Məhkəmə qərarları › İş №e-2(079)-283/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-283/2023

31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-283/2023 31.05.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı2 Cavabdeh borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı2 Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Cavabdeh Vuqar oğlundan 560 manat əsas borcun, gecikdirilmiş peniya pulu olan 56 manatın, 13 manat notaius xərcinin, nəticə etibarı ilə ümumilikdə 629 (altı yuz iyirmi doqquz) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 30 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" MMC-yə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı2 MMC-nin təsisçisi, mən İddiaçı1 Cavabdeh Vuqar oğlu ilə 28 oktyabr 2022-ci il tarixində 24 nömrəli kreditsatış müqaviləsi bağlamışıq. 28 oktyabr 2022-ci il tarixində 24 nömrəli kredit-satış müqaviləsinə əsasən Cavabdeh “Poko X 4” markalı telefonu 6 aylıq kreditlə 850 manat dəyərində almış və hazırki vaxtadək onun tərəfindən ilkin ödəniş də daxil olmaqla 290 manat ödənilmiş, lakin hazırda qalan 560 manat borcunu ödəməkdən imtina edir. Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, bütün müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 10 manat peniya (cərimə) pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də həmin məbləğlər də cavabdehin borcu hesab olunur. Həmçinin onu da bildirmək istəyirəm ki, mən İddiaçı1 telefon satışı ilə məşğul olaraq özüm üçün maddi qazanc əldə edirəm və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Yəni vaxtında ödənilməyən ödənişlər mənim üçün maddi zərərlərə gətirib çıxarmışdır. Hazırkı vəziyyətdə də cavabdehə satdığım telefonun vaxtında ödənilməyən pulları mənim maddi itkilərə məruz qalmağıma səbəb olmuşdur. Cavabdehə yox, başqa şəxsə həmin telefon satılsaydı mən İddiaçı1 maddi itkilərlə qarşılaşmayacaqdım. Həmçinin borcun ödənilməsi ilə bağlı cavabdehə tərəfimizdən dəfələrlə şifahi xəbərdarlıq olunmuş və borc pulun ödənilməsi ondan tələb edilmişdir. Lakin o borcun ödənilməsindən imtina etmişdir. Mən buna görə ciddimaddi itkilərlə qarşılaşmışam. Həmçinin onu da qeyd edim ki, mən Quliyev X3 şəhərində nüfuza və hörmətə malik olan bir şəxs kimi tanınıram. Mənim geniş müştəri dairəm vardır. Mən müştərilərimin yanında kifayət qədər inam və etibara, həmçinin nüfuza və hörmətə malikəm. Satıcı-alıcı münasibətlərinin kəskinləşməsi, münasibətlərin pozulması və mübahisənin məhkəməyə daşınması heç də yaxşı hal deyildir. Lakin bu şəraitin yaranmasında cavabdehin yaratdığı səbəb və şərait dayanır. Əgər cavabdeh borcu vaxtında ödəsəydi məsələ də bu səviyyəyə gəlib çıxmaya bilərdi. Onu da qeyd etmək lazımdır ki, cavabdehin yuxarıda qeyd olunan 28 oktyabr 2022-ci il tarixli 24 nömrəli müqavilələrdən yaranan 560 manat əsas borcu vardır. Bundan əlavə müqavilədə nəzərdə tutulmuş hər gecikdirilmiş gün üçün ödənilməli olan 10 manat, yəni ümumilikdə cərimə olaraq 56 manat peniya və 13 manat notarius xərcinin və 30 manat dövlət rüsumunun da cavabdehdən alınıb mənə qaytarılmasını istəyirəm. İddiaçının nümayəndəsi İddiaçı1 məhkəmə hazırlıq iclasında verdiyi izahatında 28 oktyabr 2022-ci il tarixli, 24 nömrəli kredit-satış müqaviləsi əsasında “Poko X4 PRO” markalı telefonu 6 aylıq kreditlə, aylıq 140 manat olmaq şərtilə Cavabdeh satdığını, müqaviləyə əsasən cavabdehin 28 mart 2023-cü il tarixədək aylıq 140 manat olmaqla cəmi 560 manat ödəniş etməsinə dair razılaşdıqlarını, cavabdehin ilkin ödəniş də daxil olmaqla borcdan 290 manat ödəniş etməsinə baxmayaraq qalan 560 manat borcu ödəməkdən yayındığını, bununla bağlı cavabdehə dəfələrlə məlumat verilməsinə baxmayaraq faydası olmadığını, müqavilənin şərtlərinə əsasən gecikdirilmiş hər gün üçün 10 manat peniya ödənilməsi nəzərdə tutulsa da cavabdehdən cəmi 56 manat peniya borcu tələb etdiyini, həmçinin 13 manat da sənədlərin təsdiq olunub məhkəməyə təqdim edilməsi üçün notariat xərci sərf etdiyini, məhsulu cavabdehə 28 oktyabr 2022-ci il tarixdə şəxsən özünün təhvil verdiyini, bununla bağlı təhvil-təslim aktına cavabdeh tərəfindən imza edildiyini bildirmiş, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə baxışı iclasının vaxt və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq işin faktiki halları ilə bağlı bütün fikirlərini qeyd etdiyini, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilib iddianın təmini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iştirak etməməsinin səbəbləri barəfə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə müvafiq olaraq mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 6-cı maddəsinin mahiyyətindən irəli gələn müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin məcəllənin 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin məcəllənin 390.5-cı maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir (390.6). Həmin məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 28 oktyabr 2022-ci il tarixli, 24 nömrəli kredit-satış müqaviləsindən Cavabdeh ilə İddiaçı2 arasında hissə-hissə ödəmə şərtilə nisyə alqı-satqı müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən cavabdehin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən “Poxo x4 pro” markalı telefon alması barədə tərəflərin razılığa gəlmələri işin mübahisəsiz hallarıdır. Həmin müqavilə üzrə tərəflər aşağıda qeyd edilən şərtlər barədə razılığa gəlmişlər. Müqavilənin: - 1-ci bəndinin müvafiq yarımbəndlərinə əsasən mal müqavilənin ayrılmaz tərkib hissəsi olan “Əlavə-1”də qeyd olunmuş, müqavilə üzrə satıcı tərəfindən alıcının mülkiyyətinə verilən və adı, sayı, çeşidi “Əlavə-1” göstərilən əmtəədir. Mal satıcının mülkiyyətindədir və üçüncü şəxslərin hüquqları ilə yüklü deyildir; malın təhvil verilməsi əgər təklifdə fərqli qeyd-şərt yoxdursa, malın satıcının ünvanında alıcıya tərəflərin imzaları və möhürləri ilə təsdiq olunmuş təhvil-təslim aktı və digər sənədlər əsasında verilməsidir; təhvil təslim aktı sifarişlərin yerinə yetirilməsini təsdiqləyən sənədlərdir; təklf müqavilənin bağlanması anınadək malın növü, çeşidi, çəkisi, qiyməti, çatdırılma şərtləri və müddəti, digər məlumatları və xarakterik xüsusiyyətlərini özündə əks etdirən sənəddir və tərəflər arasında elektron poçt və s. İnformasiya kommunikasiya texnologiyaları vasitələri ilə iki tərəfli olaraq razılaşdırılan oferta və aksept barədə sənəddir (elektron sənəddir). Təklif müqavilənin ayrılmaz tərkib hissəsi sayılır. - 2-ci bəndin müvafiq yarımbəndlərinə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan “Əlavə-1”-də göstərilən malları verməyi, alıcı isə müvafiq olaraq həmin malı qəbul etdikdən sonra müqavilədə göstərilən malın ümumi məbləğini bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Əlavə-2 ödəniş cədvəlində” göstərilən qaydada ödəməyi öhdəsinə götürür. - 3.1-ci bəndinə əsasən malın qiyməti: malların ümumi dəyəri 850 AZN təşkil edir. - 3.4-cü bəndinə əsasən müqavilə dəyərinin ödənilmə müddəti və qaydası: müqavilə üzrə ödəmələr mal təhvil verilməmişdən əvvəl alıcı tərəfindən satıcıya avans şəklində ödənilir. Yerdə qalan malın dəyəri isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Əlavə-2 ödəniş cədvəlində” müəyyən olunmuş qaydada hər ay hissə-hissə satıcıya ödənilir. - 3.5-ci bəndinə əsasən müqavilə əsasında bütün ödənişlər nağd yolu ilə həyata keçirilir. - 4.6-cı bəndinə əsasən alıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Əlavə-2 ödəniş cədvəlində” müəyyən olunmuş ilk 1-ci ayın ödənişini müəyyən olunmuş vaxtda satıcıya ödəməzsə, ona ilk olaraq satıcı tərəfindən yazılı formada xəbərdarlıq edilir. Edilmiş xəbərdarlıqdan sonra 5 gün müddətində ödəniş alıcı tərəfindən həyata keçirilməzsə, satıcının müqavilənin məcburi qaydada icra olunması və müqavilə ilə müəyyən olunmuş məbləğin bütövlükdə qaytarılması üçün məhkəməyə müraciət etmək hüququ yaranır. Müqaviləyə əlavə edilmiş protokoldan isə görünür ki, alıcı İddiaçı2 MMC-dən dəyəri 850 manat olan (seriya nömrəsi **********63544, **********63551 olan, Poxo x4 pro markalı) mobil telefonu razılaşaraq 6 ay müddətinə kreditlə alır, alınan malın 150 manatını nağd qaydada, qalan 700 (yeddi yüz) manat borcu isə göstərilən cədvəl əsasında müntəzəm olaraq hər ay 140 (bir yüz qırx) manat olmaqla aylıq ödəməyi öhdəsinə götürür. Razılaşmanın şərtlərindən belə məlum olur ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqavilə bağlanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflərin imzaları ilə hüquqi qüvvə alan hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqavilələr sözügedən mühüm şərtlərə əməl olunmaqla bağlanmışdır. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrdən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən malları cavabdehə verməsi, cavabdehin isə müqavilə üzrə müəyyən edilmiş qaydada onun dəyərini hissə-hissə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. 28 oktyabr 2022-ci il tarixli, 24 nömrəli alqı-satqı müqaviləsinə əlavə olunmuş 1 nömrəli əlavədən müqavilə bağlanan gün telefonun satıcı tərəfindən satıcının ünvanında yoxlanaraq alıcıya təhvil verildiyi müəyyən olunur. Beləliklə iddiaçı müqavilədən irəli gələn əsas öhdəliyini yerinə yetirmişdir. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Yuxarıda qeyd edilən müqaviləyə əsasən “qalan borcun ödənilməsi” üzrə qrafikdə göstərilir ki, müştəri 28 noyabr 2022-ci ildən başlayaraq 5 ay ərzində İddiaçı2nə hər ay 140 (bir yüz qırx) manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz irəli sürülməmiş, cavabdehin müqavilə üzrə öhdəliyini lazımınca icra etmədiyi tam sübuta yetirilmişdir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2). Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. İddiaçının cərimənin ödənilməsi tələbinə dair məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 4-cü bəndlərinə əsasən alıcı firmaya xəbərdarlıq etmədən borcu gecikdirdiyi halda hər keçən gün üçün 10 (on) manat həcmində peniya ödəyir. Qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Məhkəmə hesab edir ki, tələb olunan cərimə məbləği əsas borcun məbləğinə mütənasibdir. Məhkəmə iddia tələbinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X2 məhkəmə xərci olaraq 13 (on üç) manat notarius xərcinin cavabdehdən alınıb ona verilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 115.0 və 115.0.9-cu maddələrinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının sözügedən iş üzrə ödədiyini qeyd etdiyi 13 (on üç) manat notarius xərcinin hüquqi şəxsin nizamnaməsi və şəhadətnaməsinin təsdiqi ilə bağlı 10.30 manat hissəsinin ödənildiyi öz təsdiqini tapsa da, həmin sənədlər iddianın verilməsindən xeyli müddət əvvəl 30 sentyabr 2021-ci il tarixdə peşəkar qaydada telefon alqı-satqısı ilə məşğul olan iddiaçı tərəfindən digər məhkəmə mübahisələrinin irəli sürülməsi zamanı notarial qaydada təsdiq olunmuş, hazırki vəziyyətdə isə həmin sənədlər Elektron Məhkəmə İnformasiya sistemi vasitəsilə skan edilərək məhkəməyə təqdim olunmuş, iddiaçı sözüügedən işlə bağlı həmin xərci çəkməmişdir. Azərbaycan Respublikasının mülki qanunvericilik sistemində vicdanlılıq ümumi prinsip kimi mülki hüquq subyektləri üçün öz hüquq və vəzifələrini vicdanla yerinə yetirmək öhdəliyini nəzərdə tutur və istənilən mülki hüquq normasının tətbiqi zamanı bu prinsipin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, 28 oktyabr 2022-ci il tarixli müqavilə üzrə 560 (beş yüz altmış manat) manat ödənilməmiş əsas borc, 56 (əlli altı) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 616 (altı yüz on altı manat) manat borc Cavabdeh tutularaq İddiaçı2nə ödənilməli, iddia qalmış hissədə rədd edilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı saydığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumundan 29.30 (iyirmi doqquz manat otuz qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. 28 oktyabr 2022-ci il tarixli müqavilə üzrə 560 (beş yüz altmış) manat ödənilməmiş əsas borc, 56 (əlli altı) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 616 (altı yüz on altı manat) manat borc Cavabdeh tutularaq İddiaçı2nə ödənilsin. İddia qalmış hissədə rədd edilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 29.30 manat (iyirmi doqquz manat otuz qəpik) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı2nə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar