Məhkəmə qərarları › İş №e-2(079)-328/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-328/2022

09.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-328/2022 09.08.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “13” iyun 2022-ci ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh1 arasında bağlanmış 05 iyun 2020-ci il tarixli, ******* nömrəli kredit müqaviləsini vaxtından əvvəl ləğv etməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə 5444.02 (beş min dörd yüz qırx dörd manat, iki qəpik) manat əsas, 619.33 (altı yüz on doqquz manat, otuz üç qəpik) manat faiz borcu olmaqla, cəmi 6063.35 (altı min altmış üç manat, otuz beş qəpik) manat borcun, həmçinin ödənilmiş 81.04 (səksən bir manat, dörd qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh1 şəxsi (istehlak) məqsədləri üçün 36 (otuz altı) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 9200 (doqquz min iki yüz) manat məbləğində kredit verilmiş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 05 iyun 2020-ci il tarixli, ******* nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə 05 iyun 2020-ci il tarixli, 1029742/19664 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 bank qarşısında öhdəlikləri tam yerinə yetirənədək Cavabdeh2 ona zamin durmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə, borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 31 may 2022-ci il tarixə əsas borcu 5444.02 (beş min dörd yüz qırx dörd manat, iki qəpik) manat, faiz borcu 619.33 (altı yüz on doqquz manat, otuz üç qəpik) manat, cəmi 6063.35 (altı min altmış üç manat, otuz beş qəpik) manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh1 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Bununla da cavabdehlər kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmiş və eyni zamanda hesablara, mühasibat uçotuna dəqiq və düzgün əməl etmədiklərindən Kredit müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda cavabdehlərin kredit müqaviləsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan əsas və ona hesablanmış faiz borcu 6063.35 (altı min altmış üç manat, otuz beş qəpik) manat təşkil edir ki, bu borcun da cavabdehlər tərəfindən ödənilməsi təmin edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdi. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi “06” iyul 2022-ci il tarixdə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə məhkəməyə müraciət edərək, bütün iclaslarda bankın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə hazırlıq iclasında verdiyi izahatında 2018-ci ildə hərbi qulluqçu kimi aşbaz vəzifəsinə işə düzəldiyini, altı ay işlədikdən sonra Azər-Türk bankdan 2500 manat məbləğində kredit götürdüyünü, həmin kredit məbləğini vaxtında qaytardığına görə bank tərəfindən yaxşı müştəri kimi ona əlavə kredit təklif etdiyini, həmin vaxt özünün boşandığını, bir uşağı ilə birlikdə valideynlərinin yanında qaldığını, özünə torpaq sahəsi alaraq orada özünə ayrıca ev tikmək istədiyindən bankın təklifini qəbul etdiyini və 9200 manat məbləğində əlavə kredit götürdüyünü, qardaşı Təvəkkülün ona zamin durduğunu, aylıq ödənişi 366 manat olsa da, hər ay banka 370 manat pul ödədiyini, 2021-ci ilin sentyabr ayınadək krediti vaxtlı-vaxtında ödədiyini, həmin vaxt isə özündə “Hepatit-C” xəstəliyinin olmasının müəyyən edildiyini, bundan sonra işdən azad edildiyini, bu səbəbdən də bankdan götürdüyü krediti ödəyə bilmədiyini, bankdan götürdüyü pulun 1500 manat hissəsini "xxxx" Açıq Səhmdar Cəmiyyətinə əvvəlki kreditlə bağlı verdiyini, 4000 manat hissəsini müalicəsinə xərclədiyini, qalan hissəsini isə anasının borcuna verdiyini, 2021-ci ilin oktyabr ayında bir dəfə ödəniş etdiyini, ondan sonra ödəniş edə bilmədiyini, keçmiş ərinin əlil olduğunu, bu səbəb də uşağının saxlanılması üçün onun ayda 95 manat miqdarında alimenti ancaq ödədiyini, xəstəliyi ilə əlaqədar olaraq özünün işə qəbul edilmədiyini, qeyd edilən səbəblərdən maddi vəziyyətinin aşağı olduğunu və banka borcunun yarandığını bildirmişdi. Digər Cavabdeh2 məhkəmə hazırlıq iclasında verdiyi izahatında əvvəllər sərhəd qoşunlarında hərbi qulluqçu işlədiyini, bacısı Lamiyyənin bankdan kredit götürmək istədiyini və ondan zamin durmağı istədiyini, bacısının "xxxx"dan 9200 manat məbləğində kredit götürdüyünü və özünün də bu məbləğlə bağlı ona zamin durduğunu, anası və bacısı “Hepatit-C” xəstəliyindən əziyyət çəkdiyindən onları müalicə məqsədi ilə tez-tez Türkiyə Respublikasına aparmalı olduğunu, bu səbəbdən işdən çıxarıldığını, bunun təqribən bankdan kredit götürüldükdən 3-4 ay sonra baş verdiyini, bacısının banka olan borcunu qəbul etdiyini, lakin maddi vəziyyətlərinin bankın pulunu ödəməyə imkan vermədiyini, bundan əlavə özünün də həmin bankdan kredit götürdüyünü, borcu ödəyə bilmədiyindən məhkəmə qətnaməsi əsasında ondan 1200 manat məbləğində pul tutulmasının müəyyən edildiyini, hər ay imkanı olduqca borcunu ödəməyə çalışdığını, özünün hazırda evli olduğunu, iki övladının olduğunu, evdə yeganə işləyən şəxsin bacısı Nazilə olduğunu, özünün hazırda maşın təmiri işini öyrənməyə çalışdığını bildirmişdi. Mülki iş materiallarını tədqiq edən və cavabdeh tərəfin izahatlarını dinləyən məhkəmə müəyyən edir ki, Cavabdeh1 ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında kredit müqaviləsinin bağlanması, onun bank qarşısında öhdəliklərinin icrasının təminatı üsulu kimi digər Cavabdeh2 ilə bank arasında zaminlik müqaviləsinin bağlanması və cavabdehlərin bank qarşısında həmin müqavilə üzrə irəli gələn öhdəliklərini lazımınca icra etməməsi mülki işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -mülki iş materiallarında olan 05 iyun 2020-ci il tarixli, ******* nömrəli "Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi" müqaviləsindən Cavabdeh1 ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bankın cavabdehə illik 25 faiz dərəcəsi ilə, 36 ay müddətinə 9200 (doqquz min iki yüz) manat məbləğində kredit verilməsi barədə tərəflərin razılığa gəlməsi; -mülki iş materiallarında olan 05 iyun 2020-ci il tarixli, 1029742/19664 nömrəli zaminlik müqaviləsindən Cavabdeh1nun bank qarşısında öhdəliklərinin icrasının təminatı üsulu kimi digər Cavabdeh2 ilə bank arasında zaminlik müqaviləsinin bağlanması; -cavabdehlərin məhkəmədə verdiyi izahatlardan onların bank qarşısında 05 iyun 2020-ci il tarixli, ******* nömrəli kredit müqaviləsi üzrə irəli gələn öhdəliklərini lazımınca icra etməməsi aydın olur. İddiaçı Açıq Səhmdar Cəmiyyəti isə Cavabdeh1 ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə yaranmış borcun Cavabdeh1 və Cavabdeh2 tutulmasını və Cavabdeh1 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 05 iyun 2020-ci il tarixli, ******* nömrəli kredit müqaviləsinin ləğv edilməsini tələb edir. İddiaçının tələbini məhkəmə ona təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə təsdiq etdiyindən onun tələbi əsaslı sayılaraq təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilən və məhkəmə iclasında tədqiq olunmuş yazılı sübutlar və cavabdehlərin məhkəmədə verdiyi izahatlardır İddiaçının tələbini mülki iş materialları ilə əlaqəli şəkildə öyrənən məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında kredit və Cavabdeh2 ilə isə zaminlik müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 470.1-ci maddəsində qeyd edilir ki, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 05 iyun 2020-ci il tarixli, ******* nömrəli kredit müqaviləsi imzalanmış və həmin müqavilə üzrə onlar aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər: - “Müqavilənin predmeti” adlanan 1-ci bölməsinə görə bu xidmət müqaviləsinin predmetini 36 ay müddətinə (xx.xx.2023-dək), illik 25 (FİFD - 25.76%) faiz dərəcəsi ilə, əsas və faiz borcu üzrə annuitet ödəniş şərtləri ilə, kredit ödənişinin gecikdirilməsinə görə gecikmə baş verdiyi gündən hər gecikdirilən gün üçün kreditin ödənilməmiş hissəsinə görə illik 5 faiz dəbbə müəyyən edilməklə, xidmət üzrə birdəfəlik bank komissiyası 1 faiz (minimum 50 manat) olmaqla, 9200 (doqquz min iki yüz) manat kredit məbləğinin "xxxx" ASC tərəfindən Cavabdeh1 verilməsi təşkil edir. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən Cavabdeh1 həmin müqavilə üzrə əldə etdiyi kredit məbləğini 05 iyul 2020-ci ildən başlamaqla 05 iyun 2023-cü ilədək hər ay 365.79 (üç yüz altmış beş manat, yetmiş doqquz qəpik) manat, sonuncu ay, yəni 05 iyun 2023-cü il tarixədək isə 365.87 (üç yüz altmış beş manat, səksən yeddi qəpik) manat ödəməli olması aydın olur. Həm yuxarıda qeyd edilən maddi hüquq normasından (Mülki Məcəllə maddə 739), həm də müqavilə şərtlərindən aydın olur ki, tərəflər arasında olan razılaşma üzrə iddiaçının müqavilədə göstərilən kredit məbləğini cavabdehə verməsi, sonuncunun isə müqavilə ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri və sair haqları, gecikmə zamanı hesablanmış cərimə məbləğlərini ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir ki, bu həmin hallara da mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş materiallarına əlavə edilmiş 05 iyun 2020-ci il tarixli, FJB**********385 nömrəli kassa məxaric ilə öz təsdiqini tapır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin tələbinin əsassızlığı və eyni zamanda iddiaçı ilə Cavabdeh1 arasında 05 iyun 2020-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də o, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, əksinə iddia tələbini qəbul etmişlər. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının kredit borcunun qaytarılmasına dair tələbi əsaslıdır . Məhkəmə belə hesab edir ki, borcun məbləğinə hüquqi aydınlıq gətirməzdən öncə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı da iddia tələbinə aydınlıq gətirilməlidir. Bununla bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində öhdəliyin icrasının təmin edilməsinin üsullarından biri kimi zaminlik qeyd olunub. Həmin Məcəlləyə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsi ilə müəyyən olunur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 05 iyun 2020-ci il tarixli, 1029742/19664 nömrəli zaminlik müqaviləsində müqavilə tərəfləri üzrə əhəmiyyətli olan aşağıdakı şərtlər barədə razılığa gəlib. Müqavilənin: -müqavilənin 1.1-ci bəndinə əsasən “Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 05 iyun 2020-ci ildə bağlanmış ******* nömrəli kredit müqaviləsi əsasında borc alana veriləcək 9200 (doqquz min iki yüz) manat məbləğində kreditlə əlaqədar olaraq borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür; - 2.1, 2.2 və 2.3-ci bəndlərində qeyd edilir ki, müqavilə ilə zaminliklə təmin olunan öhdəliyin əsası 05 iyun 2020-ci il tarixdə bağlanmış müqavilədir. Təmin olunmuş müqavilənin predmeti borcalana veriləcək 9200 (doqquz min iki yüz) manat məbləğində kreditdir. Müqavilə ilə təmin olunmuş öhdəliyin icrası müddəti borcalanın bank qarşısında 05 iyun 2020-ci il tarixində bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinə yetirilənədəkdir; - 3.1-ci bəndi ilə müəyyən edilir ki, zamin bank qarşısında borcalanın 05 iyun 2020-ci il tarixində bağlanmış kredit müqaviləsi üzrə banka olan kredit və faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komissiya, dəbbə pulu, məhkəmə xərcləri və s. üçün məsuliyyət daşıyır; - 5.1-ci bəndinin tələbinə görə borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin bank qarşısında bu müqavilənin 3-cü bəndində göstərilən məbləği bankın ilk tələbində heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür və “Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətində və digər banklarda hesablarında olan vəsaitin bank tərəfindən tutulmasına icazə verir; - 6.1-ci bənddə göstərilir ki, müqavilənin qüvvədə olma müddəti borcalanın 05 iyun 2020-ci ildə bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərinin bank qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. Tərəflər arasında bağlanmış müqavilənin mahiyyətindən aydın olur ki, Cavabdeh2 05 iyun 2020-ci il tarixli, ******* nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsində isə zaminliyə xitam verilməsinin əsasları qeyd olunsa da, hazırki vəziyyətdə isə mülki iş materiallarından zaminliyə xitam verilməsinin əsasları müəyyən edilmədiyindən və zaminlik müqaviləsinə əsasən Cavabdeh2 bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıması nəzərdə tutulduğundan məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı irəli sürdüyü tələbi də əsaslı hesab edir. Cavabdehlərin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş Cavabdeh1 31 may 2022-ci il tarixə olan borcu barədə maliyyə arayışında onun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə əsas borcdan 3755.98 (üç min yeddi yüz əlli beş manat, doxsan səkkiz qəpik) manat, faiz borcundan isə 2894.18 (iki min səkkiz yüz doxsan dörd manat, on səkkiz qəpik) manat ödəməsi qeyd olunur. Eyni zamanda həmin sənəddə onun 5444.02 (beş min dörd yüz qırx dörd manat, iki qəpik) manat məbləğində əsas, 619.33 (altı yüz on doqquz manat, otuz üç qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə isə 6063.35 (altı min altmış üç manat, otuz beş qəpik) manat məbləğində kredit borcunun olması göstərilib. Hər bir cavabdehdən tutulmalı olan borcun miqdarı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Qeyd edilən prosessual normanının tələbini, həmçinin zaminlik müqaviləsinə əsasən zaminin borclu ilə birlikdə eyni məsuliyyət daşımasını nəzərə alan məhkəmə belə hesab edir ki, kredit müqaviləsi üzrə yaranmış borc cavabdehlərdən müştərək qaydada tutulmalıdır. İddiaçının Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 05 iyun 2020-ci il tarixli ******* nömrəli kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair isə məhkəmə qeyd edir ki, müqavilənin ləğv edilməsi məsələləri Mülki Məcəllənin 421-424-cü maddələri ilə tənzimlənir. Həmin maddələrdən görünür ki, müqavilənin ləğv edilməsi yalnız müqavilə qüvvədə olduqda, yəni müqavilədə müəyyən edilmiş onun qüvvədə olma müddəti başa çatmadıqda, habelə tərəflərin razılaşması ilə və ya məhkəmənin qərarı ilə vaxtından əvvəl ləğv olunmadıqda mümkündür. Tərəflər arasında kredit müqaviləsi 05 iyun 2020-ci il tarixdə 3 il müddətinə bağlanmışdır və müqavilə hazırda qüvvədədir. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (421.2). Mülki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunmuş cavabdehin iddiaçıya qaytarmalı olduğu borcun miqdarı və onların bank qarşısında öhdəliklərini lazımınca icra etməməsi bunu deməyə əsas verir ki, borcalan tərəfindən müqavilə əhəmiyyətli dərəcədə pozulmuşdur. Belə olan halda Cavabdeh1 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 05 iyun 2020-ci il tarixli, ******* nömrəli kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumunun 80.64 (səksən manat, altmış dörd qəpik) manat miqdarı cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yekunda onu da bildirir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən işə baxılması ilə bağlı xərclər iddianın qiymətinə daxil deyildir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -05 iyun 2020-ci il tarixli, ******* nömrəli kredit müqaviləsi üzrə 5444.02 (beş min dörd yüz qırx dörd manat, iki qəpik) manat əsas, 619.33 (altı yüz on doqquz manat, otuz üç qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 6063.35 (altı min altmış üç manat, otuz beş qəpik) manat məbləğində kredit borcu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; -iddia təmin olduğundan onun verilməsi ilə bağlı olaraq iddiaçı tərəfindən ödənilmiş 80.64 (səksən manat, altmış dörd qəpik) manat miqdarında dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; -İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 05 iyun 2020-ci il tarixli, ******* nömrəli kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin olunsun. 05 iyun 2020-ci il tarixli, ******* nömrəli kredit müqaviləsi üzrə 5444.02 (beş min dörd yüz qırx dörd manat, iki qəpik) manat əsas, 619.33 (altı yüz on doqquz manat, otuz üç qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 6063.35 (altı min altmış üç manat, otuz beş qəpik) manat məbləğində kredit borcu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia təmin olduğundan onun verilməsi ilə bağlı olaraq iddiaçı tərəfindən ödənilmiş 80.64 (səksən manat, altmış dörd qəpik) manat miqdarında dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 05 iyun 2020-ci il tarixli, ******* nömrəli kredit müqaviləsi ləğv edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar