Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-173/2024 06.03.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti “06” fevral 2024-cü ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 06 dekabr 2019-cu il tarixli, İK0612/03 nömrəli kredit müqaviləsi üzrə 02 fevral 2024-cü il tarixə olan 1575.97 (bir min beş yüz yetmiş beş manat, doxsan yeddi qəpik) manat əsas, 48.03 (qırx səkkiz manat, üç qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 1624 (bir min altı yüz iyirmi dörd) manat miqdarında kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 36.24 (otuz altı manat, iyirmi dörd qəpik) manat miqdarında dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 tərəflər arasında bağlanmış 06 dekabr 2019-cu il tarixli, İK0612/03 nömrəli kredit müqaviləsinə əsasən illik 17 faiz dərəcəsi ilə 36 ay müddətinə 6000 (altı min) manat məbləğində istehlak krediti verilmişdir. Verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh2 zamin qismində iştirak etdiyi üçtərəfli 06 dekabr 2019-cu il tarixli, ZM0612/03 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Borclunun ərizəsinə əsasən kredit müqaviləsi üzrə borc restrukturizasiya olunmuş və yeni ödəniş cədvəli tərtib edilmişdi. Borcalan bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1-ci bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Bu səbəbdən tərəfimizdən borcalana dəfələrlə telefonla əlaqə saxlanılmış, borcalan və zaminə xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləği dəqiq göstərilməklə borcun icrası tələb edilmişdi. Cavabdeh1 tərəflər arasında bağlanmış 06 dekabr 2019-cu il tarixli, İK ******* nömrəli kredit müqaviləsinə əsasən 02 fevral 2024-cü il tarixə 1575.97 (bir min beş yüz yetmiş beş manat, doxsan yeddi qəpik) manat əsas, 48.03 (qırx səkkiz manat, üç qəpik) manat gecikdirilmiş faiz borcu olmaqla, ümumilikdə 1624 (bir min altı yüz iyirmi dörd) manat kredit borcu var. İddiaçının tələbinin hüquqi həlli ilə bağlı məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan və "xxxx" Açıq Səhmdar Cəmiyyəti mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsində nəzərdə tutulmuş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat qaydasında baxmışdı. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, həmin Məcəllənin 284-6.1-ci maddəsi ilə müəyyən olunur ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin qismən edilməlidir. Məhkəmənin iddianın qismən təmin edilməsi ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən ərizəyə əlavə olunaraq məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlardır. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə onu qeyd edir ki, "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan cavabdehlərin Babək rayonu, Cəhri qəsəbəsində rəsmi qeydiyyatda olması aydın olur. İddiaçının ərizəsinin surəti məhkəmənin 06 fevral 2024-cü il tarixli məktubu ilə onların qeydiyyatda olduğu ünvanına Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada göndərilmişdi. Qeyd olunan məhkəmə sənədində cavabdehlərə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, məhkəməyə Cavabdeh1 və Cavabdeh2 onlara qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamələrdən məhkəmə sənədlərinin cavabdehlərə “12” fevral 2024-cü ildə təqdim edilməsi müəyyən edilir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətindən görünür ki, sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə ilk öncə onu qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla məhkəmə bildirir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında borc və Cavabdeh2 ilə isə zaminlik müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri yaranmışdı. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İddiaçının tələbi 06 dekabr 2019-cu il tarixli, İK0612/03 nömrəli kredit və 06 dekabr 2019-cu il tarixli, ZM 1407/01 nömrəli zaminlik müqavilələrinə əsaslandığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən tərəflər arasında bağlanmış müqavilələrin etibarlı olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; - 324.4-cü maddəsinin tələbinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; - 329.1 və 329.2-ci maddələri ilə müəyyən edilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; - 470.1-ci maddəsində qeyd edilir ki, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; - 471-ci maddəsinə görə zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur; - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (tərəflər arasında müqavilə bağlanan zaman qüvvədə olan redaksiya); - 740.2-ci maddəsi ilə müəyyən edilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (tərəflər arasında müqavilə bağlanan zaman qüvvədə olan redaksiya). Tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrini yuxarıda qeyd edilən maddi hüquq normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə müqavilə tərəflərinin qanunvericiliyin tələbinə əməl etməklə müqavilə bağlaması öz təsdiqini tapır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 06 dekabr 2019-cu il tarixli, İK0612/03 nömrəli kredit müqaviləsindən görünür ki, tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər. Müqavilənin: - 1.1 və 1.2-ci bəndlərinə görə bank borcalana şəxsi istehlak məqsədi üçün 36 ay müddətinə 6000 (altı min) manat məbləğində illik 17 faiz (on yeddi) dərəcəsi ilə istehlak kreditinin verilməsini, borcalan isə bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürür. Öhdəliyin icrasının borcalanın aylıq gəlirləri hesabına həyata keçirləcəkdir. Öhdəliyin icrası təminatı zamin, borcalan və bank arasında bağlanan zaminlik müqaviləsi olacaq; - 2.1 və 2.4-cü bəndlərinə əsasən kreditin verilməsi borcalanın cari hesabına köçürmə yolu ilə və yaxud nağd qaydada həyata keçirilir. Müqavilə üzrə verilmiş kredit və hesablanmış faizlər müqaviləyə əlavə edilmiş ödəniş qrafikinə uyğun olaraq borcalan tərəfindən banka nağd və ya köçürmə yolu ilə kredit müddətində tamamən qaytarılır; - 2.8-ci və 2.10-cu bəndlərindən görünür ki, kreditdən istifadəyə görə faizlərin hesablanması müddəti ssuda hesabı üzrə borcun yaranma tarixindən başlayır və bu borcun qaytarılması tarixində qurtarır. Faizlərin ödənilməsi kreditin qaytarılması ilə birlikdə hər ay həyata keçirilir. Ödənişlər müəyyən dövrlər üzrə həyata keçirildiyi halda faizlərin ödənilməsi tarixi ödəniş aparılan dövrə daxil edilmir. Gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə faizi ödəyir. Faizlər və cərimələr gündəlik olaraq hesablanır və borcalan üçün açılmış müvafiq hesabda qeydə alınır; - 4.1-ci bəndində həmin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyi və onların pozulmasına yol verməməyi borcalandan tələb etmək, borcalan tərəfindən müqavilə şərtləri pozulduqda öhdəliyin icrasını vaxtından əvvəl tələb etmək, müqavilə pozulduğu halda kredit üzrə borcun qaytarılmasını və hesablanmış faizlərin, cərimələrin və müqavilənin 2.15-ci bəndinə əsasən bankın təsdiqlənmiş xərclərinin ödənilməsini borcalandan tələb etmək bankın hüququ olması təsbit edilib; - 4.4-cü bəndinə əsasən ödəniş qrafikinə uyğun olaraq hər ay müəyyən edilmiş məbləğdə ödənişləri həyata keçirmək, kreditin bütün məbləğini, ona hesablanmış faizləri, cərimələri və borcun qaytarılması ilə əlaqədar digər xərcləri tamamilə ödəmək, müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək, qeydiyyat ünvanın, faktiki yaşadığı yerin, iş yerinin, adının və soyadının dəyişməsi və bu müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə təsir edə bilən başqa öhdəliklərinin yaranması barədə 3(üç) iş günü müddətində banka məlumat vermək, məlumatların gizlədilməsi zamanı məsuliyyət daşımaq borcalanın vəzifəsidir; - 5.2-ci bəndində bankın müqavilə üzrə pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə biləcəyin halların dairəsi müəyyən edilib ki, həmin şərtə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini vaxtında yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər; Müqavilənin qüvvədə olma müddəti isə 8.2-ci bəndlə müəyyən edilir ki, həmin bəndə görə müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflər müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalacaqdır. Bundan başqa iş materiallarından aydın olur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 17 noyabr 2020-ci ildə kredit borcunun restrukturizasiyasına dair müqavilə imzalanmış, həmin müqavilənin: -1-ci bəndinə əsasən müqavilə borcalana şəxsi istehlak məqsədi ilə verilmiş kreditin qalıq məbləğinin borcalanın ərizəsinə əsasən restrukturizasiya olunaraq kredit müddətinin uzadılmasını və borcalan tərəfindən kredit borcunu müqaviləyə uyğun olaraq müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini tənzimləyir. Həmin 06 dekabr 2019-cu il tarixli, ZM 0612/03 nömrəli kredit müqaviləsinə əlavədir; - 2.3, 2.5 və 2.6-cı bəndlərin mahiyyətindən görünür ki, restrukturizasiyasına olunmuş kreditin qalıq məbləği 4717.54 (dörd min yeddi yüz on yeddi manat, əlli dörd qəpik) manat, kreditin hesablanma faizi 17, müddəti 36 aydır; - 3.1, 3.3 və 3.4-cü bəndlərinə əsasən kredit, tərəflərin razılığı əsasında restrukturizasiya olunmuşdur. Müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflər əsas və bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalacaqdır. Bu müqavilədə nəzərdə tutulmayan münasibətlər ilkin müqavilə və Azərbaycan Respublikası Mülki qanunvericiliyi ilə tənzimlənəcək. Həm yuxarıda qeyd edilən maddi hüquq normasından (Mülki Məcəllə maddə 739), həm də tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən şərtlərlə kredit məbləğini Cavabdeh1 verilməsi, sonuncunun isə ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri və gecikmə zamanı hesablanmış cərimə məbləğlərini ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərini icra edilməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş materiallarına əlavə edilmiş 06 dekabr 2019-cu il tarixli, 333 nömrəli xəzinə məxaric orderi və kredit borcunun restrukturizasiyasına dair müqavilə ilə öz təsdiqini tapır. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 06 dekabr 2019-cu il tarixdə bağlanmış kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehlərin üzərinə düşsə də, onlar bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etmişlər. Əksinə iddia ərizəsinə əlavə olunmuş 30 yanvar 2024-cü il tarixli, 04/345 nömrəli xəbərdarlıq məktublarından Cavabdeh1 və Cavabdeh2 müqavilədən irəli gələn öhdəliyini icra etməməsi və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə xəbərdarlıq göndəriməsi aydın olur. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının kredit borcunun və ona hesablanmış faizlərin qaytarılmasına dair tələbi əsaslıdır. Məhkəmə belə hesab edir ki, borcun məbləğinə hüquqi aydınlıq gətirməzdən öncə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı iddia tələbinin yönəlməsinə aydınlıq gətirilməlidir. Bununla bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində öhdəliyin icrasının təmin edilməsinin üsullarından biri kimi zaminlik qeyd olunub. Həmin Məcəlləyə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsi ilə müəyyən olunur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 06 dekabr 2019-cu il tarixli, ZM 0612/03 nömrəli nömrəli zaminlik müqaviləsində müqavilə tərəfləri iş üzrə əhəmiyyətli olan aşağıdakı şərtlər barədə razılığa gəlib. Müqavilənin: - 1-ci bəndinə görə bankla borcalan arasında bağlanılmış 06 dekabr 2019-cu il tarixli, İK0612/03 nömrəli kredit müqaviləsinin təminatı kimi zamin borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə bank qarşısında borcalan ilə birlikdə tam cavabdehlik daşımağı öhdəsinə götürür; - 2.1-ci bəndinə görə zamin qeyd olunan kredit müqaviləsinin bütün şərtləri ilə tanış olmuş və borcalan tərəfindən öz öhdəliklərinin icra edilməsinə cavab verməyə, o cümlədən müqavilənin şərtlərinə əsasən bank tərəfindən borcalana şəxsi istehlak məqsədi üçün 36 ay müddətinə 6000 (altı min) manat məbləğində illik 17 (on yeddi) faiz dərəcəsi ilə istehlak kreditinin verilməsini, krediti və ona hesablanmış faizləri hər ay ödəniş qrafikinə uyğun ödəməyi, gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə faizi ödəməyə razıdır; -2.3-cü bəndləri ilə müəyyən edilir ki, zamin və borcalan kredit müqaviləsi üzrə borcalanın öhdəliklərini icra etməməsi və icrasının mümkün olmaması zamanı bank qarşısında birgə məsuliyyət daşıyır; -3.1-ci və 3.2-ci bəndlərin tələbinə görə zaminlik müqavilələri tərəflərin imzalandığı tarixdən qüvvəyə minir, müqavilə borcalanın bank qarşısında 06 dekabr 2019-cu il tarixli, İK0612/03 nömrəli kredit müqaviləsi üzrə bütün öhdəliklərinin - kredit və ona hesablanmış faiz, cərimələrin tam ödənilməsinədək qüvvədədir. Tərəflər arasında bağlanmış müqavilənin mahiyyətindən Cavabdeh2 06 dekabr 2019-cu il tarixli, İK0612/03 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıması müəyyən edilsə də, məhkəmə iddiaçının Cavabdeh2 qarşı olan tələbini əsaslı qəbul etmir. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsində zaminliyə xitam verilməsinin əsasları qeyd olunub. Həmin Məcəllənin 477.0 və 477.0.4-cü maddələrin tələbinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Yuxarıda qeyd edilən maddi hüquq normasını iş materialları ilə əlaqələndirərək məhkəmə qeyd edir ki, Cavabdeh1 "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında 06 dekabr 2019-cu il tarixli, ZM0612/03 nömrəli kredit müqaviləsi əsas öhdəliyinin icra edilməsinin son müddəti 06 dekabr 2022-ci il müəyyən edilmişdi. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 17 noyabr 2020-ci ildə kredit borcunun restrukturizasiyasına dair müqavilə bağlanaraq öhdəliyin icra edilməsinin son müddəti 31 yanvar 2025-ci il tarixədək uzadılsa da, Cavabdeh2 həmin müqaviləni imzalaması və ya öhdəliyin icrası müddətinin uzadılmasına razı olmasına dair iddiaçı məhkəməyə hər hansı sübut təqdim etməmişdi. Mülki Məcəllənin 477.0-cı və 477.0.1-ci maddələrinin mahiyyətindən aydın olur ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Məhkəmə hesab edir ki, zaminin məlumatı olmadan öhdəliyin icrası müddətinin uzadılması onu əlverişsiz vəziyyətə salır. Çünki ilkin halda 06 dekabr 2019-cu il tarixli, ZM0612/03 nömrəli müqavilə üzrə zaminliyə 06 dekabr 2023-cü ildə xitam verildiyi halda, kredit borcunun restrukturizasiyasına dair müqavilənin bağlanmasından sonra zaminliyə xitam verilməsi 31 yanvar 2026-cı ilə təsadüf edir. Buna görə də məhkəmə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tələbini Cavabdeh2 münasibətdə əsaslı hesab etmir. Cavabdeh1 iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 06 dekabr 2019-cu il tarixli, İK0612/03 nömrəli kredit müqaviləsinin 6-cı bölməsindən aydın olur ki, iş üzrə cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş 02 fevral 2024-cü il tarixli, 60 nömrəli maliyyə arayışında Cavabdeh1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 06 dekabr 2019-cu il tarixli, İK0612/03 nömrəli müqavilə üzrə 1575.97 (bir min beş yüz yetmiş beş manat, doxsan yeddi qəpik) manat əsas, 48.03 (qırx səkkiz manat, üç qəpik) manat faiz borcunun olması göstərilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddianın qiymətinə münasibətdə təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 36.24 (otuz altı manat, iyirmi dörd qəpik) manat miqdarında dövlət rüsumu Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin olunmalı; - tərəflər arasında bağlanmış 06 dekabr 2019-cu il tarixli, İK0612/03 nömrəli kredit və 17 noyabr 2020-ci ildə bağlanmış kredit borcunun restrukturizasiyasına dair müqavilələr üzrə 1575.97 (bir min beş yüz yetmiş beş manat, doxsan yeddi qəpik) manat əsas və 48.03 (qırx səkkiz manat, üç qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 1624 (bir min altı yüz iyirmi dörd) manat miqdarında borc Cavabdeh1 tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; -həmçinin 36.24 (otuz altı manat, iyirmi dörd qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməli; - iddia tələbi Cavabdeh2 münasibətdə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 240-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanmış 06 dekabr 2019-cu il tarixli, İK0612/03 nömrəli kredit və 17 noyabr 2020-ci ildə bağlanmış kredit borcunun restrukturizasiyasına dair müqavilələr üzrə 1575.97 (bir min beş yüz yetmiş beş manat, doxsan yeddi qəpik) manat əsas və 48.03 (qırx səkkiz manat, üç qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 1624 (bir min altı yüz iyirmi dörd) manat miqdarında borc Cavabdeh1 tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Həmçinin 36.24 (otuz altı manat, iyirmi dörd qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. İddia tələbi Cavabdeh2 münasibətdə əsassız olduğundan rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Əliyev
Məhkəmə qərarları › İş №e-2(079)-173/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-173/2024
06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver