Məhkəmə qərarları › İş №e-2(079)-316/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-316/2024

30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-316/2024 30.04.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 09 aprel 2024-cü ildə Babək Rayon Məhkəməsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə müraciət edərək, Cavabdeh 155.51 manat məbləğində əsas borc və 1.86 manat faiz borcu olmaqla, cəmi 157.37 (bir yüz əlli yeddi manat otuz yeddi qəpik) manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 18 dekabr 2019 il tarixli, 100821-117423/10 nömrəli Güzəştli kredit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 332.72 (üç yüz otuz iki manat yetmiş iki qəpik) manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilərək ona mübahisənin məhkəməyə qədər nizama salınması təklif edilmişdir. Həmçinin, cavabdehə dəfələrlə edilmiş şifahi xəbərdarlıqlara baxmayaraq üzərinə düşdüyü öhdəlikləri icra etməmişdir. 18 mart 2024-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 155.51 manat məbləğində əsas borcu və 1.86 manat faiz borcu olmaqla, cəmi 157.37 (Bir yüz əlli yeddi manat otuz yeddi qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Güzəştli kredit müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən xx.xx.2019-cu il tarixli ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə MPM-in XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. İş üzrə Cavabdeh hazırki mülki iş üzrə məhkəmə sənədləri elektron kabinetinə yerləşdirilmişdir. Rəsmi qaydada verilmiş məhkəmə bildirişlərində iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunsa da, cavabdeh tərəfindən iddiaya qarşı etiraz, etirazının dəlilləri və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə MPM-in 218.1ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında borc (kredit) müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 6-cı maddəsinin mahiyyətindən irəli gələn müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. MM-in 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-in 390.5-cı maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir (390.6). MM-in 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 100821-117423/10 nömrəli kredit müqaviləsi imzalanmış və tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan, Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş müvafiq müqavilənin şərtləri ilə bağlı imperativ normalarla ziddiyyət təşkil etməyən şərtlər barədə razılığa gəlmişlər: - Müqavilənin kredit müqaviləsinin predmeti adlanan 1-ci bəndinə əsasən Bank Müştəriyə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına və Maliyyə Bazarlarına Nəzarət Palatasının 02 aprel 2019-cu il tarixli qərarı ilə qüvvəyə minmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, peniya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”na uyğun restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi üçün kredit verməyi, Müştəri isə Kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada kreditləri qaytarmağı öhdəsinə götürür; - Müqavilənin Əsas öhdəlik üzrə şərtlər adlanan 2-ci bəndinin müvafiq yarımbəndlərinə əsasən restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə 332.72 (üç yüz otuz iki manat 72 qəpik) manat məbləğində kredit, 60 (altmış) ay müddətinə, faizlər hər ay ödənilməklə əsas borcun ödənilməsinə 12 (on iki) ay güzəşt müddəti ilə, 1 (bir) faiz illik faiz dərəcəsi ilə, komisyon tutulmadan təqdim edilir. Ödəniş şərti müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli ilə müəyyən edilir; - Müqavilənin 3.1-ci yarımbəndinə əsasən kreditin istifadə təyinatı müştərinin vaxtı keçmiş kredit borclarının restrukturizasiyasıdır; - Müqavilənin 3.3-cü yarımbəndinə əsasən kredit müqaviləsi üzrə verilmiş kredit və ona hesablanmış faizlər ödəniş cədvəlinə və Kredit müqaviləsinə əsasən, Banka nağd qaydada və ya köçürmə yolu ilə qaytarılır; - Müqavilənin 3.4-cü yarımbəndinə əsasən faizlər kreditin verilmə tarixindən etibarən kredit Banka tam məbləğdə faktiki qaytarılan günədək hesablanır. Kreditin verildiyi tarixdən sonrakı 1 il güzəşt müddəti hesab olunur. Güzəşt müddəti ərzində borcalan tərəfindən əsas kredit borcunun ödənilməsi tələbi nəzərdə tutulmur; - Müqavilənin 4.1.1-ci yarımbəndinə əsasən bank müştərinin əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, habelə bu kredit müqaviləsi üzrə ödənişlər vaxtında və lazımi qaydada icra edilməzsə, bank borcun dərhal qaytarılmasını tələb edə bilər; - Müqavilənin 4.4.1-ci yarımbəndinə əsasən müştəri ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu Banka ödəyir; - Müqavilənin 5.3-cü yarımbəndinə əsasən kredit öhdəliklərinin icrasının gecikdirilməsinə görə hesablanan dəbbə pulu, gecikdirilən əsas borc qalığı məbləğinə borcun gecikmədə olduğu günlər üçün hesablanır. Müştəri borcların ödənilməsini gecikdirdiyi halda hər gecikdirilən gün üçün gecikdirilmiş əsas borc məbləğinin müəyyən faizi miqdarında hər il üçün 0,02 faiz olmaqla, 5 il müddətinə 0,1 faiz dəbbə pulu ödəyir. İddia ərizəsinə əlavə olunmuş Cavabdeh İddiaçı ASC-ə ünvanlandığı xx.xx.2019-cu il tarixli ərizəsində ona restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə illik 1 (bir) faizlə, 60 (altmış) ay müddətinə, 332.72 (üç yüz otuz iki manat 72 qəpik məbləğində güzəştli kreditin verilməsini, kreditin müddəti ərzində cari hesabıma ödəniş cədvəli ilə müəyyən edilmiş məbləğdən artıq mədaxil etdiyi vəsaiti annuitet ödəniş məbləğinin azaldılması şərti ilə cari borcun silinməsinə yönəldilməsini xahiş edərək, kredit və ona hesablanmış faizlərin vaxtında ödənilməsinə zəmanət verdiyini bildirmişdir. Razılaşmanın şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə kreditin Cavabdeh verilməsidir. İddia ərizəsinə əlavə olunmuş 18 aprel 2019 - 09 aprel 2024-cü il tarix aralığını əhatə edən Allahverdiyev Orxan Elxan oğlunun hesabından çıxarışdan 332.72 manat məbləğində vəsaitin şəxsin hesabına köçürüldüyü müəyyən olunur. Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan əlavə - ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında əsas öhdəliyi 60 ay müddətində 332.72 manat məbləğində güzəştli kreditlə bağlı ödənişi həyata keçirməkdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli Maliyyə Arayışına əsasən iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 100821-117423/10 nömrəli Kredit müqaviləsinə əsasən 1 faiz dərəcəsi ilə, 60 ay müddətinə 332.72 (üç yüz otuz iki manat yetmiş iki qəpik) manat məbləğində kredit götürmüşdür. Belə ki, 18 mart 2024-cü il tarixə Borcalanın Banka 155.51 manat əsas borc və 1.86 manat faiz borcu olmaqla, cəmi 157.37 (bir yüz əlli yeddi manat otuz yeddi qəpik) manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmənin 384 gün təşkil etməsi aydın olur. Bank tərəfindən borcalana ünvanlanmış xx.xx.2024-cü il tarixli, 001/007/234483 nömrəli xəbərdarlıqda İddiaçı ASC ilə aralarında bağlanmış 18 dekabr 2019-cu il tarixli, 100821- 117423/10 nömrəli Kredit müqaviləsinə əsasən ona 332.72 (üç yüz otuz iki manat yetmiş iki qəpik) məbləğində kredit verildiyi, cavabdehin ödəniş cədvəli üzrə ödəməli olduğu borcunu ödəməyərək imza ilə təsdiq etdiyi müqavilənin şərtini pozduğu, bu səbəbdən 19 fevral 2024-cü il tarixinə olan 79.59 (yetmiş doqquz manat əlli doqquz qəpik) məbləğində vəsaiti xəbərdarlığı aldığı günün növbəti iş günündən başlayaraq 5 gün müddətindən gec olmayaraq banka ödəməyinin tələb edildiyi, qrafik üzrə aylıq ödənişin 7.07 (Yeddi (.07)) manat təşkil etdiyi, 79.59 (Yetmiş doqquz (.59)) manat borcu ödəmədiyi təqdirdə borclu olduğu 155.51 manat əsas borc, 1.7 manat faiz borcu, cəmi 157.21 (Bir yüz əlli yeddi (.21)) manat məbləğində vəsaitin ondan məhkəmə qaydasında tələb olunacağı barədə xəbərdarlıq olunmuşdur. Həmçinin iddia ərizəsinə əlavə edilmiş 174628 nömrəli yol qaiməsindən onun müqavilədən irəli gələn öhdəliyi lazımınca icra etməməsi müəyyən olunur Cavabdeh müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, iddia tələbinin əsaslılığı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-in 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2) MM-in 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan MM-in 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Faiz borcuna münasibətdə məhkəmə qeyd edir ki, “MM-in 399, 421.3, 423.2, 424.3 və 447- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il Qərarında məhkəmə vurğulamışdır ki, MM-in 423.1-ci maddəsində “müqavilənin ləğv edilməsi haqqında razılaşma” ifadəsindən istifadə olunsa da, burada məhz tərəflərin qarşılıqlı razılaşması yolu ilə müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur. Halbuki, “ləğv etmə” dedikdə əqdə əsaslanan münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırması imkanı başa düşülür. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə MM-in 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də MM-in 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Həmçinin, müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi üçün öhdəliyin pozulması heç də həmişə şərt kimi çıxış etmir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib bilmişdir ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır. O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. MM-in 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddənin tətbiqi tərəflər arasında sinallagmatic öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun MM-in 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Sonda Konstitusiya Məhkəməsinin həmin Qərarda formalaşdırdığı hüquqi mövqeyə görə MM-in 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi MM-in 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor MM-in 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Qeyd edilən qərarda göstərilənləri iş materialları ilə əlaqələndirən məhkəmə bildirir ki, ərizəyə əlavə edilmiş sənədlərdən tərəflər arasında müqavilə bağlanması, borclunun kreditor qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etməməsi və dolayısı ilə müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması müəyyən olunur. İddiaçı isə 22 fevral 2024-cü il tarixdə cavabdehə kredit müqaviləsinin ləğvinə və bütün qalıq borcun ödənilməsinə dair bildiriş göndərərək kredit müqaviləsinin birtərəfli qaydada ləğv edilməsini bildirmiş və 155.51 manat əsas, 1.7 manat faiz borcu olmaqla cəmi 157.21 manat borcun ödənilməsini tələb etmişdir. Bu səbəbdən də cavabdehin ona qarşı olan faiz borcu məhz müqavilənin ləğv edildiyi tarixədək hesablanmalıdır. MPM-in 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli, 100821-117423/10 kredit müqaviləsinə əsasən 155.51 (bir yüz əlli beş manat əlli bir qəpik) manat əsas; 1.7 (bir manat yetmiş qəpik) manat faiz borcu olmaqla cəmi 157.21 (bir yüz əlli yeddi manat iyirmi bir qəpik) manat borc Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalmış hissədə rədd edilməlidir. Məhkəmə belə hesab edir ki, tələb qismən əsaslı saydığından MPM-in 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 29.96 (iyirmi doqquz manat, doxsan altı qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli, 100821-117423/10 kredit müqaviləsinə əsasən 155.51 (bir yüz əlli beş manat əlli bir qəpik) manat əsas; 1.7 (bir manat yetmiş qəpik) manat faiz borcu olmaqla cəmi 157.21 (bir yüz əlli yeddi manat iyirmi bir qəpik) manat borc Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 29.96 (iyirmi doqquz manat, doxsan altı qəpik) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar