Məhkəmə qərarları › İş №e-2(079)-184/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-184/2024

04.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-184/2024 04.03.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı «X1mayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmə iclasından kənar məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı «X1mayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2024-cü il tarixdə Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, cavabdeh ilə iddiaçı arasında bağlanmış 04 oktyabr 2022-ci il tarixli OMD-027-0108-22 saylı Nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdehdən 529.55 (beş yüz iyirmi doqquz manat əlli beş qəpik) manat əsas borc, 172.12 (bir yüz yetmiş iki manat on iki qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 701.67 (yeddi yüz bir manat altmış yeddi qəpik) manat, həmçinin 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı “X1mayan Kredit Təşkilatı” MMC-yə ödənilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04 oktyabr 2022-ci il tarixli OMD-027-0108-22 saylı Nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı həmin müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən təhvil-təslim aktında qeyd edilmiş malları cavabdehə satmağı, cavabdeh isə həmin malların 1640 (bir min altı yüz qırx) manat məbləğində olan dəyərini 13 (on üç) ay müddətində iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilə üzrə iddiaçı malları cavabdehə təqdim edərək müqavilə üzrə müvafiq öhdəliyini yerinə yetirsə də, cavabdeh öhdəliklərin icrasından yayınmaqdadır. 04 oktyabr 2022-ci il tarixli OMD-027-0108-22 saylı Nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini iddiaçı qarşısında icra etməyən cavabdehin 29 noyabr 2023-cü il tarixinə 529.55 (beş yüz iyirmi doqquz manat əlli beş qəpik) manat əsas borc, 172.12 (bir yüz yetmiş iki manat on iki qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 701.67 (yeddi yüz bir manat altmış yeddi qəpik) manat borcu qalmaqdadır. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdeh müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 6-cı maddəsinin mahiyyətindən irəli gələn müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin məcəllənin 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin məcəllənin 390.5-cı maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir (390.6). Həmin məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh ilə «X1mayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2022-ci il tarixli, OMD-027- 0108-22 saylı müqaviləsinə əsasən nisyə alqı-satqı müqaviləsi imzalanmış və həmin müqavilə üzrə tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan, Mülki Məcəllə ilə nəzərdə tutulmuş müvafiq müqavilənin şərtləri ilə bağlı imperativ normalarla ziddiyyət təşkil etməyən şərtlər barədə razılığa gəlmişlər: - yuxarıda qeyd edilən müqavilənin müvafiq olaraq 1.1 bəndinə əsasən “Satıcı” bu “Müqavilə”yə əlavə edilən və onun ayrılmaz hissəsi olan Spesifikasiya siyahısında (bundan sonra “müqaviləyə əlavə” adlandırılacaq) qeyd edilmiş Malları (bundan sonra təkdə, cəmdə və bütün komponentləri və hissələri ile birlikdə "Mallar" adlandırılacaq) “Alıcı”ya satır. “Alıcı” isə həmin “Mallar”ı akt əsasında (bundan sonra “təhvil-təslim aktı") “Satıcı”nın əməkdaşlıq etdiyi şirkətin əməkdaşından (bundan sonra “Satıcının agenti”) qəbul etməyi ve "Mallar”ın dəyərini "Satıcı”ya bu müqavilədə qeyd olunan şərtlərlə və müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə (bundan sonra "Ödəniş cədvəli" adlandırılacaq) uyğun olaraq ödəməni həyata keçirməyi öhdəsinə götürür; - müqavilənin 2-ci bəndinin müvafiq yarımbəndlərinə əsasən, malın qiyməti və miqdarı Aktda müəyyənləşdirilir. “Alıcı” “mallar”ın dəyərini “əlavə razılaşmada” qeyd olunan qiymətə uyğun "Ödəniş cədvəli"ndə qeyd edilmiş xüsusi şərtlər üzrə “satıcı”ya hissə-hissə ödəməlidir Yalnız tam ödəniş etdikdən sonra, “Mallar” “Alıcı”nın mülkiyyətinə keçir. Bu "Müqavilə" üzrə bütün ödənişlər manatla, yalnız “ödəniş cədvəli”nə uyğun şəkildə müqavilədə göstərilmiş bank hesablarına və ya digər ödəmə vasitələri (ödəniş terminalları, onlayn ödənişlər) ilə ödəməlidir. “Alıcı”dan “mallar”ın dəyərinin “ödəniş cədvəli”nə və “təhvil-təslim aktı”na uyğun ilkin ödənişini və komissiyanı bundan sonra kassa mədaxil orderi ilə “satıcı”nın əməkdaşlıq etdiyi satış məntəqələrindəki "satıcının agenti” tərəfindən qəbul ediləcək. “Malların” "Alıcı'nın ünvanına çatdırılma ilə əlaqədar xərclər vergilər və digər məcburi ödənişlər ayrıca razılaşdıla bilər. Ödəniş "Ödəniş cədvəli"nə uyğun şəkildə həyata keçirilmədiyi təqdirdə “Alıcı” ödənişin hər gecikdirdiyi gün üzrə “Ödəniş cədvəli”ndə göstərilən aylıq ödənişinin ödənilməyən məbləğinin 0,5 % faizi həcmində əlavə dəbbə pulu ödəməyi öhdəsinə götürür; - müqavilənin 3-cü bəndinin müvafiq yarımbəndlərinə əsasən alıcının istənilən zaman “satıcı”nın tələbi ilə 'Mallar' barədə tam şəkildə məlumat vermək; müqavilə məbləğini Ödəniş cədvəlində qeyd olunmuş müddətdə və qaydada “Satıcı”nın bu Müqavilədə qeyd edilən bank hesabına köçürmək; bu “Müqavilə”yə və onun “əlavə”lərinə uyğun olaraq Müqavilə məbləğini yalnız “Satıcı”nın “Ödəniş cədvəli”ndə göstərilmiş bank hesab(lar)ına və ya digər ödəmə vasitələri ilə (ödəniş terminalları, onlayn ödənişlər) vaxtında ödəmək; “Satıcı”dan bu Müqavilə üzrə öhdəliklərini vaxtında və tam qaydada yerinə yetirməsini tələb etmək hüququ mövcuddur; - müqavilənin 3-cü maddəsinin müvafiq yarımbəndlərinə əsasən satıcının “Alıcı” bu Müqaviləyə və onun əlavə(lər)sinə uyğun olaraq ödəniş məbləğlərini 60 (altmış) gün ödəmədikdə və yə Müqavilənin şərtlərinə uyğun qaydada ödəmədikdə Müqavilə məbləğinin vaxtından əvvəl tam ödənilməsini “Alıcı”dan tələb etmək və s. hüquqları mövcuddur; - müqavilənin 4.1-ci maddəsinə əsasən bu Müqavilənin şərtlərinin dəyişdirilməsinə Tərəflərin razılığı ilə yol verilir. Müqaviləyə edilən bütün dəyişikliklər yazılı formada aparılır və yalnız tərəflərin imza və möhürü ilə təsdiq edildiyi andan qüvvəyə minir. Birtərəfli qaydada aparılmış dəyişikliklər hüquqi qüvvəyə malik deyil; - müqavilənin 3.11-ci maddəsinə əsasən bu Müqavilə imzalandığı tarixdən qüvvəyə minməklə müddətsiz olaraq bağlanılır və Tərəflər öz öhdəliklərini tam şəkildə icra edənədək qüvvədədir; - müqavilənin 5.1-ci maddəsinə əsasən “Satıcı” “Alıcı”nı 1 (bir) təqvim ayı əvvəlcədən yazılı xəbərdar etməklə “Alıcı’nın əmlak vəziyyəti bu “Müqavilə” üzrə pul öhdəliklərinin icra edilməsi üçün təhlükə yaradan dərəcədə pisləşdikdə; “Alıcı” tərəfindən təqdim edilən məlumat və sənədlərin həqiqətə uyğun olmadığı aşkar edildikdə; “Alıcı” bu "Müqavilə" üzrə öhdəliklərini icra etmədikdə və yə lazımi qaydada icra etmədikdə bu Müqaviləni birtərəfli qaydada ləğv edə və Müqavilə məbləğini (əsas məbləğ, hesablanmış cərimələr və s. daxıl olmaqla) vaxtından əvvəl tələb edə bilər; - müqavilənin 5.2-ci maddəsinə əsasən “Satıcı” məhkəməyə müraciət etməmişdən əvvəl yazılı bildiriş göndərərək bu maddədə sadalanan pozuntuların müəyyən müddətdə aradan qaldırılmasını tələb edə bilər, 10 (on) gün müddətində rəsmi cavab almadıqda məhkəməyə dəymiş zərər ile bağlı müraciət edir; - müqavilənin 5.1-ci maddəsinə əsasən “Alıcı” bu Müqavilə ilə nəzərdə tutulmuş ödəmə müddətlərinə riayət etməlidir. “Alıcı”nın müqavilə üzrə ödənişləri müəyyən olunmuş vaxtda və tam olaraq ödəmədiyi hallar, üzərinə götürdüyü öhdəliyin tam və lazımınca icra olmadığı hallardan hesab olunur və gecikdirmənin hər günü üçün ödəniş cədvəlində göstərilən aylıq ödənişinin ödənilməyən qaıq borcunun 0.5 %-i (faizi) məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulunun ümumi məbləği alınan malın (göstərilən xidmətin) ümumi dəyərindən çox ola bilməz. - müqavilənin 9.4-cü maddəsinə əsasən bu “Müqavilə”yə “əlavə”lər o cümlədən “ödəniş cədvəli”ləri və “təhvil-təslim aktı” tərəflərin imzası ilə təsdiq olunduqdan sonra bu “müqavilə”nin ayrılmaz tərkib hissələridirlər. Razılaşmanın şərtlərindən belə məlum olur ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqavilələr bağlanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflərin imzaları ilə hüquqi qüvvə alan hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqavilələr sözügedən mühüm şərtlərə əməl olunmaqla bağlanmışdır. Həmin məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.4-cü maddəsi ilə həmçinin müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə müəyyən olunur ki, razılaşma üzrə iddiaçının müqavilələrdə göstərilən malları cavabdehə verməsi, cavabdehin isə müqavilə üzrə müəyyən edilmiş qaydada onların dəyərini hissə-hissə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. İddia ərizəsinə əlavə edilmiş cavabdeh tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli əşyaların təhvil-təslim aktından aydın olur ki, iddiaçı qiyməti 52.38 olan 2 ədəd SEELA S8527-7 AMALFİ P/6 X 104.75 manat məbləğlə, qiyməti 44.88 olan 3 ədəd SEELA S20507-6 MERLETTE 106sm*10mt P/6 X 134.63 manat məbləğlə, qiyməti 42.38 olan 1 ədəd SEELA S7986-1 (BOYANA BİLEN) B P/4 42.38 manat məbləğlə, qiyməti 36.13 olan 3 ədəd PAPRO A11518-1 HİT 106sm*10mt P/6 108.38 manat məbləğlə, qiyməti 52.38 olan 3 ədəd SEELA S8528-7 AMALFİ P/6 X 157.13 manat məbləğlə, qiyməti 26.13 olan 2 ədəd SEELA S21225-6 VENETTO 106sm*10mt P/6 52.25 manat məbləğlə, qiyməti 32.38 olan 2 ədəd SEELA S8215-2 RELİEF PLUS 106sm*15.57Mt P/6 X 64.75 manat məbləğlə, qiyməti 47.38 olan 3 ədəd SEELA S21505-5 MİRAGE 106sm*10mt P/6 X 142.13 manat məbləğlə, qiyməti 47.38 olan 4 ədəd SEELA S21503-5 MİRAGE 106sm*10mt P/6 X 189.50 manat məbləğlə, qiyməti 41.13 olan 3 ədəd SEELA S20536-1 HAN VOL 2 106sm*10mt P/6 X 123.38 manat məbləğlə, qiyməti 47.38 olan 4 ədəd SEELA S21504-5 MİRAGE 106sm*10mt P/6 X 189.50 manat məbləğlə, qiyməti 94.88 olan 1 ədəd FAB PLUS 25 kq HƏDİYYƏLİ 94.88 manat məbləğlə, qiyməti 26.13 olan 1 ədəd SEELA S21229-4 VENETTO 106sm*10mt P/6 26.13 manat məbləğlə, qiyməti 26.13 olan 1 ədəd SEELA S21231-14 FİRENZE 106sm*10mt P/6 26.13 manat məbləğlə, qiyməti 44.88 olan 2 ədəd SEELA S20506-6 MERLETTE 106sm*10mt P/6 X 89.75 manat məbləğlə, qiyməti 47.38 olan 2 ədəd SEELA S21502-5 MİRAGE 106sm*10mt P/6 X 94.75 manat məbləğlə, cəmi 1640 manat məbləğində qeyd edilən məhsullar cavabdehə verilmişdir. Beləliklə müəyyən olunur ki, iddiaçı müqavilədən irəli gələn əsas öhdəliyini lazıminca icra etmişdir. xx.xx.2023-cü il tarixli cavabdehə verilmiş xəbərdarlıq məktubunda “Home Finance BOKT MMC” ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, OMD-027-0108-22 saylı nisyə alğısatqı müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi, xx.xx.2023-cü il tarixinə 483 Azn əsas, 86 Azn cərimə, ümumi olaraq 616 Azn borcun yarandığı, cavabdehin nisyə alğı satqı müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etmədiyindən gecikdirilmiş borc məbləğinə əlavə olaraq cərimə hesablandığı və cərimənin 86 Azn təşkil etdiyi bildirilmiş, cavabdehdən 3 iş günü ərzində gecikdirilmiş borcun ödənilməsi tələb edilmiş, əks halda müqavilə öhdəliklərinə lazimi qaydada əməl edilmədiyi üçün tələbkarın hüquqlarından istifadə edərək müqavilənin şərtlərinə və AR Mülkü Məcəlləsinin tələblərinə uyğun olaraq yaranmış borc məbləğinin tam qaytarılması üçün iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar qaydada həlli ilə bağlı qaydalara əməl olunmuşdur. Cavabdeh isə iddiaçı ilə bağlamış olduğu müqavilələrdən irəli gələn öhdəliyini lazımınca icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, iddiaya qarşı etirazını bildirməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2). İddiaçının cərimənin ödənilməsi tələbinə dair məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 2.6-cı bəndinə əsasən gecikdirmənin hər günü üçün ödəniş cədvəlində göstərilən aylıq ödənişinin ödənilməyən qaıq borcunun 0.5 %-i (faizi) məbləğində dəbbə pulu hesablanır. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borclarının ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Borcların və cərimələrin miqdarına gəldikdə isə, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2022ci il tarixli ödəniş cədvəlindən Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq 13 ay ərzində ilk ay ödəniş edilmədən, sonrakı hər ayın müvafiq günündə 137 manat, sonuncu ay 133 manat olmaqla ödənişin edilməsi müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş 091 nömrəli penyanın (cərimənin) xx.xx.2023-cü il tarixə hesablanması haqqında arayışa əsasən xx.xx.2022-ci il tarixdə bağlanmış nisyə alğı-satqı müqaviləsi üzrə bir günlük cərimə faizi 0.5% olmaqla, iddia qaldırılan günə əsas borcun məbləği 529.55 AZN, iddia qaldırılan günə əsasən əsas borc üzrə hesablanmış cərimə məbləği 172.12 AZN, borc üzrə iddia tələbinin cəmi məbləğinin 701.67 AZN olduğu aydın olur. Əsas borcun məbləğinə münasibətdə maliyyə və ödəniş cədvəlini müqavilə üzrə hərtərəfli qiymətləndirən məhkəmə belə hesab edir ki, maliyyə və ödəniş cədvəli müqavilə üzrə əsas və faiz borcunun miqdarına münasibətdə mötəbər sübut kimi qəbul edilə, nəzərə alına və kifayət sayıla bilər. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin dəbbə pulunun miqdarına münasibətdə məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından isə görünür ki, borcalanın 529.55 manat əsas borcuna münasibətdə iddiaçı 172.12 manat cərimənin tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ əsas borca mütənasib hesab oluna bilməz və cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 26.47 (iyirmi altı manat qırx yeddi qəpik) manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 529.55 (beş yüz iyirmi doqquz manat, əlli beş qəpik) manat məbləğində əsas borc, 26.47 (iyirmi altı manat qırx yeddi qəpik) manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 556.02 (beş yüz əlli altı manat iki qəpik) manat məbləğində borc Cavabdeh tutularaq «X1mayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalmış hissədə rədd edilməlidir. Məhkəmə belə hesab edir ki, tələb qismən əsaslı saydığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 23.79 manat (iyirmi üç manat yetmiş doqquz qəpik) dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. 529.55 (beş yüz iyirmi doqquz manat, əlli beş qəpik) manat məbləğində əsas borc, 26.47 (iyirmi altı manat qırx yeddi qəpik) manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 556.02 (beş yüz əlli altı manat iki qəpik) manat məbləğində borc Cavabdeh tutularaq «X1mayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 23.79 manat (iyirmi üç manat yetmiş doqquz qəpik) miqdarında dövlət rüsumu alınaraq iddiaçı «X1mayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar