Məhkəmə qərarları › İş №e-2(079)-198/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-198/2022

26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-198/2022 26.04.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Babək Rayon Məhkəməsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə müraciət edərək, cavabdehdən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2514.53 manat əsas və 651.63 manat faiz borcu olmaqla, cəmi 3166.16 manat pul vəsaitinin və 51.67 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Sabunçu” filialı ilə Cavabdeh arasında bağlanmış 01.08.2018-ci il tarixli, BPM**********18 nömrəli kredit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə hesablanmaqla 4000 manat məbləğində kredit verilmişdir. Borclu kredit müqaviləsi üzrə vəsaitindən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırır. Filial tərəfindən verilmiş arayışa əsasən cavabdehin kredit müqaviləsi üzrə banka olan borcu 2514.53 manat əsas, 651.63 manat faiz olmaqla, cəmi 3166.16 manat təşkil edir. Bank tərəfindən borcluya kreditin vaxtında qaytarılması ilə bağlı dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. İddia tələbinin əsası kimi istinad edilən sübutlar kredit müqaviləsi, borc haqqında arayış, kassa məxaric orderi və ödəniş qrafikindən ibarətdir. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 51.67 (əlli bir manat altmış yeddi qəpik) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Cavabdeh rəsmi qaydada verilmiş məhkəmə bildirişində iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunsa da, cavabdeh tərəfindən iddiaya qarşı etiraz, etirazının dəlilləri və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında borc (kredit) müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 6-cı maddəsinin mahiyyətindən irəli gələn müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin məcəllənin 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin məcəllənin 390.5-cı maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir (390.6). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, "xxxx" ASC ilə Cavabdeh arasında 01.08.2018-ci il tarixdə, BPM**********18 nömrəli kredit müqaviləsi imzalanmış və tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan, Mülki Məcəllə ilə nəzərdə tutulmuş müvafiq müqavilənin şərtləri ilə bağlı imperativ normalarla ziddiyyət təşkil etməyən şərtlər barədə razılığa gəlmişlər: - Müqavilənin 2.2-ci bəndinə əsasən borcverən borcalana istehlak məqsədləri üçün 4000 (dörd min) AZN məbləğində kredit verməyi öhdəsinə götürür; - 2.3-cü bəndinə əsasən Borcalan müqaviləyə uyğun olaraq krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürür; - 2.4-cü bəndinə əsasən Kredit müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə və faizlər (komisyon haqlar) ödənilmək şərtilə, təminatsız olaraq müqavilənin 2.2-ci bəndində göstərilən məbləğdə borc verilən pul vəsaitidir. - 3.7-ci bəndinə əsasən kredit məbləği, ona hesablanmış faizlər, cərimə və dəbbə pulu bu müqavilənin 5.4-cü bəndində göstərilən vaxtadək borcalan tərəfindən ödənilmədikdə borcalan həmin tarixə mövcud olan əsas borcun qalıq məbləğinə bu müqavilənin 6.1-ci bəndində göstərilən faizləri, eləcə də 9.2-ci bəndində əks olunan cəriməni və 10.2-ci bəndinə əsasən dəbbə pulunu bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirdiyi günə qədər ödəyəcəyini vəd edir; - 3.9-cu bəndinə əsasən borcalan üzərinə düşən öhdəlikləri lazımınca icra etməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra etməməsi üçün bu müqavilənin 10-cu bəndində nəzərdə tutulmuş kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin 20%-i miqdarında dəbbə pulunu ödəyəcəyini və öhdəliklərin icrasını təmin edəcəyini vəd edir. - 5.1-ci bəndinə əsasən kredit vəsaiti tərəflər arasındakı razılaşmaya əsasən müəyyən olunmuş müddətdə borcverən tərəfindən borcalanın bank hesabına köçürülür və bu barədə borcalana məlumat verilir. - 5.3 və 5.4-cü bəndlərinə görə borcalana kredit 60 ay müddətinə verilir və müqavilənin müddəti 01.08.2023-ci il tarixdə bitir. - 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq aylıq 30 gün, illik 360 gün götürülən faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin sayına görə hər gün illik 27%-lə hesablanır. - 6.2-ci bəndinə əsasən kredit üzrə faizlər müqavilənin 5.2-ci bəndində nəzərdə tutulan tarixdən hesablanır və ödəniş cədvəlinə əsasən hər ayın 01-dən gec olmayaraq borcalan tərəfindən borcverənə ödənilir. - 6.4-cü bəndinə əsasən müqavilənin 6.1-ci bəndində göstərilən faizlər kredit borcu borcverənə tam ödənildiyi günədək borcalan tərəfindən ödənilməlidir. - 7.3-cü bəndinə əsasən borcalan borcverəndən bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə aldığı krediti hər ayın 01-dən gec olmayaraq bərabər hissələrlə aylıq 122.2 manat məbləğində bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə uyğun olaraq ödəməlidir. - 8.1-ci maddəsinin “g” və “ğ” yarımbəndlərinə əsasən müqavilənin müddəaları borcalan tərəfindən yerinə yetirilmədikdə və əsas və faiz borcunun qaytarılması müqavilədə nəzərdə tutulmuş qaydada yerinə yetirilmədikdə ödəniş cədvəli üzrə müddətlər borcalan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda pul öhdəliyinin icra edilməsi borcverən tərəfindən vaxtından əvvəl tələb oluna bilər. - 12.2-ci bəndinə əsasən borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri ödəməlidir. - 19.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində tərəflər yaranan mübahisələrinin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə biri digərinin hüquqlarını pozmadan nail olacaqlar. - 19.2-ci bəndinə əsasən tərəflər mübahisənin həlli haqqında razılığa gələ bilmədikdə mübahisənin məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edəcəklər. Razılaşmanın şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə kreditin Cavabdeh oğluna verilməsidir. Ərizəyə əlavə olunmuş 01 avqust 2018-ci il tarixli kassa məxaric orderindən və cavabdehin hesabından çıxarışdan iddiaçının müqavilədən irəli gələn öhdəliyini icra etməsi, "Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən 4000 manat məbləğin Cavabdeh ödənildiyi məlum olur. Kredit müqaviləsinin 1 nömrəli əlavə - ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" ASC qarşısında əsas öhdəliyi 60 ay müddətində hər ayın 01-i günündə banka olan əsas və faiz borcundan ibarət 122.2 manat məbləğində ödənişi həyata keçirməkdir. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin iddia ərizəsinə əlavə olunmuş cavabdehin hesabından çıxarış cavabdehin öhdəliyini lazımınca icra etmədiyini sübut edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edilənlər və Cavabdeh 01 avqust 2018-29.10.2021 tarixləri arasında olan hesabından çıxarışı nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2) Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borcun miqdarına gəldikdə isə iddia ərizəsinə əlavə edilmiş Cavabdeh 01.08.2018-ci il tarixli Kredit müqaviləsi üzrə borcu barədə Maliyyə Arayışından cavabdehin iddiaçı təşkilata 2514.53 manat əsas və 651.63 manat faiz borcu olmaqla, cəmi 3166.16 manat borcunun olduğu aydın olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 01.08.2018-ci il tarixli, BPM**********18 müqavilə üzrə 2514.53 (iki min beş yüz on dörd manat əlli üç qəpik) manat əsas və 651.63 (altı yüz əlli bir manat altmış üç qəpik) manat faiz borcu olmaqla, cəmi 3166.16 (üç min yüz altmış altı manat on altı qəpik) borc Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 51.67 (əlli bir manat altmış yeddi qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. 01.08.2018-ci il tarixli, BPM**********18 müqavilə üzrə 2514.53 (iki min beş yüz on dörd manat əlli üç qəpik) manat əsas və 651.63 (altı yüz əlli bir manat altmış üç qəpik) manat faiz borcu olmaqla, cəmi 3166.16 (üç min yüz altmış altı manat on altı qəpik) manat borc Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Həmçinin Cavabdeh 51.67 (əlli bir manat altmış yeddi qəpik) manat miqdarında dövlət rüsumu alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar