Məhkəmə qərarları › İş №e-2(079)-371/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №e-2(079)-371/2024

08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № e-2(079)-371/2024 08.05.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyənetdi: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti “03” may 2024-cü ildə kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 189 manat məbləğində maddi zərərin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə bildirir ki, iddia ərizəsi və ya hər hansı icraat növü üzrə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Ərizəni və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində (bundan sonra – “MPM”) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-4-cü maddəsində isə işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinin əsasları qeyd edilmişdir. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədlərin qeyd edilən normanının tələbləri daxilində yoxlayan məhkəmə nəticəyə gəlir ki, “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı tələbini onunla "xxxx" MMC arasında bağlanmış “04” iyul 2017-ci il tarixli “Hüquqi xidmət haqqında” müqaviləyə əsasən məhkəmə qərarı üzrə yaranmış borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etdiyini, sonuncunun aidiyyəti borcun tam geri ödətdirməsini təmin etməsi və bunun müqabilində hüquq şirkətinə 189 (bir yüz səksən doqquz manat) manat məbləğində xidmət haqqı ödəməsi ilə əsaslandırmış və cavabdehə qarşı tələbinin onunla Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin 5 və 6-cı bəndlərindən irəli gəldiyini qeyd etmişdir. Daxil olmuş sənədləri nəzərdən keçirərək məhkəmə ilkin olaraq qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Qanunun 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Qanunun 8.2-ci maddəsində qeyd edilir ki, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Qanunun 78.1-ci maddəsi ilə müəyyən edilir ki, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Göründüyü kimi məhkəmə qərarının icrasını təmin etmək icra məmurunun səlahiyyətinə aid olsa da, iddiaçı Babək Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(079)-149/2021 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədinin icrasının aidiyyəti icra məmuru tərəfindən icra edilməsinin mümkünsüzlüyü və bununla bağlı olaraq "xxxx" MMC ilə hüquqi xidmət müqaviləsi bağlanmasının zəruriliyi barədə məhkəməyə sübut təqdim etməmişdir. Bundan başqa “Lider Legal MMC” ilə “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış “04” iyul 2017-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin 4-cü bəndində qeyd edilir ki, büro bank tərəfindən açılan məhkəmə və icra işləri ilə əlaqədar, müvafiq təlimata əsasən hər cür hüquqi xidmətin yerinə yetirilməsini həyata keçirir, bunlarla əlaqədar məhkəmə, icra işlərini və bu işlərə nəzarəti bankın səlahiyyətli nümayəndəsi (vəkili) kimi həyata keçirir. Qeyd edilən müqavilə şərti ilə bağlı məhkəmə iddiaçıya bildirir ki, “Lider Legal MMC”-nin əməkdaşının məhkəmə qərarının icra olunması zamanı icra prosesində iştirakının hüquqi əsasını etibarnamə təşkil edir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 33-ci maddəsinə əsasən nümayəndələrin səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilmiş etibarnamə ilə təsdiq olunur. Ərizəyə isə “Lider Legal MMC”-nin “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin adından məhkəmə qərarlarının icrası proseslərdə iştirakını təsdiq edən hər hansı etibarnamə əlavə edilməmişdir. Qeyd edilənlərdən əlavə sözü gedən müqavilənin 5.1.1 və 6.2-ci bəndinə əsasən bank, müqaviləyə əsasən istifadə edilən kreditlərdən yaranan borclarla əlaqədar Büro tərəfindən icra nəzarəti başlandıqdan (məhkəmə iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra pul (borcların) yığılması (qaytarılması) halında Büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənilməsindən) cəmi 15% (on beş faiz) nisbətində hüquqi xidmət (vəkillik) haqqı (xərci) ödəyəcəkdir (müvafiq ödəniş sənədləri əsasında). Büro tərəfindən borclu şəxslərdən pulların (borcların) qəbul edilməsinə icazə verilmir. Borclu şəxslərdən alınan pullar (borclar) müvafiq qaydada Banka ödənilməlidir. Bu və ya digər şəkildə Büro pulları borclu şəxslərdən aldıqda, borclu şəxslərdən aldığı pulları (borcları) həmin gün ərzində Bankın ən yaxın şöbəsi (filialı) vasitəsilə müvafiq kredit hesabına ödəyir, köçürmədiyi (ödəmədiyi) təqdirdə isə, öhdəsində qaldığı müddət üçün aldığı pul (borc) məbləğinə, Bankın cari ən yüksək kredit faizinə 50%-nin əlavə edilməsi şərti ilə yaranacaq nisbətdə işlədiləcək faiz ilə bunun gündəlik 5%-i məbləğində cərimə ödəyir. Müqavilə şərtində “Lider Legal MMC”-nin borclu şəxslərdən pulların (borcların) qəbul edilməsinə icazə verilməməsi, bu və ya digər şəkildə büro pulları borclu şəxslərdən aldıqda, borclu şəxslərdən aldığı pulları (borcları) həmin gün ərzində bankın ən yaxın şöbəsi (filialı) vasitəsilə müvafiq kredit hesabına ödəməsi qeyd edilsə də, “Lider Legal MMC” tərəfindən müvafiq borcların kredit hesabına ödənilməsi və ya borclu tərəfindən həmin pulların birbaşa iddiaçıya ödənilməsi ilə bağlı məhkəməyə hər hansı sənəd təqdim edilməyib. Ən başlıcası isə göstərdiyi xidmətə görə “Lider Legal MMC” tərəfindən iddiaçının ona ödəməli olduğu xidmət haqqının verilməsi qeyd olunsa da (müqavilənin 5.2.6-cı bəndi), “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən “Lider Legal MMC”-yə xidmət haqqının ödənilməsini təsdiq edən sənədlər ərizəyə əlavə edilməyib. İddiaçı tərəfindən birtərəfli qaydada tərtib edilən xx.xx.2023-cü il tarixli arayış isə bu halın sübut edilməsinə münasibətdə kifayət sayıla bilməz. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti öz tələbinin təsdiq edən hallarla bağlı məhkəməyə sənəd təqdim etməmişdir. Məhkəmə iddiaçıya bildirir ki, tərəflər arasında müqavilə bağlanması onların arasında həmin müqavilədən irəli gələn öhdəliklərin icrası demək deyildir. Bu səbəbdən də məhkəmə MPM-in 284-4.1 və 284-4.1.3-cü maddələrinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəsi icraata qəbul edilməkdən imtina olunmalıdır. Belə ki, həmin prosessual normaların tələbinə görə verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. MPM-in 284-4.2-ci maddəsinin tələbinə əsasən ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. MPM-in 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsasən və MPM-in 263 və 264-cü maddələrini rəhbər tutaraq, q ə r a r v e r d i: “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizənin qəbul edilməsindən imtina olunsun. “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə izah olunsun ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar