Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-213/2022 14.06.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti 19 aprel 2022-ci ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 oğlu və Cavabdeh1 04 noyabr 2019-cu il tarixli, İK0411/07 nömrəli kredit müqaviləsi üzrə 18 aprel 2022-ci il tarixə olan 1573.60 (bir min beş yüz yetmiş üç manat, altmış qəpik) manat gecikdirilmiş faiz borcu, 2703.81 (iki min yeddi yüz üç manat, səksən bir qəpik) manat gecikdirilmiş əsas borc, 6.30 (altı manat, otuz qəpik) manat faiz borcu, 945.11 (doqquz yüz qırx beş manat, on bir qəpik) manat əsas borc olmaqla, ümumilikdə 5228.82 (beş min iki yüz iyirmi səkkiz manat, səksən iki qəpik) manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 72.29 (yetmiş iki manat, iyirmi doqquz qəpik) manat miqdarında dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı tərəfindən Cavabdeh2 tərəflər arasında bağlanmış 04 noyabr 2019-cu il tarixli, İK0411/07 nömrəli kredit müqaviləsinə əsasən illik 17 faiz dərəcəsi ilə 36 ay müddətinə 4000 (dörd min) manat məbləğində istehlak krediti verilmişdir. Verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh1 zamin qismində iştirak etdiyi üçtərəfli 04 noyabr 2019-cu il tarixli, ZM0411/07 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Borcalan bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1-ci bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Nəticədə 18 aprel 2022-ci il tarixə kredit reyestrində Cavabdeh2 adına 733 gecikmə günü qeydə alınmışdır. Bu səbəbdən tərəfimizdən borcalanla dəfələrlə telefonla əlaqə saxlanılmış və cavabdehlərə xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləği dəqiq göstərilməklə borcun icrası tələb edilmişdir. Cavabdeh2 tərəflər arasında bağlanmış 04 noyabr 2019-cu il tarixli, İK0411/07 nömrəli kredit müqaviləsi üzrə 18 aprel 2022-ci il tarixə 1573.60 (bir min beş yüz yetmiş üç manat, altmış qəpik) manat gecikdirilmiş faiz borc, 2703.81 (iki min yeddi yüz üç manat, səksən bir qəpik) manat gecikdirilmiş əsas borc, 6.30 (altı manat, otuz qəpik) manat faiz borcu, 945.11 (doqquz yüz qırx beş manat, on bir qəpik) manat əsas borc olmaqla, ümumilikdə 5228.82 (beş min iki yüz iyirmi səkkiz manat, səksən iki qəpik) manat kredit borcu öhdəliyi var. “Naxçıvanbank" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 məhkəmədə verdiyi izahatında iddia ərizəsində qeyd edilənləri bildirməklə yanaşı, iddia tələbində gecikdirilmiş faiz borcu dedikdə cavabdehlə kredit müqaviləsinin bağlandığı vaxtdan cavabdehlərin 18 aprel 2022-ci il tarixədək kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə ödəməli olduğu, lakin ödəmədiyi pul, faiz borcu dedikdə isə cavabdeh hər ayın 4-də ödəniş etməli olduğundan 04 aprel 2022-ci il tarixdən, 18 aprel 2022-ci il tarixədək ödəməli olduğu borcu nəzərdə tutduqlarını, cərimə borcunu isə gecikdirilmiş faiz borcunun üzərinə əlavə edildiyini, bununla bağlı ayrıca tələb irəli sürmədiklərini qeyd edərək yekunda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh2 məhkəmə hazırlıq iclasında verdiyi izahatında özünə maşın alıb taksi fəaliyyəti ilə məşğul olmaq üçün 2019-cu ildə Naxçıvan bankdan üç illiyə 17 faizlə 4000 manat kredit götürdüyünü, işləri istədiyi kimi getmədiyindən özünə maşın ala bilmədiyini, sonradan isə bankdan götürdüyü pulu xərclədiyini, kredit götürdüyü vaxt Gəmiqaya şirkətində işlədiyini, ayda 540 manat əmək haqqı aldığını, təqribən banka 5-6 ay ödəniş etdikdən sonra işdən çıxarıldığını və banka olan borcunu qaytara bilmədiyini, Abazərin ona zamin durduğunu, bankdan götürdüyü pulu onunla birlikdə xərclədiyini, hazırda Naxçıvan banka təqribən 5000 manat borcu olduğunu, bank tərəfindən dəfələrlə borcun qaytarılması barədə xəbərdar edildiyini, lakin maddi imkanı olmadığından borcunu qaytara bilmədiyini, iki aydır işə düzəldiyini, 400 manat əmək haqqı aldığını, aldığı əmək haqının 220 manat miqdarını alimentə verdiyini bildirmişdi. Digər Cavabdeh1 məhkəmə hazırlıq iclasında verdiyi izahatında təqribən iki-üç il bundan qabaq Cəmilin Naxçıvan bankdan illik 17 faizlə 4000 manat kredit götürdüyünü, özünün ona zamin durduğunu, həmin pulun iki min manatını sonradan Cəmilin ona verdiyini, təqribən 5-6 ay ödəniş etdikdən sonra işdən çıxdığını, buna görə də banka ödəniş edə bilmədiyini, bank tərəfindən borcun ödənilməsi ilə bağlı ona dəfələrlə xəbərdarlıq edildiyini, lakin işsiz olduğundan bankın borcunu qaytara bilmədiyini, iki aydır ki, fəhlə kimi iş tapdığını, gündəlik 17 manat pul aldığını, bundan başqa Kapital Bankdan kredit götürdüyünü, əvvəlcə onu ödəməyə çalışdığını, hazırda hər iki banka borcu olduğunu, Naxçıvan banka təqribən 5000 manat, Kapital banka 1000 manat borcu olduğunu bildirmişdi. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə uyğun olaraq cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını tədqiq edərək müəyyən edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı ilə Cavabdeh2 arasında 04 noyabr 2019-cu il tarixli, İK0411/07 nömrəli kredit, Cavabdeh1 ilə isə eyni tarixli ZM0411/07 nömrəli zaminlik müqaviləsinin bağlanması, kredit müqaviləsinə əsasən Cavabdeh2 bankdan illik 17 faizlə 36 ay müddətində 4000 (dörd min) manat məbləğində kredit götürməsi barədə müqavilə tərəflərinin razılığa gəlmələri işin mübahisəsiz hallarıdır. Bu halların mübahisəsiz olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə edilmiş 04 noyabr 2019-cu il tarixli, İK0411/07 nömrəli kredit müqaviləsindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı ilə Cavabdeh2 arasında kredit müqaviləsinin bağlanması və müqaviləyə əsasən bankın Cavabdeh2 illik 17 faizlə 36 ay müddətində 4000 manat məbləğində kredit verilməsi barədə müqavilə tərəflərinin razılığa gəlmələri; -iddia ərizəsinə əlavə edilmiş 04 noyabr 2019-cu il tarixli, ZM0411/07 nömrəli zaminlik müqaviləsindən yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə borcalanın bank qarşısında olan öhdəliyinin icrasının təminatı üsulu kimi Cavabdeh1 ilə bank arasında zaminlik müqaviləsinin bağlanması aydın olur. İddiaçının tələbi isə Cavabdeh2 və Cavabdeh1 04 noyabr 2019-cu il tarixli, İK0411/07 nömrəli kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılmasıdır. İddiaçının tələbini məhkəmə ona təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək hesab edir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə qismən öz təsdiqini tapdığından, onun tələbi əsaslı sayıldığı hissədə təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın qismən əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş yazılı sübutlardır. Məhkəmə mülki işin mübahisəli halının hüquqi həllinə keçməzdən öncə iş üzrə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Mülki işin mübahisəli halının hüquqi həllinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla ilk öncə onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı ilə Cavabdeh2 arasında kredit və Cavabdeh1 ilə isə zaminlik müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 470.1-ci maddəsində qeyd edilir ki, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı ilə Cavabdeh2 arasında bağlanmış 04 noyabr 2019-cu il tarixli, İK0411/07 nömrəli kredit müqaviləsi üzrə tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər. Müqavilənin: - 1.1 və 1.2-ci bəndlərinə görə bank borcalana şəxsi istehlak məqsədi üçün 36 ay müddətinə 4000 (dörd min) manat məbləğində illik 17 (on yeddi) faiz dərəcəsi ilə istehlak kreditinin verilməsini, borcalan isə bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürür. Öhdəliyin icrasının borcalanın aylıq gəlirləri hesabına həyata keçirləcək. Öhdəliyin icrası təminatı zamin, borcalan və bank arasında bağlanan zaminlik müqaviləsi olacaqdır; - 2.1 və 2.4-cü bəndlərinə əsasən kreditin verilməsi borcalanın cari hesabına köçürmə yolu ilə və yaxud nağd qaydada həyata keçirilir. Müqavilə üzrə verilmiş kredit və hesablanmış faizlər müqaviləyə əlavə edilmiş ödəniş qrafikinə uyğun olaraq borcalan tərəfindən banka nağd və ya köçürmə yolu ilə kredit müddətində tamamən qaytarılır; - 2.8, 2.10 və 2.11-ci bəndlərindən görünür ki, kreditdən istifadəyə görə faizlərin hesablanması müddəti ssuda hesabı üzrə borcun yaranma tarixindən başlayır və bu borcun qaytarılması tarixində qurtarır. Faizlərin ödənilməsi kreditin qaytarılması ilə birlikdə hər ay həyata keçirilir. Ödənişlər müəyyən dövrlər üzrə həyata keçirildiyi halda faizlərin ödənilməsi tarixi ödəniş aparılan dövrə daxil edilmir. Gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10 faiz əlavə cərimə faizi ödəyir. Faizlər və cərimələr gündəlik olaraq hesablanır və borcalan üçün açılmış müvafiq hesabda qeydə alınır; - 4.1-ci bəndində həmin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyi və onların pozulmasına yol verməməyi borcalandan tələb etmək, borcalan tərəfindən müqavilə şərtləri pozulduqda öhdəliyin icrasını vaxtından əvvəl tələb etmək, müqavilə pozulduğu halda kredit üzrə borcun qaytarılmasını və hesablanmış faizlərin, cərimələrin və müqavilənin 2.15.-ci bəndinə əsasən bankın təsdiqlənmiş xərclərinin ödənilməsini borcalandan tələb etmək bankın hüququ olması təsbit edilib; - 4.4-cü bəndinə əsasən ödəniş qrafikinə uyğun olaraq hər ay müəyyən edilmiş məbləğdə ödənişləri həyata keçirmək, kreditin bütün məbləğini, ona hesablanmış faizləri, cərimələri və borcun qaytarılması ilə əlaqədar digər xərcləri tamamilə ödəmək, müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək, qeydiyyat ünvanın, faktiki yaşadığı yerin, iş yerinin, adının və soyadının dəyişməsi və bu müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə təsir edə bilən başqa öhdəliklərinin yaranması barədə 3 (üç) iş günü müddətində banka məlumat vermək, məlumatların gizlədilməsi zamanı məsuliyyət daşımaq borcalanın vəzifəsidir; - 5.2-ci bəndində bankın müqavilə üzrə pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə biləcəyin halların dairəsi müəyyən edilib ki, həmin şərtə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini vaxtında yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər; - 8.2-ci bəndlə müəyyən edilir ki, həmin bəndə görə müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflər müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalacaqdır. Həm yuxarıda qeyd edilən maddi hüquq normasından (Mülki Məcəllə maddə 739), həm də tərəflər arasında bağlanmış müqavilə şərtlərindən aydın olur ki, razılaşma üzrə bankın müqavilədə göstərilən şərtlərlə kredit məbləğini Cavabdeh2 verilməsi, sonuncunun isə ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri və gecikmə zamanı hesablanmış cərimə məbləğlərini ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərini icra edilməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş materiallarına əlavə edilmiş 04 noyabr 2019-cu il tarixli, 350 nömrəli xəzinə məxaric orderi, titul hesabatı, həmçinin cavabdehlərin məhkəmədə verdiyi izahatlarla ilə öz təsdiqini tapır. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 04 noyabr 2019-cu il tarixdə bağlanmış kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehlərin üzərinə düşsə də onlar bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, əksinə banka olan kredit borcunu qaytara bilmədiklərini qəbul etmişlər. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının kredit borcunun qaytarılmasına dair tələbi əsaslıdır. Məhkəmə belə hesab edir ki, borcun məbləğinə aydınlıq gətirməzdən öncə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı iddia tələbi həll edilməlidir. Bununla bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində öhdəliyin icrasının təmin edilməsinin üsullarından biri kimi zaminlik qeyd olunub. Həmin Məcəlləyə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsi ilə müəyyən olunur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 04 noyabr 2019cu il tarixli, ZM0411/07 nömrəli zaminlik müqaviləsində tərəflər iş üzrə əhəmiyyətli olan aşağıdakı şərtlər barədə razılığa gəlib. Müqavilənin: - 1-ci bəndinə görə zamin bankla borcalan arasında bağlanılmış 04 noyabr 2019-cu il tarixli, İK0411/07 nömrəli kredit müqaviləsi üzrə borcalanın bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış faizlərin banka tam ödənilməsini öhdəsinə götürür; - 2.1-ci bəndinə əsasən zamin qeyd olunan kredit müqaviləsinin bütün şərtləri ilə olmuş və borcalan tərəfindən öz öhdəliklərinin icra edilməsinə cavab verməyə, o cümlədən müqavilənin şərtlərinə əsasən bank tərəfindən borcalana şəxsi istehlak məqsədi üçün 36 ay müddətinə 4000 (dörd min) manat məbləğində illik 17 (on yeddi) faiz dərəcəsi ilə istehlak kreditinin verilməsinə, krediti və ona hesablanmış faizləri hər ay ödəniş qrafikinə uyğun ödəməyi, gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə faizi ödəməyi öz öhdəsinə götürməyə razıdır; -2.3-cü bəndləri ilə müəyyən edilir ki, zamin və borcalan kredit müqaviləsi üzrə borcalanın öhdəliklərini icra etməməsi və icrasının mümkün olmaması zamanı bank qarşısında birgə məsuliyyət daşıyır; -3.1 və 3.2-ci bəndlərin tələbinə görə bu müqavilə tərəflərin imzaladığı vaxtdan qüvvəyə minir. Müqavilə borcalanın bank qarşısında 04 noyabr 2019-cu il tarixli, İK0411/07 nömrəli kredit müqaviləsi üzrə bütün öhdəliklərinin - kredit və ona hesablanmış faiz və cərimələrin tam ödənildiyi günə kimi qüvvədədir. Tərəflər arasında bağlanmış müqavilənin mahiyyətindən aydın olur ki, Cavabdeh2 oğlu 04 noyabr 2019-cu il tarixli, İK0411/07 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsində isə zaminliyə xitam verilməsinin əsasları qeyd olunsa da, hazırki vəziyyətdə isə mülki iş materiallarından zaminliyə xitam verilməsinin əsasları müəyyən edilmədiyindən və zaminlik müqaviləsinə əsasən Cavabdeh1 bank qarşısında Cavabdeh2 ilə eyni həcmdə məsuliyyət daşıması nəzərdə tutulduğundan məhkəmə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin zaminə qarşı irəli sürdüyü tələbi də əsaslı hesab edir. Cavabdehlərin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 04 noyabr 2019-cu il tarixli, İK0411/07 nömrəli kredit müqaviləsinin 6-cı bəndindən isə aydın olur ki, iş üzrə cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş 18 aprel 2022-ci il tarixli, 82 nömrəli maliyyə arayışında Cavabdeh2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 945.11 (doqquz yüz qırx beş manat, on bir qəpik) manat əsas borc, 2703.81 (iki min yeddi yüz üç manat, səksən bir qəpik) manat gecikdirilmiş əsas borc, 6.30 (altı manat, otuz qəpik) manat faiz borcu, 1573.60 (bir min beş yüz yetmiş üç manat, altmış qəpik) manat gecikdirilmiş faiz borcu olmaqla, ümumilikdə 5228.82 (beş min iki yüz iyirmi səkkiz manat, səksən iki qəpik) manat kredit borcu borcunun olması qeyd edilir. Həmin sənəddən o da müəyyən edilir ki, 04 noyabr 2019-cu il tarixli, İK0411/07 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər əsas borcdan 351.08 (üç yüz əlli bir manat, səkkiz qəpik) manat, faiz borcundan isə 220.76 (iki yüz iyirmi manat, yetmiş altı qəpik) manat ödəniş edib. İddia ərizəsinə əlavə edilmiş 04 noyabr 2019-cu il tarixli, İK0411/07 nömrəli kredit müqaviləsi və ona əlavə olan ödəniş cədvəlindən görünür ki, cavabdehlərin müqavilə üzrə ödəməli olduğu əsas borc 4000 (dörd min) manat, faiz borcu isə 1135,15 (bir min bir yüz otuz beş manat, on beş qəpik) manat olmaqla ümumilikdə bank qarşısında olan öhdəliyi 5115,15 (beş min bir yüz otuz beş manat, on beş qəpik) manat təşkil edir. Cavabdehlərin əsas və faiz borclarına münasibətdə ödədikləri məbləğlər, həmçinin iddiaçının cavabdehlərə qarşı digər tələbinin olmamasını nəzərə alındıqda, onların müqavilə üzrə 3648,92 (üç min altı yüz qırx səkkiz manat, doxsan iki qəpik) manat (4000 - 351,08=3648,92) əsas, 914,39 (doqquz yüz on dörd manat, otuz doqquz qəpik) manat (1135,15 - 220.76) faiz borcu olması müəyyən edilir. İddiaçı isə cavabdehlərdən ümumilikdə 3648,92 (üç min altı yüz qırx səkkiz manat, doxsan iki qəpik) manat əsas, 1579,90 (bir min beş yüz yetmiş doqquz manat, doxsan qəpik) manat faiz borcu tələb edir. İddiaçının məhkəməyə təqdim etdiyi sübutları iddia tələbi ilə əlaqələndirdikdə əsas borcla tələb edilən məbləğin eynilik təşkil etməsi, faiz borcunun isə fərqli olması, hətta tələb edilən faiz borcunun ödəniş cədvəli ilə müəyyən edilən məbləğdən (1135,15 manatdan) artıq olması müəyyən edilir. Həmçinin tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən iddiaçının cavabdehlərə qarşı gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10 faiz əlavə cərimə faizi tələb etmək hüququ olsa da, iddiaçının tələbindən görünür ki, o cavabdehlərdən onun qarşısında olan öhdəliyini icra etməmələrinə görə cərimə borcu tələb etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırki vəziyyətdə iddia tələbində kənara çıxmaq üçün qanini əsas olmadığından məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi faiz borcuna münasibətdə qismən əsaslı sayılmalıdır. Hər bir cavabdehdən tutulmalı olan borcun miqdarı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Qeyd edilən prosessual normanının tələbini, həmçinin zaminlik müqaviləsinə əsasən zaminin borclu ilə birlikdə eyni məsuliyyət daşımasını nəzərə alan məhkəmə belə hesab edir ki, kredit müqaviləsi üzrə yaranmış borc cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 72.29 (yetmiş iki manat, iyirmi doqquz qəpik) manat miqdarında dövlət rüsumunun 62 (altmış iki) manat 90 (doxsan) qəpik miqdarı cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin olunmalı; - 04 noyabr 2019-cu il tarixli, İK0411/07 nömrəli kredit müqaviləsi üzrə 3648,92 (üç min altı yüz qırx səkkiz manat, doxsan iki qəpik) manat əsas, 914,39 (doqquz yüz on dörd manat, otuz doqquz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 4563,31 (dörd min beş yüz altmış üç manat, otuz bir qəpik) manat məbləğində kredit borcu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; -həmçinin iddia verilməsi ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş dövlət rüsumunun 62 (altmış iki) manat 90 (doxsan) qəpik miqdarı Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya verilməli; -iddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia qismən təmin edilsin. 04 noyabr 2019-cu il tarixli, İK0411/07 nömrəli kredit müqaviləsi üzrə 3648,92 (üç min altı yüz qırx səkkiz manat, doxsan iki qəpik) manat əsas, 914,39 (doqquz yüz on dörd manat, otuz doqquz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 4563,31 (dörd min beş yüz altmış üç manat, otuz bir qəpik) manat məbləğində kredit borcu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Həmçinin iddia verilməsi ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş dövlət rüsumunun 62 (altmış iki) manat 90 (doxsan) qəpik miqdarı Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya verilsin. İddia qalan hissədə əsassız sayıldığından rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev
Məhkəmə qərarları › İş №e-2(079)-213/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-213/2022
14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver