Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-319/2025 23.05.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, «Finca Azərbaycan» X2-Bank Kredit Təşkilatının Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı «Finca Azərbaycan» X2-Bank Kredit Təşkilatı 14 aprel 2025-ci il tarixdə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əsas borc üzrə 4515.00 AZN, faiz borcuna görə 1264.64 AZN, cərimə borcuna görə 308.27 AZN, cəmi 6087.91 (altı min səksən yeddi manat, doxsan bir qəpik) AZN məbləğində borcun və 80.88 manat məbləğində odənilmiş dovlət rusumunun "xxxx" MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, iddiaçı "FİNCA Azerbaijan” MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli **********7981 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 5000 (beş min manat) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 276 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit alana nağdsız qaydada,yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan,üzərində "Fincard" adı qeyd edilmiş,kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********7981 - 797512 saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, zamin, kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin odənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2025-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh2 əsas borc uzrə 4515.00 AZN, faiz borcuna ğörə 1264.64 AZN, cərimə borcuna ğörə 308.27 AZN, cəmi 6087.91 (altı min səksən yeddi manat, doxsan bir qəpik) AZN təşkil edir. Kredit Müqaviləsinin 6.2-ci bəndinə əsasən kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir.Lakin bu tələbin kredit alana təqdim edilməməsi kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz.Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Cavabdeh2 məhkəmənin hazırlıq iclasında verdiyi izahatında beş min manat kredit götürdüyünü, onun 850 manatını ödədiyini, işləyə bilmədiyinə görə, xəstəlik, bazarda alverin olmaması səbəbindən, daha da borcunun artdığını görüb bazardan çıxdığını, heç bir yerdən əlinə bir qəpik gəlmədiyini, ona görə də borcunu ödəyə bilmədiyini, noyabr ayının 6-sı 65 yaşının tamam olacağını, pensiya hüququnun yaranacağını, pulu şəxsi ehtiyacları üçün götürdüyünü, 4 ay ödəyə bildiyini, təxminən 7-8 ay olar ki, heç nə ödəmədiyini, zaminin öz həyat yoldaşı olduğunu, 7-ci dəfədir ki bu təkilatdan pul götürdüklərini, bu dəfə xəsəliklə əlaqədar ödəyə bilmədiyini bildirmişdir. Tərəflərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı «Finca Azərbaycan» X2-Bank Kredit Təşkilatının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək İddiaçı MMM QBKT-nin Cavabdeh2 qarşı mülki işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 185ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. MM-in 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. MM-in 744.1-ci maddəsinə görə kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. MM-in 744.2-ci maddəsinə görə kredit müqaviləsində ən azı aşağıdakılar göstərilməlidir: 744.2.1. borcverənin adı və ünvanı; 744.2.2. borcalanın adı və ünvanı; 744.2.3. kreditin məbləği və valyutası; 744.2.4. kreditin qaytarılma müddəti və ödəniş şərtləri; 744.2.5. kreditin təyinatı; 744.2.6. kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği, həmçinin faktiki illik faiz dərəcəsi (müqavilə üzrə dəyişən faiz dərəcəsi şərtləşdirildikdə, ilkin faktiki illik faiz dərəcəsi) tətbiq edildikdə, kredit üzrə faizlərin tutulmadığı müddət barədə aydın və dəqiq məlumat. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, «Finca Azərbaycan» X2- Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında xx.xx.2024-cü il tarixli **********7981 nömrəli kredit müqaviləsi, Cavabdeh1 ilə isə xx.xx.2024-cü il tarixli, **********7981-797512 nömrəli zaminlik müqaviləsi imzalanmış və tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan, Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş müvafiq müqavilənin şərtləri ilə bağlı imperativ normalarla ziddiyyət təşkil etməyən şərtlər barədə razılığa gəlmişlər: - müqavilənin 1.1-ci bəndinə əsasən kredit verən kredit alana ailə-kəndli təsərrüfatıının yaradılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün 24 ay müddətinə 5000.00 manat məbləğində pul vəsaitini verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri və digər ödənişləri, vaxtında kredit verənə ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öhdəsinə götürür; - kredit üzərində 28.00 % illik faiz hesablanacaqdır və nominal faiz ilin 360 gündən ibarət olması nəzərə alınmaqla həqiqi ötən günlər əsasında hesablanacaqdır; - müqavilənin 1.4-cü bəndinə əsasən Kredit Alan kredit üzrə əsas borcu və faizləri bu Müqavilənin tərkib hissəsi olan "Kreditin qaytarılması cədvəlinə" müvafiq olaraq ödəyir. Ödəniş cədvəlinə əsasən ödənişlər kredit məbləğindən və faiz ödənişlərindən ibarət olub aylıq bərabər hissələrlə həyata keçirilir. Kredit alan kredit məbləğinin bir hissəsini və kreditdən istifadəyə görə faizi kreditin ödəmə günündən gec olmayaraq təyin olunmuş vaxtda manat ilə ödəməyi öhdəsinə götürür. - müqavilənin 1.5-ci bəndinə əsasən kredit üzrə faktiki illik faiz dərəcəsi 33% təşkil edir. - müqavilənin 1.6-cı bəndinə əsasən kredit kredit alana “FİNCARD” kredit kartı vasitəsilə və ya kredit alanın bank hesabına köçürülməklə verilir. Kredit “Fincard” kredit kartı vasitəsilə verildiyi halda həmin kartın verilməsi barədə “Akt” tərtib edilir, hər iki tərəfdən imzalanır və həmin Akt bu müqavilənin tərkib hissəsi hesab edilir. - müqavilənin 2.1.4-cü bəndinə görə kredit alan tərəfindən müqavilə şərtlərinə əməl edilmədikdə və ya kredit alanın əmlak vəziyyətinin pisləşməsinə əsas verən hallar mövcud olduqda, kredit verənin kreditin dərhal qaytarılmasını tələb etmək və bu müqavilə ilə nəzərdə tutulan cərimə sanksiyalarını tətbiq etmək hüququ vardır. - müqavilənin 3.2.1, 3.2.3-cü bəndlərinə əsasən kredit alan krediti faizləri ilə birlikdə və cədvələ uyğun tərzdə qaytarmaq, kreditdən təyinatı üzrə istifadə etmək kimi vəzifələr daşıyır; - müqavilənin 4.1-ci bəndinə əsasən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi dövriliyi və qaydası tərəflər arasında yazılı formada razılaşdırılmış və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli ilə müəyyən edilir. - müqavilənin 5.1-ci bəndinə əsasən kredit alan kreditin ödənilməsi üzrə öhdəliyi vaxtlıvaxtmda yerinə yetirmədiyi və ödəniş cədvəlində göstərilən kreditdən istifadəyə görə faizləri və kreditin əsas məbləğini ödəmədiyi təqdirdə, kredit alan kredit verənin xeyrinə gecikdirilmiş əsas məbləğin 1%-i məbləğində dəbbə pulunu (cəriməni) təqvim üzrə hər yubanma günü üçün ödəməyə borcludur. - müqavilənin 6.2-ci bəndinə əsasən kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 iş günü ərzində krediti və ona olan digər ödənişləri ödəmədikdə kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin kredit alana təqdim edilməməsi kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. - müqavilənin 7.1-ci bəndinə əsasən bu müqavilə tərəflər tərəfindən imzalandığı andan qüvvəyə minərək kredit alanın krediti, hesablanmış faizləri və digər bu müqavilə üzrə nəzərdə tutulan ödənişləri tam surətdə ödəyib qurtaranadək qüvvədə olacaqdır. «Finca Azərbaycan» X2-Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, **********7981-797512 nömrəli zaminlik müqaviləsində tərəflər iş üzrə əhəmiyyətli olan aşağıdakı şərtlər barədə razılığa gəlib. Zaminlik müqaviləsinin: - müqavilənin 1.1-ci bəndinə əsasən zamin xx.xx.2024-cü il tarixli, **********7981 saylı kredit müqaviləsinə əsasən ("Kredit Müqaviləsi"), həmin müqavilə üzrə kredit alan olan Cavabdeh2 ("Kredit Alan") tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Kredit Müqaviləsinə əsasən Kredit Alan 24 ay müddətində 5000.00 AZN məbləğində pul vəsaitini illik 28.00 faiz dərəcəsi ilə Kredit Verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. - müqavilənin 1.2-ci bəndinə əsasən zamin bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan öhdəliyini kredit alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi barədə kredit verən tərəfindən göndərilən və ya təqdim edilən xəbərdarlığı aldıqdan 3 (üç) gün sonra icra etməyə borcludur. - müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər razılaşırlar ki, kredit alan öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və kredit alan, kredit verən qarşısında birgə məsuliyyət daşıyırlar. Kredit verənin hüququ var ki, öhdəlik üzrə hər bir borclunu, həm kredit alanı, həm zamini ayrıca olaraq öhdəliyə görə tam məsuliyyət daşımağa məcbur etsin. Kredit verənin seçimi heç bir halda mübahisə predmeti ola bilməz. - müqavilənin 2.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə və nümayəndəlik xərclərinin və kredit alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kredit verənə dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kredit verən qarşısında kredit alan ilə eyni həcmdə məsuliyyət daşıyır. Razılaşmanın şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə kreditin Cavabdeh2 verilməsidir. İş materiallarında olan kredit kartının mədaxil aktından belə məlum olur ki, xx.xx.2024cü il tarixli, **********7981 nömrəli kredit müqaviləsini imza edənlərdən kredit alan təsdiq edir ki, kredit məbləği nağdsız qaydada yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan üzərində “Fincard” adı qeyd edilmiş **********135760 saylı kredit kartında təqdim edilmiş, kredit alan isə təsdiq edir ki, **********135760 saylı kredit kartı açıq formada, həmin karta məxsus olan və həmin kartda olan pul vəsaitinin nağdlaşdırılması, eləcə də həmin kart vasitəsilə digər əməliyyatların aparılması üçün tələb edilən PİN kod isə xüsusi möhürlənmiş bağlı zərfdə ona təqdim edilmiş və tərəfindən təhvil alınmışdır. Həmçinin kredit alan təsdiq edir ki, həmin kredit məbləğinin ona təqdim edilmiş kredit balansında olmaması və ya əksik olması ilə bağlı iddia və ya etirazı olarsa ən geci 3 gün ərzində kredit verənə yazılı formada bildirməli və həmin müddət ərzində məlumat verməməsi gələcəkdə bununla bağlı hər hansı iddiasının olmaması kimi qəbul ediləcəkdir. Bu akt kredit alan tərəfindən imzalandığı andan kredit məbləği kredit alana təqdim edilmiş sayılır. Mədaxil aktı iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından FİNCARD kartı təkrar yüklənə bilən olduğu üçün ilk kredit məbləği bitdikdən sonra eyni karta əlavə olaraq təkrar kredit vəsaitinin yükləndiyi və müştəriyə təhvil verildiyi və bunun da cavabdehin imzası ilə təsdiq edildiyi müəyyə olunur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Fincard kreditvermə qəbzindən iddiaçının müqavilədən irəli gələn öhdəliyini icra etməsi, «Finca Azərbaycan» X2-Bank Kredit Təşkilatı tərəfindən tutulmalardan sonra qalan 4810 manat hissəsinin Cavabdeh2 verildiyi məlum olur. Belə ki, borcalan Cavabdeh2 öz imzası ilə orderdə göstərilmiş məbləği aldığını təsdiq etmişdir. Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan əlavə - ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 «Finca Azərbaycan» X2-Bank Kredit Təşkilatı qarşısında əsas öhdəliyi 24 ay müddətində hər ayın müvafiq günündə banka olan əsas və faiz borcundan ibarət 276.00 manat, sonuncu ay isə 260.00 manat məbləğində ödənişi həyata keçirməkdir. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilə onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2) Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan MM-in 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsində öhdəliyin icrasının təmin edilməsinin üsullarından biri kimi zaminlik qeyd olunub. Həmin Məcəlləyə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Məhkəmə belə hesab edir ki, kredit müqaviləsindən irəli gələn öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyindən, əsas borclu ilə yanaşı, zaminin də “Zaminlik müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliyə əsasən əsas borclu ilə birgə məsuliyyəti yaranmışdır. Zamin olan cavabdeh tərəfindən iddiaya qarşı etiraz verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsi ilə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmamışdır. Zaminliyə xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına görə Cavabdeh2 xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 4515.00 manat, faiz borcu üzrə 1264.64 manat, cərimə borcuna görə 308.27 manat olmaqla, cəmi 6087.91 manat borcu var. Məhkəmə iddia tələbinin faiz borcuna dair hissəsi ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən borclu 5000 manat kreditə görə 24 ay müddətində ümumilikdə 1608 manat faiz borcu ödəməyi öhdəsinə götürmüşdür. Kreditorun müqavilənin 2.1.4-cü bəndinə əsasən kredit alan tərəfindən müqavilə şərtlərinə əməl edilmədiyindən kreditin dərhal qaytarılmasını tələb etmək hüququ yaranmış və müqavilə müddətinin bitməsindən əvvəl bütün kredit borcu borc alandan tələb olunmuşdur. Məhkəmə qeyd edir ki, bu zaman borc alanın yalnız əsas borcun onda olduğu müddət ərzində kreditdən istifadəyə görə faiz ödəmək öhdəliyi vardır. Belə ki, MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 36.6-cı maddəsinə əsasən kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır. Belə olan halda kredit verən tərəfindən bütün əsas borc məbləğinin vaxtından əvvəl tələb olunması ilə eyni zamanda müqavilə müddətinin sonuna kreditdən istifadəyə görə faizlərin də tələb olunması hüquqdan sui-istifadə olmaqla yolverilməzdir. Borc alan tərəfindən kredit məbləğinin qaytarılacağı halda kreditdən istifadəyə görə faizlərin hesablanmasından söhbət gedə bilməz. Sözügedən hal iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş maliyyə arayışında qeyd edilmiş məbləğlərlə müəyyən olunur. Ödəniş qrafikinə əsasən kredit alanın məhkəməyə müraciət edildiyi - ödəniş qrafikinə uyğun olaraq xx.xx.2025-ci il tarixə ödəməli olduğu faiz borcu ümumilikdə 1081 (bir min səksən bir) manat olmuşdur. Maliyyə arayışına görə kredit alan xx.xx.2025-ci il tarixə faiz borcu üzrə 343.36 (üç yüz qırx üç manat, otuz altı qəpik) manat ödəniş etmişdir və cəmi 1264.64 (bir min iki yüz altmış dörd manat, altmış dörd qəpik) manat faiz borcu qalığı vardır. Kredit verən tərəfindən tələb olunan əlavə 527 (beş yüz iyirmi yeddi) manat məbləğində əlavə faiz borcu isə müqavilə müddətinin sonuna olan bütün faiz borcudur (1264.64-737.64=527). Bu səbəbdən də məhkəmə iddia tələbini faiz borcuna dair hissədə qismən əsaslı hesab edir. İddia tələbinin cərimənin ödənilməsi tələbinə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, MM-in 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Müqavilənin 5.1-ci maddəsinə əsasən tərəflər razılaşmışlar ki, kredit alan kreditin ödənilməsi üzrə öhdəliyi vaxtlı-vaxtında yerinə yetirmədiyi və ödəniş cədvəlində göstərilən kreditdən istifadəyə görə faizləri və kreditin əsas məbləğini ödəmədiyi təqdirdə kredit alan kredit verənin xeyrinə gecikdirilmiş əsas məbləğin 1%-i məbləğində dəbbə pulunu təqvim üzrə hər yubanma günü üçün ödəməyə borcludur. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin dəbbə pulunun miqdarına münasibətdə məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından isə görünür ki, borcalanın 4515.00 manat əsas borcuna münasibətdə iddiaçı 308.27 manat cərimənin tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ əsas borca mütənasib hesab oluna bilməz və cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 225.75 (iki yüz iyirmi beş manat, yetmiş beş qəpik) manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. MPM-in 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 4515.00 (dörd min beş yüz on beş) manat əsas, 737.64 (yeddi yüz otuz yeddi manat, altmış dörd qəpik) manat faiz, 225.75 (iki yüz iyirmi beş manat, yetmiş beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 5478.39 (beş min dörd yüz yetmiş səkkiz manat, otuz doqquz qəpik) manat borc cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı «Finca Azərbaycan» X2-Bank Kredit Təşkilatına ödənilməlidir, iddia qalmış hissədə rədd edilməlidir. Məhkəmə belə hesab edir ki, tələb qismən əsaslı sayıldığından MPM-in 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu 72.78 (yetmiş iki manat, yetmiş səkkiz qəpik) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 284-6.1, 284-6.2, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 4515.00 (dörd min beş yüz on beş) manat, faiz borcu üzrə 737.64 (yeddi yüz otuz yeddi manat, altmış dörd qəpik) manat, cərimə borcuna görə 225.75 (iki yüz iyirmi beş manat, yetmiş beş qəpik) manat olmaqla, cəmi 5478.39 (beş min dörd yüz yetmiş səkkiz manat, otuz doqquz qəpik) manat borc cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı «Finca Azərbaycan» X2-Bank Kredit Təşkilatına ödənilsin. İddia qalmış hissədə rədd edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 72.78 (yetmiş iki manat, yetmiş səkkiz qəpik) manat miqdarında dövlət rüsumu müştərək qaydada alınaraq «Finca Azərbaycan» X2-Bank Kredit Təşkilatına ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-319/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-319/2025
23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver