Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-260/2024 05.04.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X2 Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə yazılı icraat qaydasında tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X5 05 mart 2024-cü ildə iddia ərizəsi ilə müraciət edərək, iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 3557.00 AZN, faiz borcuna görə 990.80 AZN, cərimə borcuna görə 242.04 AZN, cəmi 4789.84 (dörd min yeddi yüz səksən doqquz manat, səksən dörd qəpik) AZN məbləğində borcun və 67.90 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, iddiaçı "FİNCA Azerbaijan” MMM QBKT ilə Cavabdeh1 arasında xx.xx.2023-cU il tarixli **********3163 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 3900 (üç min doqquz yüz manat) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 218 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləgi Kredit Alana nagdsız qaydada,yəni balansında verilmiş kredit məbləgi həcmində pul vəsaiti olan,uzərində "Fincard" adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Həmçinin, kredit muqaviləsinə uzrə yaranmış ohdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********3163 - ******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh1 əsas borc üzrə 3557.00 AZN, faiz borcuna görə 990.80 AZN, cərimə borcuna görə 242.04 AZN, cəmi 4789.84 (dörd min yeddi yüz səksən doqquz manat, səksən dörd qəpik) AZN təşkil edir. Kredit Müqaviləsinin 6.2-ci bəndinə əsasən Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, Kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin Kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. İş üzrə cavabdehlərə rəsmi qaydada verilmiş məhkəmə bildirişlərində iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda 10 gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunsa da, cavabdehlər tərəfindən iddiaya qarşı etiraz, etirazının dəlilləri və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında borc (kredit) müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. MM-in 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. MM-in 744.1-ci maddəsinə görə kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. MM-in 744.2-ci maddəsinə görə kredit müqaviləsində ən azı aşağıdakılar göstərilməlidir 744.2.1. borcverənin adı və ünvanı; 744.2.2. borcalanın adı və ünvanı; 744.2.3. kreditin məbləği və valyutası; 744.2.4. kreditin qaytarılma müddəti və ödəniş şərtləri; 744.2.5. kreditin təyinatı; 744.2.6. kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği, həmçinin faktiki illik faiz dərəcəsi (müqavilə üzrə dəyişən faiz dərəcəsi şərtləşdirildikdə, ilkin faktiki illik faiz dərəcəsi) tətbiq edildikdə, kredit üzrə faizlərin tutulmadığı müddət barədə aydın və dəqiq məlumat. Mülki iş materiallarını əlavə olunmuş sənədlərdən aydın olur ki, "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X5 ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixdə kredit müqaviləsinin bağlanması, müqavilənin təminatı olaraq zaminlik müqaviləsinin bağlanması, bankın müştəriyə biznes məqsədləri, ailə kəndli təsərrüfatının yaradılması və ya genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə 3900 (üç min doqquzs) manat məbləğində kredit verdiyi, həmin məbləğin cavabdehə (əsas borclu) təqdim edildiyi aşağıda sadalanan yazılı sübutlarla öz təsdiqini tapır. Belə ki, mülki iş materiallarında olan: - xx.xx.2023-cü il tarixli, **********3163 nömrəli tərəflərin imzaladığı kredit müqaviləsindən tərəflər arasında kredit müqaviləsinin bağlanması; - məxaric orderindən 3751.8 (üç min yeddi yüz əlli bir manat səksən qəpik) manat məbləğində kredit məbləğinin tutulmalar çıxıldıqdan sonra Cavabdeh1 tərəfindən təhvil alındığı; - xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsindən "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X5 ilə Cavabdeh2 arasında zaminlik müqaviləsinin bağlanması; İş materiallarına əlavə olunmuş kredit müqaviləsindən belə məlum olur ki, tərəflər kredit müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Belə ki: - kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit verən kredit alana sonuncunun biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün 24 ay müddətinə 3900 manat məbləğində pul vəsaitini verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri və digər ödənişləri, vaxtında kredit verənə ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öhdəsinə götürür; - kredit müqaviləsinin 1.2-ci bəndinə əsasən kredit üzərində 28.00% illik faiz (bundan sonra “nominal faiz”) hesablanacaqdır və Nominal Faiz ilin 360 gündən ibarət olması nəzərə alınmaqla həqiqi ötən günlər əsasında hesablanacaqdır; - müqavilənin 1.4-cü bəndinə əsasən Kredit Alan kredit üzrə əsas borcu və faizləri bu Müqavilənin tərkib hissəsi olan "Kreditin qaytarılması cədvəlinə" müvafiq olaraq ödəyir. Ödəniş cədvəlinə əsasən ödənişlər kredit məbləğindən və faiz ödənişlərindən ibarət olub aylıq bərabər hissələrlə həyata keçirilir. Kredit alan kredit məbləğinin bir hissəsini və kreditdən istifadəyə görə faizi kreditin ödəmə günündən gec olmayaraq təyin olunmuş vaxtda manat ilə ödəməyi öhdəsinə götürür. - müqavilənin 1.5-ci bəndinə əsasən kredit üzrə faktiki illik faiz dərəcəsi 34% təşkil edir. - müqavilənin 1.6-cı bəndinə əsasən kredit Kredit alana “FİNCARD” kredit kartı vasitəsilə və ya kredit alanın bank hesabına köçürülməklə verilir. - müqavilənin 2.1.4-cü bəndinə görə Kredit alan tərəfindən müqavilə şərtlərinə əməl edilmədikdə və ya Kredit Alanın əmlak vəziyyətinin pisləşməsinə əsas verən hallar mövcud olduqda, kredit verənin kreditin dərhal qaytarılmasını tələb etmək və bu müqavilə ilə nəzərdə tutulan cərimə sanksiyalarını tətbiq etmək hüququ vardır. - müqavilənin 3.2.1, 3.2.3-cü bəndlərinə əsasən kredit alan krediti faizləri ilə birlikdə və Cədvələ uyğun tərzdə qaytarmaq, kreditdən təyinatı üzrə istifadə etmək kimi vəzifələr daşıyır; - müqavilənin 4.1-ci bəndinə əsasən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi dövriliyi və qaydası tərəflər arasında yazılı formada razılaşdırılmış və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəniş Cədvəli ilə müəyyən edilir. - müqavilənin 6.2-ci bəndinə əsasən kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 iş günü ərzində krediti və ona olan digər ödənişləri ödəmədikdə kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin kredit alana təqdim edilməməsi kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. - müqavilənin 7.1-ci bəndinə əsasən bu müqavilə tərəflər tərəfindən imzalandığı gündən qüvvəyə minərək kredit alanın krediti, hesablanmış faizləri və digər bu müqavilə üzrə nəzərdə tutulan ödənişləri tam surətdə ödəyib qurtaranadək qüvvədə olacaqdır. Razılaşmanın şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə kreditin Cavabdeh1 verilməsidir. İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış zaminlik müqaviləsi ilə tərəflər razılığa gəlmişlər ki: - zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin (Cavabdeh2) xx.xx.2023-cü il tarixli, **********3163 nömrəli kredit müqaviləsinə əsasən (“kredit müqaviləsi”), həmin müqavilə üzrə kredit alan olan Cavabdeh1 (“kredit alan”) tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Kredit Müqaviləsinə əsasən kredit alan 24 ay müddətində 3900.00 AZN məbləğində pul vəsaitini illik 28.00 faiz dərəcəsi ilik kredit verənə qaytarmağı öz öhdəsinə götürmüşdür; - zaminlik müqaviləsinin 1.2-ci bəndinə əsasən zamin bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan öhdəliyini kredit alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi barədə kredit verən tərəfindən göndərilən və ya təqdim edilən xəbərdarlığı aldıqdan 3 (üç) gün sonra icra etməyə borcludur; - zaminlik müqaviləsinin 1.5-ci bəndinə əsasən zamin bu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya tam şəkildə yerinə yetirdiyi təqdirdə, kredit verənə öz tələblərini zaminin əmlakına yönəldə bilər; - zaminlik müqaviləsinin 1.6-cı bəndinə əsasən zamin bu müqavilə üzrə üzərinə düşən bütün öhdəlikləri tam şəkildə yerinə yetirdikdən sonra, ödədiyi bütöv məbləği öhdəlik kireditoru kimi kredit alandan tələb etmək hüququnu qazanır. Lakin bu hüquq heç bir halda zaminin kredit verən qarşısında olan öhdəliklərinin icrasına təsir etməməlidir; - zaminlik müqaviləsinin 2.1-cı bəndinə əsasən tərəflər razılaşırlar ki, kredit alan öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və kredit alan, kredit verən qarşısında birgə məsuliyyət daşıyırlar. Kredit verənin hüququ var ki, öhdəlik üzrə hər bir borclunu, həm kredit alan, həm zamini ayrıca olaraq öhdəliyə görə tam məsuliyyət daşımağa məcbur etsin. Kredit verənin seçimi heç bir halda mübahisə predmeti ola bilməz; - zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə və nümayəndəlik xərclərinin və kredit alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kredit verənə dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kredit verən qarşısında kredit alan ilə eyni həcmdə məsuliyyət daşıyır; - zaminlik müqaviləsinin 3.1-cı bəndinə əsasən bu müqavilə kredit verənin tələblərinin tam şəkildə ödənildiyi vaxta qədər qüvvədə olacaq; - zaminlik müqaviləsinin 3.6-cı bəndinə əsasən bu müqavilə tərəflər arasında zaminlik münasibətlərini tam şəkildə əhatə edir və tərəflərin qarşılıqlı hüquq və vəzifələri yalnız bu müqavilə və qanunvericiliyin müvafiq müddəaları ilə tənzimlənir. Bu müqaviləyə daxil edilməyən hər hansı yazılı və ya şifahi razılaşmanın heç bir hüquqi əhəmiyyəti yoxdur. Bu müqaviləyə əlavə və dəyişiklər yalnız hər iki tərəf tərəfindən imzalandıqdan sonra qüvvəyə minir. Məhkəmə belə hesab edir ki, kredit müqaviləsindən irəli gələn öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyindən, əsas borclu ilə yanaşı, zaminlərin də “Zaminlik müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliyə əsasən əsas borclu ilə birgə məsuliyyəti yaranmışdır. Zamin olan cavabdehlər tərəfindən iddiaya qarşı etiraz verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsi ilə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmamışdır. Zaminliyə xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir İş materiallarında olan kredit kartının mədaxil aktından belə məlum olur ki, xx.xx.2023cü il tarixli kredit müqaviləsini imza edənlərdən kredit alan təsdiq edir ki, kredit məbləği nağdsız qaydada yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan üzərində “Fincard” adı qeyd edilmiş **********778718 saylı kredit kartında təqdim edilmiş, kredit alan isə təsdiq edir ki, **********778718 saylı kredit kartı açıq formada, həmin karta məxsus olan və həmin kartda olan pul vəsaitinin nağdlaşdırılması, eləcə də həmin kart vasitəsilə digər əməliyyatların aparılması üçün tələb edilən PİN kod isə xüsusi möhürlənmiş bağlı zərfdə ona təqdim edilmiş və onun tərəfindən təhvil alınmışdır. Həmçinin kredit alan təsdiq edir ki, həmin kredit məbləğinin ona təqdim edilmiş kredit balansında olmaması və ya əksik olması ilə bağlı iddia və ya etirazı olarsa ən geci 3 gün ərzində kredit verənə yazılı formada bildirməli və həmin müddət ərzində məlumat verməməsi gələcəkdə bununla bağlı hər hansı iddiasının olmaması kimi qəbul ediləcəkdir. Bu akt kredit alan tərəfindən imzalandığı andan kredit məbləği kredit alana təqdim edilmiş sayılır. Mədaxil aktı iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən iddiaçının müqavilədən irəli gələn öhdəliyini icra etməsi, "xxxx" Qeyri-Bank Kredit Təşkilatı tərəfindən tutulmalardan sonra 3751.8 (üç min yeddi yüz əlli bir manat səksən qəpik) manat pulun Cavabdeh1 verildiyi məlum olur. Belə ki, borcalan öz imzası ilə orderdə göstərilmiş məbləği aldığını təsdiq etmişdir. Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kreditin ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 "xxxx" Qeyri-Bank Kredit X1rşısında əsas öhdəliyi 218.00 ay müddətində hər ayın müvafiq günündə banka olan əsas və faiz borcundan ibarət 188.00 manat məbləğində ödənişi, sonuncu ay isə 132 manat ödənişi həyata keçirməkdir. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli Kredit analizi/təsdiqi formasından müəyyən olunur ki, 24 ay müddətinə, 28 illik faiz dərəcəsi ilə, 3900 (üç min doqquz yüz) manat məbləğində Cavabdeh2 zaminliyi ilə kreditin kənd təsərrüfatı-quşçuluq biznes növü ilə bağlı Cavabdeh1 verildiyi, müştərinin ümumi gəlir və xərc məlumatlarının göstərildiyi müəyyən olunur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli Maliyyə Arayışından Cavabdeh1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 3557.00 (üç min beş yüz əlli yeddi manat), faiz borcuna görə 990.80 (doqquz yüz doxsan manat səksən qəpik) manat, cərimə borcuna görə 242.04 (iki yüz qırx iki manat dörd qəpik) manat olmaqla cəmi 4789.84 (dörd min yeddi yüz səksən doqquz manat səksən dörd qəpik) borcunun olması aydın olur. Məhkəmə iddia tələbinin faiz borcuna dair hissəsi ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən borclu 3900 manat kreditə görə 24 ay müddətində ümumilikdə 1302.00 manat faiz borcu ödəməyi öhdəsinə götürmüşdür. Kreditorun müqavilənin 2.1.4-cü bəndinə əsasən kredit alan tərəfindən müqavilə şərtlərinə əməl edilmədiyindən kreditin dərhal qaytarılmasını tələb etmək hüququ yaranmış və müqavilə müddətinin bitməsindən əvvəl bütün kredit borcu borc alandan tələb olunmuşdur. Məhkəmə qeyd edir ki, bu zaman borc alanın yalnız əsas borcun onda olduğu müddət ərzində kreditdən istifadəyə görə faiz ödəmək öhdəliyi vardır. Belə ki, Mülki Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 36.6-cı maddəsinə əsasən kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır. Belə olan halda kredit verən tərəfindən bütün əsas borc məbləğinin vaxtından əvvəl tələb olunması ilə eyni zamanda müqavilə müddətinin sonuna kreditdən istifadəyə görə faizlərin də tələb olunması hüquqdan sui-istifadə olmaqla yolverilməzdir. Borc alan tərəfindən kredit məbləğinin qaytarılacağı halda kreditdən istifadəyə görə faizlərin hesablanmasından söhbət gedə bilməz. Sözügedən hal iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş maliyyə arayışında qeyd edilmiş məbləğlərlə müəyyən olunur. Ödəniş qrafikinə əsasən kredit alanın məhkəməyə müraciət edildiyi - ödəniş qrafikinə uyğun olaraq xx.xx.2024-cü il tarixə ödəməli olduğu faiz borcu ümumilikdə 741 (yeddi yüz qırx bir) manat olmuşdur. Maliyyə arayışına görə kredit alan xx.xx.2024-cü il tarixə faiz borcu üzrə 311.00 manat ödəniş etmişdir və cəmi 430.00 (dörd yüz otuz) manat faiz borcu qalığı vardır. Kredit verən tərəfindən tələb olunan əlavə 560.80 manat məbləğində əlavə faiz borcu isə müqavilə müddətinin sonuna olan bütün faiz borcudur (990.80-430=560.80). Bu səbəbdən də məhkəmə iddia tələbini faiz borcuna dair hissədə qismən əsaslı hesab edir. İddia tələbinin cərimənin ödənilməsi tələbinə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Müqavilənin 5.1-ci maddəsinə əsasən tərəflər razılaşmışlar ki, kredit alan kreditin ödənilməsi üzrə öhdəliyi vaxtlı-vaxtında yerinə yetirmədiyi və ödəniş cədvəlində göstərilən kreditdən istifadəyə görə faizləri və kreditin əsas məbləğini ödəmədiyi təqdirdə kredit alan kredit verənin xeyrinə gecikdirilmiş əsas məbləğin 1%-i məbləğində dəbbə pulunu təqvim üzrə hər yubanma günü üçün ödəməyə borcludur. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin dəbbə pulunun miqdarına münasibətdə məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından isə görünür ki, borcalan 3557.00 manat (üç min beş yüz əlli yeddi manat) əsas borca münasibətdə 242.04 manat (iki yüz qırx iki manat dörd qəpik) cərimənin tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ əsas borca mütənasib hesab oluna bilməz və cavabdehdən tutulmalı dəbbə pulunun məbləği müqavilə üzrə 177.85 (bir yüz yetmiş yeddi manat səksən beş qəpik) manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Məhkəmə belə hesab edir ki, kredit müqaviləsindən irəli gələn öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyindən, əsas borclu ilə yanaşı, zaminlərin də “Zaminlik müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliyə əsasən əsas borclu ilə birgə məsuliyyəti yaranmışdır. Zamin olan cavabdehlər tərəfindən iddiaya qarşı etiraz verilməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli **********3163 saylı kredit müqaviləsinə əsasən 3557.00 (üç min beş yüz əlli yeddi manat) manat əsas, 430.00 (dörd yüz otuz) manat faiz borcu, 177.85 (bir yüz yetmiş yeddi manat səksən beş qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 4164.85 manat (dörd min bir yüz altmış dörd manat səksən beş qəpik) borc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X4 ödənilməli, iddia qalmış hissədə rədd edilməlidir. Məhkəmə belə hesab edir ki, tələb qismən əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan 59.04 manat (əlli doqquz manat dörd qəpik) dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli **********3163 saylı kredit müqaviləsinə əsasən 3557.00 (üç min beş yüz əlli yeddi manat) manat əsas, 430.00 (dörd yüz otuz) manat faiz borcu, 177.85 (bir yüz yetmiş yeddi manat səksən beş qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 4164.85 manat (dörd min bir yüz altmış dörd manat səksən beş qəpik) borc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X4 ödənilsin. İddia qalmış hissədə rədd edilsin. 59.04 manat (əlli doqquz manat dörd qəpik) dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X4 ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-260/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-260/2024
05.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver