Məhkəmə qərarları › İş №e-2(079)-217/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-217/2022

25.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-217/2022 25.08.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 və Cavabdeh1 iştirakı ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti 20 aprel 2022-ci ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 24 iyul 2020-ci il tarixli, İK2407/04 nömrəli kredit müqaviləsi üzrə 18 aprel 2022-ci il tarixə olan 2316,73 (iki min üç yüz on altı manat, yetmiş üç qəpik) manat gecikdirilmiş faiz borcu, 4240,22 (dörd min iki yüz qırx manat, iyirmi iki qəpik) manat gecikdirilmiş əsas borc, 58,12 (əlli səkkiz manat, on iki qəpik) manat faiz borcu, 5073,32 (beş min yetmiş üç manat, otuz iki qəpik) manat əsas borc olmaqla, ümumilikdə 11688.39 (on bir min altı yüz səksən səkkiz manat, otuz doqquz qəpik) manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 125.07 (bir yüz iyirmi beş manat, yeddi qəpik) manat miqdarında dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı tərəfindən Cavabdeh1 tərəflər arasında bağlanmış 24 iyul 2020-ci il tarixli, İK2407/04 nömrəli kredit müqaviləsinə əsasən illik 17 faiz dərəcəsi ilə 36 ay müddətinə 10000 (on min) manat məbləğində istehlak krediti verilmişdir. Verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh2 zamin qismində iştirak etdiyi üçtərəfli 24 iyul 2020-ci il tarixli, ZM 2407/04 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Borcalan bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1-ci bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Nəticədə 18 aprel 2022-ci il tarixə kredit reyestrində Cavabdeh1 adına 504 gecikmə günü qeydə alınmışdır. Bu səbəbdən tərəfimizdən borcalanla dəfələrlə telefonla əlaqə saxlanılmış və cavabdehlərə xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləği dəqiq göstərilməklə borcun icrası tələb edilmişdir. Cavabdeh1 tərəflər arasında bağlanmış 24 iyul 2020-ci il tarixli, İK2407/04 nömrəli kredit müqaviləsinə əsasən, 18 aprel 2022-ci il tarixə 2316,73 (iki min üç yüz on altı manat, yetmiş üç qəpik) manat gecikdirilmiş faiz borcu, 4240,22 (dörd min iki yüz qırx manat, iyirmi iki qəpik) manat gecikdirilmiş əsas borc, 58,12 (əlli səkkiz manat, on iki qəpik) manat faiz borcu, 5073,32 (beş min yetmiş üç manat, otuz iki qəpik) manat əsas borc olmaqla, ümumilikdə 11688,39 (on bir min altı yüz səksən səkkiz manat, otuz doqquz qəpik) manat kredit borcu öhdəliyi var. Məhkəmə hazırlıq iclaslarında iddiaçının nümayəndəsi qismində iştirak edən Nümayəndə2 məhkəmədə verdiyi izahatında iddia ərizəsində qeyd edilənləri bildirməklə yanaşı, cavabdehlərin bank qarşısında olan öhdəliyini icra etmədiklərini, bununla bağlı onlara xəbərdarlıq məktubları göndərildiyini, lakin nəticə vermədiyini bildirmişdi. "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 da məhkəmədə verdiyi izahatında iddia ərizəsində qeyd edilənləri bildirməklə yanaşı, cavabdehlərin bank qarşısında olan öhdəliyini icra etmədiklərini, sonuncu ödənişi 05 yanvar 2021-ci ildə 200 manat miqdarında etdiklərini, bununla bağlı onlara xəbərdarlıq məktubları göndərildiyini, banka dəvət edilərək mübahisənin məhkəmədən kənar qaydada həllinə çalışıldığını, lakin onların banka götürülən pula aidiyyəti olmadıqlarını, pulu Murad adlı şəxsə verdiklərini bildirdiklərini, bankın isə onlarla üçüncü şəxslər arasında olan razılaşmaya qarışmadığını, kredit məbləğini onlara verdiyindən borcu da cavabdehlərdən tələb etdiyini qeyd edərək yekunda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdi. Cavabdeh1 məhkəmədə verdiyi izahatında bir gün oğlunun ona pul lazım olduğunu, bu səbəbdən də bankdan pul götürmək istədiyini dediyini, həmçinin oğlunun ona bankdan 10000 manat götürüb ona verməsini xahiş etdiyini, özünün isə bunun nə məqsədlə götürmək istədiyini ondan soruşmadığını, bundan sonra kimliyini oğluna verdiyini, təqribən iki-üç gün sonra oğlunun gəlib onu xəstəxanadan banka apardığını, həmən vaxt özünün korono virus infeksiyasına yoluxduğunu, bu səbəbdən də xəstəxanada müalicə olunduğunu, bankda bir neçə sənədi imzaladıqdan sonra oranın kassasından pulu götürüb oğluna verdiyini, gəlini Aynurun isə ona zamin durduğunu, təqribən 4-5 ay sonra bankdan ona zəng gəldiyini və kreditin ödənilmədiyini ona bildirdiklərini, bundan sonra özünün oğlu ilə əlaqə saxladığını, oğlunun isə ona başına iş gəldiyini ona bildirdiyini, belə ki, bankdan götürdüyü 10000 manat məbləğində krediti dostu Murada verdiyini, onun bir neçə nəfərə borcu yarandığından özünü öldürdüyünü, bu səbəbdən də kreditin ödənilmədiyini oğlunun ona bildirdiyini, Muradın isə əvvəllər onun balaca oğlu ilə birlikdə oxuduğunu, bundan əlavə oğlunun özünün də bankdan pul götürüb həmin Murad adlı şəxsə verdiyini, bankdan onlara dəfələrlə kreditin ödənilməsi ilə bağlı xəbərdarlıq gəldiyini lakin özü işləmədiyindən, əri isə işdən çıxarıldığından krediti ödəyə bilmədiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh2 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə uyğun olaraq Cavabdeh2 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını tədqiq edərək müəyyən edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı ilə Cavabdeh1 arasında 24 iyul 2020-ci il tarixli, İK2407/04 nömrəli kredit və Cavabdeh2 ilə eyni tarixli ZM 2407/04 nömrəli zaminlik müqaviləsinin bağlanması, kredit müqaviləsinə əsasən Cavabdeh1 bankdan illik 17 faizlə 36 ay müddətində 10000 (on min) manat məbləğində kredit götürməsi barədə müqavilə tərəflərinin razılığa gəlmələri işin mübahisəsiz hallarıdır. Bu halların mübahisəsiz olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə edilmiş 24 iyul 2020-ci il tarixli, İK2407/04 nömrəli kredit müqaviləsindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı ilə Cavabdeh1 arasında həmin tarixdə kredit müqaviləsinin bağlanması və müqaviləyə əsasən bankın Cavabdeh1 illik 17 faizlə 36 ay müddətində 10000 (on min) manat kredit verilməsi barədə müqavilə tərəflərinin razılığa gəlmələri; -iddia ərizəsinə əlavə edilmiş 24 iyul 2020-ci il tarixli, ZM 2407/02/04 nömrəli zaminlik müqaviləsindən isə yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə borcalanın bank qarşısında olan əsas öhdəliyinin icrasının təminatı üsulu kimi Cavabdeh2 ilə bank arasında zaminlik müqaviləsinin bağlanması aydın olur. İşin mübahisəli halı isə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 24 iyul 2020-ci il tarixli, İK2407/04 nömrəli kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılmasını tələb etməsidir. İşin mübahisəli halını məhkəmə ona təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar məhkəmədə araşdırılmış sübutlarla qismən öz təsdiqini tapdığından, onun tələbi əsaslı sayıldığı hissədə təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın qismən əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş, həmçinin məhkəmədə tədqiq olunmuş yazılı sübutlar, Cavabdeh1 izahatı və ekspert rəyidir. Məhkəmə mülki işin mübahisəli halının hüquqi həllinə keçməzdən öncə iş üzrə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Mülki işin mübahisəli halının hüquqi həllinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla ilk öncə onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında kredit və Cavabdeh2 ilə isə zaminlik müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 470.1-ci maddəsində qeyd edilir ki, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı ilə Cavabdeh1 arasında bağlanmış 24 iyul 2020-ci il tarixli, İK2407/04 nömrəli kredit müqaviləsi üzrə tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər. Müqavilənin: - 1.1 və 1.2-ci bəndlərinə görə bank borcalana şəxsi istehlak məqsədi üçün 36 ay müddətinə 10000 (on min) manat məbləğində illik 17 (on yeddi) faiz dərəcəsi ilə istehlak kreditinin verilməsini, borcalan isə bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürür. Öhdəliyin icrasının borcalanın aylıq gəlirləri hesabına həyata keçirləcək. Öhdəliyin icrası təminatı zamin, borcalan və bank arasında bağlanan zaminlik müqaviləsi olacaqdır; - 2.1 və 2.4-cü bəndlərinə əsasən kreditin verilməsi borcalanın cari hesabına köçürmə yolu ilə və yaxud nağd qaydada həyata keçirilir. Müqavilə üzrə verilmiş kredit və hesablanmış faizlər müqaviləyə əlavə edilmiş ödəniş qrafikinə uyğun olaraq borcalan tərəfindən banka nağd və ya köçürmə yolu ilə kredit müddətində tamamən qaytarılır; - 3.4, 3.6 və 3.10-cu bəndlərindən görünür ki, kreditdən istifadəyə görə faizlərin hesablanması müddəti ssuda hesabı üzrə borcun yaranma tarixindən başlayır və bu borcun qaytarılması tarixində qurtarır. Faizlərin ödənilməsi kreditin qaytarılması ilə birlikdə hər ay həyata keçirilir. Ödənişlər müəyyən dövrlər üzrə həyata keçirildiyi halda faizlərin ödənilməsi tarixi ödəniş aparılan dövrə daxil edilmir. Gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə faizi ödəyir. Faizlər və cərimələr gündəlik olaraq hesablanır və borcalan üçün açılmış müvafiq hesabda qeydə alınır; - 4.1-ci bəndində həmin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyi və onların pozulmasına yol verməməyi borcalandan tələb etmək, borcalan tərəfindən müqavilə şərtləri pozulduqda öhdəliyin icrasını vaxtından əvvəl tələb etmək, müqavilə pozulduğu halda kredit üzrə borcun qaytarılmasını və hesablanmış faizlərin, cərimələrin və müqavilənin 2.15.-ci bəndinə əsasən bankın təsdiqlənmiş xərclərinin ödənilməsini borcalandan tələb etmək bankın hüququ olması təsbit edilib; - 4.4-cü bəndinə əsasən ödəniş qrafikinə uyğun olaraq hər ay müəyyən edilmiş məbləğdə ödənişləri həyata keçirmək, kreditin bütün məbləğini, ona hesablanmış faizləri, cərimələri və borcun qaytarılması ilə əlaqədar digər xərcləri tamamilə ödəmək, müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək, qeydiyyat ünvanın, faktiki yaşadığı yerin, iş yerinin, adının və soyadının dəyişməsi və bu müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə təsir edə bilən başqa öhdəliklərinin yaranması barədə 3 (üç) iş günü müddətində banka məlumat vermək, məlumatların gizlədilməsi zamanı məsuliyyət daşımaq borcalanın vəzifəsidir; - 5.2-ci bəndində bankın müqavilə üzrə pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə biləcəyin halların dairəsi müəyyən edilib ki, həmin şərtə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini vaxtında yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər; - 8.2-ci bəndi ilə müəyyən edilir ki, həmin bəndə görə müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflər müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalacaqdır. Həm yuxarıda qeyd edilən maddi hüquq normasından (Mülki Məcəllə maddə 739), həm də tərəflər arasında bağlanmış müqavilə şərtlərindən aydın olur ki, razılaşma üzrə bankın müqavilədə göstərilən şərtlərlə kredit məbləğini Cavabdeh1 verilməsi, sonuncunun isə ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri və gecikmə zamanı hesablanmış cərimə məbləğlərini ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərini icra edilməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş materiallarına əlavə edilmiş 24 iyul 2020-ci il tarixli 211 nömrəli xəzinə məxaric orderi və titul hesabı və Cavabdeh1 izahatı ilə öz təsdiqini tapır. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 24 iyul 2020-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehlərin üzərinə düşsə də onlar bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdi. Cavabdeh tələbi qəbul etməyərək bankdan aldığı kredit məbləğini sonradan oğlu tərəfindən Murad adlı şəxsə verilməsini bildirilsə də, o, bankla müqavilə bağlamasını və kassadan özü tərəfindən kredit məbləğinin şəxsən almasını inkar etmir. Məhkəmə cavabdehin nəzərinə çatdırır ki, mülki qanunvericiliyin tələbinə görə şəxsin bağladığı müqavilələrlə bağlı riski onun özü daşıyır. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının kredit borcunun qaytarılmasına dair tələbi əsaslıdır. Məhkəmə belə hesab edir ki, borcun məbləğinə aydınlıq gətirməzdən öncə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı iddia tələbi həll edilməlidir. Bununla bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində öhdəliyin icrasının təmin edilməsinin üsullarından biri kimi zaminlik qeyd olunub. Həmin Məcəlləyə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsi ilə müəyyən olunur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 24 iyul 2020-ci il tarixli, ZM 2407/04 nömrəli zaminlik müqaviləsində tərəflər iş üzrə əhəmiyyətli olan aşağıdakı şərtlər barədə razılığa gəlib. Müqavilənin: - 1-ci bəndinə görə zamin bankla borcalan arasında bağlanılmış 24 iyul 2020-ci il tarixli, İK2407/04 nömrəli kredit müqaviləsi üzrə borcalan öhdəliklərini yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış faizlərin banka tam ödənilməsini öhdəsinə götürür; - 2.1-ci bəndinə görə zamin qeyd olunan kredit müqaviləsinin bütün şərtləri ilə tanış olmuş və borcalan tərəfindən öz öhdəliklərinin icra edilməsinə cavab verməyə, o cümlədən müqavilənin şərtlərinə əsasən bank tərəfindən borcalana şəxsi istehlak məqsədi üçün 36 ay müddətinə 10000 (on min) manat məbləğində illik 17 (on yeddi) faiz dərəcəsi ilə istehlak kreditinin verilməsini, krediti və ona hesablanmış faizləri hər ay ödəniş qrafikinə uyğun ödəməyi, gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə faizi ödəməyə razıdır; -2.3-cü bəndləri ilə müəyyən edilir ki, zamin və borcalan kredit müqaviləsi üzrə borcalanın öhdəliklərini icra etməməsi və icrasının mümkün olmaması zamanı bank qarşısında birgə məsuliyyət daşıyır; -3.1 və 3.2-ci bəndlərin tələbinə görə zaminlik müqavilələri tərəflərin imzalandığı tarixdən qüvvəyə minir, müqavilə borcalanın bank qarşısında 24 iyul 2020-ci il tarixli, İK2407/04 kredit müqaviləsi üzrə bütün öhdəliklərinin - kredit və ona hesablanmış faiz, cərimələrin tam ödənilməsinədək qüvvədədir. Tərəflər arasında bağlanmış müqavilələrin mahiyyətindən aydın olur ki, Cavabdeh2 24 iyul 2020-ci il tarixli, İK2407/04 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsində zaminliyə xitam verilməsinin əsasları qeyd olunsa da, hazırki vəziyyətdə isə mülki iş materiallarından zaminliyə xitam verilməsinin əsasları müəyyən edilmədiyindən və zaminlik müqaviləsinə əsasən Cavabdeh2 bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıması nəzərdə tutulduğundan məhkəmə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin zaminə qarşı irəli sürdüyü tələbi də əsaslı hesab edir. Cavabdehlərin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 24 iyul 2020-ci il tarixli, İK2407/04 nömrəli kredit müqaviləsinin 6-cı bölməsindən isə aydın olur ki, iş üzrə cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş 18 aprel 2022-ci il tarixli, 83 nömrəli maliyyə arayışında Cavabdeh1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ümumilikdə 9313.54 (doqquz min üç yüz on üç manat, əlli dörd qəpik) manat əsas, 2374,85 (iki min üç yüz yetmiş dörd manat, səksən beş qəpik) manat faiz borcunun olması qeyd edilmişdi. Cavabdeh1 iddiaçının tələb etdiyi məbləğlə razılaşmadığından onun vəsatəti əsasında məhkəmə tərəfindən “14” iyun 2022-ci il tarixli qərardadla məhkəməmühasibatlıq ekspertizası təyin olunmuş və ekspertizanın keçirılməsi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdu. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “21” iyul 2022-ci il tarixli, 176 nömrəli ekspert rəyində isə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 24 iyul 2020-ci il tarixli, İK2407/04 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən cavabdehin iddiaçıya 18 aprel 2022-ci il tarixə olan əsas borcunun 9331.54 (doqquz min üç yüz otuz bir manat, əlli dörd qəpik) manat (iddia tələbində qeyd ediləndən 18 manat artıq), faiz borcunun 2066,32 (iki min altmış altı manat, otuz iki qəpik) manat (iddia tələbində qeyd ediləndən 308.53 manat az), cərimə borcunun isə 273,93 (iki yüz doxsan üç manat, doxsan üç qəpik) manat (iddiaçı cavabdehlərdən cərimə borcu tələb etmir) təşkil etməsi qeyd olunmuşdur. Ekspert rəyi iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, onun mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından məhkəmə belə qənaətə gəlmişdir ki, o sübut kimi qəbul ediləndir. Ekspert rəyi ilə əsas borcun miqdarı iddiaçının tələb etdiyi məbləğdən artıq müəyyən edildiyindən, həmçinin cavabdehin iddiaçı qarşısında cərimə borcunun olması da müəyyən edildiyindən bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Eyni zamanda həmin maddə ilə o da müəyyən olunur ki, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırki vəziyyətdə isə iddia tələbindən kənara çıxmaq üçün müstəsnalıq mövcud deyil. Bu səbəbdən də yuxarıda qeyd edilən məbləğlə bağlı iddia tələbi əsas götürülməlidir. Hər bir cavabdehdən tutulmalı olan borcun miqdarı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Qeyd edilən prosessual normanının tələbini, həmçinin zaminlik müqaviləsinə əsasən zaminin borclu ilə birlikdə eyni məsuliyyət daşımasını nəzərə alan məhkəmə belə hesab edir ki, kredit müqaviləsi üzrə yaranmış borc cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumunun 121,31 (bir yüz iyirmi bir manat, otuz bir qəpik) manat miqdarı cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin olunmalı; - 24 iyul 2020-ci il tarixli, İK2407/04 nömrəli kredit müqaviləsi 9313,54 (doqquz min üç yüz on üç manat, əlli dörd qəpik) manat əsas və 2066,32 (iki min altmış altı manat, otuz iki qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 11379,86 (on bir min üç yüz yetmiş doqquz manat, səksən altı qəpik) manat məbləğində kredit borcu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; -həmçinin iddia verilməsi ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş dövlət rüsumunun 121,31 (bir yüz iyirmi bir manat, otuz bir qəpik) manat miqdarı Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməli; -iddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. 24 iyul 2020-ci il tarixli, İK2407/04 nömrəli kredit müqaviləsi 9313,54 (doqquz min üç yüz on üç manat, əlli dörd qəpik) manat əsas və 2066,32 (iki min altmış altı manat, otuz iki qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 11379,86 (on bir min üç yüz yetmiş doqquz manat, səksən altı qəpik) manat məbləğində kredit borcu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Həmçinin iddia verilməsi ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş dövlət rüsumunun 121,31 (bir yüz iyirmi bir manat, otuz bir qəpik) manat miqdarı Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. İddia qalan hissədə əsassız olduğundan rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar