Məhkəmə qərarları › İş №e-2(079)-355/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-355/2023

31.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-355/2023 31.08.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında şifahi icraat qaydasında açıq məhkəmə baxışı icıasında baxaraq müəyyənetdi: İddiaçı «30» may 2023-cü il tarixdə ərizə ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Babək Rayon Məhkəməsinə müraciət edərək 4400 (dörd min dörd yüz) manat əsas borcun, 100 (bir yüz) manat hüquqi xidmətlərə görə haqqın, 3 (üç) manat notariat xərcinin və 65 (altmış beş) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh əvvəllər tanımış və münasibətimiz yaxşı olmuşdur. O, hərbiçi idi və Bakı şəhərinin Biləcəri qəsəbəsində yerləşən daxili qoşunların hərbi hissəsində xidmət edirdi. Əbülfəz 2021-ci ilin fevral ayında mənə müraciət edib pula çox ehtiyacı olduğunu bildirmiş və məndən qısa müddətə borc pul istəmişdir. Münasibətimiz yaxşı olduğu üçün 05 fevral 2021-ci il tarixdə Əbülfəzə 4.400 (dörd min dörd yüz) manat borc pul vermişəm. Aramızda olan razılaşmaya görə o, borcu 2021-ci ilin fevral ayının sonunda qaytarmalı idi. Əbülfəz bu barədə şəxsiyyət vəsiqəsinin surəti çıxarılmış kağızı öz xətti ilə qəbz yazıb imza etmiş və qəbzi mənə vermişdir. O, bildirmişdir ki, bir neçə günə bankdan kredit götürəcək və borcu tam qaytaracaqdır. Lakin, vaxt keçməsinə baxmayaraq cavabdeh borcu qaytarmamışdır. O, məndən gizlənir, telefon zənglərimə cavab vermir və borcu qaytarmaqdan boyun qaçırır. Buna görə də ondan borcu məhkəmə qaydasında almaq zərurəti yaranmışdır. Nəzərinizə çatdırıram ki, məhkəmədə iddia qaldırmaq, hüquqi məsləhət almaq və sənədləri tərtib etmək üçün Bakı şəhəri, Q. Qarayev prospekti 52 ünvanda yerləşən Hüquqi işlər mərkəzinə müraciət etmiş və 100 manat hüquqi xidmətə görə haqq ödəmişəm. Bundan başqa məhkəmədə iddia qaldırmaq üçün 65 manat, notariusda şəxsiyyət vəsiqəmin surətini təsdiq etmək üçün 3 manat dövlət rüsumu ödəmişəm. Həmin məbləğlər də cavabdehdən tutulub mənə ödənilməlidir. Bu barədə Cavabdeh pretenziya məktubu göndərmişəm, lakin cavabdeh pretenziyaya əhəmiyyət verməmişdir. Cavabdeh 13 iyun 2023-cü ildə etiraz ərizəsi ilə məhkəməyə müraciət etdiyindən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.4 və 284-5.4.4-cü maddələrinin tələbinin tələbinə nəzərə alan məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında qərardad çıxarmışdı. Cavabdeh etirazını əsaslandıraraq qeyd etmişdi ki, 2012-ci ildən 2021-ci ilədək mən Daxili İşlər Nazirliyinin daxili qoşunlarında müddətdən artıq xidmət etmişəm. 2021ci ilin fevral ayında mənə pul lazım idi. Mənə bildirdilər ki, İddiaçı adlı şəxs faizə pul verir və mən ona müraciət edərək 4400 manat aylıq 20 faizlə faizlə pul götürdüm. Bir ay pulu ödədikdən sonra o, mənə bildirdi ki, sən heç nə girov qoymamısan və pulu dərhal geri qaytarmalısan. Mən bildirdim ki, mənim bütün pulu qaytarmağa imkanım yoxdur ki, pulu səndən faizə götürmüşəm. Onda o, dava salaraq və məni işdən çıxartırmaq hədə qorxusu gələrək maaş kartımı əlimdən aldı. Hər ay özü mənim maaşımın çox hissəsini çıxarırdı və mənə 200 manat pul saxlayırdı. Elə özü də məndən işimə şikayət edib. Sübut olaraq N saylı hərbi hissədə onun tərəfindən yazılmış şikayət ərizələri var. Banka və mənim iş yerimə sorğu göndərsəniz, kameralar açılanda görünəcək ki, əmək haqqını həmin şəxs qanunsuz olaraq alıbdır. Ona görə ki, mən əmək haqqımın alınması üçün ona heç bir etibarnamə verməmişəm. Mən pulumu ödəsəm də, İddiaçı əlində olan kağızdan istifadə edərək əsassız varlanmaq məqsədilə mənə qarşı Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsində iddia qaldıraraq 4568 manat ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Bildirmək istəyirəm ki, İddiaçı iddia ərizəsində yazıb ki, guya məni əvvəllər tanımış və münasibətimiz yaxşı olmuşdur, ona görə də mənə borc pul vermişdir. Ancaq o, yalan danışır. Özü qanunsuz fəaliyyətlə məşğul olur, faizə pul verir və məni kimi insanları aldadmaqla pul qazanır. Məndən sələmin sələmini də almaq istəyir. O, mənim əmək haqqı kartımdan Kapital Bankdan hər ay pulumu çəkib. Bizim işdə neçə-neçə adamları bədbəxt edib və işdən çıxarıb. Onun qanunsuz əməlləri insanların bədbəxtçiliyinə gətirib çıxarır. Mən haradan bilərdim ki, o, mənim pulumu alandan sonra birdə həmin kağızdan sui-istifadə edərək məni birdə məhkəməyə verəcək. Mən onun qanunsuz əməlləri barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişəm. Məni kimi başqa şəxsləri də eyni məzmunlu iddia ərizəsi ilə müraciət edib. Sübut olaraq sizə sənədlərin surətini göndərirəm. Xahiş edirəm mənim etirazımı nəzərə alaraq iddiaçinin tələbini rədd edəsiniz. Məhkəmə iclaslarının vaxtı və yeri barədə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdi. İddiaçı Cavabdeh 07 avqust 2023-cü ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə müraciət edərək iddia tələbini müdafiə etdiyini, Bakı şəhərində yaşadığından və işi ilə əlaqədar olaraq məhkəmədə iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan təqdim etdiyi sənədlər əsasında işə baxılmasını məhkəmədən xahiş etmişdi. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməməsinin səbəbləri barədə əvvəlcədən məlumat verməmişdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə əsaslanan məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdı. İddiaçı məhkəmə hazırlıq iclasında verdiyi izahatında iddia ərizəsində qeyd edilənləri bildirməklə yanaşı, özünün Bakı şəhəri, Biləcəri qəsəbəsində qaldığını, cavabdehin isə əvvəllər onunla bir məhəllədə kirayədə yaşadığını, elə bu vasitə ilə 2019-cu ildə aralarında münasibət yarandığını, Əbülfəzin bir gün ona bir nəfərə pul borclu olduğunu, ondan pulunu istədiyini, onu gözləmədiyini, bu səbəbdən də ona vacib pul lazım olduğunu bildirərək, ondan borc istədiyini və ona bankdan pul götürərək qısa vaxtda pulunu ödəyəcəyini dediyini, özünün alver ilə məşğul olduğunu, cavabdehlə münasibəti olduğundan ona məhəllədə 4400 manat pul verdiyini, həmin vaxt yanlarında heç kimin olmadığını, cavabdehə pul verdikdən sonra ondan borc sənədini aldığını, daha sonra onu məhəllədən kirayə qaldığı evdən köçdüyünü, bu səbəbdən də onu tapa bilmədiyini, aradan uzun müddət keçsə də pulu qaytarmadığını, buna görə məcbur qalıb məhkəmədə iddia qaldırdığını, daha sonra onun iş yoldaşlarından Əbülfəzin telefonda qumar oynadığını, buna görə onun borcu çoxaldığını və işdən çıxarıldığını öyrəndiyini, cavabdehin ona heç vaxt faiz ödəmədiyini və maaş kartını ona vermədiyini, onun ərizəsi əsasında onun cinayətkarlığa qarşı mübarizə idarəsinə çağırılaraq izahatının alındığını və daha sonra ona gedə biləcəyini dediklərini qeyd etmişdir. Mülki iş materialları qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə müəyyən edir ki, İddiaçı tərəfindən Cavabdeh 4400 (dörd min dörd yüz) manat pul verilməsi mülki işin mübahisəsiz halıdır. Bunun işin mübahisəsiz halı olması iddia tələbindən və cavabdehin iddia tələbinə qarşı verdiyi etiraz ərizəsindən aydın olur. İşin mübahisə halı isə iddiaçının cavabdehə verdiyi yuxarıda qeyd edilən məbləğdə borcu tələb etməsi, cavabdehin isə bunu qəbul etməyərək onu ödəməsini bildirməsidir. İddiaçının tələbinin hüquqi həlli ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətindən görünür ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla ilk öncə onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və onlar arasında əsassız varlanmadan əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Həmin Məcəllənin 217.2-ci maddəsi ilə müəyyən edilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında hüquq münasibətləri isə 05 fevral 2021-ci ildə yaranmışdı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdu ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddiaçı tələbini borc müqaviləsi ilə əsaslandırsa da “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyi rəhbər tutan məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış münasibətləri borc müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri hesab etmək olmaz. Belə ki, həmin qərarda qeyd edilir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinin tələbinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşin məhkəmədə araşdırılmasından müəyyən edilir ki, tərəflər arasında qanunvericiliyin tələbinə əməl edilməklə borc müqaviləsi bağlanılmayıb. Cavabdehin iddiaçıya təqdim etdiyi borc sənədini isə müqavilə hesab etmək olmaz. Çünki həmin sənəddə yalnız Cavabdeh iradə ifadəsi əks olunduğu halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinin tələbinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Yəni müqavilədə ən azı iki tərəfin iradə ifadəsi öz əksini tapmalıdır. Hazırki vəziyyətdə məhkəmə hesab edir ki, tərəflər arasında etibarlı borc müqaviləsindən yaranan münasibətlərin olmaması müəyyən edilsə də, onlar arasında öhdəlik münasibətlərinin olması istisna edilmir. Çünki iddiaçının ərizəsinə əlavə etdiyi və cavabdeh tərəfindən imzalanmış 05 fevral 2021-ci il tarixli borc sənədində qeyd edilir ki, “Mən Cavabdeh xx xxxx 1991-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuşam. Tanışım İddiaçı xx.xx.2021-ci il tarixdə borc olaraq 4400 (dörd min dörd yüz) manat pul aldım. İddiaçı aldığım 4400 (dörd min dörd yüz) manat borc pulu tam şəkildə 2021-ci ilin fevral ayının sonunda qaytarmağa öhdəlik götürürəm. Yuxarıda yazılanları özüm yazdım və doğruluğunu öz imzamla təsdiq edirəm”. İddiaçının məhkəməyə təqdim etdiyi sənəddən aydın olur ki, Cavabdeh 05 fevral 2021-ci ildə İddiaçı 4400 (dörd min dörd yüz) manat pul əldə etmişdi. Cavabdeh bunu iddiaya qarşı verdiyi etiraz ərizəsində qəbul etmişdi, həqiqətən də İddiaçı həmin məbləğində borc almışdı. İddia tələbinin hüquqi əsasına gəldikdə isə məhkəmə belə hesab edir ki, cavabdeh iddiaçıdan 4400 (dörd min dörd yüz) manat məbləğində pul alaraq hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmişdi. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə isə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Cavabdeh hərəkətinə haqq qazandıran qanuni əsas və ya müqavilə əsasının olması müəyyən edilmir. Mülki Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinin tələbinə görə isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Cavabdeh 05 fevral 2021-ci ildə İddiaçı 4400 (dörd min dörd yüz) manat məbləğində pul alması öz təsdiqini tapsa da, aldığı pulun geri qaytarılması cavabdehin üzərinə düşmüş, lakin o, məhkəməyə göndərdiyi etiraz ərizəsində maaş kartını iddiaçıya verərək ona olan borcunu ödədiyini bildirsə də, bununla bağlı məhkəməyə sübut təqdim etməmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının məhkəməyə təqdim etdiyi 25 noyabr 2022-ci il tarixli pretenziya məktubundan, sifarişli poçt göndərişinin verilməsi haqqında qəbzdən və onun verilməsi haqqında xəbərnamədən isə İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl Cavabdeh 4400 (dörd min dörd yüz) manat məbləğində borcun qaytarılması üçün müraciət etməsi və həmin bildirişin cavabdeh tərəfə 02 dekabr 2022-ci ildə təqdim edilməsi müəyyən edilir. Yuxarıda qeyd edilənlərə əsaslanaraq məhkəmə İddiaçı Cavabdeh qarşı 4400 (dörd min dörd yüz) manat məbləğində pul tələbini əsaslı sayır. Məhkəmə iddiaçının tələbini əsaslı saydığından bildirir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 65 (altmış beş) manat miqdarında dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddiaçı Cavabdeh digər məhkəmə xərci olaraq vəkilə ödədiyi 100 (bir yüz) manat məbləğində pulun və 03 (üç) manat notarius xərcinin də cavabdehdən alınıb ona verilməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşə baxılması ilə əlaqədar məsrəflərin dairəsi isə qeyd edilən Məcəllənin 115-ci maddəsi ilə tənzimlənir ki, bu məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir (115.0, 115.0.6 və 115.0.9-cu maddələr). Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Sözügedən Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Mülki iş materiallarına əlavə edilmiş və 219785 nömrəli, 09 noyabr 2022 il tarixli qəbzdən İddiaçı iddia ərizəsi və vəkil xərci olaraq 100 (bir yüz) manat miqdarında pul ödənilməsi aydın olur. İddiaçının çəkdiyi xərcin elə də yüksək olmamasını, onun qeyd edilən xərcləri çəkməsinə səbəb cavabdehin qanuna zidd hərəkətlərindən yaranmasını, həmçinin yuxarıda qeyd edilən prosessual normaları nəzərə alan məhkəmə belə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq vəkilə çəkilmiş xərc cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İddiaçının ödədiyini qeyd etdiyi 03 (üç) manat notarius xərcini gəldikdə isə onun ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, o, şəxsiyyət vəsiqəsini 04 avqust 2022ci ildə notarial qaydada təsdiq etdirmişdi. Həmin sənədi tədqiq edən zaman müəyyən edilir ki, iddiaçı sənədin notarial qaydada təsdiqi üçün 3 (üç) manat notarius xərci ödəmişdi. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının notariat xərcini ödəməsi vaxtı, onun məhkəməyə ərizə ilə müraciət etməsi vaxtından çox öncəyə təsadüf edir. Yəni bu sənədin məhz iddia verilməsi ilə bağlı olmasını konkret müəyyən etmək mümkün deyil. Həmçinin iddiaçı məhkəməyə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə müraciət etmiş və demək olar ki, ərizəsinə əlavə etdiyi bir çox sənədin əslini sistem vasitəsi ilə məhkəməyə təqdim etmişdi. Bu isə o deməkdir ki, o, şəxsiyyəti təsdiq edən sənədin də əslini yükləməklə həmin xərcdən azad ola bilərdi. Bu səbəbdən də məhkəmə iddiaçının müraciətini bu hissədə əsaslı hesab etmir. Yekunda məhkəmə tərəflərin nəzərinə çatdırır ki, mülki prosessual qanunvericiliyin tələbindən aydın olur ki, məhkəmə xərcləri iddianın qiymətinə daxil deyil. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; - Cavabdeh 4400 (dörd min dörd yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməli; -həmçinin 65 (altmış beş) manat miqdarında dövlət rüsumu və iddia qaldırmaqla bağlı hüquqi yardım üçün çəkilmiş 100 (bir yüz) manat məbləğində xərc Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddia təmin edilsin. Cavabdeh 4400 (dörd min dörd yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Həmçinin 65 (altmış beş) manat miqdarında dövlət rüsumu və iddia qaldırmaqla bağlı hüquqi yardım üçün çəkilmiş 100 (bir yüz) manat məbləğində xərc Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar