Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-333/2023 05.07.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 4539.8 manat məbləğində əsas borcun, 842.34 manat məbləğində faiz borcunun, 1427.03 manat məbləğində cərimə borcunun, cəmi 6809.17 manat borcun və 89 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı, iddiasını əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli nağd pul layihəsi müqaviləsinə əsasən bank Borcluya 12 ay müddətinə, illik 24% olmaqla 5345 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbimizin sübutu kimi kredit müqaviləsi (sazişi), ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (ödəniş tapşırığı), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə vergilər nazirliyindən hüquqi şəxslərin qeydiyyatı barədə reyestrdən çıxarış əlavə edilmişdir. Cavabdeh2 (zamin) həmin müqаviləyə əsаsən bаnk qаrşısındа öz üzərinə məsuliyyət götürərək krеdit müqаviləsindən irəli gələn öhdəliklərin icrаsı üçün Cavabdeh1 ilə birgə məsuliyyət dаşıyır və krеditin qаytаrılmаsı ilə bаğlı Cavabdeh1 bütün öhdəliklərini icrа еtməlidir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək məhkəmə proseslərinin çox olması ilə əlaqədar iştirak edə bilməyəcəyi nəzərə alınmaqla məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsi və təqdim olunan sübutlar əsasında iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin iddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsi və təqdim olunan sübutlar əsasında iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 və Cavabdeh2 məhkəmə sənədləri məhkəməyə məlum olancavabdehlərin rəsmi qeydiyyatda olduğu ünvanlar üzrə göndərilmiş, cavabdehlərin həmin ünvanda köçmələri səbəbindən sənədlərin verilməsi mümkün olmamışdır. Mülki iş materiallarına əlavə olunmuş sifarişli poçt göndərişlərinin verilməsi haqqında xəbərnamələrdən isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq cavabdehlərə ünvanlanmış sənədlərin onların yaşayış yeri üzrə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə təqdim edildiyi müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin məcəllənin 135.5-ci maddəsinə əsasən məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. MPM-in 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. MPM-in 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 və Cavabdeh2 göndərilmiş məhkəmə bildirişlərində iddia tələbinə qarşı etirazların əsası kimi istinad etdiyi halların təsdiqi üçün onda olan bütün zəruri sübutların məhkəməyə təqdim olunması təklif olunmuş, həmçinin işdə iştirak edən şəxslərin sübutları təqdim etməməsinin işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmayacağı barədə xəbərdarlıq olunmuş, buna baxmayaraq cavabdeh tərəfindən məhkəməyə iddia tələbinə qarşı hər hansı etiraz və onu təsdiq edən sübut daxil olmamışdır. Mülki iş materiallarını tədqiq edən məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsinin bağlanmış olması, İddiaçı ASC tərəfindən Cavabdeh1 gündəlik tələbat kreditinin verilməsi, 5345 (beş min üç yüz qırx beş) manat kredit məbləğinin cavabdehə təqdim edilməsi, kredit öhdəliyinin zaminliklə təmin olunması işin mübahisəsiz hallarıdır. Belə ki, mülki iş materiallarında olan: - 18 may 2022-ci il tarixli, RM/21744/86/4 saylı tərəflərin və zaminin imzaladığı müqavilədən İddiaçı ASC, Cavabdeh1 və Cavabdeh2 arasında kredit müqaviləsinin bağlanmış olması, Cavabdeh1 Bank tərəfindən şəxsi ehtiyaclarının ödənilməsi məqsədilə 12 ay müddətinə 5345 (beş min üç yüz qırx beş) manat məbləğində illik 24% faiz dərəcəsi ilə kreditin verilməsi barədə razılıq əldə olunması; - 18 may 2022-ci il tarixli ödəniş tapşırığından İddiaçı ASC tərəfindən Cavabdeh1 hesabına 5345 (beş min üç yüz qırx beş) manat kredit məbləğinin köçürülməsi, cavabdehin öz imzası ilə göstərilmiş məbləği aldığını təsdiq etməsi; - 18 may 2022-ci il tarixli kredit müqaviləsinə əlavə №1 ödəniş cədvəlindən cavabdehin hər ay 505.42 manat, sonuncu ay isə 508.3 manat olmaqla borcun iddiaçıya ödənilməsini öhdəsinə götürməsi; Məhkəmə qeyd edir ki, İddiaçı ASC-nin cavabdehlərdən birgə qaydada 4539.8 manat əsas, 842.34 manat faiz borcu, 1427.03 manat cərimə borcu olmaqla cəmi 6809.17 manat borc tələbi isə işin araşdırılmalı olan mübahisəli halıdır. Məhkəmə mübahisəni nizamlayan maddi hüquq normaları ilə bağlı aşağıdakıları qeyd edir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyin predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların verilməsi, görülmüş işlər, göstərilmiş xidmətlər üzrə borclu şəxslərin davranışı təşkil edir. Maddənin məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi isə, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsi ilə mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsası olaraq qanunvericiliklə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarına əlavə olunmuş kredit müqaviləsindən belə məlum olur ki, tərəflər borc müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır: xx.xx.2022-ci il tarixli, RM/21744/86/4 nömrəli kredit sazişinə əsasən İddiaçı ASC Cavabdeh1 12 (on iki) aylıq kredit müddətinə illik 24 (iyirmi dörd) % dərəcəsi ilə 5345 (beş min üç yüz qırx beş) manat məbləğində nağd pul krediti verir. Həmin sazişə əsasən:
1. Tərəflərin hüquq və vəzifələri, məsuliyyəti, müqavilələrə xitam verilməsi əsasları və tərəflər arasında Müqavilədən irəli gələn münasibətlərin tənzimlənməsi ilə bağlı digər şərtlər İddiaçı ASC-nin "23" avqust 2014-cü il tarixli Müştərilərinə Kreditləşmə və Xidmət Şərtləri ilə (bundan sonra “Xidmət şərtləri” və ya “Şərtlər” adlandırılacaq) müəyyən olunur. Şərtlər bu Sazişin ayrılmaz tərkib hissəsi sayılır və ona əlavə olunur;
2. Bu müqaviləni imzalamaqla tərəflər təsdiq edir, ki Bank tərəfindən Müştəriyə bu müqavilə üzrə verilən kredit müştərinin MK/50656/75/4 saylı “04” iyun 2020-ci il tarixli kredit müqavilələri üzrə kreditlərin restrukturizasiya olunması məqsədilə verilir;
3. Tərəflər bu sazişdə Şərtlərdən fərqlənən, onu tamamlayan və konkretləşdirən, ayrı-ayrı şərtlərin tətbiqini istisna edən şərtlər barədə razılığa gələ bilərlər. Tərəflərin bilavasitə bu Saziş ilə razılaşdırdıqları şərtlərə Xidmət şərtlərinə nisbətən üstünlük verilir;
4. Tərəflər bu Sazişi imzalamaqla təsdiq edirlər ki, bütövlükdə müqavilə, xüsusən də Şərtlərlə tanışdırlar, onların şərtləri ilə razıdırlar və bu Şərtlər kağız daşıyıcıda onlara təqdim edilir. Xidmət şərtlərinin: - 2.1-ci bəndinə əsasən Bank müştəriyə kredit verməyi, kredit xətləri açmağı Müştəri isə Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditlərdən istifadə etməyi və kreditləri qaytarmağı, habelə kreditlərdən istifadəyə görə Banka faizlər (komisyon haqlar) ödəməyi və Girov qoyan və/və ya Zamin isə müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada öhdəliyin icrasını təmin etməyi öhdələrinə götürürlər; - 3.3-cü bəndinə əsasən müqavilə üzrə verilmiş nağd pul krediti və ona hesablanmış faizlər ödəniş cədvəlinə əsasən Müştəri tərəfindən Banka nağd və ya köçürmə yolu ilə kredit müddətində tamamən qaytarılır. Xidmət şərtlərinin xüsusi hissəsi və Kredit sazişlərində göstərilən hallarda ödəniş cədvəli həmçinin digər kredit növləri üzrə də tərtib edilə bilər; - 3.4-cü bəndinə əsasən faizlər kreditin verilmə tarixindən etibarən kredit tam məbləğdə faktiki qaytarılan günədək Kredit sazişi ilə müəyyənləşdirilən ssuda hesabı üzrə borc məbləğinə aylıq 30, illik isə 360 gün hesabı ilə gündəlik olaraq hesablanır; - 7.1.9-cu bəndinə əsasən müştəri müqavilə üzrə ödənişlərini vaxtında və lazımınca icra etmədikdə müştərinin sərəncamı olmadan birtərəfli qaydada onun bankdakı hesablarından müvafiq həcmdə vəsait silinir; - 7.2.9-cu bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, kredit xətləri üzrə ödənişləri, faizləri, komisyon haqları və gecikmə zamanı hesablanmış cərimə məbləğlərini və Bankın xidmət şərtləri və tariflərindən irəli gələn xidmət haqlarını Banka ödəyir. Ödəniş cədvəli ilə müəyyənləşdirilmiş əsas borc məbləği üzrə qabaqcadan əlavə ödəniş edildiyi halda, faiz borcu üzrə gecikmələr gecikmə kimi nəzərə alınmır; - 8.1-ci bəndinə əsasən müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən Tərəf digər Tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı Tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir; - 8.3-cü bəndinə əsasən nəzərdə tutulmuş cərimələr və zərərin əvəzinin ödənilməsi Müştərini Müqavilə üzrə əsas öhdəliklərin (əsas borc, hesablanmış faiz və komisyon haqqı məbləğinin və digər ödənişlərin) icrasından azad etmir; - 9.1-ci bəndinə əsasən xidmət şərtləri Tərəflər arasında gələcəkdə bağlanacaq Kredit sazişlərinin ayrılmaz tərkib hissəsi olmaqla onların əsasını təşkil edir. Müştəri bu Şərtləri imzalamaqla onlarla tanış olduğunu və gələcəkdə bağlanacaq Kredit sazişləri üzrə də onun hüquq və vəzifələrinin bu Şərtlərlə müəyyən edildiyini qəbul edir; - 9.2-ci bəndinə əsasən xidmət şərtləri istehlak kreditləri sahəsində Tərəflər arasında gələcəkdə bağlanacaq Kredit sazişləri üzrə tətbiq ediləcəyindən qeyrimüəyyən müddətdə qüvvədədir; - 9.3-cü bəndinə əsasən kredit sazişləri tərəflərin imzaları ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və öhdəlik üzrə kredit, faizlər, komisyon haqlar və digər pul tələbləri üzrə öhdəliklər Bankın xeyrinə icra olunduğu andan qüvvədən düşür. Öhdəliyin ölçüsü, icra müddətivə digər şərtlər Kredit sazişlərində göstərilir. - 11.22-ci bəndinə əsasən müqavilə ilə tənzimlənməyən münasibətlər və tərəflər arasında yaranan bütün mübahisələr Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq qarşılıqlı razılıq yolu ilə və ya Azərbaycan Respublikası məhkəmələri vasitəsilə həll edilir. - müqavilənin 1.1.8-ci bəndinə əsasən “Zamin” - Kredit müqaviləsi üzrə Bank qarşısında Müştəriylə eyni həcmdə məsuliyyət daşıyan şəxsdir; - müqavilənin 1.1.30-cu bəndinə əsasən “Zaminlik” - Zaminin Bank qarşısında Müştəri ilə birgə məsuliyyətini ehtiva edən əsas öhdəliyin icrasının təmini üsuludur; - müqavilənin 6.12-ci bəndinə əsasən Zamin, müqavilədən irəli gələn pul öhdəlikləri müştəri tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə həmin öhdəliklərin tamamilə icra edilməsi üçün tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında müştəri ilə birlikdə birgə məsuliyyət daşıyır. - müqavilənin 6.13-cü bəndinə əsasən zaminin tam məsuliyyət daşıdığı zaminliklə təmin edilmiş öhdəliklərə kredit sazişi ilə müəyyən olunan əsas borc, faizlər, dəbbə pulu, bundan başqa xidmət haqları, xərclər və dəymiş ziyanın ödənilməsi kimi pul öhdəlikləri daxildir; - müqavilənin 7.4.2-ci bəndinə əsasən “Zaminliklə təmin edilmiş öhdəliklərin icrası üçün bütün əmlakı ilə məsuliyyət daşıyır; - müqavilənin 9.3-cü bəndinə əsasən kredit sazişləri tərəflərin imzaları ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və öhdəlik üzrə kredit, faizlər, komisyon haqlar və digər pul tələbləri üzrə öhdəliklər bankın xeyrinə icra olunduğu andan qüvvədən düşür. Öhdəliyin ölçüsü, icra müddəti və digər şərtləri kredit sazişlərində göstərilir. - 7.4-cü bəndində zaminin hüquq və vəzifələri: - 7.4.1. Müştəri müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə Bankın ilk tələbi ilə zaminliklə təmin edilmiş öhdəliyi dərhal icra edir; - 7.4.2. Zaminliklə təmin edilmiş öhdəliklərin icrası üçün bütün əmlakı ilə məsuliyyət daşıyır; -7.4.4. Zaminliklə təmin edilmiş öhdəlik üzrə əsas borc, faizlər, cərimə məbləği, borcun tutulması üzrə məhkəmə xərcləri və müştərinin öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Banka dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla Bank qarşısında müştəri ilə eyni həcmdə və birgə məsuliyyət daşıyır. - 7.4.5. Zaminliklə təmin edilmiş öhdəliyin tələb hüququnun başqa şəxsə keçməsinə etiraz etmir; - 7.4.6. Banka təqdim edilən sənədlərdə və digər məlumatlarda baş vermiş dəyişikliklər barədə bütün məlumatları müvafiq təsdiqedici sənədlərlə birlikdə 10 (on) gün ərzində Banka təqdim edir; - 7.4.7. Zaminliklə təmin edilmiş öhdəlikləri icra etdikdən sonra icranı təsdiq edən müvafiq sənədləri Bankdan tələb edə bilər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə qeyd edir ki, tərəflər arasında kredit və zaminlik müqaviləsinin mühüm şərtləri barədə tələb olunan formada razılıq əldə olunmuş, kreditor borcalan qarşısında hər iki müqavilə üzrə öhdəliyini lazımınca icra etmişdir. Cavabdehlər isə öhdəliyin onlar tərəfindən lazımınca icrasını təsdiq edə biləcək sübutlar sübutlar isə məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Kredit müqaviləsindən irəli gələn öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyindən, əsas borclu ilə yanaşı, həmçinin zamin Cavabdeh2 “Zaminlik müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliyə əsasən əsas borclu ilə birgə məsuliyyəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsi ilə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmamışdır. Həmçinin zaminliyə xitam verilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsində nəzərdə tutulmuş zaminliyə xitam verilməsi üçün nəzərdə tutulmuş əsaslar mövcud deyildir. İddiaçının cərimənin ödənilməsi tələbinə dair məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Müqavilənin xüsusi hissəsində öz yerini tapan nağd pul krediti bölməsinin 1.3cü bəndində qeyd edilir ki, Müqavilə üzrə gecikdirilmiş kreditə görə, müştəri, hər gecikdirilən gün üçün gecikdirilmiş kreditin kredit sazişi ilə müəyyən edilən faizi miqdarında, lakin 0,50 manatdan/ABŞ/ dolları/Avropadan az olmamaq şərtilə cərimə ödəyir. Bu cərimə kredit üzrə gecikdirmə yaranan tarixdən 90 (doxsan) gün müddətində tətbiq edilir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin dəbbə pulunun miqdarına münasibətdə məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından isə görünür ki, borcalanın 4539.8 manat əsas, 842.34 manat faiz borcuna münasibətdə 1427.03 manat cərimə borcu tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ əsas borca mütənasib hesab oluna bilməz və cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 200 (iki yüz) manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Son olaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4539.8 (dörd min beş yüz otuz doqquz manat səksən qəpik) manat əsas, 842.34 (səkkiz yüz qırx iki manat otuz dörd qəpik) manat faiz borcu, 200 (iki yüz) manat cərimə borcu olmaqla, cəmi 5582.14 (beş min beş yüz səksən iki manat on dörd qəpik) manat kredit borcu tutulmalı, iddia qalmış hissədə rədd edilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı saydığından və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş rüsumun iddianın təmin edilmiş hissəsinə mütənasib miqdarı 72.96 manat (yetmiş iki manat doxsan altı qəpik) manat miqdarında dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4539.8 manat (dörd min beş yüz otuz doqquz manat səksən qəpik) əsas, 842.34 (səkkiz yüz qırx iki manat otuz dörd qəpik) manat faiz borcu, 200 (iki yüz) manat cərimə borcu olmaqla, cəmi 5582.14 manat (beş min beş yüz səksən iki manat on dörd qəpik) borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalmış hissədə rədd edilsin. Cavabdeh1 və Cavabdeh2 72.96 manat (yetmiş iki manat doxsan altı qəpik) miqdarında dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.