Məhkəmə qərarları › İş №e-2(079)-269/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-269/2024

30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-269/2024 30.05.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında şifahi icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “11” mart 2024-cü il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında (yazılı icraat qaydasında) "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 1733.88 (bir min yeddi yüz otuz üç manat, səksən səkkiz qəpik) manat əsas, 307.28 (üç yüz yeddi manat, iyirmi səkkiz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2041.16 (iki min qırx bir manat, on altı qəpik) manat məbləğində borcun, həmçinin ödənilmiş 40.41 (qırx manat, qırx bir qəpik) manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, onunla cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsi ilə) bağlanmış 21 yanvar 2023-cü il tarixli, BUMM9203712A299 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 2500 (iki min beş yüz) manat məbləğində kredit verilmişdi, Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin 04 mart 2024-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 1733.88 (bir min yeddi yüz otuz üç manat, səksən səkkiz qəpik) manat əsas və 307.28 (üç yüz yeddi manat, iyirmi səkkiz qəpik) manat faiz borcu yaranmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən dəfələrlə şifahi xəbərdarlıq edilməsinə və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) onun tərəfindən bu günədək borcun tutulması təmin edilməmişdi. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ərizəsi məhkəmənin 12 mart 2024-cü il tarixli qərardadı ilə icraata qəbul edilmiş, onun ərizəsinin surətini cavabdehə rəsmi qaydada göndərmiş, ona iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdu. İddiaçının ərizəsinin surətini alan cavabdeh 27 mart 2024-cü ildə ona qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət etdiyindən məhkəmənin eyni tarixli qərardadı ilə Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə icraatın kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatdan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçirilməsi qərara alınmışdı. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iddiaçıya mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qayada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Əkbərov X1 Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə “25” aprel 2024-cü il tarixdə Babək Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə qarşı kredit borcunun qaytarılması tələbinə dair məhkəməyə müraciət etdiklərini, mülki işin məhkəmə iclasının 30 may 2024-cü il tarixə təyin edildiyini, məhkəməyə iddia ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədlərin məhkəməyə təqdim edildiyini, məhkəmədən mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmədə verdiyi izahatında özünün Umico tətbiqi vasitəsi ilə mobil telefon və planşet aldığını, onların dəyərini, yəni 2500 manat məbləğində pulu bankın ödədiyini, özünün isə həmin pulu illik 36 faizlə banka qaytarmalı olduğunu, işsiz olduğundan məhsulu götürdükdən sonra 2-3 ay ödəniş edə bilmədiyini, daha sonra müxtəlif vaxtlarda yeddi dəfə ödəniş etdiyini, bunu təsdiq edən qəbzlərin surətlərini məhkəməyə təqdim etdiyini, özünün yaranmış borcla bağlı banka müraciət etdiyini, ona yaranmış 540 manat məbləğində faiz borcunun ödədikdən sonra aylıq ödənişləri davam edə biləcəkləri barədə razılığa gələ biləcəyini dediklərini, özünün isə bankın faizinin çox olmasını düşündüyünü, işləmədiyi üçün yaranmış borcu ödəyə bilmədiyini, həmçinin təyin edilmiş faizi də ödəməyə gücünün çatmadığını bildirmişdi. Məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək müəyyən edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 21 yanvar 2023cü il tarixli, BUMM9203712A299 nömrəli kredit müqaviləsinin bağlanması mülki işin mübahisəsiz halıdır. Bu fakt iddia ərizəsinə əlavə edilmiş müqavilə ilə öz təsdiqini tapır. İddiaçının tələbi isə cavabdehlə aralarında bağlanmış kredit müqaviləsi üzrə yaranmış borcun Cavabdeh tələb etməsidir. İddiaçının tələbini məhkəmə ona təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə təsdiq edildiyindən onun tələbi əsaslı sayılaraq təmin olunmalıdır. Məhkəmənin iddianın əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş yazılı sübutlar və cavabdehin məhkəmədə verdiyi izahatdır. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətindən görünür ki, sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla məhkəmə bildirir ki, tərəflər mülki hüquq münasibətləri olmuş və onlar arasında borc müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İddiaçının tələbi Cavabdeh ilə onun arasında bağlanmış 21 yanvar 2023-cü il tarixli, BUMM9203712A299 nömrəli kredit və hesab müqaviləsinə əsaslandığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən tərəflər arasında bağlanmış müqavilələrin etibarlı olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; - 324.4-cü maddəsinin tələbinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; - 329.1 və 329.2-ci maddələri ilə müəyyən edilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; - 331.1-ci maddəsinin tələbinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır(tərəflər arasında müqavilə bağlanan zaman qüvvədə olan redaksiya); -331.3-cü maddəsinə əsasən əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir (tərəflər arasında müqavilə bağlanan zaman qüvvədə olan redaksiya);; -331.5-ci maddəsində qeyd edilir ki, əqdlərin elektron ticarət zamanı bağlanılması və elektron imza ilə təsdiq edilməsi ilə bağlı məsələlər elektron ticarət haqqında və elektron sənəd dövriyyəsinə dair Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir; - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (tərəflər arasında müqavilə bağlanan zaman qüvvədə olan redaksiya); - 740.2-ci maddəsi ilə müəyyən edilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (tərəflər arasında müqavilə bağlanan zaman qüvvədə olan redaksiya). Tərəflər arasında bağlanmış 21 yanvar 2023-cü il tarixli, BUMM9203712A299 nömrəli müqaviləni yuxarıda qeyd edilən maddi hüquq normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə müqavilə tərəflərinin qanunvericiliyin tələbinə əməl etməklə müqavilə bağlaması öz təsdiqini tapır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21 yanvar 2023cü il tarixli, BUMM9203712A299 nömrəli kredit və hesab müqaviləsindən görünür ki, tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər. Müqavilənin; -1.1-ci bəndində qeyd edilir ki, bank müştəriyə istehlak məqsədləri üçün bərpa olunan kredit xətti (bundan sonra “kredit xətti” və ya “kredit”) ayırır, kreditin istifadəsi ilə bağlı müvafiq hesab(lar) açır, müştəri isə həmin kreditdən yalnız “Umico MarketPlace” platforması (“Platforma”) üzərindən satıcı-partnyor şirkətlərin (bundan sonra birlikdə və ya ayrı-ayrılıqda “Partnyor” və ya “Partnyorlar”) mal (əşya) və xidmətlərinin alınması üçün istifadə edir və yaranmış borclarını (əsas və faiz borcu, xidmət haqqı, dəbbə pulu və s.) müqavilə ilə müəyyən edilmiş qaydada banka geri ödəyir; -2.1-2.5-ci bəndlərinin tələbinə görə kreditin növü əşya krediti olub, platformada təqdim edilən malların və xidmətlərin alınması üçün verilir. Kredit xətti məbləği 2500 (iki min beş yüz) manatdır. Kreditdən istifadə müddəti müqavilənin imzalandığı tarixdən 36 (otuz altı) ay, kredit müqaviləsinin müddəti isə müqavilənin imzalandığı tarixdən 59 (əlli doqquz) ay təşkil edir. Kredit illik 27 (iyirmi yeddi) faiz (faktiki illik faiz dərəcəsi - FİFD: 26,29 (26 tam yüzdə 29) faiz) dərəcəsi verilir. - 3.1- 3.4-cü bəndlərdə qeyd edilir ki, müştəri "xxxx" MMC-yə (“Platforma sahibi”) məxsus https://umico.az internet saytında və ya “Umico” mobil tətbiqində yerləşən Platformada qeydiyyatdan keçdikdən (şəxsi kabinet yaratdıqdan) sonra “MarketPlace”-də müvafiq partnyor şirkət(lər)in təqdim etdiyi əşya və ya xidmətləri seçir və Platformadakı şəxsi kabinetində olan səbətə əlavə edir. Bundan sonra, Müştəri səbətə əlavə edilmiş əşya (mal) və ya xidmətlərin dəyərinin ödənilməsi üsulu kimi Platformada kreditlə ödəniş üsulu üçün ayrılmış müvafiq xananı klikləyir. Nəticədə, Müştəri kreditin əldə edilməsi üçün müraciət etmək məqsədilə Platformada Bankın müəyyən etdiyi formada və məzmunda yerləşdirilmiş elektron pəncərəsinə yönləndirilir. Platformanın müvafiq elektron pəncərəsində kredit əldə etmək üçün tələb edilən zəruri məlumatları daxil etməklə və müvafiq xanaları klikləməklə müştəri tərəfindən kredit müraciəti təsdiqlənir. Müştərinin müvafiq kredit müraciətində qeyd etdiyi əlaqə vasitələrilə (elektron poçt ünvanı, mobil nömrə, şəxsi kabinet) müştəri ilə əlaqə saxlanılır. Əlaqə vasitələrindən hansının seçiləcəyini Bank öz mülahizəsinə əsasən müəyyən edir. Müraciət əsasında müştəri Bank tərəfindən Azərbaycan Respublikası qanunvericiliyi, Azərbaycan Respublikası Mərkəzi Bankının normativ sənədləri və Bankın daxili qaydalarına əsasən qiymətləndirilir (skorinq olunur). Skorinqin nəticəsində Müştərinin məlumatları kreditin əldə edilməsi üçün zəruri tələblərə uyğun gəldikdə Müştəriyə bu barədə Platformadakı şəxsi kabineti vasitəsilə müsbət cavab verilir. Müsbət cavab verildiyi təqdirdə müştəri ilə bu kredit müqaviləsi rəsmiləşdirilir. Rəsmiləşdirmə məqsədləri üçün Müştərinin bu Müqavilənin rekvizitlər hissəsində göstərilən mobil nömrəsinə bir dəfəlik gizli kod (OTP - one-time password) göndərilir və bununla kredit müqaviləsini imzalayır (habelə, paralel olaraq, müqavilənin imzalanması üçün Bank tərəfindən zəruri hesab edildikdə, Müştəri ilə audi və ya videozənglə əlaqə saxlanıla da bilər). Rəsmiləşdirilmənin nəticəsində Müştəriyə bu Müqavilənin məqsədləri üçün bərpa olunmayan kredit xətti ayrılır. Bu kredit xətti dəyəri kredit üsulu ilə ödəniləcək hər bir əşya və ya xidmətlərə müvafiq olaraq yaradılmış kredit tranşlarından (kredit xətti hissələrindən) ibarət olur. Kredit tranşı müvafiq alınmış mal və ya xidmətin vergi daxil dəyəri əsasında formalaşan kreditin əsas məbləğindən, mal/xidmətin çatdırılma/təhvil xərclərinin dəyərindən və bu Müqavilə üzrə müvafiq tranş üçün ödənilməli bank komissiyasının məbləğindən təşkil olunur. Hər bir kredit tranşı üzrə bu Müqavilədə müəyyən edilmiş məbləğdə və qaydada faizlər hesablanır. Kredit tranşının tərkib hissəsini təşkil edən məbləğlər toplandıqdan sonra dövri onluq kəsrlər yarandıqda, yekun məbləğ Bank tərəfindən yüzdəbirlərədək yuvarlaşlaşdırılır: - 5.1 və 5.3-cü bəndlərinə görə bank, kreditin ödənilməsi və istifadəsi üçün Müştərinin adına müvafiq kredit hesabı açır. Kredit bu Müqavilə üzrə açılmış kredit hesabına köçürmə yolu ilə verilir. Bu Müqavilə üzrə açılmış cari hesab üzərindən istifadə edilir. Müştəri bu müqavilə üzrə kredit xətti limitindən hər hansı digər istiqamətlərdə, təyinatlarda və ya üsullarla nağdsız istifadə edə, habelə, kredit xətti məbləğini nağdlaşdıra bilməz; - 8.1 və 8.1.2-ci bəndərinin mahiyyətindən aydın olur ki, bankın müqavilə ilə nəzərdə tutulmuş hallarda kreditin hesablanmış faizi və digər borcları ilə birlikdə qaytarılmasını müştəridən vaxtından əvvəl tələb etmək hüququ var; - 8.2 və 8.2.3, 8.2.4-cü bənlərinə əsasən bank bu müqavilədə nəzərdə tutulmuş hallarda öhdəliyin icrasını vaxtından əvvəl tələb etdikdə müştəri krediti, kredit üzrə hesablanmış istifadə faizlərini və digər borcları ən geci 10 (on) iş günü müddətində qaytarmalıdır. Müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit üzrə ödənişləri banka ödəməlidir. Müştəri əsas borc məbləğinə illik faiz məbləğindən əlavə, bu müqavilə üzrə borcların ödənilməsini gecikdirdiyi halda hər gecikdirilən gün üçün gecikdirilmiş əsas borc məbləğinin 1 %-i miqdarında dəbbə pulu ödəyir (və ya dəbbə pulu Müştərinin Bankda olan hesab(lar)ından silinir); - 9.6-cı bəndi ilə müəyyən edilir ki, müştəri və bank təsdiq edir ki, SMS vasitəsilə göndərilmiş bildirişin müştəri tərəfindən təsdiq edilməsi, habelə ATM, ödəniş terminalı və ya Bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrlə (bundan sonra - texnoloji vasitələr) müvafiq hərəkətlərin (təsdiqləmələrin) edilməsi müştəriyə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və onun şəxsi imzası ilə eyni hüquqi qüvvəyə malikdir; - 10.2-ci bəndinə görə müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr isə Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll ediləcəkdir; - 10.4-cü bəndə görə müqavilə tərəflərin şəxsi imzası ilə imzalandıqda və ya bankın texnoloji vasitələrindən istifadə edilməklə borcalan tərəfindən şəxsi imzanın başqa analoqu (imzanın faksimilesi, SMS, klik edilmə, müvafiq xananın seçilməsi, məlumatların doldurulması və s.) ilə təsdiq edildikdə qüvvəyə minir və tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək, o cümlədən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi üzrə hesablanmış faizlər, dəbbə pulu, maliyyə sanksiyası ilə bağlı çəkilən xərclər tam ödənilənədək qüvvədə qalır. Müqavilənin imzalanma qaydası ilə bağlı müddəa həm bu müqavilə bağlanarkən imzalanan, həm də bu Müqavilə üzrə gələcəkdə imzalanacaq digər əlaqəli sənədlərə (əqdlər) də tətbiq olunur. Bank bu müqaviləyə birtərəfli qaydada xitam verə bilər. Tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, iddiaçının cavabdehə kredit xətti ayırması, müqavilədə göstərilən şərtlərlə kredit məbləğini Cavabdeh verməsi, sonuncunun isə kredit məbləğini, faizləri, sair haqları ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin yerinə yetirilməsinin sübutetmə vəzifəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 24 dekabr 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş materiallarına əlavə olunmuş SMS məlumatları, həmçinin hesabdan çıxarışla, həmçinin cavabdehin məhkəmədə verdiyi izahatla sübuta yetirilir. Müqavilədən irəli gələn öhdəliyin icra edilməsinin sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşsə də o, bunu təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi ödəniş qəbzlərindən və məhkəmədə verdiyi izahatdan onun iddiaçı qarşısında öhdəliyini lazımi qaydada icra etməməsi aydın olur. Bundan əlavə cavabdehin müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməməsi iş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 21 fevral 2024-cü il tarixli, 16MH/4587 nömrəli bildirişdən və sifarişli poçt göndərişinin siyahısından məlum olur. Həmin sənədlərdən cavabdehin müqavilə şərtlərini pozması və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin onu xəbərdar etməsi müəyyən edilir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan əsas borc və ona hesablanmış faizlərin qaytarılması barədə tələbi əsaslıdır. Cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim edilmiş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borcun miqdarına gəldikdə isə, cavabdehin məhkəməyə təqdim etdiyi ödəniş qəbzlərindən, iddia ərizəsinə əlavə olunmuş 05 mart 2024-cü il tarixli, 2024/104/6031 nömrəli maliyyə arayışından, hesabdan çıxarışdan 04 mart 2024-cü il tarixə Cavabdeh 21 yanvar 2023-cü il tarixli, BUMM9203712A299 nömrəli müqavilə üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 1733.88 (bir min yeddi yüz otuz üç manat, səksən səkkiz qəpik) manat əsas və 307.28 (üç yüz yeddi manat, iyirmi səkkiz qəpik) manat faiz borcunun olması aydın olur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 40.41 (qırx manat, qırx bir qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin olunmalı; - tərəflər arasında bağlanmış 21 yanvar 2023-cü il tarixli, BUMM9203712A299 nömrəli müqavilə üzrə 1733.88 (bir min yeddi yüz otuz üç manat, səksən səkkiz qəpik) manat əsas və 307.28 (üç yüz yeddi manat, iyirmi səkkiz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2041.16 (iki min qırx bir manat, on altı qəpik) manat məbləğində kredit borcu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; -həmçinin iddiaçı tərəfindən ödənilmiş 40.41 (qırx manat, qırx bir qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddia təmin olunsun. Tərəflər arasında bağlanmış 21 yanvar 2023-cü il tarixli, BUMM9203712A299 nömrəli müqavilə üzrə 1733.88 (bir min yeddi yüz otuz üç manat, səksən səkkiz qəpik) manat əsas və 307.28 (üç yüz yeddi manat, iyirmi səkkiz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2041.16 (iki min qırx bir manat, on altı qəpik) manat məbləğində kredit borcu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Həmçinin iddiaçı tərəfindən ödənilmiş 40.41 (qırx manat, qırx bir qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar