Məhkəmə qərarları › İş №e-2(079)-159/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-159/2025

07.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-159/2025 07.03.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi ilə LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 21 yanvar 2025-ci ildə Babək Rayon Məhkəməsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə müraciət edərək, 25 iyun 2019-cu il tarixli KM037T06190003S01 hesab nömrəli müqavilə üzrə 11 iyun 2024-cü il tarixə Cavabdeh cəmi borcu 1079.48 (bir min yetmiş doqquz manat, qırx səkkiz qəpik) manat bundan 979.10 (doqquz yüz yetmiş doqquz manat¸ on qəpik) manat əsas, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 100.38 (bir yüz manat, otuz səkkiz qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30,80 (otuz manat, səksən qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olanİddiaçı ASC-yə ğdənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17 noyabr 2014-cü il tarixli №593/26-AZN nömrəli Kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə 1.300 (bir min üç yüz) manat məbləğində kredit xətti açılmışdır. LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında KM037T06190003S01 nömrəli xx.xx.2019-cu il tarixli Restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 593/26-AZN saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 1.133,02 manat məbləği restrukturizasiya olunmuş və Borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Restrukturizasiya müqaviləsi 36 ay müddətinə bağlanılmışdır. Borcun ödənilməli olduğu son tarix xx.xx.2022-ci il müəyyən edilmişdir. İddiaçının tələbinin əsaslandığı sənədlər tərəflər arasında bağlanmış Kredit və Restrukturizasiya müqavilələri, ödəniş cədvəlləri, KM037T06190003S01 nömrəli xx.xx.2024-cü il tarixli maliyyə arayışı və hesabdan çıxarışlardır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Bank ilə Cavabdeh arasında bağlanmış 25 iyun 2019-cu il tarixli KM037T06190003S01 hesab nömrəli müqavilə üzrə 11 iyun 2024cü il tarixə Cavabdeh cəmi borcu 1.079.48 (bir min yetmiş doqquz manat, qırx səkkiz qəpik) manat təşkil edir. Bundan 979.10 (doqquz yüz yetmiş doqquz manat, on qəpik) manat əsas, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 100.38 (bir yüz manat, otuz səkkiz qəpik) manat faiz borcu təşkil edir. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. İş üzrə Cavabdeh rəsmi qaydada verilmiş məhkəmə bildirişlərində iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunsa da, cavabdeh tərəfindən iddiaya qarşı etiraz, etirazının dəlilləri və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında borc (kredit) müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 6-cı maddəsinin mahiyyətindən irəli gələn müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. MM-in 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-in 390.5-cı maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir (390.6). İddia tələbinin qanuni əsasını təşkil edən MM-in 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh arasında 17 noyabr 2014-cü il tarixli № 593/26-AZN nömrəli Kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə bağlanmışdır. Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır: - müqavilənin 1.1-ci bəndinə əsasən Bu Müqavilənin predmenti Bank tərəlindən buraxılmış "Dəmir Taksit" kredit kartının (bundan sonra -"Kart") Müştəriyə verilməsi, Kart vasitəsilə kredit xəttinin açılması, Müştəri tərəlindən isə Kart vasitəsi ilə mallar, iş və xidmətlər üzrə ödənişlərin yerinə yetirilməsi, nağd pul vəsaitinin əldə edilməsi, habelə kredit xətti üzrə öhdəliklərin verinə yetirilməsi üzrə əməliyyatların həyata keçirilməsi barədə öhdəlikdir. - müqavilənin 2.1 və 2.2-ci bəndinə əsasən Bank Müştəri üçün 24 (ivirmi dörd) av müddətinə kart Buraxır. Bank tərəfindən buraxılmış kart Bankın xüsusi mülkiyyətidir. Kart üzrə bərpa olunan kredit xətti açılır. Bərpa olunan kredit xəttində kredit xəttinin limiti tranşlar ilə istifadə oluna bilər və bu halda ssuda borcu üzrə ödənişlər kredit xəttinin limitini bərpa edir. - müqavilənin 3-cü bəndinin yarımbəndlərinə əsasən Bank Müştəriyə 1300 (bir min üç yüz Yeni Azərbaycan manatı 00 qəpik) məbləğimlə kredit xətti açır. Həmin xətt üzrə Müştərinin birinci ayda nağdlaşdıra biləcəyi maksimum məbləğ ümumi limitin 70 (yetmiş) % təşkil edir. Birinci ayda nağdlasmadan sonra Kartda qalan məbləğ növbəti aylarda nağdlaşdırıla bilər. Kredit xətti 36 (otuz altı) ay müddətə açılır. Kartın müddətinin son günü də daxil olmaqla, kredit xəttindən istifadə etmək mümkündür. Kredit xətti üzrə kreditin müddəti vəsaitin kartdan məxaric olunduğu gündən etibarən hər məxaric olunan kredit məbləğindən və borc qalığından asılı olaraq, məbləğ 0-50 manat aralığında olduqda kredit müddəti 1ay, məbləğ 50.01-100 manat aralığında olduqda kredit müddəti 3 ay, məbləğ 100.01 - 200 manat aralığında olduqda kredit müddəti 6 ay, məbləğ 200.01 manat və daha yüksək məbləğ aralığında olduqda isə kredit müddəti 12 ay müəyyən edilir. Yuxarıda göstərilən məbləğ və aralıqlar üzrə tətbiq edilən komissiya aşağıdakı qaydada hesablanır: • 0-50 manat aralığında 1 (bir) ay Komissiya 3(üç)%: • 50.01-100 manat aralığında 3 (üç) ay Komissiya 5.5 (beş tam onda beş)%: • 100.01 - 200 manat aralığında 6 (altı) ay Komissiya 9.5 (dogguz tam onda beş)%; • 200.01 - 2000 manat aralığında 12 (on iki) ay Komissiya 19 (on doqquz)% - müqavilənin 4.1 və 4.2-ci bəndinə əsasən Müştəri tərəfindən ərizə verildikdən sonra Bank Kartı və müvafiq PİN-zərfi (şəxsi identifikasiya nömrəsini) hazırlayıb qapalı zərf içində Müştəriyə və ya onun tərəfindən vəkil edilmiş şəxsə şəxsən təqdim etməlidir. Kartın təcili alınmasına ehtiyac olduqda Bank Müştəri tərəfindən ərizə verildiyi gündən etibarən Bank tərəfindən müəyyən edilmiş haqq müqabilində 1(bir) iş gün müddətində Kartı və müvafiq PİN-zərli hazırlayıb Müştəriyə təqdim etməlidir. - müqavilənin 9.3 və 9.4-cü bəndlərinə əsasən Bu Müqavilə tərəflərin onu imzaladığı gündən qüvvəyə minir və tərəflərin bu Müqavilə (üzrə Öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Bir tərəf bu Müqavilə ilə müəyyən olunmuş öhdəliklərini pozduqda qarşı tərəfə 15 (on beş) gün əvvəl yazılı xəbərdarlıq verərək Müqaviləni bütövlükdə və ya qismən ləğv edə bilər. Bu Müqavilə tərəllərin qarşılıqlı razılığı əsasında ləğv edilə bilər. İş materiallarına əlavə olunmuş kredit müqaviləsindən belə məlum olur ki, tərəflər borc müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır: - müqavilənin 2.1-ci bəndinə əsasən ləğv prosesində olan bank tərəfindən Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 593/26 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 1133.02 manat məbləği restrukturizasiya olunur və Borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürür. - müqavilənin 3.1-ci, 3.2-ci və 3.3-cü bəndlərinə əsasən Restrukturizasiya müqaviləsinin bağlanması ilə Borclunun restrukturizasiya olunmuş kredit borcları üzrə ilkin kredit müqaviləsinə xitam verilir. Restrukturizasiya olunmuş kredit və ona hesablanmış faizlər ödəniş cədvəlinə və bu müqaviləyə əsasən Banka nağd qaydada və ya köçürmə yolu ilə qaytarılır. Faizlər restrukturizasiya olunan tarixdən güzəştli kredit Banka tam məbləğdə faktiki qaytarılan günədək restrukturizasiya müddəti ərzində illik 1% olmaqla hesablanır. - müqavilənin 5.2-ci bəndinə əsasən öz öhdəliyini icra etməyən və ya lazımınca icra etməyən Tərəf digər Tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı Tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. - müqavilənin 5.3-cü bəndinə əsasən borclu borcun ödənilməsini gecikdirdiyi halda hər gecikdirilən gün üçün gecikdirilmiş əsas borc məbləğinin müəyyən faizi miqdarında dəbbə pulu ödəyir və kredit müqaviləsi üzrə müəyyənləşdirilən dəbbə pulunun yuxarı həddi hər il üçün 0,02 faiz olmaqla, restrukturizasiya müddətinə 0.1 faizdən çox olmamalıdır. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh xx.xx.2019-cu il tarixli, KM037T06190003S01 nömrəli restrukturizasiya müqaviləsi bağlanmışdır. Razılaşmanın şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə kreditin borcalana verilməsidir. İş materiallarında olan qəbzdən kredit kartının PİN kodunun isə xüsusi möhürlənmiş bağlı zərfdə Cavabdeh təqdim edildiyi müəyyən olunur. Restrukturizasiya olunmuş xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ödəniş qrafikindən isə müəyyən olunur ki, Cavabdeh LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında əsas öhdəliyi 36 ay müddətində hər ayın müvafiq günündə banka olan əsas və faiz borcundan ibarət 31.96 manat məbləğində ödənişi həyata keçirməkdir. Bank tərəfindən borcalana kredit müqaviləsinə uyğun ödəniş aparmadığından vaxtı keçmiş 979.10 manat vaxtı keçmiş əsas borc, 0 manat faiz borcu, 0 manat cərimə borcu, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 97.44 manat faiz məbləği, ümumilikdə isə 1076.54 manat məbləğində borcun yaranması barədə bildirilərək müqaviləyə vaxtından əvvəl xitam verilərək ümumi kredit borcu və hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Cavabdeh tərəfindən bank qarşısında olan öhdəliyinin lazımınca icra edildiyini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. İddia ərizəsinə əlavə olunmuş Cavabdeh məxsus xx.xx.2019- xx.xx.2025-ci il tarixləri əhatə edən hesabdan çıxarışdan 979.10 manat vaxtı keçmiş əsas borcunun qaldığı bəlli olur. Sözügedən hesabdan çıxarış kreditorun borclu qarşısında öz öhdəliyini tam yerinə yetirdiyini, cavabdehin isə öhdəliyini lazımınca icra etmədiyini sübut edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2) MM-in 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan MM-in 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia ərizəsinə əlavə edilmiş Maliyyə Arayışından Cavabdeh sözügedən kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə iddiaçıya 979.10 manat əsas, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 100.38 manat faiz borcunun olması aydın olur. Faiz borcuna münasibətdə məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il Qərarında məhkəmə vurğulamışdır ki, Mülki Məcəllənin 423.1-ci maddəsində “müqavilənin ləğv edilməsi haqqında razılaşma” ifadəsindən istifadə olunsa da, burada məhz tərəflərin qarşılıqlı razılaşması yolu ilə müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur. Halbuki, “ləğv etmə” dedikdə əqdə əsaslanan münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırması imkanı başa düşülür. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Həmçinin, müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi üçün öhdəliyin pozulması heç də həmişə şərt kimi çıxış etmir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib bilmişdir ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır. O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddənin tətbiqi tərəflər arasında sinallagmatic öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Sonda Konstitusiya Məhkəməsinin həmin Qərarda formalaşdırdığı hüquqi mövqeyə görə Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Qeyd edilən qərarda göstərilənləri iş materialları ilə əlaqələndirən məhkəmə bildirir ki, ərizəyə əlavə edilmiş sənədlərdən tərəflər arasında müqavilə bağlanması, borclunun kreditor qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etməməsi və dolayısı ilə müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması müəyyən olunur. İddiaçı isə 27 may 2024-cü il tarixdə cavabdehə kredit müqaviləsinin ləğvinə dair bildiriş göndərərək 979.10 manat əsas, 97.44 manat faiz borcunun ödənilməsini tələb etmişdir. Bu səbəbdən də cavabdehin ona qarşı olan faiz borcu məhz müqavilənin ləğv edildiyi tarixədək hesablanmalıdır. Məhkəmə belə hesab edir ki, yuxarıda istinad edilmiş hesabdan çıxarış və maliyyə arayışı borcun miqdarının müəyyən edilməsi zamanı kifayət qədər mötəbər sübut hesab edilməli və nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 979.10 (doqquz yüz yetmiş doqquz manat, on qəpik) manat əsas, 97.44 (doxsan yeddi manat, qırx dörd qəpik) manat faiz olmaqla, cəmi 1076.54 (bir min yetmiş altı manat, əlli dörd qəpik) manat məbləğində borc Cavabdeh tutularaq iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ödənilməli, iddia qalmış hissədə rədd edilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30.71 (otuz manat, yetmiş bir qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. 979.10 (doqquz yüz yetmiş doqquz manat, on qəpik) manat əsas, 97.44 (doxsan yeddi manat, qırx dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 1076.54 (bir min yetmiş altı manat, əlli dörd qəpik) manat məbləğində borc Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalmış hissədə rədd edilsin. Cavabdeh 30.71 (otuz manat, yetmiş bir qəpik) manat miqdarında dövlət rüsumu alınaraq LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar