Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-220/2022 14.06.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : İddiaçı Açıq Səhmdar Cəmiyyəti “22” aprel 2022-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının xeyrinə 1783.35 (bir min yeddi yüz səksən üç manat, otuz beş qəpik) manat əsas, 150.09 (bir yüz əlli manat, doqquz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 1933.44 (bir min doqquz yüz otuz üç manat, qırx dörd qəpik) manat borcun, həmçinin ödənilmiş 39.40 (otuz doqquz manat, qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh2 şəxsi (istehlak) məqsədləri üçün 24 (iyirmi dörd) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 2000 (iki min) manat məbləğində kredit verilmiş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 11 mart 2021-ci il tarixli, ******* nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə 11 mart 2021-ci il tarixli, 1036744/21835 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 bank qarşısında öhdəlikləri tam yerinə yetirənədək Cavabdeh1 ona zamin durmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə, borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 16 dekabr 2021-ci il tarixinə əsas borcu 1783.35 (bir min yeddi yüz səksən üç manat, otuz beş qəpik) manat, faiz borcu 150.09 (bir yüz əlli manat, doqquz qəpik) manat, cəmi 1933.44 (bir min doqquz yüz otuz üç manat, qırx dörd qəpik) manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh2 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Bununla da onlar kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmiş və eyni zamanda hesablara, mühasibat uçotuna dəqiq və düzgün əməl etmədiklərindən kredit müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda cavabdehlərin kredit müqaviləsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan əsas və ona hesablanmış faiz borcu 1933.44 (bir min doqquz yüz otuz üç manat, qırx dörd qəpik) manat təşkil edir ki, bu borcun da cavabdehlər tərəfindən ödənilməsi təmin edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaçıya məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdi. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi 26 aprel 2022-ci il tarixdə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə məhkəməyə müraciət edərək bütün məhkəmə iclaslarını onların iştirakı olmadan işə keçirilməsini və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 məhkəmədə verdiyi izahatında iddianı qəbul etdiyini, 2021-ci ilin mart ayında ev tikmək üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətindən iki il müddətinə 2000 manat məbləğində kredit götürdüyünü, Cavabdeh1 ona zamin durduğunu, təqribən 3-4 ay ödəniş etdikdən sonra uşağı xəstələndiyini, bu səbəbdən də kredit borcunu qaytara bilmədiyini, sonuncu dəfə 3-4 ay bundan qabaq banka 93 manat ödəniş etdiyini, hazırda uşağı sağalsa da işsiz olduğundan bankın borcunu qaytara bilmədiyini, bank tərəfindən borcun qaytarılması üçün ona telefonla zəng edildiyini, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddia tələbində qeyd etdiyi miqdarda borcunun olmasını qəbul etdiyini bildirərək yekunda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdi. Digər Cavabdeh1 məhkəmədə verdiyi izahatında iddianı qəbul etdiyini, kərpic zavodunda işləyərkən Cavabdeh2 ilə tanış olduğunu, cavabdehin ona pul lazım olduğunu, bankdan kredit götürmək istədiyini bildirdiyini, özünün də ona zaman durduğunu, Eminin bankdan 2000 manat kredit götürdüyünü, o, borcu ödəmədikdən sonra bankın nümayəəndəsinin ona zəng etdiyini, bundan sonra dəfələrlə Eminlə əlaqə saxlayıb danışdığını, hətta bir dəfə atası ilə onlara getdiyini, hər dəfəsində Eminin ona borcunu ödəyəcəyini bildirdiyini, iddianın təmin edilməsinə etirazının olmadığını bildirmişdi. Mülki iş materiallarını tədqiq edən məhkəmə müəyyən edir ki, Cavabdeh2 ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında kredit müqaviləsinin bağlanması, onun bank qarşısında öhdəliklərinin icrasının təminatı üsulu kimi digər Cavabdeh1 ilə bank arasında zaminlik müqaviləsinin bağlanması mülki işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -mülki iş materiallarında olan 11 mart 2021-ci il tarixli, ******* nömrəli "Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi" müqaviləsindən Cavabdeh2 ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bankın cavabdehə illik 16 faiz dərəcəsi ilə, 24 ay müddətinə 2000 (iki min) manat məbləğində kredit verilməsi barədə tərəflərin razılığa gəlməsi; -mülki iş materiallarında olan 11 mart 2021-ci il tarixli, 1036744/21835 nömrəli zaminlik müqaviləsindən Cavabdeh2 bank qarşısında 11 mart 2021-ci il tarixli, ******* nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı üsulu kimi digər Cavabdeh1 ilə bank arasında zaminlik müqaviləsinin bağlanması aydın olur. İddiaçı Açıq Səhmdar Cəmiyyəti isə Cavabdeh2 ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə yaranmış borcun Cavabdeh2 və Cavabdeh1 tutulmasını tələb edir. İddiaçının tələbini məhkəmə ona təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə təsdiq etdiyindən onun tələbi əsaslı sayılaraq təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilən və məhkəmə iclasında tədqiq olunmuş yazılı sübutlardır. Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinin mahiyyətinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla ilk öncə onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında kredit və Cavabdeh1 ilə isə zaminlik müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 470.1-ci maddəsində qeyd edilir ki, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 11 mart 2021-ci il tarixli, ******* nömrəli kredit müqaviləsi imzalanmış və həmin müqavilə üzrə onlar aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər: - “Müqavilənin predmeti” adlanan 1-ci bəndin mahiyyətinə görə müqavilənin predmetini 24 ay (11.03.2023-dək) müddətinə, illik 16 (FİFD - 16%) faiz dərəcəsi ilə, əsas və faiz borcu üzrə annuitet ödəniş şərtləri ilə, kredit ödənişinin gecikdirilməsinə görə gecikmə baş verdiyi gündən hər gecikdirilən gün üçün kreditin ödənilməmiş hissəsinə görə illik 5 faiz dəbbə müəyyən edilməklə, xidmət üzrə birdəfəlik bank komissiyası müəyyən edilmədən 2000 (iki min) manat kredit məbləğinin "xxxx" ASC tərəfindən Cavabdeh2 verilməsi təşkil edir. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən Cavabdeh2 həmin müqavilə üzrə əldə etdiyi kredit məbləğini 11 aprel 2021-ci ildən başlamaqla 11 mart 2023-cü ilədək hər ay 97,93 (doxsan yeddi manat, doxsan üç qəpik) manat, sonuncu ay isə 97,81 (doxsan yeddi manat, səksən bir qəpik) manat ödəməli olması aydın olur. Həm yuxarıda qeyd edilən maddi hüquq normasından (Mülki Məcəllə maddə 739), həm də müqavilə şərtlərindən aydın olur ki, tərəflər arasında olan razılaşma üzrə iddiaçının müqavilədə göstərilən kredit məbləğini cavabdehə verməsi, sonuncunun isə müqavilə ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri və sair haqları, gecikmə zamanı hesablanmış cərimə məbləğlərini ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir ki, bu həmin hallara da mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş materiallarına əlavə edilmiş 11 mart 2021-ci il tarixli, FJB**********387 nömrəli kassa məxaric orderi ilə öz təsdiqini tapır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin tələbinin əsassızlığı və eyni zamanda iddiaçı ilə Cavabdeh2 arasında 11 mart 2021-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehlərin üzərinə düşsə də onlar bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, əksinə iddia tələbini qəbul etmişlər. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının kredit borcunun qaytarılmasına dair tələbi əsaslıdır . Məhkəmə belə hesab edir ki, borcun məbləğinə hüquqi aydınlıq gətirməzdən öncə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı da iddia tələbinə aydınlıq gətirilməlidir. Bununla bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində öhdəliyin icrasının təmin edilməsinin üsullarından biri kimi zaminlik qeyd olunub. Həmin Məcəlləyə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsi ilə müəyyən olunur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 11 mart 2021-ci il tarixli, 1036744/21835 nömrəli zaminlik müqaviləsində müqavilə tərəfləri üzrə əhəmiyyətli olan aşağıdakı şərtlər barədə razılığa gəlib. Müqavilənin: - 1.1-ci bəndinə əsasən “Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 11 mart 2021-ci ildə bağlanmış ******* nömrəli kredit müqaviləsi əsasında borc alana veriləcək 2000 (iki min) manat məbləğində kreditlə əlaqədar olaraq borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür; - 2.1, 2.2 və 2.3-cü bəndlərində qeyd edilir ki, müqavilə ilə zaminliklə təmin olunan öhdəliyin əsası 11 mart 2021-ci il tarixdə bağlanmış müqavilədir. Təmin olunmuş müqavilənin predmeti borcalana veriləcək 2000 (iki min) manat məbləğində kreditdir. Müqavilə ilə təmin olunmuş öhdəliyin icrası müddəti borcalanın bank qarşısında 11 mart 2021-ci il tarixində bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinə yetirilənədəkdir; - 3.1-ci bəndi ilə müəyyən edilir ki, zamin bank qarşısında borcalanın 11 mart 2021ci il tarixində bağlanmış kredit müqaviləsi üzrə banka olan kredit və faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komissiya, dəbbə pulu, məhkəmə xərcləri və s. üçün məsuliyyət daşıyır; - 5.1-ci bəndinin tələbinə görə borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin bank qarşısında bu müqavilənin 3-cü bəndində göstərilən məbləği bankın ilk tələbində heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür və “Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətində və digər banklarda hesablarında olan vəsaitin bank tərəfindən tutulmasına icazə verir; - 6.1-ci bəndində göstərilir ki, müqavilənin qüvvədə olma müddəti borcalanın 11 mart 2021-ci ildə bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərinin bank qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. Tərəflər arasında bağlanmış müqavilənin mahiyyətindən aydın olur ki, Cavabdeh1 11 mart 2021-ci il tarixli, ******* nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsində zaminliyə xitam verilməsinin əsasları qeyd olunsa da, hazırki vəziyyətdə isə mülki iş materiallarından zaminliyə xitam verilməsinin əsasları müəyyən edilmədiyindən və zaminlik müqaviləsinə əsasən Cavabdeh1 bank qarşısında Cavabdeh2 ilə eyni həcmdə məsuliyyət daşıması nəzərdə tutulduğundan məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı irəli sürdüyü tələbi də əsaslı hesab edir. Cavabdehlərin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim olunmuş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş Cavabdeh2 16 dekabr 2021-ci il tarixə olan borcu barədə maliyyə arayışında onun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə əsas borcdan 216,65 (iki yüz on altı manat, altmış beş qəpik) manat, faiz borcundan isə 79,35 (yetmiş doqquz manat, otuz beş qəpik) manat ödəməsi qeyd olunur. Eyni zamanda həmin sənəddə onun 1783.35 (bir min yeddi yüz səksən üç manat, otuz beş qəpik) manat məbləğində əsas borcu, 150.09 (bir yüz əlli manat, doqquz qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 1933.44 (bir min doqquz yüz otuz üç manat, qırx dörd qəpik) manat məbləğində kredit borcunun olması göstərilib. Hər bir cavabdehdən tutulmalı olan borcun miqdarı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Qeyd edilən prosessual normanının tələbini, həmçinin zaminlik müqaviləsinə əsasən zaminin borclu ilə birlikdə eyni məsuliyyət daşımasını nəzərə alan məhkəmə belə hesab edir ki, kredit müqaviləsi üzrə yaranmış borc cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumunun 39.40 (otuz doqquz manat, qırx qəpik) manat miqdarı cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -11 mart 2021-ci il tarixli, ******* nömrəli kredit müqaviləsi üzrə 1783.35 (bir min yeddi yüz səksən üç manat, otuz beş qəpik) manat əsas, 150.09 (bir yüz əlli manat, doqquz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 1933.44 (bir min doqquz yüz otuz üç manat, qırx dörd qəpik) manat məbləğində kredit borcu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; -iddia təmin olunduğundan onun verilməsi ilə bağlı olaraq iddiaçı tərəfindən ödənilmiş 39.40 (otuz doqquz manat, qırx qəpik) manat miqdarında dövlət rüsumu Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 240-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia təmin olunsun. 11 mart 2021-ci il tarixli, ******* nömrəli kredit müqaviləsi üzrə 1783.35 (bir min yeddi yüz səksən üç manat, otuz beş qəpik) manat əsas, 150.09 (bir yüz əlli manat, doqquz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 1933.44 (bir min doqquz yüz otuz üç manat, qırx dörd qəpik) manat məbləğində kredit borcu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia təmin olunduğundan onun verilməsi ilə bağlı olaraq iddiaçı tərəfindən ödənilmiş 39.40 (otuz doqquz manat, qırx qəpik) manat miqdarında dövlət rüsumu Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №e-2(079)-220/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-220/2022
14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver