Məhkəmə qərarları › İş №e-2(079)-157/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-157/2024

11.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-157/2024 11.03.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 29 yanvar 2024-cü ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh ilə arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 210867-1-31902 saylı “Yenidən Maliyyələşdirilən Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə Banka borclu olduğu 9.403 (doqquz min dörd yüz üç manat) AZN manat məbləğində əsas borc, 1241.71 (bir min iki yüz qırx bir manat yetmiş bir qəpik) manat məbləğində faiz borcu, 149.45 (bir yüz qırx doqquz manat qırx beş qəpik) AZN manat məbləğində cərimə borcu, ümumilikdə isə 10794.16 (bir on min yeddi yüz doxsan dörd manat on altı qəpik) AZN məbləğində pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 122.38 (bir yüz iyirmi iki manat otuz səkkiz qəpik) AZN məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh (bundan sonra mətndə Cavabdeh) xx.xx.2021-ci il tarixli “Bank Xidmətlərinin Göstərilməsi X2 Şərtləri” ilə tanış olub həmin şərtləri qəbul edərək, xx.xx.2022-ci il tarixli, 210867-1-31902 saylı “Yenidən Maliyyələşdirilən Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra mətndə Bank) müraciət etmiş və ona istehlak məqsədilə illik 23,5 (iyirmi üç tam onda beş faiz) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 10.950 (bir on min doqquz yüz əlli manat) AZN məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, Bank isə aksept etmişdir, yəni təklifi qəbul etmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti Bank Xidmətlərinin göstərilməsi X2 şərtlərinin 7.25.3-cü bəndinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. “Bank Xidmətlərinin Göstərilməsi X2 Şərtləri”nin 7.25.3-cü bəndinə əsasən Bank krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra Müştərinin müvafiq Ərizədə göstərdiyi cari hesabına köçürür. Bank kredit vəsaitini əldə etmək üçün Müştəriyə Ödəniş kartı təqdim edir və Müştəri onun “cari hesabın”dan “kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2023-cü il tarixindən icra etməmiş və nəticədə cavabdehin Banka xx.xx.2023-cü il tarixə 9403 (doqquz min dörd yüz üç manat) AZN manat məbləğində əsas borc, 1241.71 (bir min iki yüz qırx bir manat yetmiş bir qəpik) manat məbləğində faiz borcu, 149.45 (bir yüz qırx doqquz manat qırx beş qəpik) AZN manat məbləğində cərimə borcu, ümumilikdə isə 10794.16 (bir on min yeddi yüz doxsan dörd manat on altı qəpik) AZN məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddianın tələblərinin əsası kimi istinad etdiyimiz faktlar, hallar və onları təsdiq edən sübutların siyahısı: 1. xx.xx.2022-ci il tarixli, 210867-1-31902 saylı “Yenidən Maliyyələşdirilən kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsi”; 2. xx.xx.2023 tarixli, 6709 P saylı pretenziya məktubu; 3. xx.xx.2023-cü il tarixli maliyyə arayışı; 4. xx.xx.2024-cü il tarixli hesabdan çıxarış;

5. xx.xx.2023-cü il tarixli maps arayışı. Cavabdeh tərəfindən imzalanmış “Nağd pul kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsindən müəyyən edilir ki, “Bank Xidmətlərinin Göstərilməsi X2 Şərtləri” ilə tanış olmuş və həmin şərtləri qəbul etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin 11 mart 2024-cü il tarixdə iddiaçının nümayəndəsi məhkəməyə ünvanlandığı ərizədə Bank VTB (Azərbaycan) ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi tələbinə dair e-2(079)-162/2024 saylı mülki iş üzrə məhkəmə iclasının iştirakları olmadan keçirilib iddia tələbinin tam təmin olunmasına dair qətnamə edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron kabinet vasitəsilə ünvanladığı Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizəsi ilə əlaqədar qəbul edilmiş Babək Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2(079)-157/2024 nömrəli qərardadına əsasən iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizə nəzərə alınmış, iddia tələbinə Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 210867-1-31902 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə Banka borclu olduğu 9.403 (doqquz min dörd yüz manat) AZN məbləğində əsas borc, 598.21 (beş yüz doxsan səkkiz manat iyirmi bir qəpik) AZN məbləğində faiz borcu, 149.45 (bir yüz qırx doqquz manat qırx beş qəpik) AZN məbləğində cərimə borcu olmaqla ümumilikdə 10.150,66 (on min yüz əlli manat altmış altı qəpik) AZN pulun və 122.38 (yüz iyirmi iki manat otuz səkkiz qəpik) AZN dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi həddində baxılması qərara alınmışdır. Mülki iş materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, "xxxx" (Azərbaycan) ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 210867-1-31902 nömrəli kredit müqaviləsi bağlanmış olması, Cavabdeh "xxxx" (Azərbaycan) ASC tərəfindən kreditin verilməsi, cavabdehə öhdəliyin icrası tələbilə xəbərdarlıq edildiyi işin mübahisəsiz halıdır. Belə ki, mülki iş materiallarında olan: - xx.xx.2022-ci il tarixli, 210867-1-31902 nömrəli müqavilədən "xxxx" (Azərbaycan) ASC ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmış olması, borcalana Bank tərəfindən 60 ay müddətinə 10950.00 (on min doqquz yüz əlli) manat məbləğində illik 23.50% (iyirmi üç manat əlli qəpik) faiz dərəcəsi ilə kreditin verilməsi barədə razılıq əldə olunması; - xəbərdarlıqdan "xxxx" (Azərbaycan) ASC tərəfindən cavabdehə öhdəliyin icrası tələbilə xəbərdarlıq edildiyi aydın olur. İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. MM-in 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. MM-in 744.1-ci maddəsinə görə kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. MM-in 744.2-ci maddəsinə görə kredit müqaviləsində ən azı aşağıdakılar göstərilməlidir 744.2.1. borcverənin adı və ünvanı; 744.2.2. borcalanın adı və ünvanı; 744.2.3. kreditin məbləği və valyutası; 744.2.4. kreditin qaytarılma müddəti və ödəniş şərtləri; 744.2.5. kreditin təyinatı; 744.2.6. kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği, həmçinin faktiki illik faiz dərəcəsi (müqavilə üzrə dəyişən faiz dərəcəsi şərtləşdirildikdə, ilkin faktiki illik faiz dərəcəsi) tətbiq edildikdə, kredit üzrə faizlərin tutulmadığı müddət barədə aydın və dəqiq məlumat. Məhkəmə iddiaçı tərəfindən razılaşdırılmış kredit məbləğinin cavabdehə verilibverilməməsi və cavabdehlər tərəfindən iddiaçı qarşısında öhdəliyin lazımınca icra edilibedilməməsi ilə bağlı işin mübahisəli halları barədə aşağıdakıları qeyd etməyi zəruri sayır. MM-in 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, 210867-1-31902 №-li “Yenidən Maliyyələşdirilən Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsinə əsasən bank tərəfindən kart hesabının açılması və ona dair xidmətlərin göstərilməsinə icazə verilmişdir. Müştəri isə aksepti aldığını və karta dair xidmətlərin göstərilməsi haqqında müqaviləni bağladığını öz imzası ilə təsdiq etmişdir. Həmçinin sözügedən ərizəyə əsasən yenidən maliyyələşdirilən kreditin(lərin) ümumi qalıq məbləği 8988.7 AZN olaraq müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, "xxxx" (Azərbaycan) ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 210867-1-31902 nömrəli kredit müqaviləsi imzalanmış və tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan, Mülki Məcəllə ilə nəzərdə tutulmuş müvafiq müqavilənin şərtləri ilə bağlı imperativ normalarla ziddiyyət təşkil etməyən şərtlər barədə razılığa gəlmişlər: Müqaviləyə əsasən müştərinin kredit üzrə vəzifələri aşağıdakılardan ibarətdir: - müqavilənin 10.3.1-ci bəndinə əsasən müqavilənin bağlanması, o cümlədən həmin Müqavilə çərçivəsində təqdim edilən Bank Xidmətinin göstərilməsi üçün tələb olunan bütün zəruri məlumatları və sənədləri Banka təqdim etmək; - müqavilənin 10.3.2-ci bəndinə əsasən Banka əvvəllər təqdim etdiyi məlumatlarla, eləcə də özünün və vəkalətnamə verdiyi şəxslərin sənədləri ilə bağlı olan bütün dəyişikliklər haqqında dəyişikliyin edildiyi gün dərhal Banka məlumat vermək; - müqavilənin 10.3.7-ci bəndinə görə Ümumi Şərtlərin ayrılmaz hissəsi olan Əlavə İ göstərilənlərə riayət etmək; Müqavilənin kredit üzrə vaxtından əvvəl tələbetmə ilə bağlı bölməsinə əsasən - müqavilənin 11.1-ci bəndinə görə bu müqavilə və ya qüvvədə olan Qanunvericiliklə nəzərdə tutulmuş hallarda Bank Kredit alana Kredit verməkdən imtina etmək və va Kreditin vaxtından əvvəl qaytarılmasını, hesablanmış faizlərin, mümkün cərimənin ödənilməsini və Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququna malikdir, həmçinin «Ödəniş cədvəli» ilə müəyyən edilən müddətlər «Kredit alan» tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda; «Kredit alan» bu Müqavilə ilə müəyyənləşdirilən vəzifələrindən bir və ya bir neçəsini icra etmədikdə və ya lazımınca icra etmədikdə vaxtından əvvəl icra etmə tələb edilə bilər. Razılaşmanın şərtlərindən belə məlum olur ki, kredit müqaviləsi üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə kreditin Cavabdeh verilməsidir. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əlavə - ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" (Azərbaycan) ASC qarşısında əsas öhdəliyi 60 ay müddətində hər ayın müvafiq günündə banka olan əsas və faiz borcundan ibarət 311.66 manat məbləğində, sonuncu ay isə 341.60 manat ödənişi həyata keçirməkdir. İddia ərizəsinə əlavə olunmuş hesabdan çıxarışa əsasən xx.xx.2022-ci tarixdə AZ16VTBA**********0867AZN001 nömrəli hesabın açılmış və sözügedən hesaba bank tərəfindən 10950 manat (on min doqquz yüz əlli) manat kredit məbləği köçürülmüşdür. Beləliklə iddiaçının kredit müqaviləsi üzrə cavabdeh qarşısında əsas öhdəliyini lazımınca icra etməsi təsdiqini tapır. Bank tərəfindən borcalana kredit müqaviləsinə uyğun ödəniş aparmadığından vaxtı keçmiş borcun yaranması barədə bildirilərək borcun ödənilmədiyi təqdirdə müqavilə şərtlərinə uyğun olaraq borcalan barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. Cavabdeh tərəfindən bank qarşısında olan öhdəliyinin lazımınca icra etdiyini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Maliyyə arayışından xx.xx.2024-cü il tarixə cavabdehin müqavilə üzrə iddiaçıya 9403.00 manat əsas, 598.21 manat faiz, 149.45 manat cərimə olmaqla cəmi 10150.66 manat borcunun qaldığı məlum olur. Mülki iş materiallarını bir-birilə əlaqəli şəkildə hərtərəfli qiymətləndirən məhkəmə belə hesab edir ki, müqavilə üzrə hesabdan çıxarış borcun miqdarına münasibətdə mötəbər sübut kimi qəbul edilib nəzərə alınmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2) Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Müvafiq müqavilədən və pretenziya (xəbərdarlıq) məktubundan aydın olur ki, iş üzrə cavabdeh iddiaçı qarşısında öhdəliyini pozmağa görə məsuliyyətdən azad edilməmişdir. İddiaçının cərimənin ödənilməsi tələbinə dair məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 7.25.3-cü bəndinə görə bu Müqavilə üzrə gecikdirilmiş kreditə görə, Nağd pul kreditləri üzrə, hər gecikdirilən gün üçün Ərizə- Razılaşmada göstərilən cərimə tətbiq edilir. №-li Nağd pul kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsindən isə müəyyən edilir ki, gecikdirilmiş borc üzrə hər gecikdirilən gün üçün hər tam və ya natamam 10 AZN üçün 0.05 AZN məbləğində cərimə hesablanır. Müqavilə ilə müəyyən olunan cərimə, habelə zərərin əvəzi müqavilə ilə müəyyən edilən qaydada ödənilməldir. Məhkəmə belə hesab edir ki, cərimə məbləği əsas borca mütənasibdir və azaldılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Sonda məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh "xxxx" (Azərbaycan) ASC-nin xeyrinə 9.403 (doqquz min dörd yüz) manat əsas, 598.21 (beş yüz doxsan səkkiz manat iyirmi bir qəpik) faiz, 149.45 (bir yüz qırx doqquz manat qırx beş qəpik) cərimə borcu olmaqla cəmi 10.150,66 (on min yüz əlli manat altmış altı qəpik) məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 115.08 (bir yüz on beş manat səkkiz qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq

qətetdi:

İddia təmin edilsin. Cavabdeh "xxxx" (Azərbaycan) ASC-nin xeyrinə 9.403 (doqquz min dörd yüz) manat əsas, 598.21 (beş yüz doxsan səkkiz manat iyirmi bir qəpik) faiz, 149.45 (bir yüz qırx doqquz manat qırx beş qəpik) cərimə borcu olmaqla cəmi 10.150,66 (on min yüz əlli manat altmış altı qəpik) məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 115.08 (bir yüz on beş manat səkkiz qəpik) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar