Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-263/2023 05.05.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 12 aprel 2023-cü ildə Babək Rayon Məhkəməsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə müraciət edərək, cavabdehlər – Cavabdeh1 və Cavabdeh2 30 avqust 2019-cu il tarixli, İK3008/09 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 2659.47 (iki min altı yüz əlli doqquz manat 47 qəpik) manat əsas borc, 628.90 (altı yüz iyirmi səkkiz manat 90 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 3 288.37 (üç min iki yüz səksən səkkiz manat 37 qəpik) manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 52.88 (əlli iki manat 88 qəpik) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq borcalanın "xxxx" ASC-də olan bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı tərəfindən Cavabdeh1 tərəflər arasında bağlanmış 30 avqust 2019-cu il tarixli, İK3008/09 saylı kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 36 ay müddətinə 6 000 (altı min) manat məbləğində kredit verilmişdir. Verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh2 zamin qismində iştirak etdiyi üçtərəfli 30 avqust 2019-cu il tarixli, ZM3008/09 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Borcalan Bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1-ci bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Bu səbəbdən tərəfimizdən Borcalanla dəfələrlə telefonla əlaqə saxlanılmış və Borcalan və Zaminə xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləği dəqiq göstərilməklə borcun icrası tələb edilmişdir. İddiaçının tələbinin əsaslandığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, zaminlik müqaviləsi, kredit borcuna dair maliyyə arayışı, kredit ödənişləri cədvəli və kassa məxaric orderidir. Kredit müqaviləsinin 6.1-ci maddəsinə əsasən müəyyənləşdirilmişdir ki, tərəflər bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsinə görə qarşı tərəfə vurduğu ziyana görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Kredit müqaviləsinin 2.10-cu maddəsinə əsasən müəyyənləşdirilmişdir ki, gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə hesablanır. Kredit müqaviləsinin 7.2-ci maddəsinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflər müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən Zamin kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış faizlərin kreditora tam ödənilməsini öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin 2.2-ci bəndində isə Zamin Borcalanın kreditor qarşısında Kredit müqaviləsinin yerinə yetirilməsinə, kredit və ona hesablanmış faizlərin və cərimələrin ödənilməsinə, Borcalan tərəfindən Kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklərin icrası üzrə borcların tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla Borcalanla birlikdə eyni həcmdə məsuliyyət daşıması müəyyənləşdirilir. Cavabdeh1 tərəflər arasında bağlanmış 30 avqust 2019-cu il tarixli, İK3008/09 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 2659.47 (iki min altı yüz əlli doqquz manat 47 qəpik) manat əsas borc, 628.90 (altı yüz iyirmi səkkiz manat 90 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 3 288.37 (üç min iki yüz səksən səkkiz manat 37 qəpik) manat kredit borcu öhdəliyi var. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. İş üzrə cavabdehlərə rəsmi qaydada verilmiş məhkəmə bildirişlərində iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunsa da, cavabdeh tərəfindən iddiaya qarşı etiraz, etirazının dəlilləri və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında borc (kredit) müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, «Naxçıvan Bank” ASC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, İK 3008/09 nömrəli kredit müqaviləsi imzalanmış və tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan, Mülki Məcəllə ilə nəzərdə tutulmuş müvafiq müqavilənin şərtləri ilə bağlı imperativ normalarla ziddiyyət təşkil etməyən şərtlər barədə razılığa gəlmişlər: Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır: - müqavilə predmetini Bankın Borcalana şəxsi istehlak üçün 36 ay müddətinə 6000 manat (altı min) məbləğində illik 17% (on yeddi) dərəcəsi ilə istehlak kreditinin verilməsi, Borcalanın isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürməsi təşkil edir; - öhdəliyin icrası Borcalanın aylıq gəlirləri hesabına həyata keçiriləcəkdir. - Öhdəliyin icrasının təminatı Zamin, borcalan və bank arasında bağlanan zaminlik müqaviləsi olacaqdır; - kreditin verilməsi Borcalanın cari hesabına köçürmə yolu ilə və yaxud nağd qaydada həyata keçirilir; - kredit məbləği borcalana illik 17% dərəcəsi ilə verilir, faizlər annuitet qaydada hesablanır, nəticədə kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) illik 17.71%dir. - Kredit, ona hesablanmış faizlər və cərimələrin ödənilməsi kreditin verildiyi valyuta ilə müqaviləyə əlavə edilən ödəniş qrafikinə uyğun olaraq həyata keçirilir; - kredit üzrə borcun ödənilməsi tarixi (faizlərin, cərimələrin ödənilməsi) vəsaitlərin kassaya və ya Bankın müxbir hesabına daxil olan tarix və ya müştərinin Bankda açdığı hesabından vəsaitlərin silinməsi tarixi hesab olunur. - kreditdən istifadəyə görə faizlərin hesablanması müddəti ssuda hesabı üzrə borcun yarandığı tarixdən başlayır və bu borcun qaytarılması tarixində qurtarır... - faizlər və cərimələr gündəlik olaraq hesablanır və borcalan üçün açılmış müvafiq hesabda qeydə alınır. - müqavilə üzrə borcun qaytarılması üçün borcalan tərəfindən hesaba köçürülən məbləğ ödəniş sənədində göstərilən ödənişin təyinatından asılı olmayaraq aşağıdakı növbəliliklə ödənişə istifadə olunur: ödənilməmiş faizlər və cərimələr, əsas məbləğ üzrə vaxtı keçmiş borclar, hesablanmış faiz və əsas məbləğ üzrə müddətli borclar; - borcalan tərəfindən müqavilə şərtləri pozulduqda Bankın öhdəliyin icrasını vaxtından əvvəl tələb etmək hüququnun olması müəyyən edilir; - tərəflər bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsinə görə qarşı tərəfə vurduğu ziyana görə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır. - müqavilənin qüvvədə olduğu müddət ərzində tərəflər arasında müqavilə ilə əlaqədar yaranan mübahisələrin qarşılıqlı anlaşma və razılıq yolu ilə biri digərinin hüququnu pozmadan həll edilməsi, tərəflər mübahisələrin həlli haqqında razılığa gəlmədikdə mübahisənin məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edə biləcəkləri nəzərdə tutulmuşdur. Mülki iş materiallarında olan xx.xx.2019-cu il tarixli, ZM 3008/09 nömrəli Zaminlik müqaviləsinin 1-ci bəndinə görə isə X1rşısında xx.xx.2019-cu il tarixli, İK 3008/09 nömrəli kredit müqaviləsi üzrə borcalanın bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış faizlərin Banka tam ödənilməsini öhdəsinə götürür. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə görə X1rşısında 30 avqust 2019-cu il tarixli İK3008/09 nömrəli kredit müqaviləsinin yerinə yetirilməsinə, kredit və ona hesablanmış faizlərin və cərimələrin ödənilməsinə, Borcalan tərəfindən Kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklərin icrası üzrə borcların tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Banka dəyən digər zərərin ödənilməsi də daxil olmaqla Borcalanla birlikdə eyni həcmdə məsuliyyət daşıyır. Müqaviləyə görə Borcalanın Bank qarşısında xx.xx.2019-cu il tarixli, İK 3008/09 nömrəli kredit müqaviləsi üzrə bütün öhdəliklərinin- kredit və ona hesablanmış faiz və cərimələrin tam ödənildiyi günə kimi qüvvədədir. Razılaşmanın şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə kreditin Cavabdeh1 verilməsidir. Ərizəyə əlavə olunmuş xx.xx.2019-cu il tarixli kassa məxaric orderindən iddiaçının müqavilədən irəli gələn öhdəliyini icra etməsi, "xxxx" ASC tərəfindən tutulmalardan sonra 5946.00 manat məbləğin Cavabdeh1 ödənildiyi məlum olur. Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan əlavə - ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 «Naxçıvan Bank” ASC qarşısında əsas öhdəliyi 36 ay müddətində hər ayın müvafiq günündə banka olan əsas və faiz borcundan ibarət 213.92 manat, sonuncu ay isə 215.81 manat məbləğində ödənişi həyata keçirməkdir. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilənin mühüm şərtləri barədə tələb olunan formada razılıq əldə olunmuş, kreditor borcalan qarşısında öhdəliyini lazimınca icra edərək razılaşdırılmış krediti borcalana vermişdir. Cavabdehlər isə öhdəliyi lazımınca icra etmələri ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Kredit müqaviləsindən irəli gələn öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyindən, əsas borclu ilə yanaşı, zaminin də “Zaminlik müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliyə əsasən əsas borclu ilə birgə məsuliyyəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsi ilə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehlərə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (425.2) Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia ərizəsinə əlavə edilmiş Cavabdeh1 xx.xx.2019-cu il tarixli, İK3008/09 nömrəli Kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə olan borcu barədə Maliyyə Arayışından cavabdehin iddiaçı təşkilata əsas borc üzrə 2659.47 manat, faiz borcu üzrə 628.90 manat borcunun qaldığı müəyyən olunur. İddia ərizəsinə əlavə olunmuş cavabdehin müqavilə üzrə kredit hesabından çıxarışı, sübutetmə yükünün bölüşdürülməsinin ümumi qaydasını nəzərə alan məhkəmə belə hesab edir ki, iddia tam qanuni və əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 2659.47 (iki min altı yüz əlli doqquz manat qırx yeddi qəpik) manat əsas borc, 628.90 (altı yüz iyirmi səkkiz manat doxsan qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 3 288.37 (üç min iki yüz səksən səkkiz manat otuz yeddi qəpik) manat borc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 52.88 (əlli iki manat səksən səkkiz qəpik) dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. 2659.47 (iki min altı yüz əlli doqquz manat qırx yeddi qəpik) manat əsas borc, 628.90 (altı yüz iyirmi səkkiz manat doxsan qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 3 288.37 (üç min iki yüz səksən səkkiz manat otuz yeddi qəpik) manat borc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh1 və Cavabdeh2 52.88 (əlli iki manat səksən səkkiz qəpik) miqdarında dövlət rüsumu müştərək qaydada alınaraq «Naxçıvan Bank” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-263/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-263/2023
05.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver