Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № e-2(079)-371/2022 20.07.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ İddia ərizəsinin qaytarılması haqqında Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan nəzərdən keçirərək müəyyənetdi: Babək Rayon Məhkəməsinə 20 iyul 2022-ci ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ərizəsi məhkəməyə daxil olmuşdu. İddia ərizəsini və ona əlavə edilmiş sənədlərini nəzərdən keçirərək məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki prosessual qanunvericiliyin tələbindən də göründüyü kimi hər hansı bir şəxs hüququnun müdafiəsini məhkəmə qaydasında həyata keçirirsə müvafiq qaydalara əməl etməlidir. Bunun üçün ilkin olaraq müvafiq ərizəsi ilə məhkəməyə müraciət etməli və onun Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl etməklə tərtib etməlidir. Ona əməl edilməməsi isə müvafiq prosessual nəticələrə səbəb olur. Elə bu məqsədlə də məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmunu öz əksini tapıb. Həmin maddəyə əsasən iddia ərizəsində onun verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini nəzərdən keçirən zaman müəyyən olur ki, həmin prosessual sənəd tərtib edərkən iddia ərizəsinin məzmununa əməl etməmişdi. Belə ki, iddia ərizəsində prosessual sənəddə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir ((149.2, 149.2.3 və 149.2.5-ci maddələr) 09 iyul 2021-ci il tarixli, 363- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qəbul edilmiş və 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş əlavəyə əsasən). İddiaçı isə qeyd edilən prosessual normanın tələbinə əməl etməmiş və iddia ərizəsində öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını göstərməmişdi. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin mahiyyətindən əsasən iddiaçı iddia ərizəsində tələbinin əsası kimi qeyd etdiyi halların təsdiq edən sübutları həmin prosessual sənəddə qeyd etməli, iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilməli (iddia ərizəsinin elektron qaydada verilməsi halı istisna olmaqla), onu icraatına qəbul edən məhkəmə bundan sonra məhz iddiaçının tələbində qeyd etdiyi yazılı sübutları qarşı tərəfə göndərərək, iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim etmək hüququnu izah etməlidir (Mülki Prosessual Məcəlləsinin 149.2, 149.2.3, 150.1.5 və 154.1-ci maddələri). Qanunvericilik iddiaçının öz tələbinin əsası kimi sübut hesab etdiyi, cavabdehə göndərilməli olan yazılı sübutlarının dairəsinin dəqiq müəyyən edilməsi üçün iddia ərizəsinə əlavə edilən sənədlərin dairəsi ilə, sübutların siyahını fərqləndirir. Çünki iddia ərizəsinə əlavə edilən hər bir sənəd nəticə etibarı ilə iddiaçının öz tələbinin əsaslandıran halın təsdiqi ilə bağlı sübut olmaya bilər ( Məsələn: müvafiq prosessual hərəkətin yerinə yetiriləsi təsdiq edən sənəd (dövlət rüsumunun ödənilməsi barədə qəbz)). Əks hal qarşı tərəfə göndərilməli olan sənədlərin dairəsinin müəyyən edilməsində çətinlik yarada bilər. Bundan başqa iddia ərizəsinə əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17 noyabr 2020-ci il tarixli, RBNPU-07256 nömrəli Kredit müqaviləsinin 7.2-ci bəndində qeyd edilir ki, tərəflər arasında yaranmış bütün mübahisələr danışıqlar yolu ilə həll olunur. Mübahisənin nizamlanması mümkün olmadıqda isə Azərbaycan Respublikası məhkəmələrində həll olunur. Tərəflər arasında bağlanmış müqavilə şərtindən aydın olur ki, onlar arasında bağlanmış müqavilə üzrə yaranan mübahisələrin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydası müəyyən edilib. Mülki prosessual qanunvericiliyin tələbinə görə iddia ərizəsində müqavilə ilə cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumatın göstərilməsinin imperativ olmasına baxmayaraq, iddiaçı sözü gedən prosessual sənəddə buna dair məlumatı qeyd etməmişdi. Məhkəmə onu da bildirir ki, iddiaçının qanunvericiliyin qeyd edilən tələbinə əməl etməsinə dair sübut buna dair siyahında da öz əksini tapmalıdır. Bundan başqa "Elektron Məhkəmə" informasiya sistemindən olan məlumatlardan aydın olur ki, iddia ərizəsini elektron qaydada Nümayəndə imzalamışdı. Lakin iddia ərizəsinə əlavə edilmiş onun iş yerinə dair arayışından İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Nümayəndə arasında müddətli əmək müqaviləsinin bağlanması və əmək müqaviləsinin müddətinin 09 iyun 2022-ci ildə bitməsi müəyyən edilir. İddiaçı tərəf isə məhkəməyə əmək müqaviləsinin qüvvədə olması və ya onun müddətinin uzadılması ilə bağlı sübut təqdim etməmişdi. Bu isə o deməkdir, Nümayəndə iddia ərizəsini imzaladığı vaxt hüquqi şəxsin işçisi olması öz təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli, 03 nömrəli qərarının 6.2-ci bəndində qeyd edilir ki, ərizə nümayəndə tərəfindən verildikdə ərizəyə nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə nümayəndənin işdə iştirak edən fiziki şəxsin yaxın qohumu, hüquqi şəxsin işçisi olduğunu təsdiq edən sənəd və ya vəkil orderi əlavə edilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə almaqla məhkəmə belə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Çünki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinin tələbinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinin tələbinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsi ilə 20 iyul 2022-ci il tarixli, ********* nömrəli qəbzlə ödədiyi 74 (yetmiş dörd) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. İddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı olduğundan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsini rəhbər tutaraq məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə izah edilsin ki, iddia ərizəsinin qaytarılmasına dair nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə onu da iddiaçının nəzərinə çatdırır ki, onun 17 noyabr 2020-ci il tarixli, RBNPU-07256 nömrəli kredit müqaviləsi üzrə onun əsas öhdəliyi müqavilə ilə müəyyən edilən kredit məbləğinin cavabdehə təqdim edilməsi olsa da, bununla bağlı məhkəmə sübut təqdim etməyib. Tərəflər arasında müqavilə bağlanması özündə onların müqavilədən irəli gələn öhdəliyinin icrası yerinə yetirməsini ehtiva etmir. Bu səbəbdən də növbəti dəfə məhkəməyə müraciət edərkən qeyd edilən halın aradan qaldırılması ona təklif olunur. Sonda məhkəmə onu da qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanıldığından iddia ərizəsi və ona əlavə edilən sənədlərin iddiaçıya geri qaytarılmasına zərurət yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsi ilə 20 iyul 2022-ci il tarixli, ********* nömrəli qəbzlə ödədiyi 74 (yetmiş dörd) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə izah edilsin ki, iddia ərizəsinin qaytarılmasına dair nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №e-2(079)-371/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №e-2(079)-371/2022
20.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver