Məhkəmə qərarları › İş №e-2(079)-272/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-272/2024

09.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-272/2024 09.08.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 13 mart 2024-cü ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 9125.898 AZN əsas, 1167.9 AZN faiz borcu olmaqla, cəmi 10293.79 AZN pul vəsaitinin və 120.88 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx/xx/2023-cü il tarixli GTZK1484871B226 saylı kredit müqaviləsinə əsasən onun kartına 48 ay müddətinə, illik 23 faiz dərəcəsi ilə 9500 AZN olan kredit verilmişdir. Kredit online qaydada rəsmiləşdirilməsinə baxmayaraq pul vəsaiti nağd qaydada filialdan əldə edilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı, kassa sənədi və hesabdan çıxarışdır. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 9125.89 AZN əsas, 1167.9 AZN faiz borcu olmaqla cəmi 10293.79 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. 24 iyul 2024-cü il tarixdə iddiaçının nümayəndəsi məhkəməyə ünvanlandığı ərizədə bildirmişdir ki, iddiaçi İddiaçı ASC-i cavabdehə qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. İddiaçı tərəf kimi bildiririk ki, məhkəməyə iddia ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədlər məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılması mümkündür. Hesab edirik ki, iddia ərizəmiz tam əsaslı və qanunidir. Yuxarıda göstərilənləri, iddia ərizəsində qeyd etdiklərimizi, nəzərə alaraq məhkəmədən mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edirik. Əvvəlcədən öz minnətdarlığımızı bildiririk. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinə əlavə olunmuş Cavabdeh İddiaçı ASC-ə ünvanlandığı xx.xx.2023-cü il tarixli ərizədə müvafiq olaraq gündəlik tələbat məqsədləri üçün İddiaçı ASC tərəfindən GTZK1484871B226 nömrəli müqavilə üzrə 48 ay müddətinə 9500 manat məbləğində kreditin verilməsini xahiş etmiş, kreditin qaytarılması və ondan istifadəyə görə faizlərin ödəniş mənbəyini aylıq gəlirlərinin təşkil edəcəyini və s bildirmişdir. Mülki iş materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmış olması, cavabdehə öhdəliyin icrası tələbilə xəbərdarlıq edildiyi işin mübahisəsiz hallarıdır. Belə ki, mülki iş materiallarında olan: - 18 may 2023-cü il tarixli, GTZK1484871B226 saylı müqavilədən "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmış olması, borcalana Bank tərəfindən gündəlik tələbat məqsədilə 48 ay müddətinə 9500 manat (doqquz min beş yüz) manat məbləğində illik 23 % dərəcəsi ilə kreditin verilməsi barədə razılıq əldə olunması; - 19 fevral 2024-cü il tarixli bildirişdən və siyahıdan "xxxx" ASC tərəfindən cavabdehə öhdəliyin icrası tələbilə xəbərdarlıq edildiyi aydın olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. İş materiallarına əlavə olunmuş kredit müqaviləsindən belə məlum olur ki, tərəflər borc müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır: - müqavilənin 1-ci bəndinin müvafiq yarımbəndlərinə əsasən kreditor müqavilənin şərtlərinə uyğun olaraq gündəlik tələbat məqsədilə 48 ay müddətinə borcalana 9500 manat (doqquz min beş yüz) məbləğində krediti kreditdən istifadəyə görə borcalanın illik 23 % (faktiki illik faiz dərəcəsi 23.6 %) ödəməsi şərtilə verməyi, borcalan isə həmin kreditdən istifadə etməyi, yaranmış borclarını müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəməyi öhdəsinə götürür; - müqavilənin 1.1.8-ci bəndinə görə müqavilə üzrə müştəri tərəfindən ödənilən vəsaitlər ilk olaraq dəbbə pulu, xidmət haqları, faiz borcları və əsas borcun ödənilməsinə yönəldilir. - müqavilənin 2.1-ci bəndinə görə bank kreditdən istifadə edilməsi və ödənilməsi üçün müştərinin adına cari hesab və kredit uçotunun aparılması üçün isə kredit hesabı açır. - müqavilənin 2.3-cü bəndinə görə kredit üzrə faizlər ildə 360, ayda 30 təqvim günü götürülməklə kreditin borcalana verildiyi gündən faktiki qaytarıldığı günədək kreditdən istifadə edilmiş günlərin faktiki sayına görə əsas borcun qalıq məbləğinə hesablanır. Kredit üzrə əsas və faiz borcu kreditin verildiyi valyutada ödənilir. - müqavilənin 2.8, 2.8.1-ci yarımbəndlərinə əsasən borcalan tərəfindən bu müqavilə üzrə borcların vaxtında ödənilməsi müddətləri pozulduqda kreditor kreditin hesablanmış faizi və digər borcları ilə birlikdə vaxtından əvvəl qaytarılmasını vaxtından əvvəl tələb edə bilər. - müqavilənin 3.2.2-ci bəndinə əsasən kreditor müqavilənin müqavilədə nəzərdə nəzərdə tutulmuş hallarda öhdəliyin icrasını vaxtından əvvəl tələb etdikdə borcalan krediti, kredit üzrə hesablanmış istifadə faizlərini və digər borcları 10 (on) iş günü müddətində kreditora qaytarmalıdır; - müqavilənin 5.2-ci bəndinə əsasən müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir, qarşılıqlı razılıqla həll edilməyən məsələlər AR məhkəmələri tərəfindən AR qanunvericiliyinə uyğun olaraq həll olunur. - müqavilənin 5.4-cü bəndinə əsasən müqavilə tərəflər onu imzaladığı gündən qüvvəyə minir, tərəflər müqavilə üzrə öz öhdəliklərini tam icra edənədək, habelə qətnamə çıxarıldıqdan sonra hesablanmış faizlər, dəbbə pulu və s. borclar tam ödənilənədək qüvvədə qalır. Bank bu müqaviləyə birtərəfli qaydada xitam verə bilər. İddia tələbinin qanuni əsasını təşkil edən MM-in 739.1-ci madədəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Razılaşmanın şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə kreditin Cavabdeh verilməsidir. İddia ərizəsinə əlavə edilmiş məxaric orderindən Cavabdeh gündəlik tələbat məqsədilə verilən 9500 manat (doqquz min beş yüz) manat məbləğində krediti iddiaçıdan təhvil aldığı müəyyən edilir. İddia ərizəsinə əlavə edilmiş müqavilə üzrə çıxarışdan götürülmüş 9500 manat (doqquz min beş yüz) məbləğdən cavabdehin 9125.89 manat əsas, 1167.9 manat faiz borcunun qaldığı müəyyən edilir. Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan əlavə - ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı ASC qarşısında əsas öhdəliyi 48 ay müddətində hər ayın müvafiq günündə banka olan əsas və faiz borcundan ibarət 304.49 manat, sonuncu ay isə 310.26 manat məbləğində ödənişi həyata keçirməkdir. Bank tərəfindən borcalana kredit müqaviləsinə uyğun ödəniş aparmadığından vaxtı keçmiş borcun yaranması barədə bildirilərək borcun ödənilmədiyi təqdirdə müqavilə şərtlərinə uyğun olaraq borcalan barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İddiaçının təqdim etdiyi xx.xx.2024-cü il tarixli maliyyə arayışında cavabdehin xx.xx.2024-cü il tarixə 9125.898 AZN əsas, 1167.9 AZN faiz borcu olmaqla, cəmi 10293.79 AZN borcunun olduğu qeyd olunmuşdur. 22 aprel 2024-cü il tarixdə cavabdehin vəkil-nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı vəsatətdə iddianı qismən qəbul etdiklərini, tələb olunan ümumi borcla razı olmadıqlarını, cavabdehin kredit öhdəliyini mübahisəyə qədər qismən də olsa yerinə yetirdiyini, əsas borcun bir hissəsini və həmin vaxta qədər əsas borca hesablanmış faiz borclarını ödədiyini, iddiaçının isə əsas və faiz borcunu düzgün silmədiyini, real borcun müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdiyini bildirmişdir. Babək Rayon Məhkəməsinin e-2(079)-272/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin nümayəndəsinin vəsatəti əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 18 may 2023-cü il tarixli, GTZK1484871B226 nömrəli kredit müqaviləsinə müvafiq olaraq Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2024-cü il tarixinə ayrı-ayrılıqda nə qədər məbləğdə əsas, faiz və ümumi borcu olduğuna dair sual qoyulmuşdur. Ekspert 15 may 2024-cü il tarixli, 504 nömrəli rəydə o nəticəyə gəlmişdir ki, təqdim olunmuş hesabdan çıxarış məlumatları və 18 may 2023-cü il tarixli, GTZK1484871B226 saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh, "xxxx" ASC-yə kredit üzrə xx.xx.2024-cü il tarixə (sualda göstərilen tarix) olan əsas borcu 9175,67 (doqquz min yüz yetmiş beş manat altmış yeddi qəpik) manat, faiz borcu 1066,93 (bir min altmış altı manat doxsan üç qəpik) manat olmaqla, ümumilikdə 10242.60 (on min iki yüz qırx iki manat altmış qəpik) manat təşkil edir. Məhkəmə ekspertin rəyini iş materialları ilə birlikdə hərtərəfli tədqiq edərək hərtərəfli araşdırmanın nəticəsi hesab edir və borcun miqdarına münasibətdə sübut kimi nəzərə alır. Belə ki, cavabdeh nümayəndəsi vasitəsilə cavabdehin kredit öhdəliyini mübahisəyə qədər qismən də olsa yerinə yetirməsi, əsas borcun bir hissəsini və həmin vaxta qədər əsas borca hesablanmış faiz borclarını ödəməsi, iddiaçının isə əsas və faiz borcunu düzgün silməməsi kimi dəlillərə istinad etsə də sözügedən halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Cavabdehin nümayəndəsinin əlavə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi haqqında vəsatəti məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə rədd edilmişdir. Həmçinin məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin nümayəndəsinin pul tələbinə dair qarşılıqlı iddia ərizəsi geri qaytarılmış, qərardaddan şikayət Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi qismən əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2) MM-in 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan MM-in 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Sonda məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 9175,67 (doqquz min yüz yetmiş beş manat altmış yeddi qəpik) manat əsas borc, 1066,93 (bir min altmış altı manat doxsan üç qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 10242.60 manat (on min iki yüz qırx iki manat altmış qəpik) borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalmış hissədə rədd edilməlidir. Məhkəmə belə hesab edir ki, tələb qismən əsaslı saydığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 120.38 manat (bir yüz iyirmi manat otuz səkkiz qəpik) dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə ekspertlərə verilməli olan məbləğlər də daxildir. Həmçinin həmin məcəllənin 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia qismən təmin olunduğundan ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat miqdarında məhkəmə xərci cavabdehdən alınaraq X2 Muxtar Respublikası İdarəsinin AZ88NABZ******************** nömrəli hesabına ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 9175,67 (doqquz min yüz yetmiş beş manat altmış yeddi qəpik) manat əsas borc, 1066,93 (bir min altmış altı manat doxsan üç qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 10242.60 manat (on min iki yüz qırx iki manat altmış qəpik) borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalmış hissədə rədd edilsin. Cavabdeh 120.38 manat (bir yüz iyirmi manat otuz səkkiz qəpik) miqdarında dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat miqdarında məhkəmə xərci cavabdehdən alınaraq X2 Muxtar Respublikası İdarəsinin AZ88NABZ******************** nömrəli hesabına ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar