Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-325/2023 22.06.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı «X1» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 2405.34 AZN əsas, 505.55 AZN faiz, 14.14 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 2925.03 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 49.66 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ərizə və xx.xx.2021-ci il tarixli ofertaya əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 29% ödəmək şərtilə 2500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 10 may 2023, çərşənbə tarixinə "xxxx" KB ASC-yə 2405,34 AZN əsas, 505,55 AZN faiz, 14,14 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 2925,03 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə sənədləri məhkəməyə məlum olancavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə göndərilmişdir. Rəsmi qaydada təqdim olunmuş məhkəmə bildirişlərində iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunsa da, cavabdeh tərəfindən iddiaya qarşı etiraz, etirazının dəlilləri və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında borc (kredit) müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 5395nkXRDb/22 nömrəli kredit müqaviləsi imzalanmış və tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan, Mülki Məcəllə ilə nəzərdə tutulmuş müvafiq müqavilənin şərtləri ilə bağlı imperativ normalarla ziddiyyət təşkil etməyən şərtlər barədə razılığa gəlmişlər: - müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə Borcverən Borcalana 36 (otuz altı) ay müddətinə, xx.xx.2025 il tarixinədək illik 29 (iyirmi doqquz) faiz (faktiki illik faiz dərəcəsi 32.34) ödəmək şərtilə 2500.00 (iki min beş yüz manat) manat məbləğində krediti Borcalanın mülkiyyətinə verir və Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit ödənişinin aylıq məbləği və aylıq müddəti bu müqavilədə göstərilən ödəniş cədvəli ilə müəyyən olunur. - müqavilənin 1.2-ci bəndinə əsasən bu Müqavilə üzrə Borcalana ayrılan kredit məbləği oferta çərçivəsində Borcalana verilən ödəniş kartına köçürülür. Ödəniş kartında olan kredit məbləği yalnız Borcalanın kartda olan şəxsi vəsaitindən sonra istifadə olunur (Məsələn: kartda 1000 AZN kredit məbləğidir, 500 AZN isə şəxsi vəsait. Borcalan 650 AZN vəsait istifadə etdiyi təqdirdə 500 AZN şəxsi vəsaitindən silinir, 150 AZN isə kredit məbləğindən). - müqavilənin 1.3-cü bəndinə əsasən Kreditin verilməsi və kredit prosedurlarına görə kredit məbləğinin 3 faizi həcmində, kreditin nağdlaşdırılmasına görə isə kredit məbləğinin 1 faizi həcmində komissiya tutulur. - müqavilənin 1.4-cü bəndinə əsasən kreditin məqsədli təyinatı: İstehlak. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi imzalanmış və tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan, Mülki Məcəllə ilə nəzərdə tutulmuş müvafiq müqavilənin şərtləri ilə bağlı imperativ normalarla ziddiyyət təşkil etməyən şərtlər barədə razılığa gəlmişlər Sözügedən müqavilənin 5-ci bölməsi olan və bankla cavabdeh arasında da kreditin növü olaraq qeyd edilən Nağd Kredit adlı bölməsində aşağıdakılar üzrə razılığa gəlinmişdir. Müqavilənin: - 19.1-ci yarımbəndinə əsasən bu müqaviləyə əsasən, “Borcverən” SMS və ya mobil əlavə vasitəsilə kreditin razılaşdırılmış verilmə müddəti, faktiki illik faiz dərəcəsi və məbləğdə “Müştəri”yə kredit verir. Bu Müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi minimum 16% - maksimum 40% faiz təşkil edir. Bank bu müqavilə müddətinin sonunadək Müqavilədə nəzərdə tutulmuş şərt və qaydalarla “Müştəri”yə kredit rəsmiləşdirə bilər. Bu halda “Müştəri” hər ay kredit üzrə ödənilməli olan məbləği Banka qaytarmasını öz öhdəsinə götürür. Kreditin ayrılması şərtləri və qaydaları, kredit üzrə ödənişin hesablanmasına əsaslar bu Bölmənin müddəaları ilə müəyyən edilir. Bu Müqavilə heç bir halda Bank tərəfindən “Müştəri”yə kreditin verilməsi vədi kimi təfsir oluna bilməz. Kredit və ya kredit xəttinin məqsədli təyinatı: istehlak; “Müştəri”yə kreditin verilməsi aşağıdakı qaydada həyata keçirilir: bu Müqavilə imzalandıqdan sonra “Müştəri”yə cari hesab açılır və həmin cari hesaba bağlı olan ödəniş kartı təqdim edilir. “Müştəri” həmçinin, bu oferta çərçivəsində Bankın müvafiq filialına yaxınlaşaraq kreditin dəqiq məbləği, faktiki illik faiz dərəcəsi, müddəti və aylıq ödənişin məbləği, kreditin verilməsi ilə əlaqədar kredit prosedurlarına və nağd pulun çıxarılmasına görə komisyon haqların məbləği əks olunan Müqavilə bağlamaqla kredit əldə edə bilər. Müştəri ilə müvafiq filialda kreditin əldə edilməsinə dair bağlanan müqavilə bu ofertanın tərkib hissəsi hesab olunur. - 19.3-cü yarımbəndinə əsasən “Müştəri”yə bu müqavilə üzrə kredit həmin ödəniş kartının müddəti bitənədək təqdim edilə bilər. Həmin ödəniş kartının müddəti bitdikdən sonra Müştəriyə yeni ödəniş kartı verilənədək bu Müqavilə üzrə kredit verilmir. - 19.7-ci yarımbəndə əsasən Bu müqavilə ilə müəyyən edilmiş hallarda və qaydada Banka ödənilməli olan pul vəsaitləri (əsas borc, faiz, dəbbə pulu, xidmət haqqı və s.) müştərinin bütün növ xarici və milli valyutada olan bank hesablarından, digər əsaslarla ona çatası vəsaitlərdən akseptsiz qaydada silinir. - 20.1-ci yarımbəndə əsasən Bu müqaviləyə əsasən verilmiş kredit üzrə ödənilməli olan aylıq annuitet məbləği bu müqavilənin 19.1-ci bəndində nəzərdə tutulmuş qaydada “Bank” tərəfindən onun qısa telefon nömrəsindən “Müştəri”nin Banka bildirdiyi mobil telefon nömrəsinə göndərilən təklif SMS-ində bildirilir və “Müştəri”nin həmin SMS- ə cavab olaraq öz mobil telefon nömrəsindən “Bank”ın qısa telefon nömrəsinə onun razılığını bildirən məzmunda SMS göndərməsi həmin aylıq annuitet məbləğinin ödənilməsi barədə öz üzərinə öhdəlik götürməsi kimi qəbul olunur. Bundan sonra “Müştəri” həmin təklif SMS-ində göstərilən kredit müddətində (məsələn, 12 ay ərzində) aylıq annuitet məbləğini hər təqvim ayının kreditin onun cari hesabına köçürüldüyü günə uyğun gələn müvafiq təqvim günündə “Borcverən”ə ödəməlidir. Ödəniş günü qeyri-iş gününə təsadüf etdikdə, kredit və onun faizi həmin gündən sonrakı iş gününün sonunadək ödənilməlidir. - 20.2-ci yarımbəndinə əsasən Kreditin və kreditdən istifadəyə görə faizlərin, həmçinin hesablanmış cərimənin (olduğu təqdirdə) tam və ya qismən “Bank”ın hesabına köçürüldüyü tarix kredit və kreditdən istifadəyə görə faizlərin, həmçinin hesablanmış cərimənin müvafiq olaraq tam və ya qismən “Borcverən”ə qaytarıldığı tarix hesab olunur. - 20.4-cü yarımbəndinə əsasən Kreditin və kreditdən istifadəyə görə faizlərin qaytarılması kreditin verildiyi valyutada həyata keçirilir. - 20.6-cı yarımbəndinə əsasən Kreditdən istifadəyə görə faizlər kredit məbləğinin “Müştəri”nin cari hesabına köçürüldüyü gündən onun tam qaytarıldığı günə qədər hesablanır. Bu zaman əsas kimi ayda 30 gün və ildə 360 gün götürülür. - 20.7-ci yarımbəndinə əsasən “Bank” “Müştəri”nin bu müqavilə üzrə öhdəliyini vaxtında və lazımi qaydada icra etməməsi ilə nəticələnə bilən “Müştəri” krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini kreditin verildiyi bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği və hesablanmış cərimə (olduğu təqdirdə) ilə birlikdə qaytarılmasını “Müştəri”dən tələb edə bilər. - 20.9-ci yarımbəndinə əsasən “Müştəri“ kreditin və/və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 (qırx) %-i miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. - 21.1-ci yarımbəndinə əsasən “Müştəri” kreditdən məqsədli təyinatına uyğun istifadə etmədikdə və ya “Müştəri” tərəfindən “Bank”ı aldatmağa yönəlmiş hər hansı bir hərəkətin edildiyi, o cümlədən “Müştəri” özünün fəaliyyəti, iqtisadi- maliyyə imkanları və bu müqavilə üzrə öhdəliyin vaxtında və lazımi qaydada icrası üçün əhəmiyyətli olan digər faktlar (dövlət büdcəsinə, digər hüquqi və fiziki şəxslərə olan borclar, kreditorlar qarşısında icra edilməmiş mülki-hüquqi öhdəliklər və s.) haqqında verdiyi məlumatların və təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmadığı aşkar olunduqda “Bank” kreditin, o cümlədən faizlərin və hesablanmış cərimənin dərhal qaytarılmasını tələb etməklə yanaşı, “Müştəri”yə qarşı kreditin ümumi məbləğinin 1 (bir) faizi miqdarında cərimə tətbiq edə bilər. Razılaşmanın şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə krediti borcalana vermək və ona bank hesabı açmaqdır. İddia ərizəsinə əlavə olunmuş cavabdehin kredit hesabından çıxarışdan iddiaçının müqavilədən irəli gələn öhdəliyini icra etməsi, "X1" ASC tərəfindən 2500.00 manat məbləğin Cavabdeh hesabına köçürüldüyü məlum olur. Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan əlavə - ödəniş cədvəlindən görünür ki, Cavabdeh "X1" ASC qarşısında əsas öhdəliyi 36 ay müddətində hər ayın müvafiq günündə banka olan əsas və faiz borcundan ibarət 105.00, sonuncu ay isə 99.32 manat məbləğində ödənişi həyata keçirməkdir. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2) Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Müvafiq müqavilədən və pretenziya (xəbərdarlıq) məktubundan aydın olur ki, iş üzrə cavabdeh iddiaçı qarşısında öhdəliyini pozmağa görə məsuliyyətdən azad edilməmişdir. İddiaçının cərimənin ödənilməsi tələbinə dair məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Borcalanın yazılı razılığı ilə bütün şərtləri onun tərəfindən qəbul edilmiş Ümumi Oferta bank xidmətləri üzrə müqavilənin 20.9-ci yarımbəndinə əsasən “Müştəri“ kreditin və/və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 (qırx) %-i miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Borcun miqdarına gəldikdə isə iddia ərizəsinə əlavə edilmiş Cavabdeh 5395nkXRDb/22 saylı Kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə olan borcu barədə Maliyyə Arayışından cavabdehin iddiaçı təşkilata 2405.34 (iki min dörd yüz beş manat otuz dörd qəpik) manat əsas, 505.55 manat (beş yüz beş manat əlli beş qəpik) faiz və 14.14 manat (on dörd manat on dörd qəpik) cərimə, komisyon haqqı 0 (sıfır manat) manat olmaqla, cəmi 2925.03 manat (iki min doqquz yüz iyirmi beş manat üç qəpik) borcunun olduğu aydın olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, xx.xx.2022-ci il tarixli, 5395nkXRDb/22 saylı müqavilə üzrə 2405.34 manat (iki min dörd yüz beş manat otuz dörd qəpik) əsas, 505.55 manat (beş yüz beş manat əlli beş qəpik) faiz və 14.14 manat (on dörd manat on dörd qəpik) cərimə olmaqla, cəmi 2925.03 manat (iki min doqquz yüz iyirmi beş manat üç qəpik) məbləğində borc Cavabdeh tutularaq İddiaçı «X1» Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı saydığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 49.26 manat (qırx doqquz manat iyirmi altı qəpik) dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli, 5395nkXRDb/22 saylı müqavilə üzrə 2405.34 manat (iki min dörd yüz beş manat otuz dörd qəpik) əsas, 505.55 manat (beş yüz beş manat əlli beş qəpik) faiz və 14.14 manat (on dörd manat on dörd qəpik) cərimə olmaqla, cəmi 2925.03 manat (iki min doqquz yüz iyirmi beş manat üç qəpik) məbləğində borc Cavabdeh tutularaq İddiaçı «X1» Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 49.26 manat (qırx doqquz manat iyirmi altı qəpik) miqdarında dövlət rüsumu alınaraq «X1» Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-325/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-325/2023
22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver