Məhkəmə qərarları › İş №e-2(079)-266/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-266/2024

17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-266/2024 17.04.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 11 mart 2024-cü ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4900 AZN əsas, 248.51 AZN faiz borcu olmaqla, cəmi 5148.51 AZN pul vəsaitinin və 71.49 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli GTZK2472149B299 saylı Kredit müqaviləsinə əsasən onun kartına müddəti 35 ay, illik 19 faiz dərəcəsi ilə 4900 AZN məbləğində pul mədaxil edilmişdir. Daha dəqiq desək kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və hesabdan çıxarışdır. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 4900 AZN əsas; 248,51 AZN faiz; cəmi 5148,51 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. 13 mart 2024-cü il tarixdə iddiaçının nümayəndəsi məhkəməyə ünvanlandığı ərizədə İddiaçı ASC-nin cavabdehə qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, mülki işin məhkəmə iclasının xx.xx.2024-cü il tarixə təyin edildiyini, iddiaçı tərəf kimi məhkəməyə iddia ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədləri məhkəməyə təqdim etdiklərini, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasının mümkün olduğunu, iddia ərizəsinin tam əsaslı və qanuni olduğunu, mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi məhkəməyə ünvanlandığı ərizədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasının mümkün olduğunu, iddia ərizəsinin tam əsaslı və qanuni olduğunu, mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinə əlavə olunmuş Cavabdeh İddiaçı ASC-ə ünvanlandığı xx.xx.2023-cü il tarixli ərizələrində müvafiq olaraq gündəlik tələbat məqsədləri üçün İddiaçı ASC tərəfindən 4900 manat məbləğində, 35 ay müddətinə GTZK2472149B299 nömrəli müqavilə və 100 manat məbləğində, BRCB2472148B299 nömrəli müqavilə ilə Birbank kartı verilməsini, kreditin qaytarılması və ondan istifadəyə görə faizlərin ödəniş mənbəyini aylıq gəlirlərinin təşkil edəcəyini və s bildirmişdir. Mülki iş materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmış olması, cavabdehə öhdəliyin icrası tələbilə xəbərdarlıq edildiyi işin mübahisəsiz hallarıdır. Belə ki, mülki iş materiallarında olan: - 17 iyul 2023-cü il tarixli, GTZK2472149B299 saylı müqavilədən "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmış olması, borcalana Bank tərəfindən gündəlik tələbat məqsədilə 35 ay müddətinə 4900 manat (dörd min doqquz yüz) manat məbləğində illik 19% dərəcəsi ilə kreditin verilməsi barədə razılıq əldə olunması; - 17 iyul 2023-cü il tarixli, BRCB2472148B299 nömrəli müqavilədən tərəflər arasında kredit xətti müqaviləsinin bağlanmış olması, cavabdehə ödəniş kartının verildiyi, həmin kartla şəxsi istehlak məqsədilə bərpaolunan kredit xəttinin ayrıldığı, müvafiq hesabların açıldığı; - 21 fevral 2024-cü il tarixli bildirişdən və siyahıdan "xxxx" ASC tərəfindən cavabdehə öhdəliyin icrası tələbilə xəbərdarlıq edildiyi aydın olur. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. İş materiallarına əlavə olunmuş kredit müqaviləsindən belə məlum olur ki, tərəflər borc müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır: - müqavilənin 1-ci bəndinin müvafiq yarımbəndlərinə əsasən kreditor müqavilənin şərtlərinə uyğun olaraq gündəlik tələbat məqsədilə 35 ay müddətinə borcalana 4900 manat (dörd min doqquz) məbləğində krediti kreditdən istifadəyə görə borcalanın illik 19 faiz (faktiki illik faiz dərəcəsi 19.02 %) ödəməsi şərtilə cari hesaba köçürmə yolu ilə verməyi, borcalan isə aldığı krediti və kredit üzrə hesablanacaq faizləri müqavilədə göstərilən müddətdə və qaydada kreditora qaytarmağı öhdəsinə götürür; - müqavilənin 1.1.8-ci bəndinə görə müqavilə üzrə müştəri tərəfindən ödənilən vəsaitlər ilk olaraq dəbbə pulu, xidmət haqları, faiz borcları və əsas borcun ödənilməsinə yönəldilir. - müqavilənin 2.1-ci bəndinə görə bank kreditdən istifadə edilməsi və ödənilməsi üçün müştərinin adına cari hesab və kredit uçotunun aparılması üçün isə kredit hesabı açır. - müqavilənin 2.3-cü bəndinə görə kredit üzrə faizlər ildə 360, ayda 30 təqvim günü götürülməklə kreditin borcalana verildiyi gündən faktiki qaytarıldığı günədək kreditdən istifadə edilmiş günlərin faktiki sayına görə əsas borcun qalıq məbləğinə hesablanır. Kredit üzrə əsas və faiz borcu kreditin verildiyi valyutada ödənilir. - müqavilənin 2.8, 2.8.1-ci yarımbəndlərinə əsasən borcalan tərəfindən bu müqavilə üzrə borcların vaxtında ödənilməsi müddətləri pozulduqda kreditor kreditin hesablanmış faizi və digər borcları ilə birlikdə vaxtından əvvəl qaytarılmasını vaxtından əvvəl tələb edə bilər. - müqavilənin 3.2.2-ci bəndinə əsasən kreditor müqavilənin müqavilədə nəzərdə nəzərdə tutulmuş hallarda öhdəliyin icrasını vaxtından əvvəl tələb etdikdə borcalan krediti, kredit üzrə hesablanmış istifadə faizlərini və digər borcları 10 (on) iş günü müddətində kreditora qaytarmalıdır; - müqavilənin 5.2-ci bəndinə əsasən müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir, qarşılıqlı razılıqla həll edilməyən məsələlər AR məhkəmələri tərəfindən AR qanunvericiliyinə uyğun olaraq həll olunur. - müqavilənin 5.4-cü bəndinə əsasən müqavilə tərəflər onu imzaladığı gündən qüvvəyə minir, tərəflər müqavilə üzrə öz öhdəliklərini tam icra edənədək, habelə qətnamə çıxarıldıqdan sonra hesablanmış faizlər, dəbbə pulu və s. borclar tam ödənilənədək qüvvədə qalır. Bank bu müqaviləyə birtərəfli qaydada xitam verə bilər. İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. MM-in 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. MM-in 744.1-ci maddəsinə görə kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. MM-in 744.2-ci maddəsinə görə kredit müqaviləsində ən azı aşağıdakılar göstərilməlidir 744.2.1. borcverənin adı və ünvanı; 744.2.2. borcalanın adı və ünvanı; 744.2.3. kreditin məbləği və valyutası; 744.2.4. kreditin qaytarılma müddəti və ödəniş şərtləri; 744.2.5. kreditin təyinatı; 744.2.6. kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği, həmçinin faktiki illik faiz dərəcəsi (müqavilə üzrə dəyişən faiz dərəcəsi şərtləşdirildikdə, ilkin faktiki illik faiz dərəcəsi) tətbiq edildikdə, kredit üzrə faizlərin tutulmadığı müddət barədə aydın və dəqiq məlumat. Razılaşmanın şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə kreditin Cavabdeh verilməsidir. İş materiallarına əlavə olunmuş kredit sifarişi və akseptsiz silinməyə dair razılıq ərizəsinə əsasən 27 faiz dərəcəsi ilə, 59 ay müddətinə, 100 Azn məbləğində kreditin Cavabdeh aid 410100F**********299 cari hesaba köçürmə yolu ilə verildiyi müəyyən edilir. İddia ərizəsinə əlavə edilmiş çıxarışa əsasən Cavabdeh kreditin əldə edilməsi üçün linkin sms olaraq göndərildiyi, sözügedən link vasitəsilə kredit müqaviləsi, ərizə, ödəniş qrafiki, vergi rezidentliyinin müəyyən edən, borcalan barədə ümumi məlumatları əks etdirən sənədlər siyahısının tədim edildiyi və 4890 manat kreditin Cavabdeh hesabına məxaric edildiyi müəyyən olunur. Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan əlavə - ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı ASC qarşısında əsas öhdəliyi 35 ay müddətində hər ayın müvafiq günündə banka olan əsas və faiz borcundan ibarət 183.43 manat, sonuncu ay isə 185.45 manat məbləğində ödənişi həyata keçirməkdir. Bank tərəfindən borcalana kredit müqaviləsinə uyğun ödəniş aparmadığından vaxtı keçmiş borcun yaranması barədə bildirilərək borcun ödənilmədiyi təqdirdə müqavilə şərtlərinə uyğun olaraq borcalan barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. Cavabdeh tərəfindən bank qarşısında olan öhdəliyinin lazımınca icra etdiyini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022 xx.xx.2024-cü il hesabat tarixləri aralığının əks etdirən hesabdan çıxarışa əsasən bank tərəfindən Cavabdeh üçün AZ90AİİB410100F**********299 nömrəli hesabın xx.xx.2023-cü il tarixdə açıldığı, valyutanın AZN olaraq müəyyən edildiyi, GTZK2472149B299 saylı müqaviləyə əsasən 4900 manat məbləğində kreditin ayrıldığı və cavabdehin hesabına köçürüldüyü, 4900 manat əsas, 248.51 manat faiz olmaqla cəmi 5148.51 manat borcunun qaldığı müəyyən olunur. xx.xx.2024-cü il tarixli, 2024/104/5954 nömrəli maliyyə arayışından xx.xx.2024-cü il tarixə cavabdehin müqavilə üzrə iddiaçıya 4900 manat əsas, 248.51 manat faiz olmaqla cəmi 5148.51 manat borcunun qaldığı məlum olur. Mülki iş materiallarını bir-birilə əlaqəli şəkildə hərtərəfli qiymətləndirən məhkəmə belə hesab edir ki, müqavilə üzrə hesabdan çıxarış borcun miqdarına münasibətdə mötəbər sübut kimi qəbul edilib nəzərə alınmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2) Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Sonda məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4900 manat (dörd min doqquz yüz) əsas, 248.51 manat (iki yüz qırx səkkiz manat əlli bir qəpik) faiz borcu olmaqla, cəmi 5148.51 manat (beş min bir yüz qırx səkkiz manat əlli bir qəpik) məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 71.49 manat (yetmiş bir manat qırx doqquz qəpik) dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4900 manat (dörd min doqquz yüz) əsas, 248.51 manat (iki yüz qırx səkkiz manat əlli bir qəpik) faiz borcu olmaqla, cəmi 5148.51 manat (beş min bir yüz qırx səkkiz manat əlli bir qəpik) məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 71.49 manat (yetmiş bir manat qırx doqquz qəpik) miqdarında dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar