Məhkəmə qərarları › İş №e-2(079)-172/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №e-2(079)-172/2023

20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № e-2(079)-172/2023 20.02.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti 13 fevral 2023-cü ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 10 fevral 2023-cü il tarixə olan 3639.40 (üç min altı yüz otuz doqquz manat, qırx qəpik) manat əsas, 149.16 (bir yüz qırx doqquz manat, on altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 3788.56 (üç min yeddi yüz səksən səkkiz manat, əlli altı qəpik) manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 57.89 (əlli yeddi manat, səksən doqquz qəpik) manat miqdarında dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 tərəflər arasında bağlanmış 05 may 2021-ci il tarixli, İK ******* nömrəli kredit müqaviləsinə əsasən illik 17 faiz dərəcəsi ilə 36 ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh1 zamin qismində iştirak etdiyi üçtərəfli 14 iyul 2022-ci il tarixli, ZM 1407/01 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi 16 fevral 2022-ci ildə borcalanın ərizəsinə əsasən restrukturizasiya olunmuş və yeni ödəniş cədvəli tərtib edilmişdi. Borcalan bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1-ci bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Bu səbəbdən tərəfimizdən borcalana dəfələrlə telefonla əlaqə saxlanılmış, borcalan və zaminə xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləği dəqiq göstərilməklə borcun icrası tələb edilmişdir. Cavabdeh2 tərəflər arasında bağlanmış 05 may 2021-ci il tarixli, İK ******* nömrəli kredit müqaviləsinə əsasən 10 fevral 2023-cü il tarixə 3639.40 (üç min altı yüz otuz doqquz manat, qırx qəpik) manat əsas, 149.16 (bir yüz qırx doqquz manat, on altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 3788.56 (üç min yeddi yüz səksən səkkiz manat, əlli altı qəpik) manat kredit borcu var. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti iki min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat qaydasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə tərəflərin iştirakı olmadan işə baxmışdır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi 20 fevral 2023-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət etdiyini, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsinin ərizəsinə hüquqi münasibət bildirən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 284-6.1-ci maddəsi ilə müəyyən olunur ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Bu vəziyyətdə isə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 13.4-cü maddəsinin – “barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir” və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanunun 13.2-ci maddəsinin –“əvvəlcə qanunun analogiyasından istifadə olunur, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir” normalarını rəhbər tutmaqla yuxarıda qeyd olunan məsələ həll edilməlidir. Məhkəmənin mövqeyinə görə iddiaçının ərizəsi icraata qəbul edildiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin ərizənin baxılmamış saxlanmasını tənzimləyən hüquq normaları hazırki vəziyyətdə tətbiq edilə bilər. İddiaçının ərizəsinin geri qaytarılması ilə bağlı məhkəmə qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Lakin bununla bərabər mülki prosessual qanunvericilikdə qeyd olunur ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (maddə 52.5). İddiaçının nümayəndəsinin məhkəmənin ünvanına göndərdiyi ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, hazırki vəziyyətdə yaranmış hüquqi şərait "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə mülki işə baxılmasına imkan vermir və bu səbəbdən də iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərinin nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsi tətbiq olunmalı və iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin verdiyi iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə təqdim edildiyindən və həmin sənədlərin əsli iddiaçıda saxlanıldığından qərardaddan şikayət vermə müddəti bitdikdən sonra həmin sənədlərin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılmasına zərurət yaranmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edildiyindən və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan məhkəmə həmin Məcəllənin 260.3-cü maddəsinin tələbinə əsaslanaraq büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçı məhkəməyə müraciət edərkən Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsi ilə 13 fevral 2023cü il tarixli, ********** nömrəli qəbzlə AZ09AİİB******************** nömrəli hesaba ödədiyi 58,29 (əlli səkkiz manat, iyirmi doqquz qəpik) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsi ilə 13 fevral 2023-cü il tarixli, ********** nömrəli qəbzlə AZ09AİİB******************** nömrəli hesaba ödədiyi 58,29 (əlli səkkiz manat, iyirmi doqquz qəpik) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar