Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-176/2022 19.05.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : "xxxx" Açıq Səhmdar Cəmiyyəti “17” mart 2022-ci ildə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək 21 iyun 2019-cu il tarixli, BPM**********63 nömrəli kredit müqaviləsi üzrə 6925.40 (altı min doqquz yüz iyirmi beş manat, qırx qəpik) manat əsas borc, 1039.16 (bir min otuz doqquz manat, on altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 7964.56 (yeddi min doqquz yüz altmış dörd manat, əlli altı qəpik) manat kredit borcunun, həmçinin ödənilmiş 99.64 (doxsan doqquz manat, altmış dörd qəpik) manat miqdarında dövlət rüsumunun, 0.40 (qırx) manat bank xidmət haqqının Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, bank ilə Cavabdeh1 arasında bağlanmış 21 iyun 2019-cu il tarixli, BPM**********63 nömrəli kredit müqaviləsinə əsasən ona illik 22 (iyirmi iki) faiz dərəcəsi ilə 48 ay müddətinə 10500 (on min beş yüz) manat məbləğində kredit verilmişdi. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə üzrə müəyyən edilmiş kredit məbləğini və ona hesablanmış faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh2 arasında 21 iyun 2019-cu il tarixli, BPM**********63 nömrəli zaminlik müqaviləsi imzalanmışdı. Kredit müqaviləsi üzrə Cavabdeh1 28 yanvar 2022-ci il tarixə 6925.40 (altı min doqquz yüz iyirmi beş manat, qırx qəpik) manat əsas, 1039.16 (bir min otuz doqquz manat, on altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 7964.56 (yeddi min doqquz yüz altmış dörd manat, əlli altı qəpik) manat borcu mövcuddur. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə Cavabdeh1 və Cavabdeh2 10 yanvar 2022-ci ildə xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq, cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı görülməmişdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qayada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdi. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi 19 may 2022-ci il tarixdə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə 19 may 2022-ci il tarixli, 22-7662/2022 nömrəli ərizə ilə məhkəməyə müraciət edərək mülki iş üzrə məhkəmə baxışı iclasının bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunması məhkəmədən xahiş etmişdi. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək müəyyən edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 21 iyun 2019-cu il tarixli, BPM**********63 nömrəli kredit müqaviləsinin bağlanması, həmin sazişə əsasən illik 22 faizlə, 48 ay müddətində, 10500 (on min beş yüz) manat kredit məbləğinin "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 verilməsi barədə müqavilə tərəflərinin razılığa gəlməsi, həmçinin qeyd edilən müqavilə üzrə Cavabdeh1 əsas öhdəliyinin icrasının təminatı kimi bank ilə Cavabdeh2 arasında 21 iyun 2019-cu il tarixli, BPM**********63 nömrəli zaminlik müqaviləsinin bağlanması mülki işin mübahisəsiz hallarıdır. Bu halların mübahisəsiz olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə edilən 21 iyun 2019-cu il tarixli, BPM**********63 nömrəli kredit müqaviləsindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 21 iyun 2019-cu il tarixdə kredit müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən Cavabdeh1 iddiaçıdan illik 22 faizlə 48 ay müddətində 10500 (on min beş yüz) manat məbləğində kredit götürməsi barədə tərəflərin razılığa gəlmələri; - iddia ərizəsinə əlavə edilən 21 iyun 2019-cu il tarixli, BPM**********63 nömrəli zaminlik müqaviləsindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehin həmin müqavilədən irəli gələn öhdəliklərinin icrasının təminatı üsulu kimi Cavabdeh2 ilə iddiaçı arasında zaminlik müqaviləsinin bağlanması aydın olur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 21 iyun 2019-cu il tarixli, BPM**********63 nömrəli kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun müştərək qaydada tutulmasını tələb etməsi isə mülki işin mübahisəli halıdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tələbini məhkəmə ona təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə təsdiq etdiyindən onun tələbi əsaslı sayılaraq təmin olunmalıdır. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə onu qeyd edir ki, "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan Cavabdeh1 Babək rayonu, Aşağı Buzqov kəndi, Cavabdeh2 isə Nefçala rayonu, Xol Qarabucaq ərazi dairəsi, Dördlər kəndində rəsmi qeydiyyatda olması aydın olur. 18 mart 2022-ci il tarixli məktubla iddia ərizəsinin surəti ona əlavə edilmiş sübutlarla birlikdə cavabdehlərə göndərərək onlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etiraz və ərizəyə əlavə olunmuş sənədlərə münasibəti, həmçinin iddiaya etiraz və ona əlavə olunmuş sənədlərin surətləri iddiaçıya və məhkəməyə təqdim edə bilməsi, sübutların və etirazın təqdim edilməməsi işdə mövcud olan sübutlar əsasında işə baxılmasına mane olmaması izah olunsa da, Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddia tələbinə qarşı hər hansı bir etiraz daxil olmamışdır. Cavabdeh1 göndərilmiş məhkəmə sənədləri onun həmin ünvanda yaşamaması səbəbindən poçt xidməti tərəfindən məhkəməyə geri qaytarılsa da, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin sənədlər onun qeydiyyatda olduğu yer üzrə Babək Rayon İcra Hakimiyyətinin Aşağı Buzqov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdi. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən sonuncu qeyd edilən hal məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. Cavabdeh2 göndərilmiş məhkəmə sənədləri isə 06 aprel 2022-ci ildə ona təqdim edilmişdi. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətindən görünür ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi və prosessual hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla ilk öncə onu qeyd edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında kredit və Cavabdeh2 ilə isə zaminlik müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 470.1-ci maddəsində qeyd edilir ki, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 21 iyun 2019-cu il tarixli, BPM**********44 nömrəli kredit müqaviləsi üzrə tərəflər aşağıda qeyd edilən və iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər. Müqavilənin: - 1.1, 1.2 və 1.4-cü bəndlərinə görə borc verən borcalana şəxsi istehlak məqsədi üçün 48 (qırx səkkiz) ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 10500 manat məbləğində kredit verməyi, borcalan isə müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür; -3.1 və 3.2-ci bəndlərinə əsasən borcalana kredit onun tərəfindən normativ xarakterli aktlarda və borc verənin daxili qaydalarında nəzərdə tutulmuş sənədlərin borc verənə təqdim edilməsindən 10 (on) iş günü ərzində borc alanın borc verəndə açılmış **********5998006120 nömrəli hesabına köçürülməklə verilir, kredit üzrə əsas borcun qaytarılması və faizlərin ödənilməsi bu müqaviləyə 1 nömrəli əlavədə əks olunan annuitet ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir; - 3.9 və 3.9.7-ci bəndlərin mahiyyətinə görə borc alan tərəfindən kredit üzrə əsas borcun qaytarılması və ya faizlərin ödənilməsi həyata keçirilmədikdə və ya müvafiq ödənişlər 3 (üç) ardıcıl ay ərzində 2 (iki) dəfə gecikdirildikdə bank kredit məbləğini vaxtından əvvəl qaytarılmasını və qaytarılma anınadək hesablanmış faizlərin ödənilməsini borc alandan tələb edə bilər; - 4.1 və 4.1.2-ci bəndlərinə görə kredit üzrə ödəniş müddəti çatmış əsas borcun qaytarılmasını, faizlərin, eləcə də dəbbə pulunun ödənilməsini müvafiq məbləğdə pul vəsaitlərinin borc alanın borc verəndəki bütün bank hesablarından akseptsiz qaydada silməklə təmin etmək borc verənin hüququdur; - 4.4 və 4.4.2-ci bəndləri ilə müəyyən edilir ki, krediti qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsi üzrə öhdəliklərini müqavilədə müəyyən olunmuş qaydada və müddətdə icra etmək borcalanın vəzifəsidir; - 6.2-ci bəndində qeyd edilir ki, borc alan tərəfindən kredit üzrə əsas borcun tam məbləğinin və ya onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda, həmin öhdəliyin bu müqavilə ilə müəyyənləşdirilmiş icra müddətindən sonrakı otuzuncu təqvim günündən başlayaraq borc verən tərəfindən borc alana gecikdirmənin hər günü üçün (maksimum 120 gün müddətində) gecikdirilmiş əsas borc məbləğinin 1 (bir) faizi həcmində penya hesablana bilər; - 7-ci bəndinə görə müqavilə tərəflər onu imzaladığı tarixdə qüvvəyə minir və müqavilə üzrə öhdəliklər tam icra olunana qədər qüvvədədir. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri həmin müddət qurtarana qədər yol verilmiş pozuntulara görə məsuliyyətdən azad etmir; -8.2-ci bəndinə əsasən müqavilədən irəli gələn və ya onunla əlaqədar yaranan bütün mübahisələr tərəflər arasında danışıqların aparılması yolu ilə həll edilir. Bundan əlavə müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən müəyyən edilir ki, Cavabdeh1 21 iyul 2019-cu ildən başlamaqla "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 21 may 2023-cü il tarixədək hər ay 330.90 (üç yüz otuz manat, doxsan qəpik) manat və sonuncu ay, yəni 2023-cü ilin iyun ayının 21-dək isə 324.37 (üç yüz iyirmi dörd manat, otuz yeddi qəpik) manat ödəməyi öhdəsinə götürüb. Həm yuxarıda qeyd edilən maddi hüquq normasından (Mülki Məcəllə maddə 739), həm də müqavilə şərtlərindən aydın olur ki, tərəflər arasında olan razılaşma üzrə iddiaçının müqavilədə göstərilən kredit məbləğini cavabdehə verməsi, sonuncunun isə ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri və sair haqları, gecikmə zamanı hesablanmış cərimə məbləğlərini ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin yerinə yetirilməsinin sübutetmə vəzifəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı-cavabdeh iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh-iddiaçı tərəfindən iddiaçı-cavabdehin hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş materiallarına əlavə edilmiş 21 iyun 2019-cu il tarixli BPM**********63 nömrəli məxaric orderi ilə öz təsdiqini tapır. Yuxarıda göstərilənləri ümumiləşdirək məhkəmə belə nəticəyə gəlir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbi əsaslıdır. Məhkəmə belə hesab edir ki, borcun məbləğinə hüquqi aydınlıq gətirməzdən öncə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı da iddia tələbinə aydınlıq gətirilməlidir. Bununla bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində öhdəliyin icrasının təmin edilməsinin üsullarından biri kimi zaminlik qeyd olunub. Həmin Məcəlləyə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsi ilə müəyyən olunur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 21 iyun 2019cu il tarixli, BPM**********63 nömrəli zaminlik müqaviləsində müqavilə tərəfləri iş üzrə əhəmiyyətli olan aşağıdakı şərtlər barədə razılığa gəlib: -müqavilənin 1.1 və 1.2-ci bəndlərinə əsasən müqaviləyə müvafiq olaraq zamin 1.2ci bənddə qeyd olunmuş kredit müqaviləsi üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürür. Müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik Cavabdeh1 ilə bank arasında bağlanmış 21 iyun 2019-cu il tarixli, BPM**********63 nömrəli kredit müqaviləsindən irəli gələn bütün pul tələbləridir; -1.6-cı bəndə görə zamin kredit müqaviləsi üzrə borc alanın öhdəliklərini tam həcmdə icra etməlidir; -2.3 və 2.3.1-ci bəndlərlə müəyyən edilir ki, borc alanın kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərini tam şəkildə yerinə yetirməsinə görə zamin borc alanla birlikdə məsuliyyət daşıyır; -6.1-ci bəndin tələbinə görə müqavilə tərəflərin onu imzaladığı tarixdə qüvvəyə minir və 21 iyun 2026-cı il tarixədək qüvvədədir. Tərəflər arasında bağlanmış müqavilənin mahiyyətindən aydın olur ki, Cavabdeh2 21 iyun 2019-cu il tarixli, BPM**********63 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsində isə zaminliyə xitam verilməsinin əsasları qeyd olunsa da, hazırki vəziyyətdə isə mülki iş materiallarından zaminliyə xitam verilməsinin əsasları müəyyən edilmədiyindən və zaminlik müqaviləsinə əsasən Cavabdeh2 bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıması nəzərdə tutulduğundan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı irəli sürdüyü tələbi də əsaslı hesab edir. Cavabdehlərin "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında öz öhdəliklərini icra etməməsi məhkəmədə tədqiq olunmuş sənədlərlə öz təsdiqini tapdığından bununla bağlı onların diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 21 iyun 2019-cu il tarixli BPM**********63 nömrəli kredit müqaviləsinin 6-cı və zaminlik müqaviləsinin 3-cü bəndlərindən isə aydın olur ki, cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Borcun məbləğinə gəldikdə məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş 28 yanvar 2022-ci il tarixli, MXK-089 nömrəli maliyyə arayışında Cavabdeh1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə əsas borcdan 3574.60 (üç min beş yüz yetmiş dörd manat, altmış qəpik) manat, faiz borcundan isə 3749.96 (üç min yeddi yüz qırx doqquz manat, doxsan altı qəpik) manat ödəməsi qeyd olunur. Eyni zamanda həmin sənəddə onun müqavilə üzrə 6925.40 (altı min doqquz yüz iyirmi beş manat, qırx qəpik) manat əsas, 1039.16 (bir min otuz doqquz manat, on altı qəpik) manat məbləğində faiz borcunun olması göstərilir. Hər bir cavabdehdən tutulmalı olan borcun miqdarı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Qeyd edilən prosessual normanının tələbini, həmçinin zaminlik müqaviləsinə əsasən zaminin borclu ilə birlikdə eyni məsuliyyət daşımasını nəzərə alan məhkəmə belə hesab edir ki, kredit müqaviləsi üzrə yaranmış borc cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 99.64 (doxsan doqquz manat, altmış dörd qəpik) manat miqdarında dövlət rüsumu və onun ödənilməsi ilə bağlı 0.40 (qırx) manat bank xidmət haqqı da Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin edilməli; -21 iyun 2019-cu il tarixli, BPM**********44 nömrəli kredit müqaviləsi üzrə 6925.40 (altı min doqquz yüz iyirmi beş manat, qırx qəpik) manat məbləğində əsas və 1039.16 (bir min otuz doqquz manat, on altı qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 7964.56 (yeddi min doqquz yüz altmış dörd manat, əlli altı qəpik) manat miqdarında kredit borcu, həmçinin 99.64 (doxsan doqquz manat, altmış dörd qəpik) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin 21 iyun 2019-cu il tarixli, BPM**********44 nömrəli kredit müqaviləsi üzrə 6925.40 (altı min doqquz yüz iyirmi beş manat, qırx qəpik) manat məbləğində əsas və 1039.16 (bir min otuz doqquz manat, on altı qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 7964.56 (yeddi min doqquz yüz altmış dörd manat, əlli altı qəpik) manat miqdarında kredit borcu, həmçinin 99.64 (doxsan doqquz manat, altmış dörd qəpik) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №e-2(079)-176/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-176/2022
19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver