Məhkəmə qərarları › İş №e-2(079)-179/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-179/2022

11.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-179/2022 11.04.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 28 mart 2022-ci ildə Babək Rayon Məhkəməsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə müraciət edərək, cavabdehdən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 142.23 (bir yüz qırx iki manat, iyirmi üç qəpik) manat əsas, 15.44 (on beş manat, qırx dörd qəpik) manat faiz olmaqla, cəmi 157.67 (bir yüz əlli yeddi manat, altmış yeddi qəpik) manat borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış 16.12.2019-cu il tarixli, BRED1697658A113 saylı kredit xətti müqaviləsinə əsasən ona 58 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 300 (üç yüz) manat məbləğində kredit verilmişdir. Kredit xətti müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin 11.03.2022-ci il tarixə İddiaçı ASC-ə 16.12.2019-cu il tarixli, BRED1697658A113 saylı kredit xətti müqaviləsinə əsasən 142.23 (bir yüz qırx iki manat, iyirmi üç qəpik) əsas, 15.44 (on beş manat, qırx dörd qəpik) manat faiz olmaqla, cəmi 157.67 (bir yüz əlli yeddi manat, altmış yeddi qəpik) manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçının tələbini əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kassa məxaric qəbzidir. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. İş üzrə Cavabdeh rəsmi qaydada verilmiş məhkəmə bildirişlərində iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunsa da, cavabdeh tərəfindən iddiaya qarşı etiraz, etirazının dəlilləri və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında borc (kredit) müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 6-cı maddəsinin mahiyyətindən irəli gələn müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin məcəllənin 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin məcəllənin 390.5-cı maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir (390.6). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 16.12.2019-cu il tarixdə Cavabdeh İddiaçı ASC-ə gündəlik tələbat məqsədləri ilə 300 (üç yüz) manat məbləğində Birkart verilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Ərizədə kreditin qaytarılması və ondan istifadəyə görə faizlərin ödəniş mənbəyini aylıq gəlirlərinin təşkil edəcəyi, bağlanacaq kredit müqaviləsinin şərtlərinə əsasən qrafik üzrə aylıq ödəniş məbləğini İddiaçı ASC, "xxxx" ASC kart və digər banklarda olan hesabına, o cümlədən kart hesabına köçürülən əmək haqqı və digər vəsaitlərdən istənilən məbləğdə akseptsiz qaydada silinərək ödənilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, İddiaçı ASC ilə Cavabdeh arasında 16.12.2019-cu il tarixli, BRED1697658A113 nömrəli kredit xətti müqaviləsi imzalanmış və tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan, Mülki Məcəllə ilə nəzərdə tutulmuş müvafiq müqavilənin şərtləri ilə bağlı imperativ normalarla ziddiyyət təşkil etməyən şərtlər barədə razılığa gəlmişlər: - müqavilənin 2-ci bəndinə görə Bank Müştəriyə “Birkart” ödəniş kartı verir, həmin Karta bağlı bu Müqavilədə qeyd edilən şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti (bundan sonra - kredit xətti) ayırır və xəttin istifadəsilə bağlı müvafiq hesablar açır. Müştəri isə həmin kredit xəttindən istifadə edir və yaranmış borcları (əsas və faiz borcu, xidmət haqqı, dəbbə pulu və s.) Müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəyir; - müqavilənin 4.3-cü bəndinə görə Kredit xəttindən son istifadə tarixi 21.10.2022-ci ildir. - müqavilənin 4.5-ci bəndinə görə faktiki illik faiz dərəcəsi 25% təşkil edir. - müqavilənin 4.6-cı bəndinə görə kredit üzrə faizlər ildə 360, ayda 30 təqvim günü götürülməklə kreditin müştəriyə verildiyi gündən faktiki qaytarıldığı günədək kreditdən istifadə edilmiş günlərin faktiki sayına görə gündəlik olaraq əsas borcun qalıq məbləğinə hesablanır. - müqavilənin 7.1-ci bəndinə görə bankın hüquq və vəzifələri aşağıdakılardır: - 7.1.1 Bu Müqavilə üzrə hüquqlarını üçüncü şəxslərə ötürə bilər; - 7.1.2. Gələcəkdə birtərəfli qaydada Kart üzrə verilmiş kredit xətti üzrə nağdlaşdırma əməliyyatı, həmçinin Kartla həyata keçirilən hər bir əməliyyat üçün limitlər müəyyən edə bilər; - 7.1.3. Müştərinin şəxsiyyətini təsdiq edən sənədlərin vaxtı bitdikdə və Müştəri şəxsiyyətini təsdiq edən yeni sənədləri Banka təqdim etmədikdə, hesabı bloklaşdırıla bilər; - 7.1.4. Kredit xətti üzrə kreditlərin verilməsini dayandıra, habelə kredit xətti üzrə ayrılmış məbləği bu Müqavilədə nəzərdə tutulmuş qaydada azalda və yaxud çoxalda, habelə birtərəfli qaydada hesab, kart və kredit xətti üzrə tarif və şərtləri dəyişdirə bilər; - 7.2. Müştərinin hüquq və vəzifələri aşağıdakılardır: - 7.2.1. Kredit öhdəliyini vaxtından əvvəl icra edə bilər; - 7.2.2. Bank bu Müqavilədə nəzərdə tutulmuş hallarda öhdəliyin icrasını vaxtından əvvəl tələb etdikdə krediti, kredit üzrə hesablanmış istifadə faizlərini və digər borcları 5 (beş) iş günü müddətində qaytarmalıdır; - 7.2.3. Kart hesabına bağlı əsas və əlavə Kartlara görə bu Müqavilə çərçivəsində eyni dərəcədə məsuliyyət daşıyır; - 7.2.4. Kart hesabına artıq və ya səhvən mədaxil olunmuş pul vəsaitlərini istifadə etmir və onları dərhal Banka geri qaytarır; - 7.2.6. Kart və FİN kodu heç kimə vermir, bunların üçüncü şəxslərin əlinə keçməsinin qarşısını almaq məqsədilə lazımi tədbirləri görür (Kartın üçüncü şəxslər tərəfindən istifadə edilməsinə görə məsuliyyəti Müştəri daşıyır); - 7.2.7. Kartdan onun istifadə etmə müddəti ərzində Azərbaycan Respublikasının qanunvericiliyinə, Beynəlxalq ödəniş sistemlərinin qaydalarına, bu Müqavilənin şərtlərinə, Bankın müəyyən etdiyi və gələcəkdə müəyyən edəcəyi qaydalarına əsasən istifadə edir; - 7.2.9. Bu Müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit üzrə ödənişləri Banka ödəməlidir. Müştəri bu Müqavilə üzrə borcların ödənilməsini gecikdirdiyi halda hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin 1%-i miqdarında dəbbə pulu ödəyir (və ya dəbbə pulu Müştərinin Bankda olan hesablarından silinir); - müqavilənin 9.1 və 91.1-ci yarımbəndlərinə əsasən müştəri tərəfindən müqavilə üzrə borcların vaxtında ödənilməsi müddətləri pozulduqda bank kreditin hesablanmış faizi ilə və digər borcları ilə birlikdə qaytarılmasını Müştəridən vaxtından əvvəl tələb edə və bu Müqaviləyə xitam verə bilər. - müqavilənin 10.1-ci bəndinə əsasən bu müqavilə tərəflər onu imzaladığı gündən qüvvəyə minir və tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək, o cümlədən məhkəmə qətnaməsi çıxarıldıqdan sonra hesablanmış faizlər, dəbbə pulu, maliyyə sanksiyası ilə bağlı çəkilən xərclər tam ödənilənədək qüvvədə qalır. Bank bu müqaviləyə birtərəfli qaydada xitam verə bilər. İddia ərizəsinə əlavə olunmuş 16 dekabr 2019-cu il tarixli balansdankənar məxaric orderindən iddiaçının müqavilədən irəli gələn öhdəliyini icra etməsi, İddiaçı ASC tərəfindən 1 (bir) ədəd Plastik kartın Cavabdeh təhvil verildiyi məlum olur. Belə ki, borcalan Cavabdeh öz imzası ilə Kartı aldığını təsdiq etmişdir. İddia ərizəsinə əlavə olunmuş 16 dekabr 2019-cu il tarixli Cavabdeh ilə İddiaçı ASC arasında 58 ay müddətinə, 25 % dərəcəsi ilə bağlanmış müqavilə üzrə çıxarışdan iddiaçının müqavilədən irəli gələn öhdəliyini icra etməsi məlum olur. Bank tərəfindən borcalana 16 dekabr 2019-cu il tarixdə kredit müqaviləsinə uyğun ödəniş aparmadığından vaxtı keçmiş borcun yaranması barədə bildirilərək borcun ödənilmədiyi təqdirdə müqavilə şərtlərinə uyğun olaraq borcalan barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2) Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borcun miqdarına gəldikdə isə iddia ərizəsinə əlavə edilmiş Cavabdeh 16.12.2019-cu il tarixli, BRED1697658A113 saylı kredit xətti müqaviləsinə əsasən 142.23 (bir yüz qırx iki manat, iyirmi üç qəpik) manat əsas, 15.44 (on beş manat, qırx dörd qəpik) manat faiz, cəmi 157.67 (bir yüz əlli yeddi manat, altmış yeddi qəpik) manat borcunun olması 135000/862 nömrəli, 18.03.2022-ci il tarixli Maliyyə Arayışından aydın olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 16.12.2019-cu il tarixli, BRED1697658A113 saylı kredit xətti müqaviləsinə əsasən 142.23 (bir yüz qırx iki manat, iyirmi üç qəpik) manat əsas, 15.44 (on beş manat, qırx dörd qəpik) manat faiz borcu olmaqla cəmi 157.67 (bir yüz əlli yeddi manat, altmış yeddi qəpik) borc Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. 16.12.2019-ci il tarixli, BRED1697658A113 saylı kredit xətti müqaviləsinə əsasən 142.23 (bir yüz qırx iki manat, iyirmi üç qəpik) manat əsas, 15.44 (on beş manat, qırx dörd qəpik) manat faiz, cəmi 157.67 (bir yüz əlli yeddi manat, altmış yeddi qəpik) borc Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumu alınaraq “X1 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar