Məhkəmə qərarları › İş №e-2(079)-285/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-285/2022

24.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-285/2022 24.06.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti xx.xx.2022-ci il tarixdə Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 4572,92 AZN əsas, 520,48 AZN faiz borcu olmaqla cəmi 5093,4 AZN pul vəsaitinin və 70,93 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı, iddiasını əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli Kredit Kartına dair müqaviləsinə əsasən ona illik 25 faiz dərəcəsi ilə 6500 AZN məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi isə İddiaçı ASC Cavabdeh1 ilə xx.xx.2019-cu il tarixli Zaminlik müqaviləsi bağlamışdır. Bu müqavilənin 1-ci bəndinə əsasən zamin şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdehlər öz üzərlərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsələr də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmirlər. İddiaçının tələbini əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış Kredit müqaviləsi, Zaminlik müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kassa məxaric orderidir. Cavabdeh2 xx.xx.2022-ci il tarixə İddiaçı ASC-ə xx.xx.2019-cu il tarixli Kredit Kartına dair müqaviləsinə əsasən 4572,92 AZN əsas; 520,48 AZN faiz olmaqla cəmi 5093,4 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdehlər tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək iddia ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədlərin məhkəməyə təqdim edildiyini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasının mümkün olduğunu, iddia tələbinin tam qanuni və əsaslı olduğunu, qeyd olunanlar və iddia ərizəsinin məzmunu nəzərə alınmaqla, mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə kredit kartına dair müqaviləsinin bağlanması, müqavilənin təminatı olaraq zaminlik müqaviləsinin bağlanması, bankın müştəriyə “Birkart” verərək şəxsi istehlak məqsədilə bərpa olunan kredit ayırdığı, bir ədəd Plastik kartın cavabdehə təhvil verildiyi, cavabdehlərə öhdəliyin icrası tələbilə bildiriş göndərilərək xəbərdarlıq edildiyi aşağıda sadalanan yazılı sübutlarla öz təsdiqini tapır. Belə ki, mülki iş materiallarında olan: - xx.xx.2019-cu il tarixli, BBLK1530950A169 nömrəli tərəflərin imzaladığı kredit kartına dair müqavilədən tərəflər arasında kredit kartına dair müqavilənin bağlanması və bankın müştəriyə müqavilə əsasında “Birkart” verərək ilkin olaraq müştəri tərəfindən istifadə ediləcək məbləğ 6500 AZN və son istifadə tarixi xx.xx.2022-ci il müəyyən olunmaqla şəxsi istehlak məqsədilə bərpaolunan kredit ayırdığı; - balansdankənar məxaric orderindən plastik kartın Cavabdeh2 tərəfindən təhvil alındığı; - xx.xx.2019-cu il tarixli, BBLK1530950A169 nömrəli zaminlik müqaviləsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında zaminlik müqaviləsinin bağlanması; - 12 noyabr 2021-ci il tarixli bildirişdən və siyahıdan İddiaçı ASC tərəfindən cavabdehlərə öhdəliyin icrası tələbilə xəbərdarlıq edildiyi aydın olur. İş materiallarına əlavə olunmuş kredit kartı müqaviləsindən belə məlum olur ki, tərəflər kredit kartı müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır: - 1-ci bəndinə əsasən bank müştəriyə karta dair müqavilə əsasında ”Birkart” verir, həmin karta bağlı təyinatı şəxsi istehlak olan bərpaolunan kredit xətti ayırır, müştəri isə kredit xətti üzrə borclarını ödəyir, borclar üzrə müddətlər borcun verildiyi gündən hesablanır. - 3-cü bəndinə əsasən son istifadə tarixi xx.xx.2022-ci ildir. - 11-ci bəndinə əsasən kredit xəttindən ilkin olaraq müştəri tərəfindən istifadə ediləcək məbləğ bank tərəfindən 6500 AZN müəyyən olunur. - 11.12-ci bəndinə görə kredit üzrə faizlər ildə 360, ayda 30 təqvim günü götürülməklə kreditin müştəriyə verildiyi gündən qaytarıldığı günədək kreditdən istifadə edilmiş günlərin faktiki sayına görə əsas borcun qalıq məbləğinə hesablanır. Kredit üzrə əsas və faiz borcu kreditin verildiyi valyutada ödənilir. - 11.18.2-ci bəndinə görə bank müqavilədə nəzərdə tutulmuş hallarda öhdəliyin icrasını vaxtından əvvəl tələb etdikdə borcalan krediti, kredit üzrə hesablanmış faizləri və digər borcları 5 iş günü müddətində qaytarmalıdır. - 11.19-ci bəndinə görə müştəri tərəfindən bu müqavilə üzrə borcların vaxtında ödənilməsi müddətləri pozulduqda və s hallarda bank kreditin hesablanmış faizi və digər borcları ilə birlikdə qaytarılmasını müştəridən vaxtından əvvəl tələb edə bilər. - 19-cu bəndinə əsasən tərəflərin bir-birinə olan bütün növ bildirişləri müqavilədə nəzərdə tutulan ünvana sifarişli məktub, teleqram və ya faksla göndərilir və həmin ünvana göndərilmiş bildiriş tərəfə çatdırılmış hesab olunur. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BBLK1530950A169 nömrəli zaminlik müqaviləsi ilə tərəflər xx.xx.2019-cu il tarixli, BBLK1530950A169 nömrəli müqavilə üzrə borcalanın bank qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və zaminin bank qarşısında borcalanla birgə məsuliyyət daşıdığı müəyyən olunmuşdur. Müqaviləyə görə zamin əsas və faiz borcları, dəbbə pulu, maliyyə sanksiyası, tələbin yönəldilməsi ilə bağlı bütün növ xərclər və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla bank qarşısında borcalanla eyni şərtlər daxilində məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Müqavilədən həmçinin borcalan tərəfindən kredit müqaviləsi üzrə borcların vaxtında ödənilməsi müddətləri pozulduqda bankın zamindən və borcalandan öhdəliyin vaxtından əvvəl icrasını tələb etmək hüququnun mövcudluğu irəli gəlir. Zaminlik zaminliklə təmin edilmiş öhdəlik tam icra edilənədək olan müddətdə qüvvədədir. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında borc (kredit) müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 6-cı maddəsinin mahiyyətindən irəli gələn müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin məcəllənin 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin məcəllənin 390.5-cı maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir (390.6). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İddia ərizəsinə əlavə olunmuş balansdankənar məxaric orderindən və hesabdan çıxarışdan iddiaçının müqavilədən irəli gələn öhdəliyini icra etməsi, İddiaçı ASC tərəfindən 1 (bir) ədəd Plastik kartın Cavabdeh2 təhvil verildiyi məlum olur. Belə ki, borcalan öz imzası ilə Kartı aldığını təsdiq etmişdir. Həmçinin cavabdehin xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək kredit hesabından çıxarışdan kredit limitinin cavabdeh tərəfindən istifadə edildiyi və öhdəliyin lazımi qaydada icra edilmədiyi məlum olur. Maliyyə arayışından belə məlum olur ki, cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-ə 4572,92 AZN əsas, 520.48 faiz olmaqla, cəmi 5093,4 AZN borcu yaranmışdır. Bank tərəfindən cavabdehlərə müqaviləyə uyğun ödəniş aparılmadığından vaxtı keçmiş borcun yaranması barədə bildirilərək borcun ödənilmədiyi təqdirdə müqavilə şərtlərinə uyğun olaraq borcalan barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. Cavabdehlər müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehlərə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2) Kredit müqaviləsindən irəli gələn öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyindən, əsas borclu ilə yanaşı, zaminin də “Zaminlik müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliyə əsasən əsas borclu ilə birgə məsuliyyəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsi ilə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmamışdır. MPM-in 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh2 və Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2019-cu il tarixli kredit kartına dair müqaviləyə əsasən 4572.92 manat (dörd min beş yüz yetmiş iki manat doxsan iki qəpik) əsas, 520.48 (beş yüz iyirmi manat qırx səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 5093.4 (beş min doxsan üç manat qırx qəpik) borc tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 70.93 yetmiş manat doxsan üç qəpik) manat miqdarında dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 4572.92 manat (dörd min beş yüz yetmiş iki manat doxsan iki qəpik) əsas, 520.48 (beş yüz iyirmi manat qırx səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 5093.4 (beş min doxsan üç manat qırx qəpik) borc müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh2 və Cavabdeh1 70.93 yetmiş manat doxsan üç qəpik) manat miqdarında dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar