuş, məhkəmə iclasında tədqiq olunmuş yazılı sübutlar və cavabdehlərin məhkəmədə verdiyi izahlardır. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətindən görünür ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. İddianın təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, «Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında borc və Cavabdeh1 ilə isə zaminlik müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 470.1-ci maddəsində qeyd edilir ki, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 30 sentyabr 2019-cu il tarixli, BBLK1501964A169 nömrəli kredit kartına dair müqavilə və 30 sentyabr 2019-cu il tarixli, GTKR1501815A169 nömrəli kredit müqaviləsi imzalanmış və həmin müqavilələr üzrə tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər: - 30 sentyabr 2019-cu il tarixli, BBLK1501964A169 nömrəli kredit kartına dair müqavilənin; --1-ci bəndinə əsasən müqavilədə qeyd edilənlərə əsasən bank müştəriyə həmin müqavilə, habelə müştəri və bank arasında bağlanan karta dair müqavilə əsasında “Birkart" verir, həmin “Birkart”a bağlı bu müqavilədə qeyd edilən bütün istisnalar nəzərə alınmaqla təyinatı şəxsi istehlak olan bərpa olunan kredit xətti ayırır, müştəri isə kredit xətti üzrə borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu) ödəyir, habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bankın qüvvədə olan tarif dərəcələrinə əsasən ödəyir. Bu müqavilədə borclar üzrə müddətlər borcun verildiyi gündən hesablanır; -- 2-ci bəndinə görə Birkart ödəniş kartının (kartın) bir növüdür, Birkart üzrə hesabın valyutası AZN (manatdır); -- 3-cü bəndində qeyd edilir ki, “Birkart”dan son istifadə tarixi 30 sentyabr 2022-ci ildir. Müddət bitdikdən sonra bankın daxili qayda və şərtlərində qeyd edilənlər yol verərsə, müştəriyə bu müqavilə əsasında onun istəyi ilə yeni “Birkart” təqdim oluna bilər. Birkart fiziki zədələndiyi və ya itirildiyi hallarda müştərinin istəyinə əsasən bank tərəfindən yenisi ilə əvəz edib bilər. Buna görə müştəri banka 1 (bir) manat məbləğində pul vəsaiti ödəməlidir. Bu müqavilə müddəti ərzində birkart maksimum 3 dəfə yenilənə bilər; -- 6-cı bəndinə əsasən hər il üçün 35 manat xidmət haqqı hesablanır. Kartın kateqoriyasının dəyişdirilməsi, kartın yenisi ilə əvəz edilməsi hallarında müştəridən bankın tarif dərəcələri əsasında xidmət haqqı tutulur. Xidmət haqqı “Birkart”la ilk əməliyyat həyata keçirilən zaman qeyri-taksit əməliyyatı kimi əsas borc olaraq yaranır və bundan sonra bu Müqavilənin 11-ci bəndində nəzərdə tutulan güzəşt müddəti bitən gündən başlayaraq həmin borca qeyri-taksit əməliyyatı kimi faizlər hesablanır. Müştərinin “Birkart hesabına kredit ayrılarsa, bu Müqavilənin 5-ci hissəsində qeyd edilənlərə əsasən Müştəriyə “Cash Back” tətbiq edilə bilər. Hər il üzrə xidmət haqqı məbləği müştərinin borcuna əlavə edilir və müvafiq məbləğə qeyri-taksit əməliyyatı kimi bu müqavilə ilə nəzərdə tutulmuş illik kredit faizi hesablanır; -- 7-ci bəndinə görə “Birkart” üzrə hesaba ayrılmış kredit xəttinin nağdlaşdırılmasına görə minimum 2 manat olmaqla 1.5 (bir tam onda beş) faiz xidmət haqqı müəyyən olunur. Müştəri tərəfindən "Birkart’a mədaxil edilmiş pul vəsaitinin banka məxsus ATM-lərdən və banka məxsus pos-terminallar vasitəsilə müştəri tərəfindən nağdlaşdırılmasına görə bank tərəfindən xidmət haqqı tutulmur. Digər nağdlaşdırma və kart əməliyyatlarına, habelə bank əməliyyatlarına görə xidmət haqqı tarifləri bankın qüvvədə olan tarif dərəcələrinə əsasən müştəri tərəfindən ödənilir. Kredit xəttindən nağdlaşdırma komissiyasının “Birkart" hesabından tutulması halında müvafiq komissiya məbləğləri borc məbləğinin üzərinə əlavə olunur və güzəşt müddəti olmayan qeyri-taksit əməliyyatı kimi əsas borc olaraq nəzərə alınır (müvafiq məbləğə bu müqavilə ilə nəzərdə tutulmuş illik kredit faizi hesablanır); -- müqavilənin 8-ci bəndi ilə müəyyən edilir ki, “Birkart” üzrə hesaba bu müqaviləyə əsasən kredit xətti ayrılır. Müştəri ayrılmış kredit xətti ilə taksit və qeyri-taksit əməliyyatları həyata keçirə bilər; - 11-ci bəndinə görə kredit xəttindən ilkin olaraq müştəri tərəfindən istifadə edilə biləcək məbləğ bank tərəfindən 10000 manat müəyyən olunur. Tərəflər razılığa gəlirlər ki, müştəri bu müqavilənin 22-ci hissəsində qeyd edilən mobil nömrəsinə SMS vasitəsi ilə göndərilmiş bildirişi (məlumatı) SMS-də göstərilmiş qaydada təsdiq etməklə ha belə ATM və bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrindən (bundan sonra texnoloji vasitələr) müvafiq qaydada istifadə etməklə kredit xəttinin istifadə edilə biləcək məbləğinin 15000 manatadək olan müvafiq məbləğ həddində, sms və digər texnoloji vasitələrlə razılaşdırılmış məbləğdə və şərtlərdə artıra və ya azalda həmçinin müqavilənin digər şərtlərini dəyişdirə və ya ona xitam verə bilər. Müvafiq qaydada kredit xəttinin məbləğinin artırılması, azaldılması ha belə müqavilənin şərtlərinin dəyişdirilməsi ona xitam verilməsi və ya digər hərəkətlərin edilməsi yalnız bank tərəfindən təsdiq edildikdə qüvvəyə minir. Müştəri və bank təsdiq edir ki, SMS vasitəsilə göndərilmiş bildirişin müştəri tərəfindən təsdiq edilməsi, habelə texnoloji vasitələrlə müvafiq hərəkətlərin (təsdiqnamələrin) edilməsi müştəriyə məxsus şəxsi imanın analoqu kimi qiymətləndirilir və onun şəxsi imzası ilə eyni hüquqi qüvvədədir; - 11.3-11.5-ci bəndlərinə əsasən kredit xəttindən son istifadə tarixi 30 sentyabr 2022-ci ildir. Kartın istifadə müddəti ərzində qeyri-taksit əməliyyatları üzrə əsas borcdan minimal aylıq ödəniş faizi 5 faizdir. Ödəniş intervalı hər ayın 1-dən 10-dək ( son tarix qeyri iş gününə düşərsə, əvvəlki iş günü əsas götürülür; - 11.18.2 və 11.18.3-cü bəndlərlə müəyyən edilir ki, bank müqavilədə nəzərdə tutulmuş hallarda öhdəliyin icrasını vaxtından əvvəl tələb etdikdə krediti, kredit üzrə hesablanmış istifadə faizlərini və digər borcları 5 (beş) iş günü müddətində qaytarmalıdır. Müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit üzrə ödənişləri banka ödəməlidir. Müştəri bu müqavilə üzrə borcların ödənilməsini gecikdirdiyi halda hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğini 1%-i miqdarında dəbbə pulu ödəyir (və ya dəbbə pulu müştərinin bankda olan hesab(lar) ından silinir); -11.19 və 11.19.1-ci bəndlərdə qeyd edilir ki, müştəri tərəfindən bu müqavilə üzrə borcların (əsas faiz və digər borclar) vaxtında ödənilməsi müddətləri pozulduqda bank kreditin hesablanmış faizi ilə və digər borcları ilə birlikdə artırılmasını müştəridən vaxtından əvvəl tələb edə bilər; - müqavilənin 14-cü bəndinə görə bu müqavilə tərəflər onu imzalandığı gündən qüvvəyə minir və tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək, o cümlədən məhkəmə qətnaməsi çıxarıldıqdan sonra hesablanmış faizlər, dəbbə pulu, maliyyə sanksiyası ilə bağlı çəkilən xərclər tam ödənilənədək qüvvədə qalır. Bank bu müqaviləyə birtərəfli qaydada xitam verə bilər; -30 sentyabr 2019-cu il tarixli, GTKR1501815A169 nömrəli kredit müqaviləsinin; -- 1, 1.1-1.4 və 1.7-ci bəndlərinə görə borc verən borcalana gündəlik tələbat üçün illik 25,9 (FİFD 26.4) faizlə, 36 ay müddətində, 20000 (iyirmi min) manat məbləğində kredit verməyi, borcalan müqaviləyə əlavə edilmiş ödəniş qrafikinə əsasən bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri və digər borcları borc verənə qaytarmağı öhdəsinə götürür; -- 2-ci bəndinə əsasən kredit müştərinin cari hesabına köçürmə üsulu ilə verilir. Carı hesaba köçürülən vəsait müştərinin istəyinə əsasən onun verdiyi ərizə əsasında xidmət haqqı (1,6-cı bənd) çıxılmaq şərti ilə müştərinin bankda olan müvafiq kart hesabına köçürülə bilər. Tərəflər razılaşır ki, müştərinin bu müqaviləni imzalaması və verdiyi ərizə bu bənddə nəzərdə tutulmuş nağdsız hesablaşmanın aparılması üçün müştəri tərəfindən verilmiş sərəncam (ödəniş sənədi) hesab ediləcəkdir; -- 6.2 və 6.3-cü bəndlərdə qeyd edilir ki, bank müqavilədə nəzərdə tutulmuş hallarda öhdəliyin icrasını vaxtından əvvəl tələb etdikdə müştəri krediti, kredit üzrə hesablanmış istifadə faizlərini və digər borcları 10 (on) iş günü müddətində banka qaytarmalı və müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit üzrə ödənişləri banka ödəməlidir. Müştəri bu müqavilə üzrə borcların ödənilməsini gecikdirdiyi halda hər gecikdirilən gün üçün gecikdirilmiş əsas borc məbləğinin 0,6 faizi miqdarında dəbbə pulu ödəyir; --11-ci bəndə əsasən bu müqavilə tərəflər onu imzalandığı gündən qüvvəyə minir və tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək, o cümlədən məhkəmə qətnaməsi çıxarıldıqdan sonra hesablanmış faizlər, dəbbə pulu, maliyyə sanksiyası ilə bağlı çəkilən xərclər tam ödənilənədək qüvvədə qalır. Bank bu müqaviləyə birtərəfli qaydada xitam verə bilər. Bağlanmış müqavilələrdən aydın olur ki, 30 sentyabr 2019-cu il tarixli, BBLK1501964A169 nömrəli kredit kartı müqaviləsi üzrə iddiaçının kredit kartını Cavabdeh2 verilməsi, ona kredit xətti ayırması, sonuncunun isə kredit xətti üzrə borclarını İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödəməsi, 30 sentyabr 2019-cu il tarixli, GTKR1501815A169 nömrəli kredit müqaviləsi üzrə isə iddiaçının müqavilədə göstərilən şərtlərlə kredit məbləğini Cavabdeh2 verməsi, sonuncunun ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, sair haqları və gecikmə zamanı hesablanmış cərimə məbləğlərini ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərini icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir ki, bu həmin hallara da mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 30 sentyabr 2019-cu il tarixli, BBLK1501964A169 nömrəli kredit kartına dair müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş materiallarına əlavə edilmiş 30 sentyabr 2019-cu il tarixli, 169TT**********9895 nömrəli balansdankənar məxaric orderi və 01 fevral 2022-ci il tarixə olan hesabdan çıxarışla öz təsdiqini tapır. 30 sentyabr 2019-cu il tarixli, GTKR1501815A169 nömrəli kredit müqaviləsi üzrə isə iddiaçının müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirməsi 30 sentyabr 2019-cu il tarixli kassa məxaric orderi və 01 fevral 2022-ci il tarixə olan hesabdan çıxarışla sübuta yetirilir. Müqavilələrdən irəli gələn öhdəliyin icra edilməsinin sübuta yetirmək vəzifəsi cavabdehlərin üzərinə düşsə də, onlar bunu təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmiş, əksinə onlar məhkəmədə verdikləri izahatlarında iddia tələbini qəbul etmişlər. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının əsas borc və ona hesablanmış faizlərin qaytarılması barədə tələbi əsaslıdır. Məhkəmə belə hesab edir ki, borcun məbləğinə hüquqi aydınlıq gətirməzdən öncə «Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı iddia tələbinə aydınlıq gətirilməlidir. Bununla bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində öhdəliyin icrasının təmin edilməsinin üsullarından biri kimi zaminlik qeyd olunub. Həmin Məcəlləyə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsi ilə müəyyən olunur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. «Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 30 sentyabr 2019-cu il tarixli, Z-GTKR1501815A169 nömrəli zaminlik müqaviləsində tərəflər iş üzrə əhəmiyyətli olan aşağıdakı şərtlər barədə razılığa gəlib: -müqavilənin 1 və 2-ci bəndlərindən görünür ki, zamin 30 sentyabr 2019-cu il tarixli, GTKR1501815A169 nömrəli müqavilə üzrə borcalanın bank qarşısında yaranmış öhdəliklərini tamamı ilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürür və zamin bank qarşısında borc alanla birlikdə məsuliyyət daşıyır; -həmin müqavilənin 3 və 4-cü bəndlərində qeyd edilir ki, zamin əsas və faiz borcları, dəbbə pulu, maliyyə sanksiyası, tələbin yönəldilməsi ilə bağlı bütün növ xərclər və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, bank qarşısında borcalanla eyni şərtlər daxilində məsuliyyət daşıyır, həmçinin zaminliklə təmin edilmiş öhdəlik (borc), habelə kredit müqaviləsi üzrə hüquqlar hər hansı bir səbəbdən, o cümlədən vərəsəlik hüquqi varislik qaydasında başqa şəxsə keçdikdə, borcalan öldükdə zaminlik qüvvəsində qalır; -zaminlik müqaviləsinin 8-ci bəndi ilə müəyyən edilir ki, zaminlik zaminliklə təmin edilmiş öhdəlik tam icra edilənədək olan müddətdə qüvvədədir, zaminliyə zaminliyin təmin etdiyi öhdəlik tam icra olunduqda xitam verilir, zamin bu müqaviləni imzalamaqla razılığını bildirir ki, kredit müqaviləsi qüvvədə olduğu bütün müddət ərzində habelə kredit müqaviləsi üzrə öhdəliklər tam icra olunanadək zaminlik qüvvədə olacaqdır, yəni kredit müqaviləsi üzrə bütün borcların qaytarılmasına görə zamin borcalan ilə birgə məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış müqavilənin mahiyyətindən aydın olur ki, Cavabdeh1 30 sentyabr 2019-cu il tarixli, GTKR1501815A169 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsində isə zaminliyə xitam verilməsinin əsasları qeyd olunsa da, hazırki vəziyyətdə isə mülki iş materiallarından zaminliyə xitam verilməsinin əsasları müəyyən edilmədiyindən və zaminlik müqaviləsinə əsasən Cavabdeh1 bank qarşısında Cavabdeh2 ilə 30 sentyabr 2019-cu il tarixli, GTKR1501815A169 nömrəli kredit müqaviləsi üzrə eyni həcmdə məsuliyyət daşıması nəzərdə tutulduğundan, məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı irəli sürdüyü tələbi də əsaslı hesab edir. Cavabdehlərin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı məhkəmə tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 30 sentyabr 2019-cu il tarixli, BBLK1501964A169 nömrəli kredit kartı müqaviləsinin 14-cü bəndindən, 30 sentyabr 2019cu il tarixli, GTKR1501815A169 nömrəli kredit müqaviləsinin 11-ci bəndindən isə aydın olur ki, cavabdehlər iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Borcun miqdarına gəldikdə isə, iddia ərizəsinə əlavə olunmuş 15 fevral 2022-ci il tarixli, 135000/434 nömrəli maliyyə arayışından və 01 fevral 2022-ci il tarixə olan hesabdan çıxarışdan Cavabdeh2 30 sentyabr 2019-cu il tarixli, BBLK1501964A169 nömrəli kredit kartı müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 9240.52 (doqquz min iki yüz qırx manat, əlli iki qəpik) manat əsas, 1722.68 (bir min yeddi yüz iyirmi iki manat, altmış səkkiz qəpik) manat faiz borcu və 30 sentyabr 2019-cu il tarixli, GTKR1501815A169 nömrəli kredit müqaviləsi üzrə 11516.65 (on bir min beş yüz on altı manat, altmış beş qəpik) manat əsas və 1480.46 (bir min dörd yüz səksən manat, qırx altı qəpik) manat faiz borcunun olması aydın olur. Hər bir cavabdehdən tutulmalı olan borcun miqdarı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Qeyd edilən prosessual normanının tələbini, həmçinin zaminlik müqaviləsinə əsasən zaminin borclu ilə birlikdə eyni məsuliyyət daşımasını nəzərə alan məhkəmə belə hesab edir ki, kredit müqaviləsi üzrə yaranmış borc cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Cavabdeh2 30 sentyabr 2019-cu il tarixli, BBLK1501964A169 nömrəli kredit kartı müqaviləsi üzrə isə bank qarşısında yaranmış öhdəliklərə bağlı özü tək məsuliyyət daşıdığından həmin müqavilə ilə əlaqədar yaranmış borc yalnız ondan tutularaq «Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan məhkəmə qeyd edir ki, Cavabdeh1 iddiaçı qarşısında yalnız 30 sentyabr 2019-cu il tarixli, GTKR1501815A169 nömrəli kredit müqaviləsi üzrə öhdəlik daşıdığından ondan tutulmalı olan dövlət rüsumunun miqdarı məhz həmin müqavilə üzrə borca mütənasib hesablanmalıdır. Yəni 30 sentyabr 2019-cu il tarixli, GTKR1501815A169 nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən tutulmalı olan ümumi məbləğ 12997,11 (on iki min doqquz yüz doxsan yeddi manat, on bir qəpik) manat təşkil etdiyindən 87,41 (səksən yeddi manat, qırx bir qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada, 30 sentyabr 2019-cu il tarixli, BBLK1501964A169 nömrəli kredit kartı müqaviləsi üzrə Cavabdeh2 tutulmalı olan məbləğ 10963,20 (on min doqquz yüz altmış üç manat, iyirmi qəpik) manat təşkil etdiyindən ondan 74,47 (yetmiş dörd manat, qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya verilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; - Cavabdeh2 ilə «Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 30 sentyabr 2019-cu il tarixli, BBLK1501964A169 nömrəli kredit kartına dair müqavilə üzrə 9240.52 (doqquz min iki yüz qırx manat, əlli iki qəpik) manat əsas, 1722.68 (bir min yeddi yüz iyirmi iki manat, altmış səkkiz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 10963,20 (on min doqquz yüz altmış üç manat, iyirmi qəpik) manat məbləğində borc Cavabdeh2 tutularaq «Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; - Cavabdeh2 ilə «Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 30 sentyabr 2019-cu il tarixli, GTKR1501815A169 nömrəli kredit müqaviləsi üzrə 11516.65 (on bir min beş yüz on altı manat, altmış beş qəpik) manat əsas və 1480.46 (bir min dörd yüz səksən manat, qırx altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 12997,11 (on iki min doqquz yüz doxsan yeddi manat, on bir qəpik) manat məbləğində borc cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; -iddia təmin olunduğundan onun verilməsi ilə bağlı olaraq iddiaçı tərəfindən ödənilmiş 161,88 (bir yüz altmış bir manat, səksən səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun 87,41 (səksən yeddi manat, qırx bir qəpik) manat məbləği cavabdehlərdən müştərək qaydada, 74,47 (yetmiş dörd manat, qırx yeddi qəpik) manat miqdarı isə Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i : İddia təmin olunsun. Cavabdeh2 ilə «Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 30 sentyabr 2019-cu il tarixli, BBLK1501964A169 nömrəli kredit kartına dair müqavilə üzrə 9240.52 (doqquz min iki yüz qırx manat, əlli iki qəpik) manat əsas, 1722.68 (bir min yeddi yüz iyirmi iki manat, altmış səkkiz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 10963,20 (on min doqquz yüz altmış üç manat, iyirmi qəpik) manat məbləğində borc Cavabdeh2 tutularaq «Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh2 ilə «Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 30 sentyabr 2019-cu il tarixli, GTKR1501815A169 nömrəli kredit müqaviləsi üzrə 11516.65 (on bir min beş yüz on altı manat, altmış beş qəpik) manat əsas və 1480.46 (bir min dörd yüz səksən manat, qırx altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 12997,11 (on iki min doqquz yüz doxsan yeddi manat, on bir qəpik) manat məbləğində borc cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia təmin olunduğundan onun verilməsi ilə bağlı olaraq iddiaçı tərəfindən ödənilmiş 161,88 (bir yüz altmış bir manat, səksən səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun 87,41 (səksən yeddi manat, qırx bir qəpik) manat məbləği cavabdehlərdən müştərək qaydada, 74,47 (yetmiş dörd manat, qırx yeddi qəpik) manat miqdarı isə Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev
Məhkəmə qərarları › İş №e-2(079)-132/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-132/2022
14.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver