Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-389/2025 24.06.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Günay İsmayıl Mikayıl qızının sədrliyi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2025-ci il tarixdə Babək Rayon Məhkəməsinə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə müraciət edərək, 180 (bir yüz səksən) manat sığorta ödənişi məbləğinin və 30 (otuz) manat dövlət rüsumu olmaqla cəmi 210 (iki yüz on) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "AtaSığorta” ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, "xxxx" ASC ilə X4 arasında xx.xx.2021-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və "Hyundai HD65" markalı, 90BY132 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2021-ci il tarixdə "Hyundai HD65" markalı, 90BY132 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Bakı şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində "Kia Rio" markalı, 90NK973 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün “AtaSığorta" ASC tərəfindən 180,00 (yüz səksən) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhər BPİ DYPİ-nin ünvanımıza İnzibati xəta haqqında Qərar daxil olmuş, həmin Qərara əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə təqsirli bilinmiş və Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. Bakı şəhər BPİ DYPİ-nin “AtaSığorta" ASC-yə təqdim etdiyi arayışa əsasən Cavabdeh yolnəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi məbləğ 180,00 (yüz səksən) manat sığorta ödənişi məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Bildiririk ki, Cəmiyyətimiz tərəfindən Cavabdeh ünvanına xx.xx.2023-cü il tarixli, AS-23/1632 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də, müvafiq sığorta ödənişi məbləği bugünədək Cəmiyyətimizə ödənilməmişdir. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Mülki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilərək bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunmuşdur. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi aşağıda istinad olunan sübutlar əsasında baxılmışdır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin xarici təqdimat formasına dair məlumatdan belə məlum olur ki, xx.xx.2021-ci il tarixli PAA********** nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında bağlanmış icbari sığorta müqaviləsi əsasında sığortaçı ilə sığortalı istehsal ili 2006 olan, ** BY *** dövlət qeydiyyat nişanlı, yük maşını nəqliyyat vasitəsinin Azərbaycan Respublikası ərazisində qüvvədə olmaqla əmlaka dəyən zərər üzrə: 5 000 (beş min) manat, sağlamlığa dəyən zərərə görə: 1) Bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə: 5 000 (beş min) manat; 2) Bir hadisə üzrə 50 000 (əlli min) manat sığorta məbləği ilə, sığorta haqqının hesablanması, sığorta haqqı 200 manat, yekun sığorta haqqı 180 manat olmaqla 1 il sığorta təminat müddəti ərzində xx.xx.2022-ci il tarixə qədər qüvvədə olması barədə razılığa gəlmişlər. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən xx.xx.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan aydın olur ki, xx.xx.2021-ci il tarixdə saat 10:30-da "Hyundai HD65" yük markalı, 90BY132 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh idarə edərkən AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Eyni zamanda xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan da aydın olur ki, xx.xx.1970-ci il təvəllüdlü Naxçıvan şəhəri, Nehrəm qəsəbəsində yaşayan Cavabdeh xx.xx.2021-ci il tarixdə saat 10:30-da Üzeyir Hacıbəyli küçəsində "Hyundai HD65" markalı, ** BY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsi qaydalarının pozulması, yol hərəkət qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol-nəqliyyat hadisə yerindən yayınmasına görə Cavabdeh 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. xx.xx.2021-ci il tarixli, 21-04152/08/AA-3498/21 nömrəli sığorta aktından ümumi məlumatlar bölməsində PAA********** nömrəli sığorta müqaviləsi ilə "Hyundai HD65" markalı, ** BY *** dövlət qeydiyyat nişanlı, istehsal ili 2006-cı il olan avtomobilin xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixədək müddətdə, 55000.00 manat sığorta məbləği ilə sığortalandığı, sığorta hadisəsinin təfərrüatı olaraq hadisənin xx.xx.2021-ci il tarixdə Üzeyir Hacıbəyli küçəsində törədildiyi və "Kia Rio" markalı, ** NK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurulduğu, dəymiş zərərin 180 manat olduğu, həmçinin hesablama aktında da dəymiş zərərin ümumi məbləğinin 180 manat göstərildiyi, nəqliyyat vasitəsinin hissələrinə dəymiş zərərin məbləği 90 manat, görüləcək işlərin məbləği 90 manat, zərərlə bağlı maddi ziyanın ümumi məbləğinin 180 AZN olduğu, ödənişin köçürülmə üsulu ilə verildiyi, sığortaçının reqres hüququnun yarandığı müəyyən edilir. xx.xx.2021-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesablama aktından "Kia Rio" markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış nəticəsində dəymiş zərərin 180.00 manat həcmində olmasının müəyyən edildiyi, ehtiyat hissələrinin adları, təmir olunan ehtiyat hissələri, miqdarı, qiyməti, görüləcək işlər: 1 ədəd arxa sağ işıq qiyməti 90 manat, rəngsaz- qiyməti 70 manat, armatur işi- qiyməti 20 manat olmaqla, ümumilikdə 180 manat olduğu müəyyən edilir. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına görə xx.xx.2021-ci il tarixli, 21-04152/08/AA- 3498/21 nömrəli Sığorta Aktından faydalanan şəxsin X6 qızı olduğu aydın olur. Belə ki, xx.xx.2021-ci il tarixli, 21-04152/08/AA-3498/21 nömrəli sığorta aktından 180 manat əmlaka dəymiş zərərin məbləği olan sığorta ödənişinin köçürmə yolu ilə "xxxx" ASC-nin Əhmədli filialı vasitəsi ilə "xxxx" ASC tərəfindən X2 4501000BK7064418A81 nömrəli hesab nömrəsinə köçürüldüyü müəyyən olunur. Mülki iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, AS-23/1632 nömrəli cavabdehə ünvanlanmış pretenziyadan "Hyundai HD65" markalı, 90BY132 dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2021-ci il tarixdə PAA********** saylı müqavilə ilə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta olunduğu, Cavabdeh xx.xx.2021-ci il tarixində "Hyundai HD65" markalı, 90BY132 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törətdiyi və "Kia Rio" markalı, 90NK973 dövlət qeydiyyat nişanlı nəqliyyat avtomobilə zərər vurduğu, sığorta hadisəsi üzrə "xxxx" ASC tərəfindən 180 (bir yüz səksən) manat məbləğində sığorta ödənişinin həyata keçirildiyi, hadisə ilə bağlı Bakı şəhər BPİ DYPİ-nin qərarına əsasən Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olduğu və yolnəqliyyat hadisə ilə bağlı tərtib olunmuş qərarda onun yol-nəqliyyat hadisəsi yerindən yayınması, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yarandığı, həmin qanunun 25.2-ci maddəsinə əsasən “bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yarandığı”, qeyd olunanlara əsasən, "xxxx" ASC sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 180 (bir yüz səksən) manat sığorta ödənişi məbləğində pul vəsaitini Cavabdeh tələb etdiyi müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən Sığorta müqaviləsi Sığortalının müvafiq Sığorta haqqı ödəməsi müqabilində Sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin Sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, Sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin məcəllənin 936.6-cı maddəsinə əsasən həyat sığortası siniflərinə və fərdi qəza Sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya subroqasiya qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq Sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış Sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə Sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda Sığortaçının mülki məsuliyyətin icbari Sığortası üzrə verdiyi Sığorta ödənişi məbləğində Sığortalıya və (və ya) müvafiq hallarda Sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari Sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da Sığorta ödənişi vermiş Sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş Sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən Sığortalının (Sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin Sığortalıya (Sığorta olunana) qarşı da istifadə edilə bilər. Həmçinin "Hyundai HD65" yük markalı, 90BY132 dövlət qeydiyyat nişanlı, istehsal ili 2006, rəngi qırmızı ağ olan avtomobili nəqliyyat vasitəsinin sahibi X4 alqı-satqı müqaviləsi əsasında nəqliyyat vasitəsini xx.xx.2021-xx.xx.2022-ci illər üçün Babək rayonu, Nehrəm qəsəbə sakinləri X1 və Cavabdeh etibarnamə ilə vermişdir. Beləliklə müəyyən olunur ki, xx.xx.2021-ci il tarixində Cavabdeh idarə etdiyi "Hyundai HD65" markalı, 90BY132 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri ərazisində yolnəqliyyat hadisəsi törətmiş və "Kia Rio" markalı, 90NK973 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin törədilməsinə səbəb olmuşdur. Belə ki, xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Naxçıvan şəhəri, Nehrəm qəsəbəsində yaşayan Cavabdeh xx.xx.2021-ci il tarixdə saat 10:30-da Üzeyir Hacıbəyli küçəsində "Hyundai HD65" markalı, ** BY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsi qaydalarının pozulması, yol hərəkət qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol-nəqliyyat hadisə yerindən yayınmasına görə Cavabdeh 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində "Kia Rio" markalı, 90NK973 dövlət qeydiyyat nişanlı avtomobilə 180 manat məbləğində maddi zərər dəymişdir. xx.xx.2021-ci il tarixli PAA********** nömrəli Sığorta şəhadətnaməsi əsasında "xxxx" ASC tərəfindən 180 manat məbləğində Sığorta ödənişi həyata keçirilmişdir. "Hyundai HD65" markalı nəqliyyat vasitəsinin 1 il Sığorta təminat müddəti ərzində xx.xx.2022-ci il tarixə qədər qüvvədə olması barədə razılığa gəlmişlər. Beləliklə Sığorta hadisəsinin baş verdiyi vaxt cavabdehin Sığorta predmeti barəsində olan üçüncü şəxslər qarşısında daşıdığı mülki məsuliyyət sığortalanmışdır. Nəticədə nəqliyyat vasitəsinin qüsur aktına görə nəqliyyat vasitəsinə vurulmuş 180 manat məbləğində pul zərər zərərçəkən X2 hesabına köçürülmüşdür. Müəyyən olunur ki, Sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən (subroqasiya hüququ) həmin ödənişi vermiş Sığortaçının, mülki iş üzrə iddiaçının verdiyi sığorta ödənişi məbləğində zərərvuran şəxsin özünə qarşı istifadə etmək hüququ yaranmışdır. Belə ki, sığorta predmeti barəsində mülki məsuliyyəti sığortalanmış zərərvuran şəxsin sığorta hadisəsi zamanı təqsirli olması iş materialları ilə tam təsdiqini tapmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının “İcbari Sığorta haqqında” Qanunun və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsasən icbari Sığorta müqaviləsi üzrə zərərçəkmiş şəxsə ödədiyi Sığorta ödənişi həcmində subroqasiya qaydasında cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Mülki Prosessual Məcəllədə çəkişmə prinsipinin təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə, məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur. Prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Cavabdeh iddiaya qarşı etirazını və etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı Sığorta ödənişinin subroqasiya qaydasında qaytarılması tələbinə dair iddiası təmin olunmalı, Cavabdeh 180 (bir yüz səksən) manat məbləğində pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 180 (bir yüz səksən) manat məbləğində pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumu alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-389/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-389/2025
24.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver