Məhkəmə qərarları › İş №e-2(079)-37/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-37/2023

19.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-37/2023 19.01.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, «Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında şifahi icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “30” noyabr 2022-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək 11 avqust 2021-ci il tarixli, BRED4027632A299 nömrəli kredit müqaviləsi üzrə 288.32 (iki yüz səksən səkkiz manat, otuz iki qəpik) manat əsas, 80,80 (səksən manat, səksən qəpik) manat faiz borcu və 12 oktyabr 2021-ci il tarixli, GTKR4264624A211 nömrəli kredit müqaviləsi üzrə 4418,06 (dörd min dörd yüz on səkkiz manat, altı qəpik) manat əsas, 671,24 (altı yüz yetmiş bir manat, iyirmi dörd qəpik) manat faiz borcu, həmçinin ödənilmiş 74,58 (yetmiş dörd manat, əlli səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, onunla Cavabdeh arasında elektron qaydada bağlanmış 11 avqust 2021-ci il tarixli, BRED4027632A299 nömrəli kart krediti müqaviləsinə əsasən onun kartına illik 25 faiz dərəcəsi ilə 300 (üç yüz) manat məbləğində kredit vəsaiti mədaxil edilmişdi. Daha dəqiq desək kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdi. Tərəflər arasında bağlanmış 12 oktyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 27 faiz dərəcəsi ilə 4900 (dörd min doqquz yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Cavabdehin 24 noyabr 2022-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 11 avqust 2021-ci il tarixli kart krediti müqaviləsi üzrə 288.32 (iki yüz səksən səkkiz manat, otuz iki qəpik) manat əsas, 80,80 (səksən manat, səksən qəpik) manat faiz, 12 oktyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə isə 4418,06 (dörd min dörd yüz on səkkiz manat, altı qəpik) manat əsas, 671,24 (altı yüz yetmiş bir manat, iyirmi dörd qəpik) manat faiz borcu yaranmışdır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) onun tərəfindən bu günədək borcun qaytarılması təmin edilməmişdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qayada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Əkbərov X1 Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə 23 dekabr 2022-ci il tarixdə Babək Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə qarşı kredit borcunun qaytarılması tələbinə dair məhkəməyə müraciət etdiklərini, mülki işin məhkəmə iclasının 19 yanvar 2023-cü il tarixə təyin edildiyini, məhkəməyə iddia ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədlərin məhkəməyə təqdim edildiyini, məhkəmədən mülki işə iddia tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını tədqiq edərək müəyyən edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 11 avqust 2021-ci il tarixli, BRED4027632A299 nömrəli kart krediti müqaviləsi və 12 oktyabr 2021-ci il tarixli, GTKR4264624A211 nömrəli kredit müqaviləsinin bağlanması işin mübahisəsiz hallarıdır. Bu faktlar iddia ərizəsinə əlavə edilmiş 11 avqust 2021-ci il tarixli, BRED4027632A299 nömrəli kart krediti müqaviləsi, 12 oktyabr 2021-ci il tarixli, GTKR4264624A211 nömrəli kredit müqaviləsi, tərəflər arasında aparılmış SMS və "Elektron Məhkəmə" informasiya sistemində cavabdeh barəsində olan əlaqə məlumatları öz təsdiqini tapır. İddiaçının cavabdehlə aralarında bağlanmış müqavilələr üzrə Cavabdeh borcun qaytarılmasını tələb etməsi isə işin mübahisəli hallarıdır. İşin mübahisəli hallarını məhkəmə ona təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə təsdiq etdiyindən onun tələbi əsaslı sayılaraq təmin olunmalıdır. Məhkəmənin iddianın əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş yazılı sübutlardır. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, iş materiallarında olan "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan Cavabdeh Babək rayonu, Şəkərabad kəndində qeydiyyatda olması aydın olur. Məhkəmə 30 noyabr 2022-ci il tarixli məktubla iddia ərizəsinin surəti ona əlavə edilmiş sübutlarla birlikdə cavabdehə göndərərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etiraz və ərizəyə əlavə olunmuş sənədlərə münasibəti, həmçinin iddiaya etiraz və ona əlavə olunmuş sənədlərin surətləri iddiaçıya və məhkəməyə təqdim edə bilməsi, sübutların və etirazın təqdim edilməməsi işdə mövcud olan sübutlar əsasında işə baxılmasına mane olmaması cavabdehə izah olunsa da, Cavabdeh tərəfindən iddia tələbinə qarşı hər hansı bir etiraz daxil olmamışdır. Cavabdehə ünvanlanmış məhkəmə sənədləri Cavabdeh həmin ünvanda yaşamaması səbəbindən poçt xidməti tərəfindən məhkəməyə geri qaytarılsa da, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin sənədlər onun qeydiyyatda olduğu yer üzrə Babək Rayon İcra Hakimiyyətinin Şəkərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdi. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən sonuncu qeyd edilən hal məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətindən görünür ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla ilk öncə onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətləri olmuş və onlar arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İddiaçının tələbi Cavabdeh ilə onun arasında bağlanmış 11 avqust 2021-ci il tarixli, BRED4027632A299 və 12 oktyabr 2021-ci il tarixli, GTKR4264624A211 kredit müqavilələrinə əsaslandığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən tərəflər arasında bağlanmış müqavilələrin etibarlı olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.2-ci madəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; - 324.4-cü madəsinin tələbinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; - 329.1 və 329.2-ci maddələri ilə müəyyən edilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; - 331.1-ci maddəsinin tələbinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; -331.3-cü maddəsinə əsasən əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir; -331.5-ci maddəsində qeyd edilir ki, əqdlərin elektron formada bağlanması ilə bağlı məsələlər elektron ticarət haqqında və elektron sənəd dövriyyəsinə dair Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir; - 740.2-ci maddəsi ilə müəyyən edilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tərəflər arasında bağlanmış kredit müqavilələrini yuxarıda qeyd edilən maddi hüquq normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə müqavilə tərəflərinin qanunvericiliyin tələbinə əməl etməklə müqavilə bağlaması öz təsdiqini tapır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında müqavilə elektron qaydada bağlandığından məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 avqust 2020-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin “sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı ... andan bağlanmış sayılır” müddəasının “müvafiq qaydada imzalanma” tələbi tərəflərin onu şəxsən, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə imzalamasını nəzərdə tutur. Mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə bağlanan müqavilələrin şərtləri mümkün qədər aydın, dürüst və başadüşülən olmalıdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 11 avqust 2021ci il tarixli, BRED4027632A299 nömrəli kart krediti müqaviləsi və 12 oktyabr 2021-ci il tarixli, GTKR4264624A211nömrəli kredit müqaviləsi üzrə tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər: - 11 avqust 2021-ci il tarixli, BRED4027632A299 nömrəli müqavilənin; --1.1-ci bəndinə əsasən ödəniş kartı (Birkart və ya Kart) nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş alətidir. Nağdlaşdırma bankomat (ATM), POS-terminal və ya Bankın yerli struktur bölməsi vasitəsilə nağd pul vəsaitinin alınması (məxarici) əməliyyatıdır. Nağdsız ödəniş nağd puldan istifadə edilmədən kart vasitəsilə malların və ya xidmətlərin (POS-terminal, ATM, mobil tətbiq və ya internet vasitəsilə) dəyərinin ödənilməsi əməliyyatı, həmçinin internet üzərindən edilən onlayn əməliyyatlardır; -- 2-ci bəndinə görə müqaviləyə görə bank müştəriyə “Birkart” ödəniş kartı verir, həmin karta bağlı müqavilədə qeyd edilən şərtlərlə şəxsi istehlak məqsədilə bərpa olunan kredit xətti (bundan sonra - kredit xətti) ayırır və xəttin istifadəsi ilə bağlı müvafiq hesablar açır, müştəri isə həmin kredit xəttindən istifadə edir və yaranmış borclarım (əsas və faiz borcu, xidmət haqqı, dəbbə pulu və s.) Müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəyir; -- 3.1-3.3-cü bəndlərində qeyd edilir ki, bank kredit xəttindən istifadə edilməsi və ödənilməsi üçün müştərinin adına və karta bağlı AZN valyutasında 410100C**********299 saylı cari hesab (bundan sonra - Birkart hesabı və ya hesab) və kreditin uçotunun aparılması üçün isə kredit hesabı açır. Müştəri ayrılmış kredit xətti ilə taksit və qeyri-taksit əməliyyatları həyata keçirə bilər. Hesaba müştəri tərəfindən pul vəsaiti mədaxil oluna bilər. Bank tərəfindən ayrı qayda müəyyən edilməmişdirsə, hesabda olan pul vəsaitinə müştərinin xeyrinə hər hansı faiz hesablanmır. Hesaba yanlış daxilolma olduqda, müştəri bu barədə 3 (üç) iş günü ərzində banka məlumat verməli və bankın həmin vəsaitin qaytarılması ilə bağlı tələbi daxil olduqda həmin məbləği banka geri qaytarmalıdır. Müştəri tərəfindən geri qaytarılmayan həmin vəsaitlər bank tərəfindən akseptsiz qaydada müştərinin hesabından şilinə bilər. Hesabda limitdən artıq borc - overdraft (valyuta məzənnəsinin dəyişməsi, təkrar silinmə və s.) yarandığı halda, müştəri bank qarşısında yaranmış borcunu overdraftın yarandığı gündən ən geci 30 (otuz) iş günü ərzində ödəməlidir. Yaranmış borc müəyyən edilmiş müddətdə qaytarılmadıqda, bank müştərini xəbərdar etmədən kartın fəaliyyətini dayandıra bilər; -- 4.1-cı bəndinə əsasən müştəri tərəfindən kredit xəttindən ilkin olaraq istifadə edilə biləcək məbləğ bank tərəfindən 300 manat müəyyən olunur. Tərəflər razılığa gəlirlər ki, müştəri, bu müqavilənin 11.2-ci hissəsində qeyd edilən və ya sonradan banka bildirdiyi mobil nömrəsinə SMS vasitəsilə göndərilmiş bildirişi (məlumatı) SMS-də göstərilmiş qaydada təsdiq etməklə, habelə ATM, ödəniş terminalı və ya bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrindən (bundan sonra - texnoloji vasitələr) müvafiq qaydada istifadə etməklə, kredit xəttinin istifadə edilə biləcək məbləğini 15000 manat həddində, SMS və digər texnoloji vasitələrlə razılaşdırılmış məbləğdə və şərtlərdə artıra və ya azalda, həmçinin müqavilənin digər şərtlərini dəyişdirə və ya ona xitam verə bilər. Müvafiq qaydada kredit xəttinin məbləğinin artırılması, azaldılması, habelə müqavilənin şərtlərinin dəyişdirilməsi, ona xitam verilməsi və ya digər hərəkətlərin edilməsi yalnız bank tərəfindən təsdiq edildikdə qüvvəyə minir. Müştəri və bank təsdiq edir ki, SMS vasitəsilə göndərilmiş bildirişin müştəri tərəfindən təsdiq edilməsi, habelə texnoloji vasitələrlə müvafiq hərəkətlərin (təsdiqləmələrin) edilməsi müştəriyə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və onun şəxsi imzası ilə eyni hüquqi qüvvəyə malikdir; -- 4.3 və 4.4-cü bəndlərinə görə kredit xəttindən son istifadə tarixi 31 avqust 2024cü ildir. Kartın son istifadə tarixi 31 avqust 2024-cü il tarixədəkdir. Kartın son istifadə tarixi başa çatdığı gündən etibarən həmin hesab sistemdə bağlanılır və hesabın qalığı müştəri tərəfindən geri alınmadıqda və ya vəsaitin köçürülməli olan yeni hesab banka bildirilmədikdə, həmin vəsait müvafiq müştəri kateqoriyasının bağlanmış hesabların uçotu aparılan hesaba köçürülür və bankın tariflərinə əsasən bağlanmış hesabların əməliyyat sistemində saxlanmasına görə müvafiq xidmət haqqı tutulur. Müddət bitdikdən sonra bank daxili qayda və şərtlərində qeyd edilənlər yol verərsə, müştəriyə bu müqavilə üzrə yeni kart təqdim oluna bilər. Hesab bu müqavilənin 3.4-cü bəndi ilə nəzərdə tutulmuş qaydada bağlandıqda və ya kartdan istifadə müddəti bitdikdə, hesabdakı hər cür öhdəliklərdən azad pul vəsaiti bankda saxlanılır. Müştəri müvafiq vəsaiti əldə etmək üçün şəxsiyyətini təsdiq edən sənədlə birlikdə banka müraciət etməlidir; -- 4.5-ci bəndi ilə müəyyən edilir ki, kredit xəttinin illik faiz dərəcəsi qeyri-taksit əməliyyatlar üzrə 25 faizdir (maksimal FİFD 26,29 faizdir.); -- 4.8.1-ci bəndə görə taksit əməliyyatlar çərçivəsində Birkart vasitəsilə aparılan hər bir taksit əməliyyatı, əməliyyatın aparıldığı opsiyaya uyğun ayların sayma bölünərək, aylıq bərabər hissələrlə (faizsiz) ödənilir. Müştəri taksit əməliyyatlar çərçivəsində müvafiq əməliyyat üzrə aylıq ödənişinin (borcunun) ödənilməsini 20 gündən artıq gecikdirərsə, müvafiq taksit əməliyyatının ödəniş forması dəyişdirilir və qeyri-taksit əməliyyatı üzrə bu müqavilədə nəzərdə tutulmuş ödəniş formasına keçirilir (müvafiq taksit əməliyyatının bütün qalıq borc məbləği qədər kredit yaranır və güzəşt müddəti olmayan əməliyyatlara aid edilir). Bu halda müştəridən əməliyyat üzrə qalıq borc məbləğinin bir faizə qədər xidmət haqqı tutulur və borca əlavə edilir. Bu yarımbənddə nəzərdə tutulmuş gecikmə günlərinin müddəti həddinə dair tələb sonradan bank tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər; -- 4.14.14-cü bəndə əsasən müqavilə imzalandığı andan müştəri ilə bank arasında bağlanmış aşağıdakı kredit müqavilə(lər)sinə tərəflərinin qarşılıqlı razılığı ilə xitam verilir və müvafiq müqavilə(lər) üzrə müştərinin istifadəsinə verilmiş borc limiti sıfırlanaraq, ödənilməmiş müvafiq ümumi qalıq borc (əsas borc, faiz borcu və cərimə borcu daxil olmaqla) müştərinin bu müqavilə üzrə kart hesabına köçürülür. Qalıq borc müvafiq kart hesabında güzəşt müddətli borc kimi yaranır. Bank öz mülahizəsinə əsasən, xitam verilmiş müqavilə(lər)də mövcud olan taksit əməliyyatları üzrə borcların bu müqavilə çərçivəsində müvafiq taksitlərin qalıq müddətinə uyğun ödənilməsini müəyyən edə bilər; -- 5.3-cü bəndinə görə kartın mülkiyyəti banka aiddir. Bank karti geri ala, istifadəsini dayandıra bilər, habelə vaxtı bitmiş Kart(lar)ı yenisi ilə əvəz etməyə bilər. Müştəri kartin itməsi, oğurlanması və ya üzərində təhriflərin edilməsinə görə məsuliyyət daşıyır. Kart itirildikdə və ya oğurlandıqda, müştəri tərəfindən Bankın “196” Müştəri Xidmətinə və ya ölkə xaricindən tel: (+99412) *** ** ** telefon nömrəsinə təcili xəbər verilməlidir. Müştəri bu xəbərdən sonra kartin etibarsız sayılacağını qəbul edir və bank tərəfindən yeni bir kartin verilməsi ilə əlaqədar bütün xərclərin ödənilməsini öhdəsinə götürür. Bank yeni kartın verilməsindən və ya müştəri yeni kart almaqdan imtina edərsə, hesabındaki kredit xəttindən artıq hər cür öhdəliklərdən azad məbləği əldə etmək üçün şəxsiyyətini təsdiq edən sənədlə birgə Banka ərizə ilə müraciət etməlidir; -- 6.1, 6.2, 6.4 və 6.7-ci bəndlərdə qeyd edilir ki, kartdan istifadəyə görə aylıq xidmət haqqı 1 manatdır. Kartdan istifadəyə görə aylıq xidmət haqqı bank tərəfindən hər növbəti təqvim ayının 11-ci günü (qeyri-iş gününə təsadüf edərsə növbəti iş günü) BirKart hesabından akseptsiz qaydada tutulur. Təqvim ayı üzrə Kart vasitəsilə həyata keçirilən kartdan karla, o cümlədən hesab(lar)a köçürmələr, habelə nağdsız kredit ödənişləri istisna olmaqla, kredit xətti və ya şəxsi vəsait hesabına aparılmış taksit və ya digər nağdsız əməliyyatların ümumi dəyəri 200 AZN-dən çox olduqda, həmin təqvim ayı üzrə Kartdan istifadəyə görə aylıq xidmət haqqı tutulmur. Birkart hesabına ayrılmış kredit xəttinin nağdlaşdırılmasına görə minimum 2 manat olmaqla 1,5 (bir tam onda beş) faiz xidmət haqqı müəyyən olunur. Digər nağdlaşdırma və kart əməliyyatlarına, habelə bank əməliyyatlarma görə xidmət haqqı tarifləri bankin qüvvədə olan tarif dərəcələrinə əsasən müştəri tərəfindən ödənilir. Kredit xəttindən nağdlaşdırma komissiyasının Birkart hesabından tutulması halında müvafiq komissiya məbləğləri borc məbləğinin üzərinə əlavə olunur və güzəşt müddəti olmayan Qeyri-taksit əməliyyatı kimi əsas borc olaraq nəzərə alınır (müvafiq məbləğə bu Müqavilə ilə nəzərdə tutulmuş illik kredit faizi hesablanır); -7.2.9-cu bəndinin tələbinə əsasən müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit üzrə ödənişləri banka ödəməlidir. Müştəri bu müqavilə üzrə borcların ödənilməsini gecikdirdiyi halda hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin 1 faizi miqdarında dəbbə pulu ödəyir (və ya dəbbə pulu müştərinin bankda olan hesab(lar)ından silinir); - 9.1 və 9.1.1-ci bəndlərinə görə müştəri tərəfindən bu müqavilə üzrə borcların (əsas, faiz və digər borclar) vaxtında ödənilməsi müddətləri pozulduqda bank kreditin hesablanmış faizi ilə və digər borcları ilə birlikdə qaytarılmasını müştəridən vaxtından əvvəl tələb edə və bu müqaviləyə xitam verə bilər; -10.1-ci bəndə əsasən müqavilə tərəflərin şəxsi imzası ilə imzalandıqda və ya bankın texnoloji vasitələrindən istifadə edilməklə müştəri tərəfindən şəxsi imzanın başqa analoqu (imzanın faksimilesi, SMS, klik edilmə, müvafiq xananın seçilməsi, məlumatların doldurulması və s.) ilə təsdiq edildikdə qüvvəyə minir və tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək, o cümlədən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi üzrə hesablanmış faizlər, dəbbə pulu, maliyyə sanksiyası ilə bağlı çəkilən xərclər tam ödənilənədək qüvvədə qalır. -12 oktyabr 2021-ci il tarixli, GTKR4264624A211 nömrəli kredit müqaviləsinin; -- 1-ci bəndlərinə görə borc verən borcalana gündəlik tələbat üçün illik 27 faizlə, 35 ay müddətində, 4900 (dörd min doqquz yüz) manat məbləğində kredit verməyi, borcalan müqaviləyə əlavə edilmiş ödəniş qrafikinə əsasən bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri və digər borcları borc verənə qaytarmağı öhdəsinə götürür; -- 2.1 və 2.2-ci bəndlərinə əsasən bank kreditdən istifadə edilməsi və ödənilməsi üçün Müştərinin adına 410100C**********1299 saylı cari hesab və kreditin uçotunun aparılması üçün kredit hesabı açır. Kredit müştərinin cari hesabına köçürmə yolu ilə verilir. Müştərinin istəyinə əsasən cari hesaba köçürülən vəsait onun verdiyi ərizə əsasında xidmət haqları (1.1.6-cı yarımbənd üzrə) tutulmaq şərtilə müştərinin bankda olan müvafiq kart hesab(lar)ına köçürülə bilər. Tərəflər razılaşır ki, müştərinin bu müqaviləni imzalaması və verdiyi ərizə bu bənddə nəzərdə tutulmuş nağdsız hesablaşmanın aparılması üçün Müştəri tərəfindən verilmiş sərəncam (ödəniş sənədi) hesab ediləcəkdir; - 3.2.2 və 3.2.3-cü bəndlərdə qeyd edilir ki, bank müqavilədə nəzərdə tutulmuş hallarda öhdəliyin icrasını vaxtından əvvəl tələb etdikdə müştəri krediti, kredit üzrə hesablanmış istifadə faizlərini və digər borcları 10 (on) iş günü müddətində banka qaytarmalı və müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit üzrə ödənişləri banka ödəməlidir. Müştəri bu müqavilə üzrə borcların ödənilməsini gecikdirdiyi halda hər gecikdirilən gün üçün gecikdirilmiş əsas borc məbləğinin 0,6 faizi miqdarında dəbbə pulu ödəyir; -5.4-cü bəndə əsasən bu müqavilə tərəflər onu imzalandığı gündən qüvvəyə minir və tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək, o cümlədən məhkəmə qətnaməsi çıxarıldıqdan sonra hesablanmış faizlər, dəbbə pulu, maliyyə sanksiyası ilə bağlı çəkilən xərclər tam ödənilənədək qüvvədə qalır. Bank bu müqaviləyə birtərəfli qaydada xitam verə bilər. Yuxarıda qeyd edilən müqavilələrdən aydın olur ki, tərəflər arasında olan razılaşma üzrə iddiaçının müqavilələrdə nəzərdə tutulmuş kredit məbləğinin cavabdehin bankda açılmış hesabına köçürməsi, sonuncunun isə həmin müqavilə üzrə ona verilmiş kredit məbləğini müqavilə şərtlərinə uyğun olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarması onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir ki, bu həmin hallara da mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 11 avqust 2021-ci il tarixli, BRED4027632A299 nömrəli kart krediti müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirməsi AZ49AHB410100C**********1299 hesabdan çıxarışla öz təsdiqini tapır. 12 oktyabr 2021-ci il tarixli, GTKR4264624A211 nömrəli kredit müqaviləsi üzrə isə iddiaçının müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirməsi eyni tarixli kassa məxaric orderi ilə sübuta yetirilir. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanan zaman SMS yazışmaların aparıldığı mobil nömrənin (77 557 66 06) Cavabdeh məxsus olması müəyyən edilir. Müqavilələrdən irəli gələn öhdəliyin icra edilməsinin sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşsə də o, bunu təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Bundan əlavə cavabdehin müqavilələrdən irəli gələn öhdəliyini icra etməməsi iş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 15 iyul 2022-ci il tarixli, 16/38271 nömrəli bildirişdən və sifarişli poçt göndərişinin siyahısından məlum olur. Həmin sənədlərdən cavabdehin müqavilə şərtlərini pozması və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin onu xəbərdar etməsi müəyyən edilir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan əsas borc və ona hesablanmış faizlərin qaytarılması barədə tələbi əsaslıdır. Cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim edilmiş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borcun miqdarına gəldikdə isə, iddia ərizəsinə əlavə olunmuş 30 noyabr 2022-ci il tarixli, 135000/4502 nömrəli maliyyə arayışından Cavabdeh 24 noyabr 2022-cil tarixə 11 avqust 2021-ci il tarixli, BRED4027632A299 nömrəli kart krediti müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 288.32 (iki yüz səksən səkkiz manat, otuz iki qəpik) manat əsas, 80,80 (səksən manat, səksən qəpik) manat faiz borcu və 12 oktyabr 2021-ci il tarixli, GTKR4264624A211 nömrəli kredit müqaviləsi üzrə 4418,06 (dörd min dörd yüz on səkkiz manat, altı qəpik) manat əsas və 671,24 (altı yüz yetmiş bir manat, iyirmi dörd qəpik) manat faiz borcunun olması aydın olur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 74,58 (yetmiş dörd manat, əlli səkkiz qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; - tərəflər arasında bağlanmış 11 avqust 2021-ci il tarixli, BRED4027632A299 nömrəli kart krediti müqaviləsi üzrə 288.32 (iki yüz səksən səkkiz manat, otuz iki qəpik) manat əsas, 80,80 (səksən manat, səksən qəpik) manat faiz borcu və 12 oktyabr 2021-ci il tarixli, GTKR4264624A211 nömrəli kredit müqaviləsi üzrə 4418,06 (dörd min dörd yüz on səkkiz manat, altı qəpik) manat əsas, 671,24 (altı yüz yetmiş bir manat, iyirmi dörd qəpik) manat faiz borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 5458,42 (beş min dörd yüz əlli səkkiz manat, qırx iki qəpik) manat məbləğində kredit borcu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; -həmçinin iddiaçı tərəfindən ödənilmiş 74,58 (yetmiş dörd manat, əlli səkkiz qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddia təmin olunsun. Tərəflər arasında bağlanmış 11 avqust 2021-ci il tarixli, BRED4027632A299 nömrəli kart krediti müqaviləsi üzrə 288.32 (iki yüz səksən səkkiz manat, otuz iki qəpik) manat əsas, 80,80 (səksən manat, səksən qəpik) manat faiz borcu və 12 oktyabr 2021-ci il tarixli, GTKR4264624A211 nömrəli kredit müqaviləsi üzrə 4418,06 (dörd min dörd yüz on səkkiz manat, altı qəpik) manat əsas, 671,24 (altı yüz yetmiş bir manat, iyirmi dörd qəpik) manat faiz borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 5458,42 (beş min dörd yüz əlli səkkiz manat, qırx iki qəpik) manat məbləğində kredit borcu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Həmçinin iddiaçı tərəfindən ödənilmiş 74,58 (yetmiş dörd manat, əlli səkkiz qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar