Məhkəmə qərarları › İş №e-2(079)-379/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-379/2023

07.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-379/2023 07.08.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “09” iyun 2023-cü ildə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 15866.33 (on beş min səkkiz yüz altmış altı manat, otuz üç qəpik) manat əsas, 1015.49 (bir min on beş manat, qırx doqquz qəpik) manat faiz, 148.53 (bir yüz qırx səkkiz manat, əlli üç qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 17030.35 (on yeddi min otuz manat, otuz beş qəpik) manat pul məbləğini tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdi. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 10 may 2022-ci il tarixli, 23100***-*******02L nömrəli kredit limiti müqaviləsinə əsasən Cavabdeh 120 ay müddətinə 50.000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Kredit limiti müqaviləsinin şərtlərinə uyğun olaraq 10 may 2022-ci il tarixli SMS razılaşmasına əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 16 faiz dərəcəsi ilə (aylıq ödəniş 632.96 manat olmaqla hər ayın 10-dək ödənilmək şərti ilə) 18.000 (on səkkiz min) manat məbləğində kredit verilmişdi. Cavabdeh onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən ona dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdi. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh 03 may 2023-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 15866.33 (on beş min səkkiz yüz altmış altı manat, otuz üç qəpik) manat məbləğində əsas kredit borcu, 1015.49 (bir min on beş manat, qırx doqquz qəpik) manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu və 148.53 (bir yüz qırx səkkiz manat, əlli üç qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 17030.35 (on yeddi min otuz manat, otuz beş qəpik) manat məbləğində borcu qalmaqdadır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qayada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına iştirak etməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi 07 avqust 2023-cü ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia ərizəsinə əlavə edilən sənədləri-sübutları nəzərə alaraq iddia təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, tərəflər arasında “10” may 2022-ci il tarixli, 23100***-*******02L nömrəli “Əsas kredit limiti razılaşması”nın bağlanması işin mübahisəsiz halıdır. Bu iş materiallarına əlavə edilmiş müqavilə ilə öz təsdiqini tapır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh “10” may 2022-ci il tarixli, 23100***- *******02L müqavilə üzrə yaranmış borcun qaytarılmasını tələb etməsi isə işin mübahisəli halıdır. İşin mübahisəli halını məhkəmə ona təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə təsdiq etdiyindən onun tələbi əsaslı sayılmalıdır. Məhkəmənin iddianın əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmədə tədqiq olunmuş yazılı sübutlardır. Məhkəmənin yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanması ilə bağlı onu qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan Cavabdeh Babək rayonu, Cəhri qəsəbəsində rəsmi qeydiyyatda olması aydın olur. Cavabdeh iddiaçının ərizəsinin surəti məhkəmənin 09 iyun 2023-cü il tarixli məhkəmə bildirişi ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada verilmişdi. Belə ki, cavabdehə göndərilmiş məhkəmə sənədləri onun həmin ünvanda yaşamaması səbəbindən poçt xidməti tərəfindən məhkəməyə geri qaytarılsa da, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin sənədlər onun qeydiyyatda olduğu yer üzrə Babək Rayon İcra Hakimiyyətinin Cəhri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdi. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən sonuncu qeyd edilən hal məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. Məhkəmə bildirişində cavabdehə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etiraz və ərizəyə əlavə olunmuş sənədlərə münasibəti, həmçinin iddiaya etiraz və ona əlavə olunmuş sənədlərin surətləri iddiaçıya və məhkəməyə təqdim edə bilməsi, sübutların və etirazın təqdim edilməməsi işdə mövcud olan sübutlar əsasında işə baxılmasına mane olmaması izah olunsa da Cavabdeh tərəfindən iddia tələbinə qarşı hər hansı bir etiraz daxil olmamışdır. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla ilk öncə onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətləri olmuş və onlar arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İddiaçının tələbi Cavabdeh ilə onun arasında bağlanmış “10” may 2022-ci il tarixli, 23100***-*******02L nömrəli müqaviləyə əsaslandığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən tərəflər arasında bağlanmış müqavilələrin etibarlı olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; - 324.4-cü maddəsinin tələbinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; - 329.1 və 329.2-ci maddələri ilə müəyyən edilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; - 740.2-ci maddəsi ilə müəyyən edilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tərəflər arasında bağlanmış “10” may 2022-ci il tarixli, 23100***-*******02L nömrəli kredit müqaviləsini yuxarıda qeyd edilən maddi hüquq normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə müqavilə tərəflərinin qanunvericiliyin tələbinə əməl etməklə müqavilə bağlaması öz təsdiqini tapır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış “10” may 2022ci il tarixli, 23100***-*******02L nömrəli müqavilədən tərəflərin aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlməsi müəyyən edilir. Müqavilənin: - 1.1-ci bəndinə əsasən əsas kredit limiti razılaşmasına əsasən Kredit verən Borcalana 50 000 (əlli min) manat məbləğində 120 (bir yüz iyirmi) ay müddətinə, xx.xx.2032-ci il tarixinədək kredit limiti açır və kredit limiti ilə müəyyən edilmiş şərtlər çərçivəsində kredit verməyi öhdəsinə götürür. Kredit limitinin müddəti ərzində borcalan ona kredit verilməsi barədə Kredit verənə müraciət (Kredit verənin mobil tətbiq etməsi və ya www.bankrespublika.az internet səhifəsi vasitəsilə, həmçinin Kredit verənin 9144 qısa nömrəsinə və ya +**********44 mobil nömrəsinə “şəxsiyyət vəsiqəsinin FİN kodu”nu yazaraq göndərmək)) etmək hüququna malikdir; - 1.2-1.4-cü bəndlərə görə əsas kredit limiti razılaşmasına əsasən kredit Borcalana istehlak tələbatlarının ödənilməsi məqsədlə verilir və kredit üzrə faktiki illik faiz dərəcəsi (FiFD) min. 10 (on) faiz - max. 29 (iyirmi doqquz) faizdir. Əsas borc və faizlər, kredit məbləğinin borcalanın cari hesabına köçürüldüyü gündən hesablanmağa başlanacaq və Borcalana göndərilən SMS-də qeyd edilmiş müddətədək hər ay bərabər hissələrlə “Kredit verənə geri qaytarılacaq. Kredit limiti razılaşması çərçivəsində veriləcək kreditlərə dair illik faiz dərəcəsi 29 (iyirmi doqquz ) faizdən, kredit limiti çərçivəsində veriləcək kreditlərin son icra müddəti isə xx.xx.2032-ci il tarixdən artıq olmayacaq; - 2.1-2.3-cü bəndlərinin tələbindən görünür ki, kredit, kredit verən tərəfindən borcalanın 23-1404692-1 nömrəli cari hesabına köçürülməklə verilir və kreditin alınma tarixi kreditin borcalanın cari hesabına köçürüldüyü tarix hesab edilir. Bu əsas kredit limiti razılaşmasının 1.1-ci bəndinə əsasən borcalana kreditin verilməsi barədə onun kredit verənə təqdim etdiyi ÖMTA-da qeyd olunan mobil nömrəsinə özündə veriləcək kreditin məbləğini, illik faiz dərəcəsini, müddətini, müvafiq xidmət haqqını və s. məlumatları əks etdirən SMS göndərilir. Borcalan SMS-də qeyd edilən məbləğdə və şərtlə kreditin verilməsinə razılığını ifadə etdikdən sonra (Kredit verənin 9144 qısa nömrəsinə və ya +**********44 mobil nömrəsinə təsdiq SMS-nin göndərilməsi və s.) bu əsas kredit limiti razılaşmasının 2.1-ci bəndinə uyğun olaraq kredit verilir. Bu əsas kredit limiti razılaşmasının 2-ci bəndinə əsasən verilmiş kredit məbləği borcalanın cari hesabından çıxarış vasitəsi ilə təsdiq edilir; -4.3 və 4.1.3-cü bəndlərlə müəyyən edilir ki, verilmiş krediti bu əsas kredit limiti razılaşmasının şərtlərinə uyğun olaraq vaxtında və tam şəkildə Kredit verənə geri qaytarmaq borcalanın vəzifəsidir; -5.1 və 5.2-ci bəndlərdə qeyd edilir ki, əsas kredit limiti razılaşması imzalandığı andan qüvvəyə minir və bu əsas kredit limiti razılaşması üzrə borcalan tərəfindən ödəniləcək bütün məbləğlər tam ödənilənə qədər qüvvədə qalacaq. Razılaşmanın hər hansı bir bəndinin etibarsız hesab edilməsi, razılaşmanın bütövlüklə etibarsızlığına səbəb olmur. Əsas kredit limiti razılaşması çərçivəsində verilmiş kreditlər müstəqil müqavilə xarakteri daşımır və bu razılaşmanın tərkib hissəsi hesab olunur; -5.6-ci bəndin tələbindən görünür ki, borcalan tərəfindən bu əsas kredit limiti razılaşmasının imzalanması ilə borcalan Kredit verənin https: //www. bankrespublika. az/az/ pagcs/kompleks bank xidməti müqaviləsi 1310 rəsmi saytında PDF və ya ASANDOC formatında yerləşdirilmiş və özündə kredit limitinin açılması, kreditin verilməsi ilə bağlı tərəflərin hüquq və vəzifələrini, kreditin vaxtından əvvəl qaytarılmasına və digər zəruri şərtlərə dair müddəaları əks etdirən Kompleks Bank Xidməti Müqaviləsi (KBXM) ilə tanış olduğunu və həmin müqavilənin şərtləri ilə razılaşdığını təsdiq edir, borcalan ilə kredit verən arasında olan münasibətlərin bu kredit limiti razılaşması və KBXM ilə tənzimləndiyini qəbul edir, yuxarıda qeyd edilən şərtlərlə kreditin verilməsinə razılığını bildirir. Kredit verənin mülahizəsinə əsasən borcalan tərəfindən Kredit verənin müqaviləsi 1310 rəsmi saytında PDF və ya ASANDOC formatında yerləşdirilmiş KBXM-də müəyyən edilən xidmət platformasından istifadə edilərək bu limit razılaşması çərçivəsində məsafədən kreditlər verilə bilər. Kompleks Bank Xidməti Müqaviləsinin: -2.2-ci bəndinə görə X3 Anketi (ÖMTA)- bank xidmətlərinin göstərilməsi üçün müştəri tərəfindən təsdiq edilərək banka təqdim edilmiş, müştərinin şəxsi məlumatlarını özündə əks etdirən sənəddir; -11.1-ci bəndinə əsasən bank (kredit verən) müştərinin (borcalanın) müraciətinə və müştəri ilə bağlanmış müvafiq razılaşmaya və/və ya bu müqavilənin 20-ci bəndində qeyd edilmiş qaydaya uyğun olaraq Müştəriyə kredit razılaşması və ya əsas kredit limiti razılaşması əsasında kreditlər verir; -11.3-cü bəndində göstərilir ki, borcalanın ödəniş cədvəllərində nəzərdə tutulmuş məbləğdən artıq ödənişlərin aparılması onları növbəti aylar üçün ödənişlərdən tam və ya qismən azad etmir; -11.13-cü bəndinin tələbinə görə borcalan tərəfindən kredit üzrə ödəniş cədvəlinə müvafiq olaraq ödənişlər lazımi qaydada həyata keçirilmədikdə verilmiş kredit üzrə vaxtında ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi müvafiq kredit razılaşmasında müəyyən edilən illik faiz dərəcəsi üstəgəl 5 (beş) faiz gecikdirmə faizi ilə hesablanır. Borcalan verilmiş kreditin faizləri ilə birlikdə tam olaraq qaytarılmalı olduğu tarixədək öhdəliklərini icra etmədiyi yaxud lazımi qaydada icra etmədiyi təqdirdə Kredit verənə gecikdirilmiş borc məbləğinin 40 (qırx) faiz məbləğində cəriməni ödəməlidir. Qeyd olunanlarla yanaşı Kredit verən dəbbə pulunu yaxud öhdəliyin icra olunmaması nəticəsində dəymiş zərərin ödənilməsinin tələb edilməsini seçmək hüququnu özündə saxlayır. Həm qeyd edilən maddi hüquq normasından, həm də tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, tərəflər arasında olan razılaşma üzrə iddiaçının müqavilədə göstərilən şərtlərlə və məbləğini kredit limitini cavabdehin hesabına köçürməsi, sonuncunun isə onu hissə-hissə ödənişlər şəklində, faizləri və gecikmə zamanı hesablanmış cəriməni ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş materiallarına əlavə edilmiş 27 aprel 2023-cü il tarixli hesabdan çıxarışla öz təsdiqini tapır. Belə ki, həmin sənəddən müqavilə üzrə nəzərdə tutulmuş kredit məbləğinin 24 avqust 2021-ci ildə cavabdehin hesabına köçürülməsi müəyyən edilir. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 10 may 2022-ci il tarixdə bağlanmış müqavilə üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də o, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdi. İddia ərizəsinə əlavə edilmiş 03 may 2023-cü il tarixli, 1174 nömrəli pretenziya məktubundan və ona əlavə edilmiş 328192 nömrəli yol qaiməsindən isə Cavabdeh iddiaçı ilə arasında bağladığı “10” may 2022-ci il tarixli, 23100***-*******02L müqavilə üzrə öhdəliklərini lazimi qaydada icra etməməsi, bank tərəfindən öhdəliyin icrası üçün ona 3 günlük müddət təyin edilməsi müəyyən edilir. Yuxarıda göstərilənləri ümumiləşdirək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan kredit borcunun qaytarılmasına dair tələbi əsaslıdır. Cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini, yəni borclunun təqsiri prezumpsiyasını nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş Kompleks Bank Xidməti Müqaviləsinin 22-ci bölməsindən isə aydın olur ki, cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iddia ərizəsinə əlavə olunmuş 03 may 2023-cü il tarixli maliyyə arayışından Cavabdeh “10” may 2022-ci il tarixli, 23100***-*******02L nömrəli müqavilə üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 15866.33 (on beş min səkkiz yüz altmış altı manat, otuz üç qəpik) manat əsas və 1015.49 (bir min on beş manat, qırx doqquz qəpik) manat faiz borcunun olması qeyd edilir. İddiaçı cavabdehə qarşı olan tələbində cərimə borcunun ödənilməsini də tələb etdiyindən bununla bağlı məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinin tələbini tərəflərin nəzərinə çatdırır. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə borcunu ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimə borcunun ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış Kompleks Bank Xidməti Müqaviləsinin 11.13-cü bəndinin tələbinə görə borcalan tərəfindən kredit üzrə ödəniş cədvəlinə müvafiq olaraq ödənişlər lazımi qaydada həyata keçirilmədikdə verilmiş kredit üzrə vaxtında ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi müvafiq kredit razılaşmasında müəyyən edilən illik faiz dərəcəsi üstəgəl 5 (beş) faiz gecikdirmə faizi ilə hesablanır. Borcalan verilmiş kreditin faizləri ilə birlikdə tam olaraq qaytarılmalı olduğu tarixədək öhdəliklərini icra etmədiyi yaxud lazımi qaydada icra etmədiyi təqdirdə Kredit verənə gecikdirilmiş borc məbləğinin 40 (qırx) faiz məbləğində cəriməni ödəməlidir. Qeyd olunanlarla yanaşı Kredit verən dəbbə pulunu yaxud öhdəliyin icra olunmaması nəticəsində dəymiş zərərin ödənilməsinin tələb edilməsini seçmək hüququnu özündə saxlayır. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbini də əsaslı sayır. Cərimənin məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, 03 may 2023-cü il tarixli maliyyə arayışında Cavabdeh kredit müqaviləsi üzrə iddiaçıya 148.53 (bir yüz qırx səkkiz manat, əlli üç qəpik) manat məbləğində cərimə borcunun olması qeyd edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 141.36 (bir yüz qırx bir manat, otuz altı qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; - Tərəflər arasında bağlanmış “10” may 2022-ci il tarixli, 23100***-*******02L nömrəli “Əsas kredit limiti razılaşması” üzrə Cavabdeh 15866.33 (on beş min səkkiz yüz altmış altı manat, otuz üç qəpik) manat əsas, 1015.49 (bir min on beş manat, qırx doqquz qəpik) manat faiz, 148.53 (bir yüz qırx səkkiz manat, əlli üç qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 17030.35 (on yeddi min otuz manat, otuz beş qəpik) manat məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; - iddiaçı tərəfindən ödənilmiş 141.36 (bir yüz qırx bir manat, otuz altı qəpik) manat miqdarında dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməli; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddia təmin olunsun. Tərəflər arasında bağlanmış “10” may 2022-ci il tarixli, 23100***-*******02L nömrəli “Əsas kredit limiti razılaşması” üzrə Cavabdeh 15866.33 (on beş min səkkiz yüz altmış altı manat, otuz üç qəpik) manat əsas, 1015.49 (bir min on beş manat, qırx doqquz qəpik) manat faiz, 148.53 (bir yüz qırx səkkiz manat, əlli üç qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 17030.35 (on yeddi min otuz manat, otuz beş qəpik) manat məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 141.36 (bir yüz qırx bir manat, otuz altı qəpik) manat miqdarında dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar