Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-280/2023 08.08.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “18” aprel 2023-cü il tarixdə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 120 (bir yüz iyirmi) manat əsas, 30 (otuz) manat cərimə borcunun, 13 (on üç) manat notarius xərcinin, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə isə 163 (bir yüz altmış üç) manat borcun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh 30 noyabr 2018-ci il tarixində 440 nömrəli kredit-satış müqaviləsi bağlamışıq. Müqaviləyə əsasən cavabdeh “Samsung Galaxy J6” markalı telefonu 5 aylıq kreditlə 600 manat dəyərində almış və hazırkı vaxtadək onun tərəfindən ilkin ödəniş də daxil olmaqla 490 manat ödənilmiş, lakin qalan 120 (bir yüz iyirmi) manat borcunu ödəməkdən imtina edir. Müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 10 manat peniya (cərimə) pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də həmin məbləğlər də cavabdehin borcu hesab olunur. Mən telefon satışı ilə məşğul olaraq özüm üçün maddi qazanc əldə edirəm və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Yəni vaxtında ödənilməyən ödənişlər mənim üçün maddi zərərlərə gətirib çıxarmışdır. Hazırkı vəziyyətdə də cavabdehə satdığım telefonun vaxtında ödənilməyən pulları mənim maddi itkilərə məruz qalmağıma səbəb olmuşdur. Cavabdehə yox, başqa şəxsə həmin telefon satılsaydı mən maddi itkilərlə qarşılaşmayacaqdım. Həmçinin borcun ödənilməsi ilə bağlı cavabdehə tərəfimdən dəfələrlə şifahi xəbərdarlıq olunmuş və borc pulun ödənilməsi ondan tələb edilmişdir. Lakin o, borcun ödənilməsindən imtina etmişdir. Mən buna görə ciddi maddi itkilərlə qarşılaşmışam. Mən Naxçıvan şəhərində nüfuza və hörmətə malik olan bir şəxs kimi tanınıram, geniş müştəri dairəm vardır. Mən müştərilərin yanında kifayət qədər inam və etibara, həmçinin nüfuza və hörmətə malikəm. Satıcı-alıcı münasibətlərinin kəskinləşməsi, münasibətlərin pozulması və mübahisənin məhkəməyə daşınması heç də yaxşı hal deyildir. Lakin bu şəraitin yaranmasında cavabdehin yaratdığı səbəb və şərait dayanır. Əgər cavabdeh borcu vaxtında ödəsəydi məsələ də bu səviyyəyə gəlib çıxmaya bilərdi. Onu da qeyd etmək lazımdır ki, cavabdehin yuxarıda qeyd olunan 30 noyabr 2018ci il tarixli, 440 nömrəli müqavilələrdən yaranan 120 (bir yüz iyirmi) manat əsas borcu vardır. Bundan əlavə müqavilədə nəzərdə tutulmuş hər gecikdirilmiş gün üçün ödənilməli olan 10 manat, yəni ümumilikdə cərimə olaraq 30 (otuz) manat peniya və 13 manat notarius xərcinin və 30 manat dövlət rüsumunun da cavabdehdən alınıb mənə qaytarılmasını istəyirəm. Məhkəmə iclaslarının vaxtı və yeri barədə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdi. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi-təsisçi İddiaçı1 20 iyun 2023-cü ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə məhkəməyə müraciət edərək xaricdə olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddia ərizəsində və ona qoşma sənədlərdə işin faktiki halları ilə bağlı bütün fikirlərini qeyd etdiyini, heç bir əlavə və sübutlarının olmadığını, məhkəmə baxışı iclaslarını onun iştirakı olmadan keçirib iddianın təmin olunması barədə qətnamə qəbul etməsini xahiş etmişdi. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi-təsisçi İddiaçı1 məhkəmə hazırlıq iclasında verdiyi izahatında iddia ərizəsində qeyd edilənləri bildirməklə yanaşı, cavabdehin 50 manat ilkin ödəniş etdiyini, qalan pulu isə beş ay ərzində ödəməyi öhdəsinə götürdüyünü, daha sonra müəyyən vaxtlarda ödəniş etdikdən sonra qalan 120 manat borcunu vermədiyini, bununla bağlı 4 dəfə cavabdehin evinə getdiyini, onun anasının üç dəfə bankdan pul çəkərək ona ödəniş etdiyini, məhkəmədə iddia qaldırdıqdan sonra onunla əlaqə saxlamağa çalışdığını, lakin cavabdehin anasının ona Nicatın işləmək üçün Türkiyə Respublikasına getdiyini və may ayının 25-də gələcəyini dediyini, bundan əlavə 03 fevral 2023-cü ildə ona pretenziya məktubu göndərdiyini, ona borcunu ödəmək üçün bir ay vaxt müəyyən etdiyini, lakin nəticəsi olmadığını, cavabdehin əvvəlcə ona işsiz olduğu üçün ödəniş edə bilmədiyini, iş tapan kimi onun borcunu verəcəyini dediyini, təqribən üç ay bundan qabaq onunla şəhərdə qarşı-qarşıya gələndə cavabdehin ona “səni görəndə utanıram, maaş alanda borcunu verəcəyəm” dediyini, lakin yenə də 120 manat borcunu ödəmədiyini, özünün xırda sahibkarlıqla məşğul olduğunu, elə də böyük qazanc sahibi olmadığını, bəzi müştərilərin borcu ödəməməsi nəticəsində sahibkar kimi hüququnun pozulduğunu qeyd etmişdi. Cavabdeh məhkəmə iclaslarında iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsaslanmaqla məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 30 noyabr 2018-ci il tarixli, 440 nömrəli alqısatqı müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən cavabdehin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən “Samsung Galaxy J6” markalı telefon alması barədə tərəflərin razılığa gəlmələri işin mübahisəsiz hallarıdır. Bu halların mübahisəsiz olması iddia ərizəsinə əlavə olunmuş 30 noyabr 2018-ci il tarixli, 440 nömrəli müqavilə ilə öz təsdiqini tapır. İddiaçının Cavabdeh ilə aralarında bağlanmış müqavilə üzrə yaranmış 120 (bir yüz iyirmi) manat əsas və 30 (otuz) manat cərimə borcunu tələb etməsi isə mülki işin mübahisəli hallarıdır. İşin mübahisəli hallarını məhkəmə ona təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar qismən təsdiq etdiyindən, onun tələbi əsaslı sayıldığı hissədə təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın qismən əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq olunmuş yazılı sübutlardır. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan Cavabdeh Babək rayonu, Cəhri qəsəbəsində rəsmi qeydiyyatda olması aydın olur. Cavabdehə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti və iddiaçının sübut kimi məhkəməyə təqdim etdiyi hər bir sənəd, 18 aprel 2023-cü il tarixli məhkəmə bildirişi ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada göndərilərək, ona həmin Məcəllənin 154.1-ci maddəsinin tələbinə görə iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etiraz və ərizəyə əlavə olunmuş sənədlərə münasibəti, həmçinin iddiaya etiraz və ona əlavə olunmuş sənədlərin surətləri iddiaçıya və məhkəməyə təqdim edə bilməsi izah olunsa da, cavabdeh tərəfindən iddia tələbinə qarşı hər hansı etiraz daxil olmamışdır. Mülki iş materiallarına əlavə edilmiş sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən məhkəmə sənədlərinin 27 aprel 2023-cü ildə təqdim edilməsi müəyyən edilir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətinə görə isə sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın qismən təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla ilk öncə onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və onlar arasında alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş borcun tutulması məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İddiaçı tələbini Cavabdeh ilə onun arasında bağlanmış 30 noyabr 2018-ci il tarixli, 440 nömrəli alqı-satqı müqaviləsi ilə əsaslandığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən tərəflər arasında bağlanmış müqavilələrin etibarlı olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; - 324.4-cü maddəsinin tələbinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; - 329.1 və 329.2-ci maddələri ilə müəyyən edilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsini yuxarıda qeyd edilən maddi hüquq normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə müqavilə tərəflərinin qanunvericiliyin tələbinə əməl etməklə müqavilə bağlaması öz təsdiqini tapır. Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 30 noyabr 2018-ci il tarixli, 440 nömrəli müqavilədən tərəflərin iş üçün əhəmiyyətli olan aşağıdakı şərtlər barədə razılığa gəlməsi müəyyən edilir. Müqavilənin: - 1-ci bəndinə əsasən satıcı seriya nömrəsi **********12981/1, **********12989/1 olan “Samsung Galaxy J6” markalı mobil telefonu alıcının mülkiyyətinə verir, alıcı isə aldığı malın dəyərini müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi öhdəsinə götürür; - 2-ci bəndindən aydın olur ki, məbləğin ödənilməsi şirkət tərəfindən müəyyənləşdirilir və müqavilələrə əlavə olunmuş protokollarda göstərilir; - 3-cü bəndinə görə alıcı üzərində olan borcu vaxtında ödəməyi tam öhdəsinə götürür; - 5 və 6-cı bəndlərlə müəyyən edilir ki, alıcı daşıdığı öhdəlikləri yerinə yetirmədiyi təqdirdə satıcının iddiası əsasında məhkəmə qarşısında məsuliyyətə cəlb oluna bilər, borc tam ödənildikdən sonra isə müqaviləyə xitam verilir. Müqaviləyə əlavə edilmiş protokoldan isə görünür ki, alıcı; -- alıcı müqavilə üzrə dəyəri 660 (altı yüz altmış) manat olan “Samsung Galaxy J6” markalı telefonu razılaşaraq 5 ay müddətinə kreditlə alır, alınan malın 50 (əlli) manatını nağd qaydada, qalan 610 (altı yüz on) manat borcu hər ay 122 (bir yüz iyirmi iki) manat olmaqla müntəzəm olaraq aylıq ödəməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsidən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən malı cavabdehə verməsi, cavabdehin isə müqavilə üzrə müəyyən edilmiş qaydada onun dəyərini hissə-hissə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Yəni tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmışdı. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir ki, bu həmin hallara da mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İş materiallarına əlavə edilmiş və iddiaçı tərəfindən cavabdehə göndərilmiş 03 fevral 2023-cü il tarixli pretenziya məktubundan və sifarişli poçt göndərişinin qəbulu barədə poçt qəbzindən iddiaçı tərəfin müqavilədən irəli gələn öhdəliyi icra etməsi müəyyən edilir. Həmçinin müqaviləyə əlavə edilmiş protokollardan görünür ki, cavabdeh sonuncu dəfə ödənişi 07 may 2022-ci ildə həyata keçirib. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyinin icra etməsi sübut edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsində nisyə satılmış əşyanın ödənilməsi qaydaları müəyyən edilmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinin tələbinə görə isə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, kreditsatış müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsi ilə həmçinin müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının əsas borcun geri qaytarılması tələbi əsaslıdır. Məhkəmə cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim olunmuş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 30 noyabr 2018-ci il tarixli, 440 nömrəli müqavilələrin aydın olur ki, Cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməyib. Borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iddiaçının tələbindən və pretenziya məktubundan cavabdehin hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 120 (bir yüz iyirmi) manat borcu olması qeyd edilir. İddiaçı cavabdehə qarşı olan tələbində cərimənin ödənilməsini də tələb etdiyindən bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinin tələbini tərəflərin nəzərinə çatdırır. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. «İnternet - 2007” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 noyabr 2018-ci il tarixli, 440 nömrəli müqavilənin 4-cü bəndinə əsasən alıcı firmaya xəbərdarlıq etmədən borcu gecikdirdiyi halda hər keçən gün üçün 10 (on) manat həcmində peniya ödəyir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Cərimənin məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi ilə o da müəyyən edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçının tələbindən onun müqavilə üzrə cavabdehdən borcun gecikdirilməsinə görə 30 (otuz) manat məbləğində cərimə borcu tələb etməsi aydın olur. Tələbdən o da görünür ki, cərimə borcu əsas borcdan tənasübsüz şəkildə yüksəkdir. Belə ki, əsas borc 120 (bir yüz iyirmi) manat olduğu halda, cərimə borcu 30 (otuz) manat, yəni əsas borcun 25 (iyirmi beş) faizini təşkil edir. Məhkəmə bunla bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış 30 noyabr 2018-ci il tarixli, 440 nömrəli müqavilə üzrə cavabdehin öhdəliyinin icrasi müddəti 2019-cu ilin aprel ayı bitməsinə baxmayaraq o, iddia tələbi məhkəməyə 2023-cü ilin aprel ayı müraciət edərək ötən müddət ərzində müqavilə şərtləri üzrə cərimə borcunun artmasına imkan yaratmışdı. Yəni müqavilə üzrə ona verilən cavabdehdən cərimə pulunu tələb etmək hüququndan sui-istifadə etmişdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 560.1-ci maddəsinin tələbinə görə isə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi əsas götürərək məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan tələbi cərimə borcunun tutulmasına dair hissədə qismən təmin edilməli, müqavilə tələb edilən əsas borcun 10 faizi, yəni 12 (on iki) manat məbləğində cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbini qismən əsaslı sayır. Məhkəmə iddiaçının qismən tələbini əsaslı saydığından bildirir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumunun 26 (iyirmi altı) manat, 40 (qırx) qəpik miqdarı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh digər məhkəmə xərci olaraq 13 (on üç) manat notarius xərcinin də cavabdehdən alınıb ona verilməsi ilə bağlı məhkəmə isə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşə baxılması ilə əlaqədar məsrəflərin dairəsi isə qeyd edilən Məcəllənin 115-ci maddəsini ilə tənzimlənir ki, bu məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir (115.0 və 115.0.9-cu maddələr). Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının ödədiyini qeyd etdiyi 13 (on üç) manat notarius xərcini gəldikdə isə iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, o, məhkəməyə notarial qaydada təsdiq edilmiş iki sənəd təqdim etmişdi. Bu sənədlərə Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsi aiddir. Həmin sənədləri tədqiq edən zaman müəyyən edilir ki, iddiaçı birinci sənədin notarial qaydada təsdiqi üçün 3 (üç) manat, digər sənədin təsdiqi üçün isə 10 (on) manat notarius xərci ödəmişdi. İddiaçı məhkəməyə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə müraciət etmiş və demək olar ki, ərizəsinə əlavə etdiyi bir çox sənədin əslini sistem vasitəsi ilə məhkəməyə təqdim etmişdi. Bu isə o deməkdir ki, o, Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsinin də əslini yükləməklə həmin xərcdən azad ola bilər. Bu səbəbdən də məhkəmə iddiaçının müraciətini bu hissədə əsaslı hesab etmir. Yekunda məhkəmə tərəflərin nəzərinə çatdırır ki, mülki prosessual qanunvericiliyin tələbinə görə məhkəmə xərcləri iddianın qiymətinə daxil deyil. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin olunmalı; - tərəflər arasında bağlanmış 30 noyabr 2018-ci il tarixli, 440 nömrəli müqavilə üzrə 120 (bir yüz iyirmi) manat əsas və 12 (on iki) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 132 (bir yüz otuz iki) manat məbləğində borc Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməli; - həmçinin 26 (iyirmi altı) manat, 40 (qırx) qəpik miqdarında dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli: - iddia qalan hissədə əsaslı sayılmadığından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-230, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanmış 30 noyabr 2018-ci il tarixli, 440 nömrəli müqavilə üzrə 120 (bir yüz iyirmi) manat əsas və 12 (on iki) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 132 (bir yüz otuz iki) manat məbləğində borc Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. Həmçinin 26 (iyirmi altı) manat, 40 (qırx) qəpik miqdarında dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə əsaslı sayılmadığından rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №e-2(079)-280/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-280/2023
08.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver