Məhkəmə qərarları › İş №e-2(079)-289/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-289/2022

24.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-289/2022 24.06.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 20 may 2022-ci il tarixdə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər– Cavabdeh2 və Cavabdeh1 03 dekabr 2019-cu il tarixli, 182İK031219 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə 1 349.49 (bir min üç yüz qırx doqquz manat 49 qəpik) manat gecikdirilmiş faiz borcu, 4 259.86 (dörd min iki yüz əlli doqquz manat 86 qəpik) manat gecikdirilmiş əsas borc, 14.38 (on dörd manat 38 qəpik) manat faiz borcu, 2 006.02 (iki min altı manat 02 qəpik) manat əsas borc olmaqla, ümumilikdə 7 629.75 (yeddi min altı yüz iyirmi doqquz manat 75 qəpik) manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 96.30 (doxsan altı manat 30 qəpik) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı, iddiasını əsaslandıraraq qeyd etmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhər filialı tərəfindən Cavabdeh2 tərəflər arasında bağlanmış 03 dekabr 2019-cu il tarixli, 182İK031219 saylı kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 36 ay müddətinə 8 500 (səkkiz min beş yüz) manat məbləğində istehlak krediti verilmişdir. Verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh1 zamin qismində iştirak etdiyi üçtərəfli 03 dekabr 2019-cu il tarixli, 82Z/031219 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Borcalan Bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1-ci bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozmuş, nəticədə 18 may 2022-ci il tarixə kredit reyestrində Cavabdeh2 adına 555 gecikmə günü qeydə alınmışdır. Bu səbəbdən tərəfimizdən Borcalanla, zaminlə dəfələrlə telefonla əlaqə saxlanılmış və Borcalan və Zaminə xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləği dəqiq göstərilməklə borcun icrası tələb edilmişdir. İddiaçının tələbinin əsaslandığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, zaminlik müqaviləsi, kredit borcuna dair maliyyə arayışı, kredit ödənişi cədvəli və kassa məxaric orderidir. Kredit müqaviləsinin 5.2-ci maddəsinə əsasən Borcalan kreditin və hesablanmış faizlərin ödənilməsi öhdəliklərini vaxtında yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, Bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Kredit müqaviləsinin 6.1-ci maddəsinə əsasən müəyyənləşdirilmişdir ki, tərəflər bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsinə görə qarşı tərəfə vurduğu ziyana görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Kredit müqaviləsinin 2.10-cu maddəsinə əsasən müəyyənləşdirilmişdir ki, gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayınaəsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə hesablanır. Kredit müqaviləsinin 8.2-ci maddəsinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflər müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Cavabdeh2 tərəflər arasında bağlanmış 03 dekabr 2019-cu il tarixli, 182İK031219 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə 1 349.49 (bir min üç yüz qırx doqquz manat 49 qəpik) manat gecikdirilmiş faiz borcu, 4 259.86 (dörd min iki yüz əlli doqquz manat 86 qəpik) manat gecikdirilmiş əsas borc, 14.38 (on dörd manat 38 qəpik) manat faiz borcu, 2 006.02 (iki min altı manat 02 qəpik) manat əsas borc olmaqla, ümumilikdə 7 629.75 (yeddi min altı yüz iyirmi doqquz manat 75 qəpik) manat kredit borcu öhdəliyi var. İddiaçı və cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını tərəflərin izahatları ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə qeyd edir ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında kredit müqaviləsinin bağlanmış olması, Cavabdeh2 istehlak məqsədi üçün "xxxx" ASC tərəfindən kreditin verilməsi, cavabdehin Bank qarşısında öz öhdəliklərini lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə iddiaçı təşkilat ilə Cavabdeh1 arasında zaminlik müqaviləsinin bağlanması, cavabdehlərə öhdəliyin icrası tələbilə bir neçə dəfə xəbərdarlıq edildiyi işin mübahisəsiz hallarıdır. Belə ki, mülki iş materiallarında olan: - 03 dekabr 2019-cu il tarixli, 1821İK/0312019 saylı müqavilədən "xxxx" ASC ilə Cavabdeh2 arasında kredit müqaviləsinin bağlanmış olması, Cavabdeh2 Bank tərəfindən istehlak məqsədi üçün 36 ay müddətinə 8500 (yeddi min) manat məbləğində illik 17% (on yeddi) faiz dərəcəsi ilə kreditin verilməsi barədə razılıq əldə olunması; - 03 dekabr 2019-cu il tarixli 3021 və 3028 nömrəli Xəzinə məxaric orderindən "xxxx" ASC tərəfindən Cavabdeh2 8272.00 AZN kredit məbləğinin verilməsi; - 03 dekabr 2019-cu il tarixli, 82Z/031219 nömrəli kredit müqaviləsinə əlavə zaminlik müqaviləsindən "xxxx" ASC ilə Cavabdeh1 arasında Zaminlik müqaviləsinin bağlandığı, X2rşısında olan bütün öhdəliklərinin yerinə yetirilməsinə təminat verdiyi; - 18 yanvar 2019, 17 dekabr 2021 və 05 mart 2022-ci il tarixli xəbərdarlıqlardan və poçt xəbərnamələrindən "xxxx" ASC tərəfindən cavabdehlərə öhdəliyin icrası tələbilə xəbərdarlıq edildiyi aydın olur. Məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 03 dekabr 2019-cu il tarixli, 1821İK/0312019 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə 1 349.49 (bir min üç yüz qırx doqquz manat 49 qəpik) manat gecikdirilmiş faiz borcu, 4 259.86 (dörd min iki yüz əlli doqquz manat 86 qəpik) manat gecikdirilmiş əsas borc, 14.38 (on dörd manat 38 qəpik) manat faiz borcu, 2 006.02 (iki min altı manat 02 qəpik) manat əsas borc olmaqla, ümumilikdə 7 629.75 (yeddi min altı yüz iyirmi doqquz manat 75 qəpik) manat kredit borcunun cavabdehlərdən birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi işin mübahisəli halıdır. Məhkəmə mübahisəni nizamlayan maddi hüquq normaları ilə bağlı aşağıdakıları qeyd edir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyin predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların verilməsi, görülmüş işlər, göstərilmiş xidmətlər üzrə borclu şəxslərin davranışı təşkil edir. Maddənin məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi isə, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsi ilə mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsası olaraq qanunvericiliklə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarına əlavə olunmuş kredit müqaviləsindən belə məlum olur ki, tərəflər borc müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır: - müqavilənin 1.1-ci bəndinə əsasən müqavilə predmetini Bankın Borcalana şəxsi istehlak məqsədi üçün 36 ay müddətinə 7000 (yeddi min) manat məbləğində illik 17% (on yeddi) dərəcəsi ilə istehlak kreditinin verilməsi, Borcalanın isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürməsi təşkil edir; - müqavilənin 1.2-ci bəndindən aydın olur ki, öhdəliyin icrası Borcalanın aylıq gəlirləri hesabına həyata keçiriləcəkdir, öhdəliyin icrasının təminatı Zamin və Bank arasında bağlanan Zaminlik müqaviləsi olacaqdır; - müqavilənin 2.1-ci bəndinə görə kreditin verilməsi Borcalanın cari hesabına köçürmə yolu ilə və yaxud nağd qaydada həyata keçirilir; - müqavilənin 2.3-cü bəndindən aydın olur ki, kredit məbləği borcalana illik 17% dərəcəsi ilə verilir, faizlər annuitet qaydada hesablanır, nəticədə kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) illik 18.29%-dir. - müqavilənin 2.7-ci bəndindən aydın olur ki, kredit üzrə borcun ödənilməsi tarixi (faizlərin, cərimələrin ödənilməsi) vəsaitlərin kassaya və ya Bankın müxbir hesabına daxil olan tarix və ya müştərinin Bankda açdığı hesabından vəsaitlərin silinməsi tarixi hesab olunur. - müqavilənin 2.8-ci bəndinə əsasən kreditdən istifadəyə görə faizlərin hesablanması müddəti ssuda hesabı üzrə borcun yarandığı tarixdən başlayır və bu borcun qaytarılması tarixində qurtarır... - müqavilənin 2.10-cu bəndinə əsasən gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə faizi ödəyir; - müqavilənin 2.11-cu bəndinə əsasən faizlər və cərimələr gündəlik olaraq hesablanır və borcalan üçün açılmış müvafiq hesabda qeydə alınır. - müqavilənin 2.12-ci bəndinə əsasən cərimələrin ödənilməsi faktiki vaxtı keçmiş ödəniş günlərinin sayı üzrə həyata keçirilir. Cərimələrin hesablanması müddəti ödəniş qrafikinə uyğun olaraq ödəniş aparılmalı olan, lakin aparılmayan tarixdən başlayır və ödəniş aparılan tarixdə qurtarır. - müqavilənin 2.14-cu bəndinə əsasən müqavilə üzrə borcun qaytarılması üçün borcalan tərəfindən hesaba köçürülən məbləğ ödəniş sənədində göstərilən ödənişin təyinatından asılı olmayaraq aşağıdakı növbəliliklə ödənişə istifadə olunur: ödənilməmiş faizlər və cərimələr, əsas məbləğ üzrə vaxtı keçmiş borclar, hesablanmış faiz və əsas məbləğ üzrə müddətli borclar; - müqavilənin Bankın hüquqları adlanan 3.1-ci bəndinə görə borcalan tərəfindən müqavilə şərtləri pozulduqda Bankın öhdəliyin icrasını vaxtından əvvəl tələb etmək hüququnun olması müəyyən edilir; - müqavilənin 4.1-ci bəndinin “a” yarımbəndinə görə isə borcalan müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini vaxtında yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə bank borcalanı rəsmi xəbərdar etməklə müqaviləni birtərəfli qaydada ləğv edə bilər; - müqavilənin 5.1-cü bəndinə görə tərəflər bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsinə görə qarşı tərəfə vurduğu ziyana görə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır. - müqavilənin 6.1 və 6.2-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində tərəflər arasında müqavilə ilə əlaqədar yaranan mübahisələrin qarşılıqlı anlaşma və razılıq yolu ilə biri digərinin hüququnu pozmadan həll edilməsi, tərəflər mübahisələrin həlli haqqında razılığa gəlmədikdə mübahisənin məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edə biləcəkləri nəzərdə tutulmuşdur. Mülki iş materiallarında olan 03 dekabr 2019-cu il tarixli, 82Z/031219 nömrəli Zaminlik müqaviləsinin 2.1-ci bəndinə görə isə X3rşısında 03 dekabr 2019-cu il tarixli, 1821İK/0312019 saylı kredit müqaviləsinin yerinə yetirilmesinə, kredit və ona hesablanmış faizlərin və cərimələrin ödənilməsinə, Borcalan tərəfindən Kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklərin icrası üzrə borcalanın tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Banka dəyən digər zərərin ödənilməsi də daxil olmaqla Borcalanla eyni həcmdə məsuliyyət daşıyır. Müqavilənin 2.2-ci bəndinə görə zamin və Borcalan göstərilən Kredit müqaviləsi üzrə Borcalanın öhdəliklərini icra etməməsi və iclasının mümkün olmaması zamanı Bank qarşısında birgə məsuliyyət daşıyırlar. 3.2-ci bəndinə görə müqaviləyə Borcalanın Bank qarşısında 03 dekabr 2019-cu il tarixli, 1821İK/0312019 saylı kredit müqaviləsi üzrə bütün öhdəliklərin tam icra edilməsi nəticəsində xitam verilir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilənin mühüm şərtləri barədə tələb olunan formada razılıq əldə olunmuş, kreditor borcalan qarşısında öhdəliyini lazimınca icra edərək razılaşdırılmış krediti borcalana vermişdir. Cavabdehlər isə öhdəliyi lazımınca icra etmələri ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmçinin mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi ilə bağlı müqavilələrin tələbinə əməl olunaraq öhdəliyin icra olunması tələbi və icra olunmayacağı təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq bildirişi cavabdehlərə rəsmi qaydada verilmiş, mübahisənin qarşılıqlı anlaşma yolu ilə həllinə nail olunmamışdır. Borcun məbləğinə gəldikdə isə 18 may 2022-ci il tarixli maliyyə arayışından belə məlum olur ki, cavabdehlərin 18 may 2022-ci il tarixinə olan gecikdirilmiş əsas borcu 4259.86 manat, əsas borcu isə 2006.02 manat olmaqla, ümumilikdə 6265.88 manat təşkil edir. Hesabdan çıxarış və maliyyə arayışından cavabdehlərin əsas borc üzrə cəmi ödədiyi məbləğin 2234.12 manat təşkil etdiyi məlum olur. Belə olan halda ödəniş qrafikinə əsasən ödənilməli olan cəmi 8500 manat əsas borcdan qaytarılmış 2234.12 manat çıxıldıqda bankın tələb olunan cəmi əsas borc məbləği olan 6265.88 manatı tələb etməkdə haqlı olduğu müəyyən olunur. Faiz borcuna münasibətdə isə tələb olunan gecikdirilmiş faiz borcu 1349.49 manat, faiz borcu isə 14.38 manat təşkil edir. Cavabdeh tərəfindən faiz borcu üzrə ödənilmiş cəmi məbləğ isə 1838.33 manatdır. Ödəniş qrafikinə əsasən bütün borcun qaytarılmasının tələb olunduğu vaxta qədər (maliyyə arayışının verildiyi 18 may 2022-ci il tarixə) əsas borca hesablanmış faiz borcu 2294.47 manat (iki min iki yüz doxsan dörd manat qırx yeddi qəpik) təşkil edir. Bu borcdan ödənilmiş faiz məbləği çıxıldıqda isə 456.14 (dörd yüz əlli altı manat on dörd qəpik) manat ödənilməmiş gecikdirilmiş faiz borcu qalır. Bankın gecikdirilmiş faiz məbləği olaraq əlavə tələb etdiyi 893.35 manat məbləğinə münasibətdə tələb əsaslı deyildir. Həmçinin iddiaçının tələb etdiyi gecikdirilməmiş faiz borcu olan 14.38 manat faiz borcuna münasibətdə tələb əsaslıdır. Sözügedən gecikdirilməmiş faiz borcu bankın məhkəməyə müraciət etdiyi xx.xx.2022-ci il tarixi ilə faiz borcunun ödənilməli olduğu xx.xx.2022-ci il tarixi aralığında hesablanmış faiz məbləğini ehtiva edir. İddia ərizəsində bu hal müqavilənin 2.10-cu bəndinə əsasən gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə faizi hesablanması barədə tərəflər arasında müqavilə şərtinin müəyyən olunması ilə izah olunmuşdur. Məhkəmə qeyd edir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri). MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Göründüyü kimi pul vəsaitindən istifadə haqqı olan faizlərin və öhdəliyin icra edilməməsinə görə vurulmuş zərərin tələb edilməsinin əsasları fərqlidir. Bu əsasların qanundan və ya müqavilədən irəli gələn şəkildə hesablanmasından asılı olmayaraq hər bir halda tələb olunan faiz borcu və vurulmuş ziyan məbləği birbirindən fərqləndirilməli və ayrılıqda tələb olunmalıdır. İddiaçı məhkəmədən yalnız pul vəsaitindən istifadə üzrə haqqı-faiz borcunu tələb etmişdir. İddiaçının cavabdehlərlə bağladığı müqavilənin 2.10-cu bəndindən irəli gələn gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə hesablanan əlavə cərimə faizi isə məhkəmədən tələb olunmamışdır. MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə mülki işə baxarkən tələblə, həmin tələbi müəyyən edən hallarla və həmin halları təsdiq edən sübutlarla bağlıdır, mülki iş üzrə isə bundan kənara çıxmağa yol verən müstəsna hallar mövcud deyildir. Kredit müqaviləsinin Bankın hüquqları adlanan 3.1-ci bəndinə görə borcalan tərəfindən müqavilə şərtləri pozulduqda Bankın öhdəliyin icrasını vaxtından əvvəl tələb etmək hüququnun olması müəyyən edilir. Borclu öhdəliyini icra etməməklə bankın öhdəliyin vaxtından əvvəl icrasını tələb etməsi üçün hüquqi zəmin yaratmışdır. Göründüyü kimi bankın bu hüququ tərəflərin qarşılıqlı müəyyən etdiyi öhdəliyin şərtlərindən irəli gəlir. Kredit müqaviləsindən irəli gələn öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyindən, əsas borclu Cavabdeh2 ilə yanaşı, zamin Cavabdeh1 “Zaminlik müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliyə əsasən əsas borclu ilə birgə məsuliyyəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsi ilə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmamışdır. Son olaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Cavabdeh2 və Cavabdeh1 6265.88 (altı min iki yüz altmış beş manat səksən səkkiz qəpik) manat əsas borc, 456.14 (dörd yüz əlli altı manat on dörd qəpik) manat gecikdirilmiş faiz borcu, 14.38 (on dörd manat otuz səkkiz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 6736.4 (altı min yeddi yüz otuz altı manat qırx qəpik) manat kredit borcu müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalmış hissədə əsaslı olmadığından rədd olunmalıdır. Məhkəmə belə hesab edir ki, tələb qismən əsaslı saydığından və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 85.02 (səksən beş manat iki qəpik) manat miqdarında dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 6265.88 (altı min iki yüz altmış beş manat səksən səkkiz qəpik) manat əsas borc, 456.14 (dörd yüz əlli altı manat on dörd qəpik) manat gecikdirilmiş faiz borcu, 14.38 (on dörd manat otuz səkkiz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 6736.4 (altı min yeddi yüz otuz altı manat qırx qəpik) manat kredit borcu müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə əsaslı olmadığından rədd olunsun. Cavabdeh2 və Cavabdeh1 85.02 (səksən beş manat iki qəpik) manat miqdarında dövlət rüsumu müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar