Məhkəmə qərarları › İş №e-2(079)-214/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-214/2022

25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-214/2022 25.05.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti 19 aprel 2022-ci ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 04 iyul 2019-cu il tarixli, KT0407/02 nömrəli kredit müqaviləsi üzrə 18 aprel 2022-ci il tarixə olan 603.44 (altı yüz üç manat, qırx dörd qəpik) manat faiz, 1547.13 (bir min beş yüz qırx yeddi manat, on üç qəpik) manat əsas borc olmaqla, ümumilikdə 2150.57 (iki min bir yüz əlli manat, əlli yeddi qəpik) manat miqdarında kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 41.51 (qırx bir manat, əlli bir qəpik) manat miqdarında dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 tərəflər arasında bağlanmış 04 iyul 2019-cu il tarixli, KT0407/02 nömrəli kredit müqaviləsinə əsasən illik 15 faiz dərəcəsi ilə 24 ay müddətinə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. Verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh2 zamin qismində iştirak etdiyi üçtərəfli 04 iyul 2019-cu il tarixli, ZM 0407/02 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Borcalan bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1-ci bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Borcalan tərəfindən kredit üzrə ödənişlər ödəniş qrafikinə uyğun həyata keçirilmədiyindən, nəticədə 18 aprel 2022-ci il tarixə kredit reyestrində Cavabdeh1 adına 914 gecikmə günü qeydə alınmışdır. Bu səbəbdən tərəfimizdən borcalana dəfələrlə telefonla əlaqə saxlanılaraq şifahi, borcalan və zaminin məlum olan sonuncu qeydiyyat ünvanına xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləği dəqiq göstərilməklə borcun icrası tələb edilmişdir. Cavabdeh1 04 iyul 2019-cu il tarixli, KT0407/02 nömrəli kredit müqaviləsinə əsasən 18 aprel 2022-ci il tarixə 603.44 (altı yüz üç manat, qırx dörd qəpik) manat gecikdirilmiş faiz, 1547.13 (bir min beş yüz qırx yeddi manat, on üç qəpik) manat gecikdirilmiş əsas borc olmaqla, ümumilikdə 2150.57 (iki min bir yüz əlli manat, əlli yeddi qəpik) manat kredit borcu var. İddiaçının tələbinin hüquqi həlli ilə bağlı məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat formasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat formasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, həmin Məcəllənin 284-6.1-ci maddəsi ilə müəyyən olunur ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmənin iddianın təmin edilməsi ilə bağlı istinad etdiyi sübutlar iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunaraq məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlardır. Belə ki, iddia ərizəsinə əlavə edilən sənədlərdən iddiaçının öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etməsi aydın olur. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan cavabdehlər Cavabdeh1 Babək rayonu, Cəhri qəsəbəsində, Cavabdeh2 isə Babək rayonu, Hacıvar kəndində rəsmi qeydiyyatda olması müəyyən edilir. İddia ərizəsinin surəti ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq cavabdehlərə rəsmi qaydada verilmiş və onlara iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş günü müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, məhkəməyə Cavabdeh1 və Cavabdeh2 onlara qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu daxil olmamışdır. Mülki iş materiallarına əlavə edilmiş sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamələrdən məhkəmə sənədlərinin cavabdehlərə “05” may 2022-ci ildə təqdim edilməsi sübuta yetirilir. İddiaçının tələbini mülki iş materialları ilə əlaqəli şəkildə öyrənən məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətinə görə isə sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. Mülki işin mübahisəli halının hüquqi həllinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında kredit və Cavabdeh2 ilə isə zaminlik müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 470.1-ci maddəsində qeyd edilir ki, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 04 iyul 2019-cu il tarixli, KT0407/02 nömrəli kredit müqaviləsi üzrə tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər; -müqavilənin 1.1 və 1.2-ci bəndlərinə görə bank borcalana heyvandarlıq üçün 24 ay müddətinə 2000 (iki min) manat məbləğində illik 15 faiz (on beş) dərəcəsi ilə kənd təsərrüfatı kreditinin verilməsini, borcalan isə bank tərəfindən verilmiş kreditin müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürür. Öhdəliyin icrasının borcalanın aylıq gəlirləri və təsərrüfatdan əldə edilən qazanc hesabına həyata keçirləcəkdir; -kredit müqaviləsinin 2.1 və 2.4-cü bəndlərinə əsasən kreditin verilməsi borcalanın cari hesabına köçürmə yolu ilə və yaxud nağd qaydada həyata keçirilir. Müqavilə üzrə verilmiş kredit və hesablanmış faizlər müqaviləyə əlavə edilmiş ödəniş qrafikinə uyğun olaraq borcalan tərəfindən banka nağd və ya köçürmə yolu ilə kredit müddətində tamamən qaytarılır; - qeyd edilən müqavilənin 2.4, 2.6 və 2.7-ci bəndlərindən görünür ki, kreditdən istifadəyə görə faizlərin hesablanması müddəti ssuda hesabı üzrə borcun yaranma tarixindən başlayır və bu borcun qaytarılması tarixində qurtarır. Faizlərin ödənilməsi kreditin qaytarılması ilə birlikdə hər ay həyata keçirilir. Ödənişlər müəyyən dövrlər üzrə həyata keçirildiyi halda faizlərin ödənilməsi tarixi ödəniş aparılan dövrə daxil edilmir. Gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə faizi ödəyir. Faizlər və cərimələr gündəlik olaraq hesablanır və borcalan üçün açılmış müvafiq hesabda qeydə alınır; -müqavilənin 3.1-ci bəndində həmin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyi və onların pozulmasına yol verməməyi borcalandan tələb etmək, borcalan tərəfindən müqavilə şərtləri pozulduqda öhdəliyin icrasını vaxtından əvvəl tələb etmək, müqavilə pozulduğu halda kredit üzrə borcun qaytarılmasını və hesablanmış faizlərin, cərimələrin və müqavilənin 2.11.-ci bəndinə əsasən bankın təsdiqlənmiş xərclərinin ödənilməsini borcalandan tələb etmək bankın hüququ olması təsbit edilib; -həmçinin müqavilənin 4.3-cü bəndində əsasən bank kredit öhdəliyinin icra edilməsinin vaxtından əvvəl tələb edilməsi barədə Borcalanı xəbərdar etdikdən sonra 3 (üç) iş günü müddətində borcalan öhdəliyini qeyd-şərtsiz icra etməlidir; -müqavilənin qüvvədə olma müddəti isə 7.2-ci bəndlə müəyyən edilir ki, həmin bəndə görə müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflər müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalacaqdır. Həm yuxarıda qeyd edilən maddi hüquq normasından (Mülki Məcəllə maddə 739), həm də tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən şərtlərlə kredit məbləğini Cavabdeh1 verilməsi, sonuncunun isə ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri və gecikmə zamanı hesablanmış cərimə məbləğlərini ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərini icra edilməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş materiallarına əlavə edilmiş 04 iyul 2019-cu il tarixli 396 nömrəli kassa məxaric orderi və 18 aprel 2022-ci il tarixə olan hesabdan çıxarış ilə öz təsdiqini tapır. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 04 iyul 2019-cu il tarixdə bağlanmış kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehlərin üzərinə düşsə də onlar bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etmişlər. Əksinə iddia ərizəsinə əlavə olunmuş 04 mart 2022-ci il tarixli, 04/305 nömrəli xəbərdarlıq məktubundan Cavabdeh1 və Cavabdeh2 müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməməsi və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə xəbərdarlıq göndəriməsi aydın olur. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının kredit borcunun və ona hesablanmış faizlərin qaytarılmasına dair tələbi əsaslıdır. Məhkəmə belə hesab edir ki, borcun məbləğinə hüquqi aydınlıq gətirməzdən öncə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı da iddia tələbinə aydınlıq gətirilməlidir. Bununla bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində öhdəliyin icrasının təmin edilməsinin üsullarından biri kimi zaminlik qeyd olunub. Həmin Məcəlləyə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsi ilə müəyyən olunur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 04 iyul 2019-cu il tarixli, ZM0407/02 nömrəli zaminlik müqaviləsində müqavilə tərəfləri üzrə əhəmiyyətli olan aşağıdakı şərtlər barədə razılığa gəlib: - 1-ci bəndə görə zamin bankla borcalan arasında bağlanılmış 04 iyul 2019-cu il tarixli, KT0407/02 nömrəli kredit müqaviləsi üzrə borcalan öhdəliklərini yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış faizlərin banka tam ödənilməsini öhdəsinə götürür; - 2.2-ci bəndin mahiyyətinə əsasən zaminliklə təmin edilmiş öhdəliyin mahiyyəti bankla borcalan arasında bağlanmış 04 iyul 2019-cu il tarixli, KT0407/02 nömrəli kredit müqaviləsinə əsasən verilən kredit, kredit üzrə faizlərinin, cərimələrin və digər xərclərin qaytarılmasından ibarətdir -2.3-cü bəndi ilə müəyyən edilir ki, zamin və borcalan kredit müqaviləsi üzrə borcalanın öhdəliklərini icra etməməsi və icrasının mümkün olmaması zamanı bank qarşısında birgə məsuliyyət daşıyır; -3.1 və 3.2-ci bəndlərin tələbinə görə zaminlik müqavilələri tərəflərin imzalandığı tarixdən qüvvəyə minir, müqavilə borcalanın bank qarşısında 04 iyul 2019-cu il tarixli, KT0407/02 nömrəli kredit müqaviləsi üzrə bütün öhdəliklərinin – kredit və ona hesablanmış faiz, cərimələrin tam ödənilməsinədək qüvvədədir. Tərəflər arasında bağlanmış müqavilənin mahiyyətindən aydın olur ki, Cavabdeh2 04 iyul 2019-cu il tarixli, KT0407/02 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsində isə zaminliyə xitam verilməsinin əsasları qeyd olunsa da, hazırki vəziyyətdə isə mülki iş materiallarından zaminliyə xitam verilməsinin əsasları müəyyən edilmədiyindən və zaminlik müqaviləsinə əsasən Cavabdeh2 bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıması nəzərdə tutulduğundan məhkəmə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı irəli sürdüyü tələbi də əsaslı hesab edir. Cavabdehlərin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəmə baxışı zamanı tədqiq olunmuş sənədlərlə öz təsdiqini tapdığından bununla bağlı onun diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 04 iyul 2019-cu il tarixli, KT0407/02 nömrəli kredit müqaviləsinin 5-ci bəndindən isə aydın olur ki, cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməmişdir Borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş 18 aprel 2022-ci il tarixli, 80 nömrəli maliyyə arayışında Cavabdeh1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 04 iyul 2019-cu il tarixli, KT0407/02 nömrəli müqavilə üzrə 1547.13 (bir min beş yüz qırx yeddi manat, on üç qəpik) manat əsas, 603.44 (altı yüz üç manat, qırx dörd qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2150.57 (iki min bir yüz əlli manat, əlli yeddi qəpik) manat kredit borcunun olması qeyd edilir. Cavabdehlərin hər birindən tutulmalı olan borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 226.2-ci maddəsinin tələbinə görə məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Həmçinin həmin Məcəllənin 218.3-cü maddəsində qeyd edilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda qeyd edilən prosessual hüquq normalarını iddiaçının tələbi ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə qeyd edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə yarınmış borcun müştərək qaydada ödənilməsini tələb edir. Hazırki vəziyyətdə isə iddia tələbindən kənara çıxılması üçün qanuni əsas olmadığından, iddiaçının tələb etdiyi borc cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 41.51 (qırx bir manat, əlli bir qəpik) manat miqdarında dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin olunmalı; - 04 iyul 2019-cu il tarixli, KT0407/02 nömrəli kredit müqaviləsi üzrə 1547.13 (bir min beş yüz qırx yeddi manat, on üç qəpik) manat əsas və 603.44 (altı yüz üç manat, qırx dörd qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2150.57 (iki min bir yüz əlli manat, əlli yeddi qəpik) manat məbləğində borc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; -həmçinin 41.51 (qırx bir manat, əlli bir qəpik) manat məbləğində dövlət rüsumu da Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 240-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. 04 iyul 2019-cu il tarixli, KT0407/02 nömrəli kredit müqaviləsi üzrə 1547.13 (bir min beş yüz qırx yeddi manat, on üç qəpik) manat əsas və 603.44 (altı yüz üç manat, qırx dörd qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2150.57 (iki min bir yüz əlli manat, əlli yeddi qəpik) manat məbləğində borc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Həmçinin 41.51 (qırx bir manat, əlli bir qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar