Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-180/2023 21.07.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı1 Cavabdeh qarşı vurulmuş zərərin və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı1 17 fevral 2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 MMC-yə vurulmuş 6480 manat vurulmuş zərərə görə, avtomobilin avtoservisdə qaldığı 70 gün üçün nəzərdə tutulmuş 5600 manat məbləğində pul vəsaitinin, ödənilmiş 52.4 manat cərimənin və dövlət rüsumu kimi ödənilmiş 130 manat olmaqla, ümumilikdə 12262.4 (on iki min iki yüz altmış iki manat qırx qəpik) manat vəsaitin Cavabdeh oğlundan tutularaq İddiaçı1 MMC–nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı1 iddiasını əsaslandıraraq bildirmişdir ki, müraciətimin səbəbi Cavabdeh tərəfindən İddiaçı1 MMC-yə vurmuş olduğu maddi zərərin əvəzinin ödənilməməsi ilə bağlıdır. Belə ki, İddiaçı1 MMC olaraq fəaliyyətimiz avtomobillərin müddətli icarəyə verilməsi ilə bağlıdır. Cavabdeh oğlu 26 aprel 2022-ci il tarixdə İddiaçı1 MMC-yə müraciət etmiş, aramızda avtomobil vasitəsinin icarəsi müqaviləsi bağlanmış, **-EZ-*** dövlət nömrə nişanlı “Ford Fusion” markalı avtomobil sahibliyinə və istifadəsinə verilmişdir. Həmin avtomobilə dair İddiaçı1 MMC tərəfindən 198 nömrəli yol vərəqəsi verilmişdir. İcarə müqaviləsində icarə haqqı kimi gündəlik 80 manat məbləğ müəyyən olunmuş, tərəflər qeyd edilən məbləğə razılaşmışlar. (icarə müqaviləsi iddia ərizəsinə əlavə olunmuşdur.) Cavabdeh oğlu avtomobili icarəyə götürdükdən sonra, xx.xx.2022-ci il tarixdə saat 22:15-də avtomobillə avtoqəza törətmişdir. Cavabdeh oğluna əks istiqamətli hərəkət zolağına çıxmadan manevretmə qaydasını pozma maddəsi ilə İXP4617732 nömrəli protokol əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsinin tələbinə uyğun olaraq barəsində protokol yazılmış, 40 manat məbləğində Cavabdeh oğlu cərimə olunmuşdur. Cavabdeh oğlu isə ona yazılmış protokolu ödəməkdən boyun qaçırmış, həmin protokolun üzərinə 12.4 manat dəbbə pulu hesablanmışdır. DYP tərəfindən avtomobilə həbs qoyulacağı xəbərdarlığından sonra 52.4 manat cərimə tərəfimizdən ödənilmişdir. Odəniş qəbzi iddia ərizəsinə əlavə edilmişdir. Qeyd edilən inzibati xətanı törətməklə yanaşı, Cavabdeh oğlunun sahibliyinə və istifadəsinə verilmiş avtomobilə zərər vurmuş, sonradan həmin zərərin aradan qaldırılması ilə bağlı əməli addımlar atmamışdır. (İnzibati xəta haqqında protokol və elektron qəbzi barədə elektron çıxarış iddia ərizəsinə əlavə olunmuşdur). **-EZ-*** dövlət nömrə nişanlı “Ford Fusion” markalı avtomobil hadisənin sabahısı günü 28 aprel 2022-ci il tarixində tərəfimizdən avtoservisə təmir üçün göndərilmiş, öz hesabımıza təmir etdirilmişdir. Fiziki şəxs “Azumi Motors” (VÖEN **********) Emil Bayramov tərəfindən 05 iyul 2022-ci il tarixli Qüsur Aktı tərtib edilmiş, yekun olaraq çəkilmiş xərc məbləği 6480 manat müəyyən olmuşdur. Avtomobilin 05 iyul 2022-ci il tarixdə avtoservis tərəfindən mülkiyyətçiyə təhvil verildiyi zərər aktında qeyd olunmuşdur. (Zərər aktı iddia ərizəsinə əlavə olunmuşdur). Cavabdeh oğlu ilə icarə verən İddiaçı1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 3.6-cı bəndinə əsasən Avtonəqliyyat vasitəsində icarə müddəti ərzində icarəyə götürənin səhvindən mühərrik, transmissiya arxa qabaq körpü, ötürmələr qutusu, akkumlyator və digər detal və qurğularda baş verəcək bütün nasazlıqlara, kuza detallarındakı əzik və sınıqlara görə icarəyə götürən cavabdehlik daşıyır. Nəqliyyat vasitəsini saz vəziyyətdə icarəverənə qaytarmağa borcludur. Həmin müqavilənin 2-ci bəndinə əsasən isə avtonəqliyyat vasitəsi kasko sığortalı və ya kasko sığortasız olduğu bildirilir. 2.1 “icarəyə götürən” icarə zamanı icarəyə götürdüyü avtomobil ilə qəza törədərsə və həmin avtomobil sığortalıdırsa (kasko) 1000 AZN franşiza ödəməlidir. Və qəza zamanı avtonəqliyyat vasitəsinin təmirdə qaldığı hər bir gün üçün müqavilədə göstərilən ödənişin tam hissəsini ödəməlidir. 2.3 Əgər avtonəqliyyat vasitəsinin kasko sığortası yoxdursa, yuxarıda sadalanan kasko sığorta haqqında bütün qaydalar keçərsizdir. Müəyyən qəza hadisəsində və ya icarəyə götürənin səhvinə görə avtonəqliyyat vasitəsinin şüşələrində (ön, yan, arxa) ön işıq verən faralarda, arxa stop siqnallarında şinlərdə, və digər detal və qurğulara habelə avtomaşının boyasındakı cızıqlara görə və kuza detallarındkı əzik və sınıqlara görə icarə verən cavabdehlik daşımır. Bu halda dəymiş ziyan icarəyə götürən tərəfindən aradan qaldırılır. Göründüyü kimi qəzanın nəticəsini cavabdeh aradan qaldırmalı olduğu halda məsuliyyətdən boyun qaçırmışdır. Cavabdeh nəinki zərəri, ümumən gündəlik tərəflərin razılaşmış olduğu, avtomobilin servisdə qaldığı 70 gün müddət üçün 80 manat ödənişi də İddiaçı1 MMC-yə ödəməmiş, müqavilənin şərtinə əsasən saz vəziyyətdə avtomobil təhvil verilənə kimi, (yəni yararlı olana qədər, digər icarəyə götürənə təhvil verilə biləcək vəziyyət nəzərdə tutulur) Sözügedən avtomobil 70 gün avtoservisdə qalmışdır. Zərər aktında avtomobilin avtoservisdən təmir olunub təhvil verildiyi vaxt qeyd olunmuşdur. Gündəlik hesablama aparılmalı və bu qeyd edilən məbləğ ümumən 5600 manat təşkil edir. İddia verilməmişdən əvvəl cavabdehə pretensiya göndərilmiş lakin pretenziya ona çatdıqdan sonra da heç bir əməli tədbir görməmişdir. (Pretenziyanın mətni: Məlumat üçün bildirim ki, müraciətimin səbəbi sizin tərəfinizdən İddiaçı1 MMC-yə vurmuş olduğunuz maddi zərərin əvəzinin ödənilməməsi ilə bağlıdır. Belə ki, İddiaçı1 MMC olaraq fəaliyyətimiz avtomobillərin müddətli icarəyə verilməsi ilə bağlıdır. Siz, Cavabdeh 26 aprel 2022-ci il tarixdə İddiaçı1 MMC-yə müraciət etmiş, tərəflər arasında avtomobil vasitəsinin icarəsi müqaviləsi bağlanmış, **-EZ-*** dövlət nömrə nişanlı “Ford Fusion” markalı avtomobil sahibliyinizə və istifadənizə verilmişdir. Həmin avtomobilə dair İddiaçı1 MMC tərəfindən №198 nömrəli yol vərəqəsi verilmişdir. İcarə haqqı kimi gündəlik 80 manat məbləğ müəyyən olunmuş, tərəflər qeyd edilən məbləğə razılaşmışlar. Siz Cavabdeh avtomobili icarəyə götürdükdən sonra, həmin avtomobillə xx.xx.2022-ci il tarixdə saat 22:15-də avtomobillə avtoqəza törədilmişsiniz və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsinin tələblərinə uyğun olaraq barəsində protokol yazılmış, (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə) 40 manat məbləğində cərimə olunmusunuz. Qeyd edilən inzibati xətanı törətməklə yanaşı, sizin sahibliyinizə və istifadənizə verilmiş avtomobilə zərər vurmuş, sonradan həmin zərərin aradan qaldırılması ilə bağlı əməli addımlar atmamısınız. xx.xx.2022-ci il tarixindən 05 iyul 2022-ci ilə qədər avtomobil avtoservisdə təmir olunmuşdur. Həmin avtomobilin təmir emalatxanasına təmir olunması üçün heç bir əməli tədbir görməmisiniz. Avtomobilin təmir xərci ilə birlikdə avtomobil tam təmir olunan vaxta qədər hər gün üçün icarə haqqı olan 80 manat pul vəsaiti sizin tərəfinizdən ödənilməlidir. Pretenziya sizə çatdıqdan sonra 3 (üç) gün ərzində sizin tərəfinizdən əməli tədbir görülmədiyi halda, tərəfimizdən müvafiq məhkəməyə müraciət ediləcəkdir.) (Pretenziya və çatması ilə bağlı poçt qəbzi iddia ərizəsinə əlavə olunmuşdur). Qeyd edim ki, **-EZ-*** dövlət nömrə nişanlı “Ford Fusion” markalı avtomobil İddiaçı1 MMC ilə həmin avtomobilin mülkiyyətçisi olan İddiaçı2 Ra1iq oğlu arasında bağlanmış 10 dekabr 2021-ci il tarixli icarə müqaviləsinə əsasən və Bakı şəhəri 6 saylı notariat kontorunda təsdiq olunmuş 04 fevral 2022 tarixli, 7e/6034 reyestrli etibarnaməyə əsasən xx.xx.2022-ci il tarixinədək sahibliyimizə qəbul edilmişdir. Göründüyü kimi icarə götürən və hazırda cavabdeh olan Cavabdeh oğlu tərəfindən İddiaçı1 MMC-yə vurulmuş maddi zərərin əvəzi onun tərəfindən ödənilməlidir. My cars MMC ilə digər vətəndaşlar arasında oxşar işlər üzrə mübahisələr olub, buna görə də Nəsimi rayon məhkəməsi, Lerik rayon məhkəməsinin qətnamələri vardır və həmin qətnamələri işə əlavə edirəm. Həmin qətnamələrin qismən təmin olunmasına səbəb avtomobilin cərimə meydançasında və avtoservisdə qaldığı müddətlə bağlı heç bir sübutun olmamasıdır. Lakin bu ərizəyə əlavə olunmuş zərər aktında avtomobilin təhvil verilmə vaxtı da qeyd olunmuşdur. Tərəfimizdən yuxarıda qeyd olunan işlə bağlı Babək rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmusdur. Babək rayon məhkəməsinin xx.xx.2023 tarixli, e-2(079)-114/2023 saylı qərardadla göndərilmiş olan iddia ərizəsi və əlavələr geri qaytarılmışdır. Həmin qərardad onunla əsaslandırılmışdır ki, MPM-in 149-cu maddəsinin tələblərinə əməl olunmamışdır. Hazırki iddia ərizəmizdə qeyd olunan qərardadda göstərilmiş nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə iddia ərizəsi ilə müraciət edirəm. İddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı1 28 mart, 31 mart və 21 iyul 2023-cü il tarixlərdə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının şirkətin nümayəndəsinin iştirakı olmadan keçirilməsi və iddianın təmin olunması haqqında məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı1 MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış “Avtonəqliyyat vasitəsinin icarə müqaviləsi”ndən belə məlum olur ki, tərəflər müqavilənin: - 1.1-ci bəndi ilə razılığa gəlmişlər ki, icarəyə verən etibarnamə ilə mülkiyyət hüququ ona məxsus olan və Ford Fusion markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı, 2014-cü il buraxılışlı, avtonəqliyyat vasitəsini icarəyə götürənin müvəqqəti istifadəsinə verir, icarəyə götürən isə həmin avtonəqliyyat vasitəsindən istifadəyə görə avtonəqliyyat vasitəsinin istifadəsinin hər bir günü üçün 80 manat vəsaiti icarəyə verənə ödəyir; - 1.2-ci bəndinə əsasən müqavilə xx.xx.2022-ci il tarixdən icarəyə götürənin avtomobili təhvil verdiyi vaxta qədər qüvvədədir; - 1.5-ci bəndinə görə icarəyə götürən avtonəqliyyat vasitəsinin icarə müddətində yol hərəkəti haqqında qaydaları pozarsa və buna görə elekron və digər protokol yazılarsa avtomobili təhvil verdiyi vaxt cəriməni icarəyə verənə ödəməlidir; - İcarəyə götürən icarə zamanı icarəyə götürdüyü avtomobili ilə qəza törədərsə hə həmin avtomobil sığortalıdırsa (kasko) 1000 AZN (franşiza) ödəməlidir. Və qəza zamanı avtonəqliyyat vasitəsinin təmirdə qaldığı hər bir gün üçün müqavilədə göstərilən ödənişin tam hissəsini ödəməlidir. - Avtonəqliyyat vasitəsinin kasko sığortası yoxdursa yuxarıda sadalanan kasko sığorta haqqınnda qaydalar keçərsizdir. Müəyyən qəza nəticəsində və ya icarəyə götürənin səhvinə görə avtonəqliyyat vasitəsinin şüşələrinə (ön, yan, arxa), ön işıq verən faralara, arxa stop siqnallara, şinlərə və digər metal və qurğulara habelə avtomaşının boyasındakı cızıqlara görə və kuza detallarındakı əzik və sınıqlara görə icarə verən cavabdehlik daşımır. Bu halda dəymiş ziyan icarəyə götürən tərəfindən aradan qaldırılır. İddia ərizəsinə əlavə olunmuş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən belə məlum olur ki, Ford Fusion markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı, 2014-cü il buraxılışlı, qara metallik rəngli avtonəqliyyat vasitəsi İddiaçı2 mülkiyyətindədir. xx.xx.2021-ci il tarixli icarə müqaviləsi ilə İddiaçı2 Ford Fusion markalı, **-EZ- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2022-ci il tarixədək İddiaçı1 MMC-ə icarəyə vermişdir. Həmin nəqliyyat vasitəsini idarə etmək hüququ İddiaçı2 tərəfindən xx.xx.2022-ci il tarixli etibarnamə əsasında 5 il müddətinə İddiaçı1 MMC-ə verilmişdir. İddia ərizəsinə əlavə olunmuş 198 nömrəli, xx.xx.2022-ci il tarixli İddiaçı1 MMC-nin direktoru tərəfindən Cavabdeh verilmiş yol vərəqəsindən belə məlum olur ki, Ford Fusion markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı, 2014-cü il buraxılışlı, qara metallik rəngli avtonəqliyyat vasitəsi ilə bağlı xx.xx.2022-ci il tarixdən saat 12:00-dan xx.xx.2022-ci il tarixə saat 12:00-a qədər Cavabdeh yol vərəqəsi verilmişdir. İddia ərizəsinə əlavə olunmuş icarə müqaviləsinə əlavə №1 - təhvil təslim aktından belə məlum olur ki, Ford Fusion markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı, 2014-cü il buraxılışlı, qara metallik rəngli avtonəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə İddiaçı1 direktoru İddiaçı2 tərəfindən Cavabdeh təhvil verilmişdir. İddia ərizəsinə əlavə olunmuş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan çıxarışdan belə məlum olur ki, xx.xx.2022-ci il tarixdə 22:15:00-da baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı xx.xx.2022-ci il tarixdə qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərarla Cavabdeh ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobillə törətdiyi yol nəqliyyat hadisəsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 327.1-ci (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə) maddəsi ilə təqsirli bilinərək 40 AZN məbləğində cərimə olunmuş, cərimə məbləği 12.40 əlavə olunmaqla xx.xx.2022-ci il tarixdə ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan belə məlum olur ki, Cavabdeh barəsində tərtib olunmuş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə baxılaraq Mehdiyev X2 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq olunmuşdur. İş materiallarına əlavə olunmuş Cavabdeh tərəfindən inzibati xəta hadisəsi ilə bağlı araşdırma zamanı verilmiş izahatda bildirilmişdir ki, yol vərəqəsi ilə idarə etdiyim Ford Fusion markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2022-ci il tarixdə saat 22:15 radələrində Hövsan qəsəbəsində üzü Sosial binalar istiqamətində gedərkən manevr edib əks yola çıxdım və bu səbəbdən qəza olub, KİO RİO markalı 77BD860 nömrəli avtomobillə toqquşduq, o idarəetmədən çıxıb 99BA887 nömrəli avtomobilə dəyib dayandı. Hadisə zamanı xəsarət alan olmadı, spirtli içki qəbul etməmişdim. İş materiallarına əlavə olunmuş ** BD *** dövlət qeydiyyat nişanlı, KİO-RİO markalı nəqliyyat vasitəsinin sürücüsü X3 tərəfindən inzibati xəta hadisəsi ilə bağlı araşdırma zamanı verilmiş izahatda bildirilmişdir ki, etibarnamə ilə idarə etdiyim KİO RİO markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2022-ci il tarixdə saat 22:15 radələrində Hövsan qəsəbəsində Sosial Binalar tərəfdən gələrkən əks tərəfdən gələn Ford Fusion markalı ** EZ *** nömrəli avtomobil yoluma çıxaraq mənimlə toqquşduqdan sonra İVECO markalı avtobusa dəyib dayandı. İş materiallarına əlavə olunmuş Cavabdeh da daxil olmaqla yol-hərəkət iştirakçıları tərəfindən imzalanmış yol nəqliyyat hadisəsinin sxemindən belə məlum olur ki, Hövsan qəsəbəsində Fövqəladə Hallar Nazirliyinin binası tərəfdən Sosial Evlər istiqamətində hərəkət edən Ford Fusion markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi manevr edərək əks istiqamətli hərəkət zolağına çıxaraq hərəkətdə olan ** BD *** dövlət qeydiyyat nişanlı, KİO-RİO markalı nəqliyyat vasitəsi ilə toqquşmuş, doqquşmadan sonra Ford Fusion markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin ön sağ hissəsi İVECO markalı, ** İH *** nömrəli avtobusa dəymişdir. Məhkəmə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Məhkəmə iddia tələbinin İddiaçı1 MMC-yə vurulmuş 6480 manat miqdarında zərərin əvəzinin ödənilməsinə dair hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə iddia tələbinin qanuni əsasını mülki hüquq pozuntusu ilə bağlı münasibətlər təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə sözügedən sənədləri bir-birilə əlaqəli şəkildə tədqiq edərək müəyyən edir ki, yol-nəqliyyat hadisəsi cavabdehin yol-hərəkət qaydalarını pozması ilə başlayıb davam etmiş və iddiaçıya məxsus avtonəqliyyat vasitəsinə zərər vurulması ilə başa çatmışdır. Yuxarıda istinad edilmiş yol-nəqliyyat hadisəsinin sxemi və yol hərəkət iştirakçılarının izahatları ilə yol-nəqliyyat hadisəsinin cavabdehin təqsirindən baş verməsi, şəxsin hərəkətləri ilə vurulmuş zərər arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilir. Sözügedən halları nəzərə alan məhkəmə hesab edir ki, Cavabdeh yol-nəqliyyat haisəsinin törədilməsində təqsirli olduğunu müəyyən edən xx.xx.2022-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar onun təqsirinin müəyyən olunmasına münasibətdə preyudisial sayıla bilər. Beləliklə cavabdehin təqsirli və hüquqa zidd əməli nəticəsində iddiaçının mülkiyyətində olan əmlaka birbaşa zərər vurulması sübut olunur. İddia ərizəsinə əlavə olunmuş AZUMİ MOTORS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qüsur aktında qeyd olunmuşdur ki, ** EZ *** dövlət nömrə nişanlı İddiaçı2 məxsus FORD markalı, FUSİON model, SEDAN tipli minik avtomobilində yerinə yetirilmiş texniki işlərin ümumi dəyəri 6480 manatdır, avtomobildə qeyd edilən ehtiyyat hissələri dəyişdirilərək xx.xx.2022-ci il tarixdə mülkiyyətçiyə təhvil verilmişdir. İş üzrə məhkəmənin təşəbbüsü ilə əmtəəşünaslıq ekspertizası təyin olunaraq ekspert qarşısında “** EZ ***” dövlət qeydiyyat nişanlı, 2014-cü il buraxılışlı, qara metallic rəngli, sedan tipli “Ford Fusion” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2022-ci il tarixdə baş vermis yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın (dəyişdirilməli və ya təmir olunmalı ehtiyat hissələrinin dəyəri, təmir xərci, xidmət haqqı və s.) məbləği nə qədər olduğu sualı qoyulmuş, ekspert 20 iyun 2023-cü il tarixli rəyində belə nəticəyə gəlmişdir ki, avtomobilə dəymiş maddi ziyanın məbləği 2190 manat dəyişilməli hissələrin dəyəri, 2800 manat təmir-bərpa işi olmaqla, ümumilkdə 4990,00 (dörd min doqquz yüz doxsan) manatdır. Məhkəmə ekspertin rəyini hərtərəfli tədqiqatın nəticəsi hesab edir və vurulmuş zərərin həcminin müəyyən olunmasında mötəbər sübut hesab edir. Məhkəmə həmçinin avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortasının icbariliyini nəzərə almaqla xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsindən sonra iddiaçının icbari sığorta ödənişi alıb-almadığı, əgər alınmışdırsa sığorta ödənişinin məbləği barədə məlumat və bu məlumatın düzgünlüyünü təsdiq edən sübutların məhkəməyə təqdim olunması xahiş olunmuşdur. İddiaçı 02 may 2023-cü il tarixdə məhkəməyə ünvanladığı cavab məktubunda həmin tarixdə avtomobilin “Xalq sığorta” şirkəti tərəfindən icbari sığortalandığını, hadisə zamanı təqirli şəxsin Cavabdeh olması səbəbindən qarşı tərəflərin avtomobilinə dəymiş ziyana görə qarşı tərəflərə ödənildiyini bildirmişdir. Həmçinin iddiaçıya hüquqi şəxs olaraq risklərin qabaqcadan sığortalanmasının ehtimal edilə bilənliyi və ağlabatanlığı nəzərə alınmaqla cavabdehə icarəyə verilmiş avtomobil nəqliyyatı vasitəsinin zədələnməsi, məhv olması və s. nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan avtonəqliyyat vasitələrinin sığortası (kasko) mövcud olub-olmadığı, əgər olmuşdursa sığorta ödənişi alıb-almadığı, əgər alınmışdırsa sığorta ödənişinin məbləği barədə məlumatın və bu məlumatın düzgünlüyünü təsdiq edən sübutların məhkəməyə təqdim olunması təklif olunmuş, iddiaçı buna dair cavab məktubunda yol nəqliyyat hadisəsi zamanı avtomobilin kasko sığortasının mövcud olmadığı, kasko sığortası mövcud olmadığı üçün heç bir sığorta şirkəti tərəfindən həmin avtomobilə dair ödəniş olunmadığı, dəymiş ziyanın şəxsi vəsaiti hesabına görüldüyü qeyd olunmuşdur. Sözügedən hallarla məlumat və sübutların təqdim olunması cavabdehə də təklif olunmuş, cavabdeh tərəfindən təklif cavablandırılmamış, ümumiyyətlə iddiaya qarşı etiraz və dəlilləri məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iddia tələbinin 52.40 manat cərimənin ödənilməsinə dair hissəsi ilə bağlı qeyd edir ki, yuxarıda istinad olunan inzibati xəta haqqında elektron tənbeh vermə haqqında qərarla Mehdiyev X2 xəta hadisəsinin törədilməsində təqsirli bilinərək barəsində 40 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Eyni zamanda İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan çıxarışdan belə məlum olur ki, xx.xx.2022-ci il tarixdə 22:15:00-da baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı xx.xx.2022-ci il tarixdə qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərarla Cavabdeh ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobillə törətdiyi yol nəqliyyat hadisəsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 327.1-ci (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə) maddəsi ilə təqsirli bilinərək 40 AZN məbləğində cərimə olunmuş, cərimə məbləği 12.40 əlavə olunmaqla xx.xx.2022-ci il tarixdə ödənilmişdir. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 1.5-ci bəndinə görə icarəyə götürən avtonəqliyyat vasitəsinin icarə müddətində yol hərəkəti haqqında qaydaları pozarsa və buna görə elekron və digər protokol yazılarsa avtomobili təhvil verdiyi vaxt cəriməni icarəyə verənə ödəməlidir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Və bununla birlikdə mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur. Beləliklə avtonəqliyyat vasitəsinin icarə müddətində cavabdehin icarə obyekti ilə inzibati xəta hadisəsi törətməkdə təqsirli bilinib barəsində cərimə tənbeh tədbirinin tətbiq olunması, həmin cərimə məbləğinin iddiaçı tərəfindən üzərinə gecikməyə görə əlavə olunmuş dəbbə pulu ilə birlikdə iddiaçı tərəfindən ödənilməsi, icarəyə götürənin icarə müddətində barəsində tətbiq olunmuş cərimə məbləğini ödəməsinin məcburiliyinin müqavilədə qarşılıqlı razılıq əsasında müəyyən olunması mübahisəsiz qaydada təsdiqini tapdığından məhkəmə iddia tələbini həmin hissədə də əsaslı hesab edir. Məhkəmə iddia tələbinin avtomobilin avtoservisdə qaldığı 70 gün üçün nəzərdə tutulmuş 5600 manat məbləğində pul vəsaitinin alınıb verilməsi ilə bağlı hissəsi barədə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin sığorta şərtləri adlanan ikinci hissəsində qeyd olunmuşdur ki, icarəyə götürən icarə zamanı icarəyə götürdüyü avtomobili ilə qəza törədərsə və həmin avtomobil sığortalıdırsa (kasko) 1000 AZN (franşiza) ödəməlidir. Və qəza zamanı avtonəqliyyat vasitəsinin təmirdə qaldığı hər bir gün üçün müqavilədə göstərilən ödənişin tam hissəsini ödəməlidir. Müqavilənin 2.3-cü bəndində isə qeyd olunmuşdur ki, avtonəqliyyat vasitəsi kasko sığortalı və ya kasko sığortasız ola bilər. Avtonəqliyyat vasitəsinin kasko sığortası yoxdursa yuxarıda sadalanan kasko sığorta haqqında qaydalar keçərsizdir. Müəyyən qəza nəticəsində və ya icarəyə götürənin səhvinə görə avtonəqliyyat vasitəsinin şüşələrinə (ön, yan, arxa), ön işıq verən faralara, arxa stop siqnallara, şinlərə və digər metal və qurğulara habelə avtomaşının boyasındakı cızıqlara görə və kuza detallarındakı əzik və sınıqlara görə icarə verən cavabdehlik daşımır. Bu halda dəymiş ziyan icarəyə götürən tərəfindən aradan qaldırılır. Müqavilədə “avtonəqliyyat vasitəsinin kasko sığortası yoxdur” qeydi icarəyə götürən tərəfindən imzalanmış, həmçinin işin araşdırılması gedişində iddiaçı avtonəqliyyat vasitəsinin kasko sığortasının olmadığını yazılı məktubunda təsdiq etmişdir. Göründüyü kimi qəza zamanı avtonəqliyyat vasitəsinin təmirdə qaldığı hər bir gün üçün müqavilədə göstərilən ödənişin tam hissəsini ödəməli olması ilə bağlı müqavilə şərti yalnız kasko sığortasının mövcud olduğu halla şərtlənmişdir. Müqavilə tərəfləri avtonəqliyyat vasitəsinin kasko sığortasının olmadığı halda sadalanan kasko sığorta haqqında qaydaların keçərsiz olduğuna dair qarşılıqlı razılığa gəlmişlər. Belə olan halda iddiaçının avtomobilin servisdə qaldığı 70 gün üçün nəzərdə tutulmuş 5600 manat məbləğində pul vəsaitinin tərəflərin razılaşdığı müqavilə şərtlərindən irəli gəlməsi ilə bağlı dəlilini əsaslı hesab etmir. Eyni zamanda iddiaçı əldən çıxmış fayda şəklində zərər kimi real olaraq belə bir gəlirin əldə edilməsinin mümkünlüyünü təsdiq edən və ya həmin gəlirdən məhrum olmasına dair hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırma gedişində MPM-in 14.1-ci maddəsinə əsasən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaq məqsədilə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etmiş, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə yazılı şəkildə (müvafiq bildiriş göndərməklə) onları xəbərdar etmiş, onların prosessual hüquqlarının həyata keçirilməsinə lazımi kömək göstərmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən məhkəməyə etiraz və etirazının əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən hər hansı sübut təqdim olunmamışdır. Halbuki iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür, məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar. Həmçinin iş üzrə hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Mülki Prosessual Məcəllədə çəkişmə prinsipinin təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə, məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur. Yeni prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 4990 (dörd min doqquz yüz doxsan) manat dəymiş zərər və 52.40 manat (əlli iki manat qırx qəpik) məbləğində ödənilmiş cərimə məbləği olmaqla, cəmi 5042.40 manat (beş min qırx iki manat qırx qəpik) pul alınaraq İddiaçı1nə ödənilməli, iddia qalmış hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, təmin edilmiş iddiaya mütənasib olaraq 52.22 manat (əlli iki manat iyirmi iki qəpik) miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalmış hissədə dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 4990 (dörd min doqquz yüz doxsan) manat dəymiş zərər və 52.40 manat (əlli iki manat qırx qəpik) məbləğində ödənilmiş cərimə məbləği olmaqla, cəmi 5042.40 manat (beş min qırx iki manat qırx qəpik) məbləğində pul vəsaiti alınaraq İddiaçı1nə ödənilsin. İddia qalmış hissədə rədd edilsin. Cavabdeh 52.22 manat (əlli iki manat iyirmi iki qəpik) miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-180/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-180/2023
21.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver