Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-395/2023 10.08.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, «Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında şifahi icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “19” iyun 2023-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək 17 fevral 2022-ci il tarixli, GTKR4820347A299 nömrəli kredit müqaviləsi üzrə 5405,94 (beş min dörd yüz beş manat, doxsan dörd qəpik) manat əsas, 757,40 (yeddi yüz əlli yeddi manat, qırx qəpik) manat faiz borcu, 14 mart 2022-ci il tarixli, BRED4928075A299 nömrəli kredit müqaviləsi üzrə 350 (üç yüz əlli) manat əsas borc, 94,21 (doxsan dörd manat, iyirmi bir qəpik) manat faiz borcu, həmçinin ödənilmiş 86,08 (səksən altı manat, səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini əsaslandıraraq qeyd etmişdir ki, onunla Cavabdeh arasında elektron qaydada bağlanmış 17 fevral 2022-ci il tarixli kredit müqaviləsi üzrə onun kartına illik 28 faiz dərəcəsi ilə 6100 (altı min bir yüz) manat, 14 mart 2022-ci il tarixli kredit müqaviləsinə əsasən illik 25 faiz dərəcəsi ilə 350 (üç yüz əlli) manat məbləğində kredit vəsaitləri mədaxil edilmişdi. Daha dəqiq desək kreditlər nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Cavabdehin 08 iyun 2023cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 17 fevral 2022-ci il tarixli müqavilə üzrə 5405,94 (beş min dörd yüz beş manat, doxsan dörd qəpik) manat əsas, 757,40 (yeddi yüz əlli yeddi manat, qırx qəpik) manat faiz, 14 mart 2022-ci il tarixli müqavilə üzrə isə 350 (üç yüz əlli) manat əsas, 94,21 (doxsan dörd manat, iyirmi bir qəpik) manat faiz borcu yaranmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) onun tərəfindən bu günədək borcun qaytarılması təmin edilməmişdi. Bundan başqa iddiaçının nümayəndəsi "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə 03 iyul 2023-cü ildə məhkəməyə müraciət edərək, iddia tələbinin həcmini azaltmış və cavabdeh tərəfindən ödəniş olduğu üçün iddia tələbinə Cavabdeh «Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 17 fevral 2022-cı il tarixli kredit müqaviləsinə üzrə 4763,34 (dörd min yeddi yüz altmış üç manat, otuz dörd qəpik) manat əsas borcun və 86,08 (səksən altı manat, səkkiz qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələbini nəzərə alan məhkəmə iddia tələbinə dəyişdirilmiş elementlər nəzərə almaqla baxmışdı. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qayada rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Əkbərov X1 Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə 10 iyul 2023-cü il tarixdə Babək Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə qarşı kredit borcunun qaytarılması tələbinə dair məhkəməyə müraciət etdiklərini, mülki işin məhkəmə iclasının 10 avqust 2023-cü il tarixə, saat 1100-a təyin edildiyini, məhkəməyə iddia ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədlərin məhkəməyə təqdim edildiyini, məhkəmədən mülki işə iddia tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasında verdiyi izahatında səhhəti ilə bağlı müalicə olunmaq üçüm 2022-ci ilin fevral ayında Kapital Bankdan dörd illiyə 28 faiz dərəcəsi ilə 6100 manat məbləğində kredit götürdüyünü, bundan başqa bankdan bir kart ödəniş kartı da aldığını, həmin vaxt Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində suçu işlədiyini və ayda 350 manat əmək haqqı aldığını, 2022-ci ilin noyabr ayında işlədiyi orqanın rəhbərliyi dəyişdiyindən özü ilə birlikdə səkkiz nəfərin işdən çıxarıldığını, bu səbəbdən də həmin vaxtdan sonra ödəniş edə bilmədiyini, bank məhkəmədə iddia qaldıranadək ödəniş edə bilmədiyini, sonra isə bir kartla bağlı bütün borclarını bağladığını və kredit müqaviləsi ilə bağlı məhkəmə iddia qaldıran vaxtadək olan borcları ödədiyini, yəni 1450 manat ödəniş etdiyini, bu səbəbdən də iddiaçının tələbi azaltdığını, hazırda banka 4763 manat borcu qaldığını, işsiz olduğundan və yeni ailə qurduğundan borcu bir dəfəyə ödəməyə maddi imkanının olmadığını bildirmişdi. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 17 fevral 2022-ci il tarixli, GTKR4820347A299 nömrəli və 14 mart 2022-ci il tarixli, BRED4928075A299 nömrəli kredit müqavilələrinin bağlanması mülki işin mübahisəsiz hallarıdır. İddiaçının cavabdehlə aralarında bağlanmış 17 fevral 2022-ci il tarixli, GTKR4820347A299 nömrəli müqavilə üzrə yaranmış borcun Cavabdeh tutulmasını tələb etməsi isə işin mübahisəli hallarıdır. İşin mübahisəli hallarını məhkəmə ona təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə təsdiq etdiyindən onun tələbi əsaslı sayılaraq təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş yazılı sübutlar və cavabdehin məhkəmə hazırlıq iclasında verdiyi izahatıdır. Məhkəmənin iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan cavabdehin Babək rayonu, Kültəpə kəndində rəsmi qeydiyyatda olması aydın olur. Məhkəmə 19 iyun 2023-cü il tarixli məktubla iddia ərizəsinin surəti ona əlavə edilmiş sübutlarla birlikdə cavabdehə göndərərək ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etiraz və ərizəyə əlavə olunmuş sənədlərə münasibəti, həmçinin iddiaya etiraz və ona əlavə olunmuş sənədlərin surətləri iddiaçıya və məhkəməyə təqdim edə bilməsi, sübutların və etirazın təqdim edilməməsi işdə mövcud olan sübutlar əsasında işə baxılmasına mane olmaması izah olunsa da, Cavabdeh tərəfindən iddia tələbinə qarşı hər hansı bir etiraz daxil olmamış, əksinə məhkəmə hazırlıq iclasında tələbi qəbul etmişdi. Mülki iş materiallarına əlavə edilmiş sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən məhkəmə sənədlərinin cavabdehə “20” iyun 2023-cü ildə təqdim edilməsi müəyyən edilir. Məhkəmə iş üzrə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətindən görünür ki, sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla ilk öncə onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətləri olmuş və onlar arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. İddiaçının tələbi Cavabdeh ilə onun arasında bağlanmış 17 fevral 2022-ci il tarixli, GTKR4820347A299 nömrəli kredit müqaviləsinə əsaslandığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən tərəflər arasında bağlanmış müqavilələrin etibarlı olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; - 324.4-cü maddəsinin tələbinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; - 329.1 və 329.2-ci maddələri ilə müəyyən edilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; - 331.1-ci maddəsinin tələbinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; -331.3-cü maddəsinə əsasən əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir; -331.5-ci maddəsində qeyd edilir ki, əqdlərin elektron formada bağlanması ilə bağlı məsələlər elektron ticarət haqqında və elektron sənəd dövriyyəsinə dair Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir; - 740.2-ci maddəsi ilə müəyyən edilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tərəflər arasında bağlanmış kredit müqavilələrini yuxarıda qeyd edilən maddi hüquq normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə müqavilə tərəflərinin qanunvericiliyin tələbinə əməl etməklə müqavilə bağlaması öz təsdiqini tapır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında müqavilə elektron qaydada bağlandığından məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 avqust 2020-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin “sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı ... andan bağlanmış sayılır” müddəasının “müvafiq qaydada imzalanma” tələbi tərəflərin onu şəxsən, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə imzalamasını nəzərdə tutur. Mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə bağlanan müqavilələrin şərtləri mümkün qədər aydın, dürüst və başa düşülən olmalıdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17 fevral 2022ci il tarixli, GTKR4820347A299 nömrəli kredit müqaviləsindən tərəflərin aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlməsi aydın olur: -17 fevral 2022-ci il tarixli, GTKR4820347A299 nömrəli kredit müqaviləsinin; - 1.1-ci bəndi ilə müəyyən edilir ki, müqaviləyə görə bank müştəriyə istehlak məqsədilə kredit verir, kreditin istifadəsilə bağlı müvafiq hesablar açır. Müştəri isə həmin kreditdən istifadə edir və yaranmış borclarını (əsas və taiz borcu, xidmət haqqı, dəbbə pulu və s.) müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəyir; - 1.1.1-1.1.5-ci bəndlərinə görə borc verən borcalana illik 28 faizlə (FİFD 29.89%), 48 ay müddətində, 6100 (altı min bir yüz) manat məbləğində gündəlik tələbat krediti verməyi, borcalan müqaviləyə əlavə edilmiş ödəniş qrafikinə əsasən krediti borc verənə qaytarmağı öhdəsinə götürür; - 1.2-ci bəndinə əsasən müştəriyə kağız daşıyıcıda təqdim edilə, habelə bankın mobil tətbiqi, elektron sayt və ya digər texnoloji vasitələrlə müştərinin elektron kabinetində yerləşdirilə bilər; - 2.1 və 2.2-ci bəndlərinin tələbinə görə bank, kreditdən istifadə edilməsi və ödənilməsi üçün müştərinin adına 410100D**********299 saylı cari hesab və kreditin uçotunun aparılması üçün isə kredit hesabı açır, kredit müştərinin cari hesabına köçürmə yolu ilə verilir. Müştərinin istəyinə əsasən cari hesaba köçürülən vəsait onun verdiyi ərizə əsasında xidmət haqları (1.1,6-cı yarımbənd üzrə) tutulmaq şərtilə müştərinin bankda olan müvafiq kart hesab(lar)ına köçürülə bilər. Tərəflər razılaşır ki, müştərinin bu müqaviləni imzalaması və verdiyi ərizə bu bənddə nəzərdə tutulmuş nağdsız hesablaşmanın aparılması üçün müştəri tərəfindən verilmiş sərəncam (ödəniş sənədi) hesab ediləcəkdir; -2.8 və 2.8.1-ci bəndlərin tələbinə əsasən müştəri tərəfindən müqavilə üzrə borcların (əsas, faiz və digər borclar) vaxtında ödənilməsi müddətləri pozulduqda bank kreditin hesablanmış faizi ilə və digər borcları ilə birlikdə qaytarılmasını müştəridən vaxtından əvvəl tələb edə bilər; - 3.2. və 3.2.2-ci bəndlərdə qeyd edilir ki, bank müqavilədə nəzərdə tutulmuş hallarda öhdəliyin icrasını vaxtından əvvəl tələb etdikdə müştəri krediti, kredit üzrə hesablanmış istifadə faizlərini və digər borcları 10 (on) iş günü müddətində banka qaytarmalı və müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit üzrə ödənişləri banka ödəməlidir; - 4.5-ci bənddə qeyd edilir ki, müştəri və bank təsdiq edir ki, SMS vasitəsilə göndərilmiş bildirişin müştəri tərəfindən təsdiq edilməsi, habelə ATM, ödəniş terminalı və ya bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrlə müvafiq hərəkətlərin (təsdiqləmələrin) edilməsi müştəriyə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və onun şəxsi imzası ilə eyni hüquqi qüvvəyə malikdir; - 5.2-cü bəndə əsasən bu müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr isə Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll ediləcəkdir; - 5.4-cü bəndə görə bu müqavilə tərəflər onu imzalandığı gündən qüvvəyə minir və tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək, o cümlədən məhkəmə qətnaməsi çıxarıldıqdan sonra hesablanmış faizlər, dəbbə pulu, maliyyə sanksiyası ilə bağlı çəkilən xərclər tam ödənilənədək qüvvədə qalır. Bank bu müqaviləyə birtərəfli qaydada xitam verə bilər; - 5.7-ci bəndin tələbinə əsasən tərəflərin bir-birinə olan bütün növ bildirişləri, xəbərdarlıqları və s. sənədləri bu Müqavilədə nəzərdə tutulan və ya sonradan təqdim edilən mobil nömrələrinə, ünvanlarına sifarişli məktub, teleqram və ya faksla göndərilir. Həmin ünvana göndərilmiş bildirişlər tərəflərə çatdırılmış hesab olunacaq və bu zaman tərəflər göndərilən sənədləri almaması halına istinad edə bilməz. Hüquqi və ya poçt ünvan(lar)ında, mobil nömrələrində dəyişiklik olan tərəf digər tərəfi bu barədə dərhal xəbərdar etməlidir, əks təqdirdə sonuncu məlum olan ünvan üzrə göndərilmiş müraciətlər ünvan sahibinə çatdırılmış hesab olunacaq. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən Cavabdeh həmin müqavilə üzrə əldə etdiyi kredit məbləğini 17 mart 2022-ci ildən başlamaqla 17 fevral 2026-cı ilədək hər ay 212.60 (iki yüz on iki manat, altmış qəpik) manat, sonuncu ay isə 218,52 (iki yüz on səkkiz manat, əlli iki qəpik) manat ödəməli olması aydın olur. Tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, tərəflər arasında olan razılaşma üzrə iddiaçının müqavilədə göstərilən şərtlərlə kredit məbləğini cavabdehə verməsi, sonuncunun isə ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri və gecikmə zamanı hesablanmış cərimə məbləğlərini ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir ki, bu həmin hallara da mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 17 fevral 2022-ci il tarixli, GTKR4820347A299 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirməsi SMS məlumatları və hesabdan çıxarışla sübuta yetirilir. Müqavilələrdən irəli gələn öhdəliyin icra edilməsinin sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşsə də o, bunu təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə cavabdehin müqavilədən irəli gələn öhdəliyini icra etməməsi iş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 17 fevral 2023-cü il tarixli, 16/8484 nömrəli bildirişdən, sifarişli poçt göndərişinin siyahısından və cavabdehin məhkəmədə verdiyi izahatdan məlum olur. Həmin sənədlərdən cavabdehin müqavilə şərtlərini pozması və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin onu xəbərdar etməsi müəyyən edilir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan əsas borcun qaytarılması barədə tələbi əsaslıdır. Cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim edilmiş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı onun diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini, yəni borclunun təqsiri prezumpsiyasını nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 17 fevral 2022-ci il tarixli, GTKR4820347A299 nömrəli kredit müqaviləsinin 5-ci bölməsindən aydın olur ki, cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Borcun miqdarına gəldikdə isə, məhkəməyə təqdim olunmuş 03 iyul 2023-cü il tarixli, 15/6355 nömrəli maliyyə arayışından Cavabdeh 17 fevral 2022-ci il tarixli, GTKR4820347A299 nömrəli kredit müqaviləsi üzrə 4763,34 (dörd min yeddi yüz altmış üç manat, otuz dörd qəpik) manat əsas borcunun olması aydın olur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumunun 67,63 (altmış yeddi manat, altmış üç qəpik) manat miqdarı cavabdehdən alınaraq ona ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; - tərəflər arasında bağlanmış 17 fevral 2022-ci il tarixli, GTKR4820347A299 nömrəli kredit müqaviləsi üzrə 4763,34 (dörd min yeddi yüz altmış üç manat, otuz dörd qəpik) manat məbləğində kredit borcu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; -həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 67,63 (altmış yeddi manat, altmış üç qəpik) manat miqdarı cavabdehdən alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddia təmin olunsun. Tərəflər arasında bağlanmış 17 fevral 2022-ci il tarixli, GTKR4820347A299 nömrəli kredit müqaviləsi üzrə 4763,34 (dörd min yeddi yüz altmış üç manat, otuz dörd qəpik) manat məbləğində kredit borcu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 67,63 (altmış yeddi manat, altmış üç qəpik) manat miqdarı cavabdehdən alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədr: Zamiq Əliyev
Məhkəmə qərarları › İş №e-2(079)-395/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-395/2023
10.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver