Məhkəmə qərarları › İş №e-2(079)-245/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-245/2025

10.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-245/2025 10.04.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 27 fevral 2025-ci ildə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, CavabdehİddiaçıASC-nin xeyrinə 11094.66 AZN əsas; 812.44 AZN faiz, cəmi 11907.10 AZN pul vəsaitinin və 125.72 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən ona illik 20 faiz dərəcəsi ilə 48 ay müddətinə 13280.14 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə yuxarıda qeyd olunan Kredit müqaviləsinə əsasən 11094,66 AZN əsas; 812,44 AZN faiz; cəmi 11907,10 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış Kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən Maliyyə arayışı, pul vəsaitinin cavabdehə nəğd qaydada verilməsini təsdiq edən Xəzinə Məxaric orderi, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladığımız Bildiriş məktubu və məktubun göndərilməsini sübut edən Poçt reyestridir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında 2020-ci ildə İddiaçı-dan kredit götürdüyünü, 2023-cü ilin sentyabr ayında isə krediti yenilədiyini, sonuncu dəfə 2025-ci ilin yanvar ayı 300 manat ödəniş etdiyini, atasının səhhətində problemlər olduğundan müalicə olunması üçün onu Türkiyə Respublikasına apardığını, bu səbəbdən də məcbur qalıb işdən çıxdığını və krediti vaxtında ödəyə bilmədiyini, borcunun olduğunu və ödəməyə heç bir etiraz etmədiyini, hazırda borcunu bir dəfəyə ödəməyə maddi imkanının olmadığını bildirmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək iddiaçı tərəf kimi məhkəməyə iddia ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədləri məhkəməyə təqdim edildiyini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılması mümkünlüyünü əsas gətirərək, iddia ərizəsinin tam əsaslı və qanuni olduğunu, yuxarıda göstərilənləri, iddia ərizəsində qeyd etdiklərini, nəzərə alaraq məhkəmədən mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmış olması, İddiaçı ASC tərəfindən borcalana gündəlik təlabat məqsədilə kreditinin verilməsi (13280.14 AZN kredit məbləğinin cavabdehə təqdim edilməsi), cavabdehə öhdəliyin icrası tələbilə xəbərdarlıq edildiyi aşağıda sadalanan yazılı sübutlarla öz təsdiqini tapır. Belə ki, mülki iş materiallarında olan: - xx.xx.2023-cü il tarixli, RGTK3601143B500 nömrəli müqavilədən İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmış olması, bank tərəfindən borcalana gündəlik tələbat məqsədi ilə 48 ay müddətinə, müəyyən müddətə, məqsədli istifadə, qaytarılmaq faizlər ödənilmək və təminatlılıq şərtilə 13280.14 AZN məbləğində kredit verilməsini bankın öhdəsinə götürməsi barədə razılıq əldə olunması aydın olur. İş materiallarına əlavə olunmuş kredit müqaviləsindən belə məlum olur ki, tərəflər borc müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır: - müqavilənin 1-ci bəndinin müvafiq yarımbəndlərinə əsasən kreditor müqavilənin şərtlərinə uyğun olaraq borcalana müəyyən müddətə, məqsədli istifadə, qaytarılmaq, faizlər ödənilmək və təminatlılıq şərtilə 13280.14 AZN (on üç min iki yüz səksən səkkiz manat, on dörd qəpik) məbləğində kredit verilməsini öhdəsinə götürür, borcalan krediti əldə edən zaman birdəfəlik 131.49 (bir yüz otuz bir manat, qırx doqquz qəpik) AZN xidmət haqqı ödəyir və aldığı krediti və kredit üzrə hesablanacaq faizləri bu müqavilədə göstərilən müddətdə və qaydada kreditora qaytarmağı öhdəsinə götürür. Kredit borcalanın cari hesabına köçürmə yolu ilə verilir. Kredit 48 ay meddətinə verilir. Müddət kreditin faktiki verildiyi tarixdən hesablanır. - müqavilənin 2.3 və 2.4-cü bəndinə əsasən kredit üzrə faizlər ildə 360, ayda 30 təqvim günü götürülməklə kreditin borcalana verildiyi gündən faktiki qaytarıldığı günədək, kreditdən istifadə edilmiş günlərin faktiki sayına görə əsas borcun qalıq məbləğinə hesablanır. Kredit üzrə əsas və faiz borcu kreditin verildiyi valyutada ödənilir. - müqavilənin 2.7-ci ödəniş qrafiki üzrə müəyyən edilmiş aylıq ödənişlərdən artıq edilmiş məbləğ Müştərinin cari hesabında saxlanılır və ödəniş qrafiki üzrə növbəti ödəniş vaxtı bu müqavilənin 2.6-cı bəndində əks edilmiş silinmə ardıcıllığına müvafiq olaraq borcun silinməsinə yönəldilir. Ödəniş edilən gün ərzində müştərinin istəyi əsasında artıq ödənilmiş vəsait əsas borcun silinməsinə yönləndirilə bilər. - 3.2.1, 3.2.2, 3.2.3-cü bəndlərinə əsasən borcalan kredit öhdəliyini vaxtından əvvəl icra edə bilər, kreditor bu müqavilənin 3.1.4-cü bəndində nəzərdə tutulmuş hallarda öhdəliyin icrasını vaxtından əvvəl tələb etdikdə borcalan bu müqavilə üzrə borclarını 10 (on) təqvim günü ərzində kreditora qaytarmalıdır, bu Müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişləri kreditora ödəməlidir. - 5.2-ci bəndinə əsasən X2 imzalandığı gündən qüvvəyə minir və Tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək, o cümlədən məhkəmə qətnaməsi çıxarıldıqdan sonra hesablanmış faizlər, dəbbə pulu, maliyyə sanksiyası, tutmanın ipoteka predmentinə yönəldilməsi ilə bağlı çəkilən xərclər tam ödənilənədək qüvvədə qalır. -5.6-cı bəndin tələbinə görə bu Müqavilənin icrası ilə əlaqədar Tərəflər arasında yaranmış mübahisələr Azərbaycan Respublikasının məhkəmələri tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən həll olunur. İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. MM-in 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. MM-in 744.1-ci maddəsinə görə kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. MM-in 744.2-ci maddəsinə görə kredit müqaviləsində ən azı aşağıdakılar göstərilməlidir: 744.2.1. borcverənin adı və ünvanı; 744.2.2. borcalanın adı və ünvanı; 744.2.3. kreditin məbləği və valyutası; 744.2.4. kreditin qaytarılma müddəti və ödəniş şərtləri; 744.2.5. kreditin təyinatı; 744.2.6. kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği, həmçinin faktiki illik faiz dərəcəsi (müqavilə üzrə dəyişən faiz dərəcəsi şərtləşdirildikdə, ilkin faktiki illik faiz dərəcəsi) tətbiq edildikdə, kredit üzrə faizlərin tutulmadığı müddət barədə aydın və dəqiq məlumat. Məhkəmə iddiaçı tərəfindən razılaşdırılmış kredit məbləğinin cavabdehə verilibverilməməsi və cavabdeh tərəfindən iddiaçı qarşısında öhdəliyin lazımınca icra edilibedilməməsi ilə bağlı işin mübahisəli halları barədə aşağıdakıları qeyd etməyi zəruri sayır. MM-in 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə kreditin borcalana verilməsidir. İddia ərizəsinə əlavə olunmuş 13 sentyabr 2023-cü il tarixli kassa məxaric orderindən iddiaçının müqavilədən irəli gələn öhdəliyini icra etməsi, İddiaçı ASC tərəfindən 13280.14 manat pulun Cavabdeh verildiyi məlum olur. Belə ki, borcalan öz imzası ilə orderdə göstərilmiş məbləği aldığını təsdiq etmişdir Müqaviləyə əlavə - ödəniş qrafikindən isə belə məlum olur ki, cavabdehin iddiaçı qarşısında əsas öhdəliyi 48 ay müddətində hər ay əsas və faiz borcundan ibarət 404.12 manat, sonuncu ay isə 411.22 manat borcu iddiaçıya qaytarmaq olmuşdur. Bank tərəfindən borcalana xəbərdarlıq göndərilərək bildirilmişdir ki, 13 sentyabr 2023cü il tarixli kredit müqaviləsinə əsasən 48 ay müddətinə, illik 20 faiz hesablanmaqla, 13280.14 manat məbləğində restrukturizasiya olunmuş gündəlik tələbat kreditinin verildiyi və bu kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə əsas borc məbləğinin 11094.66 manat, faiz borc məbləği 1112.44 manat olmaqla, 12207.1 manat məbləğində ümumi borc, gecikmə günü 125 gün olmaqla 2239.88 manat məbləğində gecikmə yarandığı, qrafikə uyğun ödəniş aparılmadığı üçün kredit borcları üzrə tam borc məbləğinin ödənilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən bank qarşısında olan öhdəliyinin lazımınca icra edildiyini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamış, cavabdeh tərəfindən iddiaya qarşı etiraz irəli sürülməmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli müqavilə üzrə çıxarışdan 160 gecikmə günü, 2183.5 manat gecikmə məbləği olmaqla 11094.66 (on bir min doxsan dörd manat, altmış altı qəpik) manat əsas, 812.44 (səkkiz yüz on iki manat, qırx dörd qəpik) manat faiz borcunun qaldığı bəlli olur. xx.xx.2023-cü il tarixli, RGTK3601143B500 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə olan maliyyə arayışından Cavabdeh kredit müqaviləsi üzrə 11094.66 manat əsas, 812.44 manat faiz borcu olmaqla, cəmi 11907.10 manat borcunun olduğu müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan əsas və faiz borcunun qaytarılması barədə tələbi əsaslıdır. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2) Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan MM-in 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MPM-in 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, xx.xx.2023-cü il tarixli, RGTK3601143B500 saylı kredit müqaviləsi üzrə 11094.66 (on bir min doxsan dörd manat, altmış altı qəpik) manat əsas, 812.44 (səkkiz yüz on iki manat, qırx dörd qəpik) manat faiz borcu üzrə olmaqla, cəmi 11907.10 (on bir min doqquz yüz yeddi manat, on qəpik) manat borc Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı sayıldığından MPM-in 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu 125.72 (bir yüz iyirmi beş manat, yetmiş iki qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 284-6.1, 284-6.2, 358.0.3, 360 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli, RGTK3601143B500 saylı kredit müqaviləsi üzrə 11094.66 (on bir min doxsan dörd manat, altmış altı qəpik) manat əsas, 812.44 (səkkiz yüz on iki manat, qırx dörd qəpik) manat faiz borcu üzrə olmaqla, cəmi 11907.10 (on bir min doqquz yüz yeddi manat, on qəpik) manat borc Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 125.72 (bir yüz iyirmi beş manat, yetmiş iki qəpik) miqdarında dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar