Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № e-2(079)-144/2023 06.02.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ İddia ərizəsinin qaytarılması haqqında Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və borcun qaytarılması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan nəzərdən keçirərək müəyyənetdi: Babək Rayon Məhkəməsinə 03 fevral 2023-cü ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və borcun qaytarılması tələbinə dair iddia ərizəsi məhkəməyə daxil olmuşdu. İddia ərizəsini və ona əlavə edilmiş sənədlərini nəzərdən keçirərək məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki prosessual qanunvericiliyin tələbindən də göründüyü kimi hər hansı bir şəxs hüququnun müdafiəsini məhkəmə qaydasında həyata keçirirsə müvafiq qaydalara əməl etməlidir. Bunun üçün ilkin olaraq müvafiq ərizəsi ilə məhkəməyə müraciət etməli və onun Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl etməklə tərtib etməlidir. Ona əməl edilməməsi isə müvafiq prosessual nəticələrə səbəb olur. Elə bu məqsədlə də məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmunu öz əksini tapıb. Həmin maddəyə əsasən iddia ərizəsində onun verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən zaman müəyyən olur ki, həmin prosessual sənəd tərtib edərkən məzmununa əməl etməmişdi. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən tərəflər arasında borc-kredit müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcud olması müəyyən edilir. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən aydın olur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 13 iyul 2017-ci ildə “Müştərilərlə kreditləşmə və xidmət şərtləri” adlı müqavilə və 14 dekabr 2019-cu ildə kredit sazişi müqaviləsi bağlanmışdı. İddiaçı isə tələbində kredit müqavilənin ləğv edilməsini və həmin müqavilə əsasında yaranmış borcu tələb edir. Məhkəmə bildirir ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsinin qaydaları və əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 20-ci fəsli ilə tənzimlənir. Həmin Məcəllənin 421.1 və 421.2-ci maddələrinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmçinin həmin Məcəllənin 423.1-cü maddəsində qeyd edilir ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin bağlanması qaydalarını isə Mülki Məcəllənin 405-416-cı maddələri tənzimləyir. Bununla bağlı mülki qanunvericilikdə qeyd edilir ki, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır (Mülki Məcəllənin 405.1, 407.1 və 407.2-ci maddələri). Qeyd edilən maddi hüquq normalarından da göründüyü kimi tərəflər arasında müqavilə bağlanması üçün ilkin olaraq onun bağlanması üçün təklif olmalı və bu təklif müvafiq qaydada qəbul edildikdən sonra müqavilə bağlanmış sayılmadır. Mülki qanunvericilik bu qaydanı eyni ilə müqavilənin ləğv edilməsi və dəyişdirilməsinə də şamil etmişdi. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsinə əlavə etdiyi və Cavabdeh göndərdiyi 27 noyabr 2022-ci il tarixli bildirdə cavabdehə onunla arasında bağladığı kredit müqaviləsinin ləğv edildiyi göstərsə də, iş materiallarından iddiaçının Cavabdeh kredit müqaviləsinin ləğv edilməsi ilə bağlı təkliflə müraciət etməsi öz təsdiqini tapmır. Tərəflər arasında bağlanmış 13 iyul 2017-ci il tarixli “Müştərilərlə kreditləşmə və xidmət şərtləri” adlı müqaviləsinin İX bölməsindən isə iddiaçının Cavabdeh arasında bağlanmış müqavilənin birtərəfli qaydada ləğv edilmə səlahiyyətinin olması müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsi ilə müəyyən edilir ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddi hüquq normasının da tələbindən göründüyü kimi iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl Cavabdeh aralarında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi üçün müddəti müəyyən edilməklə müraciət etməli və ona cavab almadıqdan sonra məhkəməyə müraciət edə etməlidir. Yəni İddiaçı Açıq Səhmdar Cəmiyyəti hazırki vəziyyətdə müqavilənin ləğvi və ya dəyişdirilməsi barədə pretenziya qaydasına əməl etməyib və bu barədə iddia ərizəsində bununla bağlı müvafiq qeyd etməyib. Mülki prosessual qanunvericiliyin tələbinə görə iddia ərizəsində müqavilə ilə cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumatın göstərilməsinin imperativ olmasına baxmayaraq, iddiaçı sözü gedən prosessual sənəddə buna dair məlumatı qeyd etməmişdi. Sübutlar siyahında bununla bağlı qeyd edilsə də, iddia ərizəsinin məzmununda onun məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməmişdi. Məhkəmə onu da bildirir ki, iddiaçı eyni cavabdehə qarşı eyni iddia tələbi ilə 19 dekabr 2022-ci ildə müraciət etmiş, məhkəmənin 2(079)-144/2023 nömrəli qərardadı ilə eyni əsaslarla geri qaytarmişdi. Yuxarıda qeyd edilənləri nəzərə almaqla məhkəmə belə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və borcun qaytarılması tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Çünki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1, 152.1.1 və 152.1.6-cı maddələrinin tələbinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinin tələbinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır. Odur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsi ilə 03 fevral 2023-cü il tarixli, ********** nömrəli qəbzlə AZ09AİİB******************** nömrəli hesaba ödədiyi 103 (bir yüz üç) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. İddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı olduğundan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsini rəhbər tutaraq məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə izah edilsin ki, iddia ərizəsinin qaytarılmasına dair nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Sonda məhkəmə onu da qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanıldığından iddia ərizəsi və ona əlavə edilən sənədlərin iddiaçıya geri qaytarılmasına zərurət yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və borcun qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsi ilə 03 fevral 2023-cü il tarixli, ********** nömrəli qəbzlə AZ09AİİB******************** nömrəli hesaba ödədiyi 103 (bir yüz üç) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə izah edilsin ki, iddia ərizəsinin qaytarılmasına dair nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №e-2(079)-144/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №e-2(079)-144/2023
06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver