Məhkəmə qərarları › İş №e-2(079)-375/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-375/2022

01.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-375/2022 01.09.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu «Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı «Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti “21” iyul 2022-ci ildə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə arasında bağlanmış 11 sentyabr 2020-ci il tarixli, 304169-1-35615 nömrəli “Nağd pul krediti müqaviləsi” üzrə onun 17 iyun 2022-ci il tarixə banka borclu olduğu 1136.63 (bir min bir yüz otuz altı manat, altmış üç qəpik) manat əsas, 108.42 (bir yüz səkkiz manat, qırx iki qəpik) manat faiz, 80.20 (səksən manat, iyirmi qəpik) manat məbləğində cərimə borcu, 06 yanvar 2022-ci il tarixli, 304169-1-35768/1 nömrəli “Kredit xətti müqaviləsi” 01 saylı Razılaşma üzrə 17 iyun 2022-ci il tarixə banka borclu olduğu 1907.04 (bir min doqquz yüz yeddi manat, dörd qəpik) manat əsas, 187.31 (bir yüz səksən yeddi manat, otuz bir qəpik) manat faiz, 131.40 (bir yüz otuz bir manat, qırx qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 3551 (üç min beş yüz əlli bir) manat borcun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 55.51 (əlli beş manat, əlli bir qəpik) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 11 sentyabr 2020-ci il tarixli, 304169-1-35615 saylı Nağd pul krediti müqaviləsinə əsasən ona istehlak məqsədilə illik 22 (iyirmi iki) faiz hesablanması şərti ilə 48 (qırx səkkiz) ay müddətinə 1500 (bir min beş yüz) manat məbləğində kredit verilmişdir. Eyni zamanda Cavabdeh arasında bağlanmış 06 yanvar 2022-ci il tarixli, 304169-1-35768 saylı “Kredit xətti müqaviləsi”nə 01 saylı Razılaşmaya əsasən istehlak məqsədilə cavabdehə illik 22 (iyirmi iki) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 1907.04 (bir min doqquz yüz yeddi manat, dörd qəpik) manat məbləğində kredit verilmişdir. 11 sentyabr 2020-ci il tarixli, 304169-1-35615 saylı Nağd pul krediti müqaviləsi üzrə 17 iyun 2022-ci il tarixli maliyyə arayışına əsasən borclu şəxs üzərinə götürdüyü kredit öhdəliklərini 11 fevral 2022-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka 1136.63 (bir min bir yüz otuz altı manat, altmış üç qəpik) manat məbləğində əsas, 108.42 (bir yüz səkkiz manat, qırx iki qəpik) manat məbləğində faiz, 80.20 (səksən manat, iyirmi qəpik) manat məbləğində cərimə borcu olmaqla ümumilikdə həmin müqavilə üzrə 1325,25 (bir min üç yüz iyirmi beş manat, iyirmi beş qəpik) manat məbləğində borcu qalmışdı. 06 yanvar 2022-ci il tarixli, 304169-1-35768/1 saylı Kredit xətti müqaviləsinə 01 saylı Razılaşma üzrə 17 iyun 2022-ci il tarixli maliyyə arayışına əsasən borclu şəxs üzərinə götürdüyü kredit öhdəliklərini 07 fevral 2022-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka 1907.04 (bir min doqquz yüz yeddi manat, dörd qəpik) manat məbləğində əsas, 187.31 (bir yüz səksən yeddi manat, otuz bir qəpik) manat məbləğində faiz, 131.40 (bir yüz otuz bir manat, qırx qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə həmin müqavilə üzrə 2225,75 (iki min iki yüz iyirmi beş manat, yetmiş beş qəpik) manat borcu qalmışdır. Borclu Cavabdeh 05 may 2022-ci il tarixli, 4012 P saylı və 06 may 2022-ci il tarixli, 4085 P saylı pretenziya məktubları göndərilmişdir. 13 iyun 2022-ci il tarixli hesabdan çıxarışa əsasən 1.500 (bir min beş yüz) manat məbləğində Cavabdeh kredit verilmişdir. 11 sentyabr 2020-ci il tarixli, 304169-1-35615 saylı Nağd pul krediti müqaviləsi üzrə 11 sentyabr 2020-ci il tarixli, ********* saylı ödəniş tapşırığı ilə 1.485 (bir min dörd yüz səksən beş) manat hesaba köçürülmüşdür. 06 yanvar 2022-ci il tarixli, 304169-1-35768 saylı Kredit xətti müqaviləsinə 01 saylı Razılaşma üzrə 06 yanvar 2022-ci il tarixli, ********* saylı ödəniş tapşırığı ilə 1.907,04 (bir min doqquz yüz yeddi manat dörd qəpik) manat hesaba köçürülmüşdür. İddia tələbinin hüququ həlli ilə bağlı məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını tələb etdiyindən, məhkəmə işə həmin icraat qaydasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, həmin Məcəllənin 284-6.1-ci maddəsi ilə müəyyən olunur ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmənin iddianın təmin edilməsi ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlardır. Belə ki, iddia ərizəsinə əlavə edilən sənədlərdən, iddiaçının öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etməsi aydın olur. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə onu qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Milli X1 üzrə məlumat şöbəsi tərəfindən verilmiş 25 aprel 2022-ci il tarixli arayışından və Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan cavabdehin Babək rayonu, Cəhri qəsəbəsində rəsmi qeydiyyatda olması aydın olur. Cavabdehə iddiaçının ərizəsinin surəti məhkəmənin 22 iyul 2022-ci il tarixli, 2(079)- 375/2022 nömrəli məhkəmə bildirişi ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq onun qeydiyyatda olduğu ünvana rəsmi qaydada göndərilmişdi. Cavabdehə göndərilmiş məhkəmə sənədləri Cavabdeh həmin ünvanda yaşamaması səbəbindən poçt xidməti tərəfindən məhkəməyə geri qaytarılsa da, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin sənədlər onun qeydiyyatda olduğu yer üzrə Babək Rayon İcra Hakimiyyətinin Cəhri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdi. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən sonuncu qeyd edilən hal məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. Məhkəmə bildirişində cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, cavabdehin ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətindən görünür ki, sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və onlar arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, «Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 11 sentyabr 2020-ci il tarixli, 304169-1-35615 nömrəli “Nağd pul krediti müqaviləsi”, 15 sentyabr 2020-ci il tarixli, 304169-1-35768 nömrəli “Kredit xətti müqaviləsi” və sonuncu müqavilə üzrə 06 yanvar 2022-ci il tarixli, 304169-1-35768/1 nömrəli razılaşma imzalanmış, həmin müqavilələr üzrə tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər. 11 sentyabr 2020-ci il tarixli, 304169-1-35615 nömrəli Nağd pul krediti müqaviləsinin: - “2-ci bölməsinə əsasən onun predmetini 48 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 1500 (bir min beş yüz) manat məbləğində kredit məbləği təşkil edir; -2.8-ci bəndinə görə müqaviləyə əsasən bank kredit alana müqavilənin 2.1-ci bəndində göstərilən məbləğdə və 2.3-cü bəndində göstərilən müddətə (irəlidə kredit müddəti) kredit verməyi (irəlidə kredit), kredit alan isə verilmiş krediti qəbul edib müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi, krediti qaytarmağı və kreditdən istifadəyə görə banka müqavilənin 2.2-ci bəndində göstərilən faizlər ödəməyi öhdəsinə götürür; - 4.1-ci bəndi ilə müəyyən edilir ki, kredit müddətinin axımı kredit alanın cari hesabına köçürüldüyü təqvim tarixindən ( irəlidə “kreditin verilmə tarixi”) başlanır və müddətin sonuncu günü, əgər bu tarix qeyri iş gününə düşərsə, növbəti iş günü bitir; -5.4.2 və 5.4.3-cü bəndlərində göstərilir ki, kreditdən yalnız bu müqavilə ilə müəyyən olunan məqsəd(lər) üçün istifadə etmək, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti banka qaytarmaq və faizləri ödəmək kredit alanın vəzifəsidir; -6.1 və 6.1.3-cü bəndlərinin tələbinə görə ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda bank müqavilə üzrə pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər və ya birtərəfli qaydada müqaviləni vaxtından əvvəl ləğv edə bilər; -6.2-ci bəndə əsasən bank kredit alana pul öhdəliyinin vaxtından əvvəl icrası ilə bağlı kreditin faizlərin və bankın digər pul tələblərinin ödənilməsinə dair pretenziya (bildirişi) göndərir. Kredit alan isə həmin pretenziyada (bildirişdə) göstərilən müddət ərzində və qaydada tələb olunan məbləği ödəməlidir; - 7.1 və 7.2-ci bəndlərində qeyd edilir ki, müqavilə tərəflərin imzaları və möhürü olan tərəfin möhürü ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və kredit alan tərəfindən kredit, faizlər və digər pul tələbləri üzrə öhdəliklərin banka tam icra olunduğu andan qüvvədən düşür. Bu müqavilə bank tərəfindən Vİ bənddə nəzərdə tutulan hallarda və qaydada birtərəfli qaydada vaxtından əvvəl ləğv edilə bilər; -Vİİİ bölməsi ilə müəyyən edilir ki, ödəniş cədvəlində və pul öhdəliyinin vaxtından əvvəl icrasına dair bu müqavilə ilə müəyyən edilən pretenziyada (bildirişdə) təyin olunan müddətlərdə (kredit müddətində) öhdəliklər vaxtında tam icra edilmədikdə, gecikdirilmiş kredit borcu yaranır və gecikdirilmiş kredit borcu hesablarında əks etdirilir; -13.1-ci bəndinin tələbinə görə müqavilə ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikası qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikası məhkəmələri vasitəsilə həll ediləcəkdir. 15 sentyabr 2020-ci il tarixli, 304169-1-35768 nömrəli Kredit xətti müqaviləsinin: - 2.1, 2.3, 2.4 və 2.6-cı bəndlərinə əsasən müqaviləyə görə bank kredit alana bank hesabının açılması və 2000.00 (iki min) manat məbləğində bərpa olunan kredit xəttinin təqdim olunması üzrə öhdəliklər götürür. Kredit alan isə öz növbəsində həmin kredit xətti üzrə alınan vəsaitlərin hazırki müqavilədə nəzərdə tutulmuş şərtlər və müddət ərzində qaytarılmasını, həmçinin hazırki müqavilə ilə nəzərdə tutulan qaydada və müddətdə alınmış məbləğə illik 28 (iyirmi səkkiz) faiz ödənilməsi üzrə öhdəlik götürür. Kredit xətti 15 sentyabr 2020-ci il tarixdən 15 sentyabr 2023-cü il tarixə kimi ( bundan sonra kredit xətti müddəti) açılır. Kredit istehlak məqsədləri üçün verilir. Kredit alan banka kredit xətti üzrə hesablanan faizlərin məbləğini vaxtı-vaxtında 4.5-ci bəndinə əsasən güzəştli müddət başa çatdıqdan sonra hər ayın 15-nə qədər ödəməyi əsas borcun məbləğini isə kredit xəttinin vaxtının başa çatmasına qədər ödəməyi öhdəsinə götürür. Kredit xətti kredit alan tərəfindən hazırki müqavilədə nəzərdə tutulan şərtlər yerinə yetirildikdən sonra açılır. Kredit xəttinin uçotu kredit alanın müvafiq hesabında aparılır; - 4.1 və 4.2-ci bəndlərinə görə kredit xəttinin müddəti kredit alanın bərpa olunan kredit xəttinin açılması tarixindən (bundan sonra kredit xəttinin açılması tarixi) hesablanır və kredit xəttinin müddətinin son günü başa çatır. Qeyd olunan tarix qeyri-iş gününə düşdükdə əlavə günlərə faizlərin hesablanması şərti ilə qeyri iş günündən sonrakı ilk iş günü başa çatır. Kredit xətti üzrə borc və ona hesablanmış faizlər hazırki müqavilənin 2.5ci bəndinə müvafiq olaraq kredit xəttinin müddətinin başa çatmasına qədər kredit alanın bankdakı AZ23VTBA**********4169AZN002 kart hesabına köçürmə yolu ilə (və ya nağd pulların ödənilməsi ilə) tam ödənilir. Ödəmə kredit xətti üzrə verilmiş valyutada həyata keçirilir; - 4.4 - 4.5-ci bəndlərində qeyd edilir ki, kredit alan da ötən ay ərzində ödənişdə hər hansı bir gecikmə olduqda kredit alanın cari hesabına daxil olan məbləğ ilkin olaraq hazırki müqavilənin 4.3-cü bəndinə əsasən yaranan gecikmənin silinməsinə, yerdə qalan hissəsi isə cari borcun ödənilməsinə yönəldilir. Güzəşt dövrünün maksimal müddəti 45 gündür. Güzəşt dövrü borc yarandığı andan növbəti ayın 15-nə kimi qüvvədə olur. Yaranmış və güzəşt müddətinin sonuna qədər ödənilməmiş borc mövcud olduqda güzəşt dövründə istifadə olunmuş gündəlik faktiki kredit borcuna faktiki borc yarandığı andan adi faiz dərəcə üzrə faizlərin yenidən hesablanması həyata keçirilir. Hazırki müqavilə üzrə 1 (bir) ay 30 (otuz) gün kimi, 1(bir) il isə 360(üç yüz altmış) təqvim günü kimi hesablanır; - 5.1 və 5.1.7-ci bəndlərinə əsasən kredit alandan bank qarşısında öhdəliklərin hazırki müqaviləyə müvafiq vaxtında və lazımi səviyyədə yerinə yetirməyi tələb etmək bankın hüququdur; - 5.4 və 5.4.2-ci bəndlərlə müəyyən edilir ki, hazırki müqavilə ilə nəzərdə tutulmuş şərtlərə və qaydaya müvafiq olaraq bank qarşısında kredit xətti üzrə banka olan borcu əməliyyat günü ərzində ödəmək kredit alanın vəzifəsidir; - 6.2-ci bəndində göstərilir ki, bank kredit alana pul öhdəliklərinin, kreditin hesablanmış faizlərin və digər pul öhdəliklərinin vaxtından əvvəl yerinə yetirilməsi ilə bağlı iddia(bildiriş) verir. Kredit alan isə tələb olunan məbləği bildirişdə qeyd olunan müddətdə və qaydada ödəməlidir; - 7.1-ci bəndinin tələbinə görə müqavilə tərəflər arasında imzalandıqdan və möhürlə təsdiqləndikdən (olduğu təqdirdə) sonra qüvvəyə minir və kredit alan tərəfindən bütün borcun (kredit məbləğinin hesablanmış faizlərin və digər pul öhdəliklərinin) ödənilməsi anına və hazırki müqavilənin 2.3-cü bəndinə müvafiq kredit xətti müddətinin başa çatmasına qədər etibarlıdır. 15 sentyabr 2020-ci il tarixli, 304169-1-35768 nömrəli Kredit xətti müqaviləsinə olan 06 yanvar 2022-ci il tarixli, 304169-1-35768/1 nömrəli 01 saylı Razılaşmanın; - 1-ci bəndinə görə kredit alanın banka 06 yanvar 2022-ci il tarixdə mövcud olan borcu kapitallaşdırlaraq 1907.04( bir min doqquz yeddi manat dörd qəpik) manat məbləğdə (bundan sonra “kredit məbləği”) müəyyən edilir; - 2-ci bəndinin tələbinə əsasən razılaşma imzalandığı tarixdən etibarən kredit alan kredit məbləğini kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada 36 ay ərzində (bundan sonra “kredit müddəti” adlanacaq) istifadə etməyi 06 yanvar 2025-ci il tarixədək qaytarmağı kreditdən istifadəyə görə banka illik 22 faiz ödəməyi öhdəsinə götürür. Kredit müddətinin bitmə tarixi qeyri-iş gününə düşdükdə əlavə faizlərin hesablanması şərti ilə qeyri iş günündən sonrakı iş günü başa çatır; - 4-cü bəndi ilə müəyyən edilir ki, 15 sentyabr 2020-ci il tarixli, 304169-1-35768 nömrəli kredit müqaviləsinin tərkib hissəsi sayılacaq Əlavə 1 (ödəniş cədvəli) hazırkı razılaşmanın imzaladığı tarixdən etibarən qüvvəyə minir; -5 və 8-ci bəndlərinin tələbinə görə 15 sentyabr 2020-ci il tarixli 304169-1-35768 nömrəli kredit müqavilənin 2.1. 2.2. 2.3. 2.4. 2.5. 3.9. 4.1. 4.2. 4.5. 4.6. 4.7. 8.2 və 9.2-ci bəndləri qüvvədən düşmüş hesab edilir, digər şərtləri dəyişdirilmədən qüvvədə qalır. Tərəflər arasında bağlanmış müqavilələrin mahiyyətindən aydın olur ki, onlar arasında olan razılaşma üzrə iddiaçının müqavilədə göstərilən şərtlərlə kredit məbləğini cavabdehə verməsi, sonuncunun isə ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri və gecikmə zamanı hesablanmış cərimə məbləğlərini ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş materiallarına əlavə edilmiş 11 sentyabr 2020-ci il tarixli, ********* nömrəli, 06 yanvar 2022-ci il tarixli, ********* nömrəli ödəniş tapşırıqları və hesabdan çıxarış ilə öz təsdiqini tapır. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış müqavilələr üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də o, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim ediməmişdi. İş materiallarına əlavə edilmiş «Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona göndərilmiş 05 may 2022-ci il tarixli, 4012P nömrəli və 06 may 2022-ci il tarixli, 4085P nömrəli xəbərdarlıq məktublarından Cavabdeh müqavilələrdən irəli gələn öhdəliyi lazımınca icra etməməsi və bankın məhkəməyə müraciət etməzdən qabaq pretenziya qaydasına əməl etməsi müəyyən olunur. Yuxarıda göstərilənləri ümumiləşdirək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan kredit borcunun qaytarılmasına dair tələbi əsaslıdır. Cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı onun diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini, yəni borclunun təqsiri prezumpsiyasını nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 11 sentyabr 2020-ci il tarixli, 304169-1-35615 saylı və 06 yanvar 2022-ci il tarixli, 304169-1-35615 saylı müqavilələrin isə İX bölməsindən aydın olur ki, cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş 17 iyun 2022-ci il tarixli maliyyə arayışında Cavabdeh 11 sentyabr 2020-ci il tarixli, 304169-1-35615 nömrəli müqavilə üzrə 1136.63 (bir min bir yüz otuz altı manat, altmış üç qəpik) manat əsas, 108.42 (bir yüz səkkiz manat, qırx iki qəpik) manat faiz, 06 yanvar 2022-ci il tarixli, 304169-1-35768/1 nömrəli müqavilə üzrə 1907.04 (bir min doqquz yüz yeddi manat, dörd qəpik) manat əsas, 187.31 (bir yüz səksən yeddi manat, otuz bir qəpik) manat faiz borcu olması qeyd edilir. İddiaçı cavabdehə qarşı olan tələbində cərimə borcunun ödənilməsini də tələb etdiyindən bununla bağlı məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinin tələbini tərəflərin nəzərinə çatdırır. Həmin maddi hüquq normasına əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə borcunu ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimə borcunun ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. «Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış; - 11 sentyabr 2020-ci il tarixli, 304169-1-35615 nömrəli Nağd pul krediti müqaviləsinin 9.2-ci bəndi ilə müəyyən edilir ki, müqavilə üzrə gecikdirilmiş kreditə görə hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin hər tam və ya natamam 10 manat üçün 0.05 manat məbləğində cərimə hesablanır və kredit alan tərəfindən ödənilir; - 15 sentyabr 2020-ci il tarixli, 304169-1-35768 nömrəli Kredit xətti müqaviləsinin 9.2, 9.2.1 və 9.2.2-ci bəndlərinə əsasən müqavilə üzrə kredit xəttinə görə vaxtı keçmiş borca görə kredit alan hər bir gecikmə günü üçün gecikdirilmiş faiz borcu üzrə hər bir tam və ya natamam 10 manat görə banka 0.08 manat məbləğində cərimə ödəyir. Kredit alan hər bir gecikmə günü üçün vaxtı keçmiş əsas borc üzrə illik 50% cərimə faizi ödəyir; -06 yanvar 2022-ci il tarixli, 304169-1-35768/1 nömrəli Kredit xətti müqaviləsi üzrə 01 saylı Razılaşmanın 6-cı bəndinin tələbinə görə razılaşma üzrə gecikdirilmiş kreditə görə hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin hər tam və ya natamam 10 manat üçün 0.05 manat məbləğində cərimə hesablanır və kredit alan tərəfindən ödənilir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə iddiaçının cavabdehə qarşı olan cərimə borcu tələbini də əsaslı sayır. Cərimə borcunun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, 17 iyun 2022-ci il tarixli maliyyə arayışında cavabdehin 11 sentyabr 2020-ci il tarixli, 304169-1-35615 nömrəli müqavilə üzrə cərimə borcunun 80.20 (səksən manat, iyirmi qəpik) manat, 06 yanvar 2022-ci il tarixli, 304169-1-35768/1 nömrəli müqavilə üzrə cərimə borcunun 131.40 (bir yüz otuz bir manat, qırx qəpik) manat olması öz əksini tapıb. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 55.51 (əlli beş manat, əlli bir qəpik) manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin olunmalı; - 11 sentyabr 2020-ci il tarixli, 304169-1-35615 nömrəli müqavilə üzrə 1136.63 (bir min bir yüz otuz altı manat, altmış üç qəpik) manat məbləğində əsas, 108.42 (bir yüz səkkiz manat, qırx iki qəpik) manat faiz, 80.20 (səksən manat, iyirmi qəpik) manat cərimə borcu və 06 yanvar 2022-ci il tarixli, 304169-1-35768/1 nömrəli müqavilə üzrə 1907.04 (bir min doqquz yüz yeddi manat, dörd qəpik) manat məbləğində əsas, 187.31 (bir yüz səksən yeddi manat, otuz bir qəpik) manat faiz, 131.40 (bir yüz otuz bir manat, qırx qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə iki müqavilə üzrə 3551 (üç min beş yüz əlli bir) manat məbləğində borc Cavabdeh alınaraq «Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə verilməli; -Cavabdeh 55.51 (əlli beş manat, əlli bir qəpik) manat miqdarında dövlət rüsumu tutularaq iş üzrə iddiaçı «Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 348.19.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. 11 sentyabr 2020-ci il tarixli, 304169-1-35615 nömrəli müqavilə üzrə 1136.63 (bir min bir yüz otuz altı manat, altmış üç qəpik) manat əsas, 108.42 (bir yüz səkkiz manat, qırx iki qəpik) manat faiz, 80.20 (səksən manat, iyirmi qəpik) manat cərimə borcu və 06 yanvar 2022-ci il tarixli, 304169-1-35768/1 nömrəli müqavilə üzrə 1907.04 (bir min doqquz yüz yeddi manat, dörd qəpik) manat əsas, 187.31 (bir yüz səksən yeddi manat, otuz bir qəpik) manat faiz, 131.40 (bir yüz otuz bir manat, qırx qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə iki müqavilə üzrə 3551 (üç min beş yüz əlli bir) manat məbləğində borc Cavabdeh alınaraq «Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə verilsin. Cavabdeh 55.51 (əlli beş manat, əlli bir qəpik) manat miqdarında dövlət rüsumu tutularaq iddiaçı «Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar