Məhkəmə qərarları › İş №e-2(079)-371/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-371/2023

10.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-371/2023 10.07.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq müəyyənetdi: "xxxx" X1 Səhmdar Cəmiyyəti “07” iyun 2023-cü il tarixdə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 500 (beş yüz) manat əsas, 40,35 (qırx manat, otuz beş qəpik) manat faiz və 10 (on) manat cərimə borcu olmaqla, ümumilikdə 550,35 (beş yüz əlli manat, otuz beş qəpik) manat məbləğində borcun, həmçinin 30.40 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" X1 Səhmdar Cəmiyyəti tələbini əsaslandıraraq bildirmişdir ki, onunla cavabdeh arasında bağlanmış 11 fevral 2022-ci il tarixli ərizə və onun ayrılmaz tərkib hissəsi olan Ümumi oferta müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə illik 27.60 faiz ödəmək şərti ilə 500 (beş yüz) manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış ümumi oferta müqaviləsinin 5.7.15-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşdirmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 05 iyun 2023-cü il tarixə banka 500 (beş yüz) manat əsas, 40,35 (qırx manat, otuz beş qəpik) manat faiz və 10 (on) manat cərimə borcu olmaqla, cəmi 550,35 (beş yüz əlli manat, otuz beş qəpik) manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdi. İddiaçının tələbinin hüquqi həlli ilə bağlı məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat qaydasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, həmin Məcəllənin 284-6.1-ci maddəsi ilə müəyyən olunur ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmənin iddianın təmin edilməsi ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlardır. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə onu qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan cavabdehin Babək rayonu, Xal-xal kəndində rəsmi qeydiyyatda olması aydın olur. Cavabdeh iddiaçının ərizəsinin surəti məhkəmənin 08 iyun 2023-cü il tarixli, 2(079)- 371/2023 nömrəli məhkəmə bildirişi ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada verilmişdi. Belə ki, cavabdehə göndərilmiş məhkəmə sənədləri Cavabdeh həmin ünvanda yaşamaması səbəbindən poçt xidməti tərəfindən məhkəməyə geri qaytarılsa da, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin sənədlər onun qeydiyyatda olduğu yer üzrə Babək Rayon İcra Hakimiyyətinin Xal-xal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdi. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən sonuncu qeyd edilən hal məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. Məhkəmə bildirişində cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübut məhkəməyə daxil olmamışdır. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətləri, borc (kredit) müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Ümumiyyətlə mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İddiaçının tələbi Cavabdeh ilə arasında bağlanmış Ümumi oferta müqaviləsinə və cavabdehin 11 fevral 2022-ci il tarixli ərizəsinə əsaslandığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən tərəflər arasında bağlanmış müqavilələrin etibarlı olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin: - 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; - 324.4-cü maddəsinin tələbinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; - 329.1 və 329.2-ci maddələri ilə müəyyən edilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; - 331.1-ci maddəsinin tələbinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; - 407.1-ci maddəsində qeyd edilir ki, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır; - 408.1-ci maddəsinə əsasən müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır; - 408.2-ci madəsinin tələbinə görə şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış təklifdə (o cümlədən reklamda) bilavasitə ayrı qayda göstərilməyibsə, bu təklif ofertaya dəvət sayılır; - 409.1-ci maddəsində göstərilir ki, ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır; - 740.2-ci maddəsi ilə müəyyən edilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tərəflər arasında olan razılaşmanı yuxarıda qeyd edilən maddi hüquq normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə tərəflərinin qanunvericiliyin tələbinə əməl etməklə müqavilə bağlaması öz təsdiqini tapır. Cavabdehin imzalayaraq iddiaçıya təqdim etdiyi 11 fevral 2022-ci il tarixli ərizəanket-ərizə nümunəsi adlı sənəddə iş üçün əhəmiyyəti olan aşağıdakılar qeyd edilir: -Bu ərizə-anketi imzalamaqla mən, Cavabdeh təsdiq edirəm ki, "xxxx" X1 Səhmdar Cəmiyyətinin rəsmi internet səhifəsində (https://www.leobank.az/) yerləşdirilmiş xx.xx.2021ci tarixli ümumi ofertası ilə, barəmdə məlumatların Asan-Finans portalından və Kredit Bürosundan əldə olunması və ötürülməsi ərizələri ilə mobil əlavədə tanış olmuşam, elektron formada analoq imza ilə təsdiq etmişəm və razıyam. Həmin ofertanın nüsxəsini mənə məxsus mobil telefonumda yüklənmiş mobil əlavədə əldə etmişəm və onun bütün şərtlərini qəbul edirəm. Bütün öhdəliklərimi vaxtlı vaxtında, düzgün, qeyd şərtsiz yerinə yetirəcəyəm (1-ci bənd); - Bu ərizə-anket eləcə də hesabın açılması üçün müraciətimi də əhatə etdiyini nəzərə alaraq xahiş edirəm mənə azərbaycan manatında cari və depozit hesabının açılmasını təmin edəsiniz. Mənə məlumdur ki, həmin hesablardan sahibkarlıq fəaliyyəti məqsədilə istifadə edə bilmərəm (2-ci bənd); - Xahiş edirəm ki, mənə 62 təqvim gününədək güzəşt müddəti olan və mobil tətbiqində göstərilən məbləğdə və müddətə kredit xətti ayırasınız. Kredit xətti üzrə digər şərtləri ümumi ofertada qeyd edildiyi kimi qəbul edirəm. Tərəfimdən kredit limitinin azaldılması və artırılması ilə bağlı banka müraciət edəcəyim halda bu barədə bankın qəbul edəcəyi müvafiq qərarla razıyam. Bankın mülahizəsinə görə mənə ayrılmış kredit xətti limitinin azaldılması və artırılmasına razılıq verirəm. Bütün bu məlumatlandırmaların mənə mobil əlavə vasitəsilə göndərilməsinə razıyam. "xxxx" X1 Səhmdar Cəmiyyəti tərəfindən tələb edildiyi kimi münasibət bildirəcəyəm (3-cü bənd); - Təsdiq edirəm ki, banka təqdim etdiyim məlumat - sənədlər hər cəhətdən tam və düzgündür. Bu sənədlərdəki baş verəcək hər hansı dəyişikliklər barədə banka dəyişikliklər baş verdikdən sonra 3 gündən gec olmayaraq məlumat verməyi öhdəmə götürürəm (4-cü bənd); - Xahiş edirəm ki, mənim əlyazma-fiziki imzamı və onun analoqlarını hazırda mövcud olan və ya gələcəkdə Bankda açılacaq hesablar üzrə əməliyyatlar apararkən tərəfimdən həqiqi- fiziki imza kimi hesab edəsiniz. Bu məqsədlə mən analoq imzanın yaradılmasını təsdiq edirəm. Analoq imza mobil əlavədə mənim əməliyyatlarımı təsdiq etmək üçün istifadə ediləcək. Mən qəbul edirəm ki analoq imza birdəfəlik açarın (OTP), PİN-kodun (Personal identification number), mobil əlavəvəyə daxil olmaq üçün istifadə olunan açar sözünün, barmaq izlərinin (Touch İD texnologiyasından istifadə etməklə) daxil edilməsi mənim əlyazma imzamın analoqu sayılır və eyni hüquqi qüvvəyə malikdir. Mən təsdiq edirəm ki, bundan sonrakı bütün razılaşmalar (o cümlədən hüquqi sənədlərin, razılaşmaların və məktubların imzalanması) analoq imzadan istifadə edilməklə təsdiq edilə bilər (5-ci bənd); -Mənim ödəniş kartı ilə aparacağım əməliyyatlar nəticəsində baş verə biləcək silinmələr zamanı overdraft (hesabda vəsait olmadıqda silinmenin baş verməsi) baş verərsə, oferta şərtlərinə uyğun öhdəliyimi qəbul edirəm (8-ci bənd). 29 dekabr 2021-ci il tarixli Ümumi oferta adlı sənədin; - 1-ci bölməsində qeyd edilir ki, aksept ofertanın qeyd-şərtsiz qəbul etməsi barədə yazılı və imzalı müştəri ərizə-anket; ərizə-anket bank tərəfindən ümumi ofertanın aksepti sayılan və özündə müvafiq razılıq şərtlərini ifadə edən və bu müqavilənin tərkib hissəsi sayılan yazılı və imzalı ərizədir; - 3.1.1, 3.1.2 və 3.1.3-cü bəndləri ilə müəyyən edilir ki, bank müştəriyə ödəniş kartına (bundan sonra “Kart” adlanacaq) xidmət göstərilməsini və karta bağlı olan cari hesab vasitəsilə hesablaşma-kassa əməliyatlarının aparılması üçün bank xidmətlərini göstərilməsini, müştəri isə bankın müəyyən etdiyi tarif üzrə ona göstərilən bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür, müştəriyə təqdim olunan kartın növünə uyğun olaraq bütün şərtlər Bankın https://www.leobank.az rəsmi saytında (bundan sonra: “sayt”) əks olunur, kartdan nağdlaşdırmaya, ödənişlər və köçürmələrə görə komissiya bankın tariflərinə uyğun olaraq tənzimlənir; - 3.1.6, 3.1.7, 3.1.8 və 3.1.9-cu bəndlərinə əsasən bank, Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanlarının normativ xarakterli aktlarına və bankın daxili qaydalarına uyğun olaraq təqdim edilən sənədlər və müştərinin ərizəsi əsasında hesab açır və həmin hesabdan istifadə etmək üçün müştəriyə kart verir, bankın müəyyən etdiyi bütün Tariflər «Bank»ın rəsmi internet saytında yerləşdirilir və «Müştəri»yə “sayt”a mütəmadi şəkildə daxil olaraq onlarla tanış olması tövsiyə olunur. «Müştəri» tərəfindən aparılan bütün əməliyyatlara görə komisyon haqqı «Bank» tərəfindən akseptsiz qaydada onun hesabından silinir, müştəri özü PİN kodu mobil əlavədə təyin edir. PİN kodu Müştərinin imzasının analoqu hesab olunur. Müştərinin Kartı və ya onun PİN-kodunu üçüncü şəxslərə ötürməsi qadağandır və Kart və PİN-kodla əlaqəli təhlükəsizlik tədbirlərinə riayət edilməlidir. Kartla aparılan əməliyyatlar Müştəri tərəfindən həyata keçirilmişdir, kart və digər müvafiq sənədləri olan qapalı zərfi Bankın təqdim etdiyi müvafiq sənədlərlə birlikdə bankın xidmət ofislərində imza etməklə müştəri tərəfindən şəxsən qəbul edilir və ya sifariş etməklə olduğu yerdə əldə edə bilər; - 3.2.1.4-cü bəndinin mahiyyətindən aydın olur ki, kart bankın mülkiyyəti hesab edilir və müştərinin müvəqqəti istifadəsinə verilir; - 5.1-ci bəndinə əsasən “Bank” “Borcalan”a mobil əlavə ilə ilk dəfəsində razılaşdırılmış, daha sonra bankın apardığı təhlil ilə müəyyən etdiyi məbləğlərdə, razılaşdırılmış müddətə, illik 30 (otuz) faiz dərəcəsinədək bir neçə dəfə 10 000 (on min) manatadək (on min manat daxil olmaqla) və 60 ayadək kredit limiti ayırır, ona bank hesabı (cari, kredit) açır və ödəniş kartı təqdim edir, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. Bu oferta Borcalan tərəfindən aksept edildikdən sonra 25 (iyirmi beş) il müddətinə bankla Borcalan arasındakı münasibətləri əhatə edir. Tərəflər bu müddət ərzində bu ofertadan (bundan sonra - Müqavilə) imtina edərlərsə və ya xitam vermək niyyətində olsalar xitam şərtləri də mobil əlavə vasitəsilə analoq imza ilə razılaşdırılmış qaydada tətbiq olunur və müqaviləyə xitam verilmiş hesab edilir. Ödəniş kartı həm kredit həm də debet kartı kimi istifadə oluna bilər. Debet kartına rəsmi internet səhifəsində yerləşdirilmiş tariflərə əsasən xidmət göstərilir. Kredit şərtləri isə saytda və mobil əlavədə yerləşdirilmiş tariflərlə tənzimlənir və müştəriyə mobil əlavə üzərindən təqdim edilir; - 5.2, 5.3, 5.4 və 5.5-ci bəndlərinə əsasən müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi maksimum 34.02% faiz təşkil edir. Kreditin məqsədli təyinatı: istehlak. Xidmət haqqı: tariflərlə müəyyən olunur. “Bank”, “Borcalan”ı daxili təlimatlara əsaslanaraq müəyyən edilmiş və ayrılmış kredit xəttinin dəqiq məbləği, illik faiz dərəcəsi, müddəti və kredit xəttinin açılması ilə əlaqədar kredit prosedurlarına və nağd pulun çıxarılmasına görə komisyon haqların məbləği barədə mobil əlavə vasitəsilə məlumatlandırır; - 5.5.1 və 5.5.3-cü bəndlərinə görə ərizə anket imzalanmaqla bu oferta aksept olunmuş sayılır. Borcalan ərizə anketi imzaladıqdan sonra üzərinə öhdəlik götürmüş sayılır. Borcalan kredit xəttindən tam və ya qismən istifadə etdikdən sonra kredit xəttinin məbləği, müddəti, illik faiz dərəcəsi, aylıq ödəniş ilə razılaşmadığı barədə Banka qarşı heç bir tələb irəli sürə bilməz. Kredit xəttindən istifadə edilməsinədək həmin əlavədə borcalan kredit limitini azaltmaq və ya tam imtina etmək hüququna malikdir, digər şərtləri isə dəyişdirə bilməz. Bu müqavilə üzrə kreditdən faktiki istifadə dedikdə, “Borcalan” tərəfindən ödəniş kartından istifadə edilməklə kredit xətti üzrə nağd pul vəsaitlərinin çıxarılması və (və ya) nağdsız ödənişlərin, eləcə də pul köçürmələrinin aparılması başa düşülür. Bu müqavilə üzrə mobil əlavə vasitəsilə “Borcalan” və “Bank”ın bütün yazışmaları, razılaşmaları və analoq imza ilə (və ya rəqəmsal, ya da, razılaşdırılmış qaydada imzalanma) imzalanmış şərtlər bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir; - 5.7.1 və 5.7.2-ci bəndlərinə əsasən kreditin və kreditdən istifadəyə görə faizlərin və əsas borcun «Borcalan» tərəfindən «Bank»a qaytarılmasının dövriliyi tərəflər arasında bu müqavilə ilə müəyyən olunur. Kredit xəttindən istifadə edildiyi gündən sonrakı gün faizlərin hesablanması başlayır. Faizlər, gündəlik olaraq ötən günün ən çox ssuda borcuna hesablanır. Bu faizlər kredit xəttinin hesabına faktiki xərclənmiş vəsaitlər üçün kredit limitindən istifadə edildiyi hər təqvim günü üçün ildə 360 təqvim günü əsas götürülərək Tariflərdə göstərilən faiz dərəcələri ilə hesablanır. Kreditin faiz dərəcəsi Bank tərəfindən Mobil əlavədə qeyd edilir. Kredit xəttindən tam və ya qismən istifadə olunduğu andan etibarən Borcalan, ödəmə müddəti ərzində, yəni borcun yarandığı ay istisna olmaqla hər növbəti ayın son gününə (son gün daxil olmaqla) qədər tariflərlə müəyyən olunan minimal ödənişi icra etməlidir. Borcun ödənmə müddətində və ya borcun yarandığı ayda tam qaytarılması halında faiz tutulmur və cari dövr güzəşt dövrü hesab olunur. Borcun yarandığı ay üzrə borc məbləği güzəşt dövrü ərzində tam ödənilməyibsə, növbəti ayın ilk günü, Kredit limitindən istifadə olunma tarixindən hesablanan faizlər də ödənilir. Müştəri hesablanan faizləri tam həcmdə ödəmədikdə ödəniləcək faiz məbləği kredit limiti hesabına ödənilir; - 5.7.3 və 5.7.5-ci bəndlərinin tələbinə görə kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən nağd va ya nağdsız qaydada həyata keçirilir. Borcalanın minimal aylıq ödəniş məbləği bank tərəfindən müəyyən olunur və bu məbləğ müqavilə üzrə öhdəliyin ümumi həcmindən artıq ola bilməz. Minimal ödəniş məbləğinin həcmi barədə məlumat “sayt”da və mobil əlavədə tariflərin yerləşdirildiyi siyahıda göstərilir. İlk minimal ödəniş məbləği güzəşt müddəti ərzində xəttdən istifadə olunan aydan sonrakı ayın ilk günü formalaşır və bu məbləğ həmin ayın son günündə saat 23:55-dək borcalan tərəfindən ödənilməlidir. Bu müddət ərzində borcalan tam ödəniş də edə bilər. Tam ödəniş dedikdə, kreditt xəttinin istifadə olunmuş hissəsinin ümumi məbləği başa düşülür; - 5.7.8 və 5.7.9-cu bəndlərində qeyd edilir ki, kreditin və kreditdən istifadəyə görə faizlərin qaytarılması kreditin verildiyi valyutada həyata keçirilir. «Borcalan»a verilmiş kreditin uçotu «Borcalan»ın kredit hesabı üzrə aparılır. Kreditin istifadəsi cari hesab üzrə həyata keçirilir. Kreditin ödənilməsi cari hesab vasitəsi ilə və ya Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə qadağan olunmayan digər üsullarla həyata keçirilə bilər; - 5.7.15-ci bəndinə əsasən bank kredit xəttinin birtərəfli qaydada artıra bilər; - 5.9.1.1-ci bəndinin tələbinə görə “Borcalan”ın bank hesablarından kredit və ona hesablanmış faiz borcunu, eləcə də, ödənilməsi gecikdirilmiş kredit və kreditdən istifadəyə görə faiz borcunu, dəbbə pulunu (cərimənin, penyanı), həmçinin kreditin verilməsi ilə əlaqədar komisyon haqlarını ona məxsus olan bank hesablarından, o cümlədən digər valyutalardakı hesablarından cari kommersiya məzənnə kursu ilə konvertasiya olunaraq, komisyon haqları (tətbiq olunduqda) tutulmaq şərtilə akseptsiz qaydada silə bilər. “Borcalan”, «Bank» və üçüncü şəxslər arasında bağlanan üçtərəfli əqdlərin icrasını təmin etmək məqsədilə “Bank”, “Borcalan”ın hesabından akseptsiz qaydada pul vəsaitlərini silmək və digər müvafiq hesaba köçürərək bloklaşdırmaq hüququna malikdir; - 5.9.1.8 və 5.9.1.9 bəndlərinə əsasən müqavilə üzrə kredit limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Bank kredit limitinin artırılması barədə məlumatı “Borcalan”ın mobil əlavəsinə məlumat göndərməklə bildirir və Müştəri bunu qəbul etmiş sayılır. Bu müqavilənin qüvvədə olduğu müddət ərzində də Bank Borcalana yeni kreditt xətti ayıra bilər. Bu zaman “Borcalan”ın mobil əlavəsinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və aylıq ödənişi barədə məlumatlar əks olunmaqla yeni kredit təklifi barədə Bank tərəfindən məlumat göndərilir. Borcalan tərəfindən yeni təklifin qəbul olunması barədə təsdiqedici cavab (mobil əlavə üzərindən borcalanın müvafiq təsdiqedici düyməni seçməsi onun təklifi təsdiq etməsi və razı olması hesab edilir. Borcalan, təklifə razılığını müvafiq filiala yaxınlaşaraq yazılı qaydada da bildirə bilər) aldıqda, Borcalanın bu müqavilə üzrə öhdəliyi tam qalıq məbləği həcmində yeni kredit xəttinə köçürülür və köçürülən məbləğə yeni müqavilənin şərtlərinə uyğun olaraq illik faiz dərəcəsi və komissiya müəyyən ediləcək. - 5.9.2.7-ci bənddə göstərilir ki, “Borcalan” kreditin alınması üçün “Bank”a təqdim etdiyi sənədlərdə hər hansı bir dəyişiklik baş verdikdə, həmin dəyişikliyin baş verməsindən sonrakı 3 (üç) iş günü ərzində bu barədə “Bank”ı xəbərdar etməlidir; - 7.1.1-ci bəndinə əsasən tərəflər arasında yaranan mübahisələr danışıqlar yolu ilə həll olunur. Bu üsulla mübahisələr həll edilmədikdə yaranan mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. Yuxarıda qeyd edilən müqavilədən aydın olur ki, tərəflər arasında olan razılaşma üzrə iddiaçının cavabdehə müqavilədə nəzərdə tutulmuş kredit məbləğini ayırması, bank hesabı açması, cavabdehin isə həmin müqavilə üzrə ona verilmiş krediti ümumi oferta müqaviləsinin şərtlərinə uyğun olaraq "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflər bildirir ki, hər bir tərəf öz öhdəliyinin icrasını yerinə yetirdiyini sübut etmək vəzifəsi daşıyır. Belə ki, həmin maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının öz öhdəliyini icra etməsi iş materiallarına əlavə edilmiş AZ76UBAZ**********1010AZN001 nömrəli hesabdan çıxarışla sübuta yetirilir. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdi. Əksinə onun müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməməsi iş materiallarına əlavə edilmiş "xxxx" X1 Səhmdar Cəmiyyəti tərəfindən iş üzrə Cavabdeh ünvanlanmış 03 aprel 2023-cü il tarixli bildirişdən məlum olur. Həmin sənədlərlə müəyyən edilir ki, iş üzrə cavabdehin müqavilə şərtlərini pozaraq kredit müqaviləsi üzrə əsas və faiz borcun ödənilməsinə görə ona iddiaçı tərəfindən xəbərdarlıq edilib, borcun ödənilməsi üçün ona 3 gün müddət təyin edilmişdi. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan əsas borc və ona hesablanmış faizlərin qaytarılması barədə tələbi əsaslıdır. Borcun miqdarına gəldikdə isə iddia ərizəsinə əlavə olunmuş 05 iyun 2023-cü il tarixli maliyyə arayışından Cavabdeh "xxxx" X1 Səhmdar Cəmiyyətinə 500 (beş yüz) manat əsas və 40,35 (qırx manat, otuz beş qəpik) manat faiz borcunun olması qeyd edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il Qərarında məhkəmə vurğulamışdır ki, Mülki Məcəllənin 423.1-ci maddəsində “müqavilənin ləğv edilməsi haqqında razılaşma” ifadəsindən istifadə olunsa da, burada məhz tərəflərin qarşılıqlı razılaşması yolu ilə müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur. Halbuki, “ləğv etmə” dedikdə əqdə əsaslanan münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırması imkanı başa düşülür. Həmin qərarda həmçinin qeyd edilmişdi ki, müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. Mülki Məcəllənin 422-ci maddəsində şəraitin sonradan dəyişməsinin tərəflər arasındakı müqavilə münasibətlərinə təsirinin şərtləri və əsasları, Məcəllənin 423-cü maddəsində isə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında müqavilənin dəyişdirilməsi və ləğv edilməsinin qaydası (forma və üsulu) göstərilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdi ki, müqavilənin birtərəfli qaydada dəyişdirilməsi və ya Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulan əsaslar olmadan onun ləğv edilməsi yalnız “şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişməsi” halında və həmin Məcəllənin 422-ci maddəsində nəzərdə tutulan şərtlər daxilində baş verə bilər. Həmçinin, sadalanan hal və şərtlərin baş verdiyi təqdirdə müqavilənin birtərəfli qaydada və hansı həcmdə dəyişdirilməsi, buna şərait olmadıqda isə onun ləğv edilməsi tərəfin öz subyektiv mülahizəsi ilə deyil, yalnız məhkəmə tərəfindən müəyyən edilməklə baş verə bilər. Belə ki, yalnız bir tərəfin istəyi ilə müqavilədə nəzərdə tutulan hüquq və öhdəliklərin predmetinin, həcminin və ya şərtlərinin dəyişdirilməsi və ya onun ləğvi müqavilə münasibətlərində tərəflərin bərabərliyi və ədalətlilik prinsiplərinə uyğun olmadığı kimi, mahiyyətcə razılaşmanı nəzərdə tutan müqavilə anlayışının təbiətinə də zidd olardı. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Həmçinin, müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi üçün öhdəliyin pozulması heç də həmişə şərt kimi çıxış etmir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib bilmişdi ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır. O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddənin tətbiqi tərəflər arasında sinallagmatic öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir. Aşağıdakı hallarda əlavə müddətin təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: - bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; - öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; - xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda (Mülki Məcəllənin 447.2-ci maddəsi). Müqavilədən imtinanı istisna edən hallar Məcəllənin 447.3-cü maddəsində əks olunmuşdur. Mülki Məcəllənin öhdəliyin icrasından imtinanı nəzərdə tutan 443.5-ci maddəsinə əsasən, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Sonda Konstitusiya Məhkəməsinin həmin Qərarda formalaşdırdığı hüquqi mövqeyə görə Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Qeyd edilən qərarda göstərilənləri iş materialları ilə əlaqələndirən məhkəmə bildirir ki, ərizəyə əlavə edilmiş sənədlərdən tərəflər arasında 11 fevral 2022-ci il tarixdə müqavilə bağlanması, iddia tələbindən və ərizəyə əlavə edilmiş bildirişdən Cavabdeh "xxxx" X1 Səhmdar Cəmiyyəti qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etməməsi aydın olur ki, bu da müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulmasının baş verməsidir. İddiaçı isə 03 aprel 2023-cü il tarixdə cavabdehə bildiriş göndərərək həmin sənəddə ondan banka olan borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsinin 3 iş günü müddətində ləğv etməyi təklif etmişdi. İddiaçının cavabdehə verdiyi xəbərdarlığı Konstitusiya Məhkəməsinin Qərarında formalaşdırdığı mövqeyi ilə əlaqələndirən məhkəmə onun nəzərinə çatdırır ki, cavabdehə həmin xəbərdarlığı göndərməklə aralarında bağlanmış müqaviləni ləğv etmişdi. Bu səbəbdən də cavabdehin ona qarşı olan borcu məhz müqavilənin ləğv edildiyi tarixədək hesablanmalıdır. "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh göndərdiyi bildirişdən isə müqavilənin ləğv edildiyi tarixə cavabdehin 500 (beş yüz) manat əsas, 29,15 (iyirmi doqquz manat, on beş qəpik) manat faiz borcu və 21.20 (iyirmi bir manat, iyirmi qəpik) manat cərimə borcu olması aydın olur. Müqavilənin ləğv edildiyi tarixə olan əsas borc məbləği iddia tələbində olan miqdarla eynilik təşkil etsə də, faiz və cərimə borcunun fərqli olması müəyyən edilir. Bu səbəbdən də məhkəmə iddiaçının tələbini faiz borcuna münasibətdə qismən əsaslı hesab edir. Cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim edilmiş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçı cavabdehə qarşı olan tələbində cərimənin ödənilməsini də tələb etdiyindən bununla bağlı məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinin tələbini tərəflərin nəzərinə çatdırır. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 5.7.4-cü bəndindən aydın olur ki, əgər borcalan ödəmə müddətinin sonunadək ən azı öhdəliyini minimal ödənişlə icra etməsə, növbəti gündən etibarən öhdəlik gecikdirilmiş hesab edilir və öhdəliyin icra edilməməsinə görə tariflərdə nəzərdə tutulmuş birdəfəlik dəbbə pulu və minimal ödəniş məbləğinin gecikdirilmiş hissəsinə illik 180 faizlə cərimə tətbiq edilir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbini də əsaslı hesab edir. Cərimənin məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, 05 iyun 2023-cü il tarixli maliyyə arayışında Cavabdeh iddiaçıya 10 (on) manat məbləğində cərimə borcunun olması qeyd edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il Qərarında formalaşdırdığı mövqeyə əsaslan məhkəmə bildirir ki, müqavilənin ləğv edildiyi günədək olan cərimə borcu 21.20 (iyirmi bir manat, iyirmi qəpik) manat təşkil etsə də, iddiaçının tələbindən onun cavabdehdən 10 (on) manat cərimə borcu tələb etməsi aydın olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırki tələb üzrə iddia tələblərindən kənara çıxmaq üçün qanuni əsas olmadağından məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh 10 (on) manat miqdarında cərimə borcu tutularaq "xxxx" X1 Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 29,40 (iyirmi doqquz manat, qırx qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; - Cavabdeh 500 (beş yüz) manat əsas, 29,15 (iyirmi doqquz manat, on beş qəpik) faiz və 10 (on) manat cərimə borcu olmaqla, ümumilikdə 539,15 (beş yüz otuz doqquz manat, on beş qəpik) manat məbləğində borc tutularaq "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilməli; -həmçinin iddia verilməsi ilə bağlı olaraq iddiaçı tərəfindən ödənilmiş 29,40 (iyirmi doqquz manat, qırx qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq "xxxx" X1 Səhmdar Cəmiyyətinə verilməli; -iddia tələbi qalan hissədə əsaslı sayılmadığından rədd edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin olunsun. Cavabdeh 500 (beş yüz) manat əsas, 29,15 (iyirmi doqquz manat, on beş qəpik) faiz və 10 (on) manat cərimə borcu olmaqla, ümumilikdə 539,15 (beş yüz otuz doqquz manat, on beş qəpik) manat məbləğində borc tutularaq "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. Həmçinin iddia verilməsi ilə bağlı olaraq iddiaçı tərəfindən ödənilmiş 29,40 (iyirmi doqquz manat, qırx qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq "xxxx" X1 Səhmdar Cəmiyyətinə verilsin. İddia tələbi qalan hissədə əsaslı sayılmadığından rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar