Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-396/2023 10.08.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, «Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında şifahi icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “19” iyun 2023-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh onun xeyrinə 22 iyul 2022-ci il tarixli kredit müqaviləsi üzrə 5668.47 (beş min altı yüz atmış səkkiz manat, qırx yeddi qəpik) manat əsas, 621.91 (altı yüz iyirmi bir manat, doxsan bir qəpik) manat faiz borcu, 02 sentyabr 2022-ci il tarixli müqavilə üzrə 574.85 (beş yüz yetmiş dörd manat, səksən beş qəpik) manat əsas, 95.59 (doxsan beş manat, əlli doqquz qəpik) manat faiz borcunun və ödənilmiş 89.57 (səksən doqquz manat, əlli yeddi qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini əsaslandıraraq qeyd etmişdir ki, onunla Cavabdeh arasında elektron qaydada bağlanmış 22 iyul 2022-ci il tarixli, GTKR6009510A299 nömrəli kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 21 faiz dərəcəsi ilə 6000 manat məbləğində kredit verilmişdir. Daha dəqiq desək kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. «Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 02 sentyabr 2022-ci il tarixli kredit kartı müqaviləsinə əsasən ona kredit xətti açılmışdır. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin 07 iyun 2023-cü il tarixə «Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinə 22 iyul 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 5668.47 (beş min altı yüz atmış səkkiz manat, qırx yeddi qəpik) manat əsas, 621.91 (altı yüz iyirmi bir manat, doxsan bir qəpik) manat faiz borcu, 02 sentyabr 2022-ci il tarixli kredit kartına dair müqavilə üzrə 574.85 (beş yüz yetmiş dörd manat, səksən beş qəpik) manat əsas, 95.59 (doxsan beş manat, əlli doqquz qəpik) manat faiz borcu olmaqla cəmi 670.04 (altı yüz yetmiş manat, dörd qəpik) manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qayada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Əkbərov X1 Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə 11 iyul 2023-cü il tarixdə Babək Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə qarşı kredit borcunun qaytarılması tələbinə dair məhkəməyə müraciət etdiklərini, mülki işin məhkəmə iclasının 10 avqust 2023-cü il tarixə təyin edildiyini, məhkəməyə iddia ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədlərin məhkəməyə təqdim edildiyini, məhkəmədən mülki işə iddia tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 22 iyul 2022-ci il tarixli, GTKR6009510A299 nömrəli kredit müqaviləsi və 02 sentyabr 2022-ci il tarixli, BRCB6388897A500 nömrəli Birbank Cashback kredit xətti müqaviləsinin bağlanması mülki işin mübahisəsiz hallarıdır. İddiaçının cavabdehlə aralarında bağlanmış müqavilələr üzrə onun Cavabdeh borcun qaytarılmasını tələb etməsi isə işin mübahisəli hallarıdır. İşin mübahisəli halını məhkəmə ona təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə təsdiq etdiyindən onun tələbi əsaslı sayılaraq təmin olunmalıdır. Məhkəmənin iddianın əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş yazılı sübutlardır. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə onu qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan cavabdehin Babək rayonu, Aşağı Uzunoba kəndində rəsmi qeydiyyatda olması aydın olur. Cavabdeh iddiaçının ərizəsinin surəti məhkəmənin 19 iyun 2023-cü il tarixli məhkəmə bildirişi ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada verilmişdi. Belə ki, cavabdehə göndərilmiş məhkəmə sənədləri onun həmin ünvanda yaşamaması səbəbindən poçt xidməti tərəfindən məhkəməyə geri qaytarılsa da, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin sənədlər onun qeydiyyatda olduğu yer üzrə Babək Rayon İcra Hakimiyyətinin Aşağı Uzunoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdi. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən sonuncu qeyd edilən hal məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. Məhkəmə bildirişində cavabdehə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etiraz və ərizəyə əlavə olunmuş sənədlərə münasibəti, həmçinin iddiaya etiraz və ona əlavə olunmuş sənədlərin surətləri iddiaçıya və məhkəməyə təqdim edə bilməsi, sübutların və etirazın təqdim edilməməsi işdə mövcud olan sübutlar əsasında işə baxılmasına mane olmaması izah olunsa da, Cavabdeh tərəfindən iddia tələbinə qarşı hər hansı bir etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətindən görünür ki, sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla ilk öncə onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətləri olmuş və onlar arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. İddiaçının tələbi Cavabdeh ilə onun arasında bağlanmış 22 iyul 2022-ci il tarixli, GTKR6009510A299 nömrəli kredit müqaviləsinə və 02 sentyabr 2022-ci il tarixli, BRCB6388897A500 nömrəli Birbank Cashback kredit xətti müqaviləsinə əsaslandığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən tərəflər arasında bağlanmış müqavilələrin etibarlı olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; - 324.4-cü maddəsinin tələbinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; - 329.1 və 329.2-ci maddələri ilə müəyyən edilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; - 331.1-ci maddəsinin tələbinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; -331.3-cü maddəsinə əsasən əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir; -331.5-ci maddəsində qeyd edilir ki, əqdlərin elektron formada bağlanması ilə bağlı məsələlər elektron ticarət haqqında və elektron sənəd dövriyyəsinə dair Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir; - 740.2-ci maddəsi ilə müəyyən edilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tərəflər arasında bağlanmış kredit müqavilələrini yuxarıda qeyd edilən maddi hüquq normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə müqavilə tərəflərinin qanunvericiliyin tələbinə əməl etməklə müqavilə bağlaması öz təsdiqini tapır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında müqavilə elektron qaydada bağlandığından məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 avqust 2020-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin “sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı ... andan bağlanmış sayılır” müddəasının “müvafiq qaydada imzalanma” tələbi tərəflərin onu şəxsən, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə imzalamasını nəzərdə tutur. Mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə bağlanan müqavilələrin şərtləri mümkün qədər aydın, dürüst və başa düşülən olmalıdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22 iyul 2022-ci il tarixli, GTKR6009510A299 nömrəli kredit və 02 sentyabr 2022-ci il tarixli, BRCB6388897A500 nömrəli Birbank Cashback kredit xətti müqavilələri üzrə tərəflərin aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlməsi aydın olur: - 22 iyul 2022-ci il tarixli, GTKR6009510A299 nömrəli kredit müqaviləsinin; - 1.1-ci bəndi ilə müəyyən edilir ki, müqaviləyə görə bank müştəriyə istehlak məqsədilə kredit verir, kreditin istifadəsilə bağlı müvafiq hesablar açır. Müştəri isə həmin kreditdən istifadə edir və yaranmış borclarını (əsas və taiz borcu, xidmət haqqı, dəbbə pulu və s.) müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəyir; - 1.1.1-1.1.5-ci bəndlərinə görə borc verən borcalana illik 21 faizlə (FİFD 21.02%), 48 ay müddətində, 6000 (altı min yüz) manat məbləğində gündəlik tələbat krediti verməyi, borcalan müqaviləyə əlavə edilmiş ödəniş qrafikinə əsasən krediti borc verənə qaytarmağı öhdəsinə götürür; - 1.2-ci bəndinə əsasən müştəriyə kağız daşıyıcıda təqdim edilə, habelə bankın mobil tətbiqi, elektron sayt və ya digər texnoloji vasitələrlə müştərinin elektron kabinetində yerləşdirilə bilər; - 2.1 və 2.2-ci bəndlərinin tələbinə görə bank, kreditdən istifadə edilməsi və ödənilməsi üçün müştərinin adına 410100D**********299 saylı cari hesab və kreditin uçotunun aparılması üçün isə kredit hesabı açır, kredit müştərinin cari hesabına köçürmə yolu ilə verilir. Müştərinin istəyinə əsasən cari hesaba köçürülən vəsait onun verdiyi ərizə əsasında xidmət haqları (1.1,6-cı yarımbənd üzrə) tutulmaq şərtilə müştərinin bankda olan müvafiq kart hesab(lar)ına köçürülə bilər. Tərəflər razılaşır ki, müştərinin bu müqaviləni imzalaması və verdiyi ərizə bu bənddə nəzərdə tutulmuş nağdsız hesablaşmanın aparılması üçün müştəri tərəfindən verilmiş sərəncam (ödəniş sənədi) hesab ediləcəkdir; -2.8 və 2.8.1-ci bəndlərin tələbinə əsasən müştəri tərəfindən müqavilə üzrə borcların (əsas, faiz və digər borclar) vaxtında ödənilməsi müddətləri pozulduqda bank kreditin hesablanmış faizi ilə və digər borcları ilə birlikdə qaytarılmasını müştəridən vaxtından əvvəl tələb edə bilər; - 3.2. və 3.2.2-ci bəndlərdə qeyd edilir ki, bank müqavilədə nəzərdə tutulmuş hallarda öhdəliyin icrasını vaxtından əvvəl tələb etdikdə müştəri krediti, kredit üzrə hesablanmış istifadə faizlərini və digər borcları 10 (on) iş günü müddətində banka qaytarmalı və müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit üzrə ödənişləri banka ödəməlidir; - 4.5-ci bənddə qeyd edilir ki, müştəri və bank təsdiq edir ki, SMS vasitəsilə göndərilmiş bildirişin müştəri tərəfindən təsdiq edilməsi, habelə ATM, ödəniş terminalı və ya bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrlə müvafiq hərəkətlərin (təsdiqləmələrin) edilməsi müştəriyə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və onun şəxsi imzası ilə eyni hüquqi qüvvəyə malikdir; - 5.2-cü bəndə əsasən bu müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr isə Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll ediləcəkdir; - 5.4-cü bəndə görə bu müqavilə tərəflər onu imzalandığı gündən qüvvəyə minir və tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək, o cümlədən məhkəmə qətnaməsi çıxarıldıqdan sonra hesablanmış faizlər, dəbbə pulu, maliyyə sanksiyası ilə bağlı çəkilən xərclər tam ödənilənədək qüvvədə qalır. Bank bu müqaviləyə birtərəfli qaydada xitam verə bilər; - 5.7-ci bəndin tələbinə əsasən tərəflərin bir-birinə olan bütün növ bildirişləri, xəbərdarlıqları və s. sənədləri bu Müqavilədə nəzərdə tutulan və ya sonradan təqdim edilən mobil nömrələrinə, ünvanlarına sifarişli məktub, teleqram və ya faksla göndərilir. Həmin ünvana göndərilmiş bildirişlər tərəflərə çatdırılmış hesab olunacaq və bu zaman tərəflər göndərilən sənədləri almaması halına istinad edə bilməz. Hüquqi və ya poçt ünvan(lar)ında, mobil nömrələrində dəyişiklik olan tərəf digər tərəfi bu barədə dərhal xəbərdar etməlidir, əks təqdirdə sonuncu məlum olan ünvan üzrə göndərilmiş müraciətlər ünvan sahibinə çatdırılmış hesab olunacaq. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən Cavabdeh həmin müqavilə üzrə əldə etdiyi kredit məbləğini 22 avqust 2022-ci ildən başlamaqla 22 iyul fevral 2026-cı ilədək hər ay 185.79 (bir yüz səksən beş manat, yetmiş doqquz qəpik) manat, sonuncu ay isə 189.98 (bir yüz səksən doqquz manat, doxsan səkkiz qəpik) manat ödəməli olması aydın olur. - 02 sentyabr 2022-ci il tarixli, BRCB6388897A500 nömrəli Birbank Cashback kredit xətti müqaviləsinin; --1.1-ci bəndinə əsasən Cash back müştəri tərəfindən aparılan əməliyyatlara görə müvafiq əmaliyyat məbləğinin bankın daxili qayda, şərt, prosedur və digər sənədlərinə uyğun olaraq bank tərəfindən müştərinin hesabına mədaxil edilən hissəsidir. Öödəniş kartı (Birbank Cashback və ya Kart) nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş alətidir. Qeyri-taksit əməliyyatları ayrılmış kredit xəttindən taksit əməliyyatları istisna olmaqla digər nağdsız ödənişlərin edilməsi və kredit xəttinin nağdlaşdınlması əməliyyatıdır. Taksit əməliyyatları ayrılmış kredit xəttindən müştəri tərəfindən opsiyalarla qaytarılmaq şərtilə, bankın partnyor şəbəkəsi subyektlərinə ödənişlərin edilməsi məqsədilə istifadə olunmasıdır. Taksit əməliyyatı həyata keçirildiyi halda, borclar müştəri tərəfindən bankın partnyor şəbəkəsi subyektlərinin təklifindən asılı olaraq opsiyalarla, taksitlə ödənilir; -- 2-ci bəndinə görə bank müştəriyə “Birbank Cashback” ödəniş kartı (bundan sonra - “Birbank Cashback” və ya “Kart) verir, həmin kartla bağlı bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpa olunan kredit xətti (bundan sonra - kredit xətti) ayırır, həmin karta bağlı və (və ya) xəttin istifadəsi ilə əlaqədar müvafiq hesablar açır, müştəri isə kartdan və (və ya) kredit xəttindən istifadə edir, yaranmış borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu və s.), habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu müqavilə ilə müəyyən edilmiş qaydada və bankın qüvvədə olan tarif dərəcələrinə əsasən ödəyir; -- 3.1 - 3.3-cü bəndlərində qeyd edilir ki, bank kredit xəttindən istifadə edilməsi və ödənilməsi üçün müştərinin adına və karta bağlı AZN valyutasında cari hesab (bundan sonra - Birbank hesabı və ya hesab), habelə bonus, faiz və ya güzəştlərin hesablanaraq toplandığı şərti cashback hesabı açır. Müştəri ayrılmış kredit xətti ilə taksit və qeyri-taksit əməliyyatları həyata keçirə bilər. Hesaba müştəri tərəfindən pul vəsaiti mədaxil oluna bilər. Bank müştəriyə onun elektron kabinetində yerləşdirməklə və/və ya bu müqavilənin 10.4-cü bəndində müəyyən edilmiş üsul və vasitələrlə hesabın rekvizitlərini (nömrəsi, kodu və s.) təqdim edə bilər. Hesabda kredit xəttindən və (və ya) hər cür öhdəliklərdən azad 500 (beş yüz) manat və ya daha çox məbləğ olduqda, bank tərəfindən hesab qalığına aylıq maksimum 10 manat olmaqla, illik 6 % dərəcəsində faiz hesablanır. Hesablanmış faiz məbləği hər növbəti ayın ilk iş günü müştərinin cashback hesabına köçürülür. Bu bankın hüququdur, vəzifəsi deyildir. Bank müvafiq faizlərin hesablanmasını birtərəfli qaydada dayandıra və ya faiz şərtlərini artıra, azalda bilər. Hesaba yanlış daxilolma olduqda, müştəri bu barədə 3 (üç) iş günü ərzində banka məlumat verməli və bankın həmin vəsaitin qaytarılması ilə bağlı tələbi daxil olduqda həmin məbləği banka geri qaytarmalıdır. Müştəri tərəfindən geri qaytarılmayan həmin vəsaitlər bank tərəfindən akeptsiz qaydada müştərinin hesabından şilinə bilər. Hesabda limitdən artıq borc - overdraft (valyuta məzənnəsinin dəyişməsi, təkrar silinmə və s.) yarandığı halda müştəri bank qarşısında yaranmış borcunu overdraftın yarandığı gündən ən geci 30 (otuz) iş günü ərzində ödəməlidir. Yaranmış borc müəyyən edilmiş müddətdə qaytarılmadıqda bank müştərini xəbərdar etmədən kartın fəaliyyətini dayandıra bilər; -- 4.1-ci bəndinə əsasən gəlirlər ki, müştəri tərəfindən ilkin olaraq istifadə edilə biləcək məbləğ bank tərəfindən 600 manat müəyyən olunur. Tərəflər razılğa gəlirlər ki müştəri, bu müqavilənin 11.2-ci hissəsində qeyd edilən və ya sonradan banka bildirdiyi mobil nömrəsinə SMS vasitəsilə göndərilmiş bildirişi (məlumatı) SMS-də göstərilmiş qaydada təsdiq etməklə, habelə ATM, ödəniş terminalı və ya Bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrindən (bundan sonra - texnoloji vasitələr) müvafiq qaydada istifadə etməklə, kredit xəttinin istifadə edilə biləcək məbləğini ümumilikdə 15000 manat həddində, SMS və digər texnoloji vasitələrlə razılaşdırılmış məbləğdə və şərtlərdə artıra və ya azalda, həmçinin müqavilənin digər şərtlərini dəyişdirə və ya ona xitam verə bilər. Müvafiq qaydada kredit xəttinin məbləğinin artırılması, azaldılması, habelə müqavilənin şərtlərinin dəyişdirilməsi, ona xitam verilməsi və ya digər hərəkətlərin edilməsi yalnız bank tərəfindən təsdiq edildikdə qüvvəyə minir. Müştəri və bank təsdiq edir ki, SMS vasitəsilə göndərilmiş bildirişin müştəri tərəfindən təsdiq edilməsi, habelə texnoloji vasitələrlə müvafiq hərəkətlərin (təsdiqləmələrin) edilməsi müştəriyə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və onun şəxsi imzası ilə eyni hüquqi qüvvəyə malikdir; -- 4.3, 4.4, 4.5, və 4.10-cu bəndlərə görə kredit xəttindən son istifadə tarixi 31 iyul 2025-ci ildir. Kartın son istifadə tarixi 31 iyul 2025-ci il tarixədəkdir. Kartın son istifadə tarixi başa çatdığı gündən etibarən həmin hesab sistemdə bağlanılır və hesabın qalığı müştəri tərəfindən geri alınmadıqda və ya vəsaitin köçürülməli olan yeni hesab banka bildirilmədikdə, həmin vəsait müvafiq müştəri kateqoriyasının bağlanmış hesabların uçotu aparılan hesaba köçürülür və bankin tariflərinə əsasən bağlanmış hesabların əməliyyat sistemində saxlanmasına görə müvafiq xidmət haqqı tutulur. Müddət bitdikdən sonra bankdaxili qayda və şərtlərində qeyd edilənlər yol verərsə, müştəriyə bu müqavilə üzrə yeni Kart təqdim oluna bilər. Hesab müqavilənin 3.4-cü bəndi ilə nəzərdə tutulmuş qaydada bağlandıqda və ya kartdan istifadə müddəti bitdikdə, hesabdakı hər cür öhdəliklərdən azad pul vəsaiti bankda saxlanılır. Müştəri müvafiq vəsaiti əldə etmək üçün şəxsiyyətim təsdiq edən sənədlə birlikdə banka müraciət etməlidir. Kredit xəttinin illik filiz dərəcəsi qeyri-taksit əməliyyatları üzrə 25 faiz (maksimal FİFD 24,61 %) və taksit əməliyyatları üzrə 0 faizdir. Kartın istifadə müddəti ərzində qeyri-taksit əməliyyatları üzrə əsas borcdan minimal aylıq ödəniş faizi müştərinin aylıq ödəniş yükünün azaldılması məqsədilə BANK tərəfindən daha aşağı faiz müəyyən edilməmişdirsə 5 faizdir; -- 6.1, 6.4, 6.7 və 6.8-ci bəndləri ilə müəyyən edilir ki, kartdan istifadəyə görə aylıq xidmət haqqı 2 manatdır. Təqvim ayı üzrə kart vasitəsilə həyata keçirilən kartdan karta, o cümlədən hesab(lar)a köçürmələr, habelə nağdsız kredit ödənişləri istisna olmaqla, kredit xətti və ya şəxsi vəsait hesabına aparılmış taksit və ya digər nağdsız əməliyyatların ümumi dəyəri 500 AZN və (və ya) daha çox olduqda, həmin təqvim ayı üzrə Kartdan istifadəyə görə aylıq xidmət haqqı tutulmur. Müştəri tərəfindən şəxsi vəsaitin, habelə kredit xəttinin nağdlaşdırılmasına görə minimum 2 manat olmaqla 1,5 (bir tam onda beş) faiz xidmət haqqı müəyyən olunur. Digər nağdlaşdırma və kart əməliyyatlarına, habelə bank əməliyyatlarına görə xidmət haqqı tarifləri bankın qüvvədə olan tarif dərəcələrinə əsasən müştəri tərəfindən ödənilir. Kredit xəttindən nağdlaşdırma komissiyasının birkart hesabından tutulması halında müvafiq komissiya məbləğləri borc məbləğinin üzərinə əlavə olunur və güzəşt müddəti olmayan qeyri- taksit əməliyyatı kimi əsas borc olaraq nəzərə alınır (müvafiq məbləğə bu Müqavilə ilə nəzərdə tutulmuş illik kredit faizi hesablanır). Hesab vasitəsilə aparılan əməliyyatın növündən asılı olaraq bankin daxili qayda, şərt, prosedur və digər sənədlərində qeyd edilənlərə əsasən müştərinin həyata keçirdiyi əməliyyatın məbləğinin bank tərəfindən müəyyən edilən faizi bank tərəfindən müştərinin Cashback hesabına Cash Back kimi mədaxil edilə bilər. Cash Back üzrə aylıq qazanıla biləcək maksimal məbləğ 500 (beş yüz) AZN müəyyən edilir. Bu, bankin hüququdur vəzifəsi deyildir və bu hissədə nəzərdə tutulan şərtləri (cashback faizi, qazanıla biləcək maksimal məbləğ) Bank birtərəfli qaydada dəyişdirilə və ya ləğv edilə bilər; -- 9.1 və 9.1.1-ci bəndlərinə görə müştəri tərəfindən bu müqavilə üzrə borcların (əsas, faiz və digər borclar) vaxtında ödənilməsi müddətləri pozulduqda bank kreditin hesablanmış faizi ilə və digər borcları ilə birlikdə qaytarılmasını müştəridən vaxtından əvvəl tələb edə və bu müqaviləyə xitam verə bilər; – 10.1-ci bəndlərinə əsasən müqavilə tərəflərin şəxsi imzası ilə imzalandıqda və ya bankın texnoloji vasitələrindən istifadə edilməklə müştəri tərəfindən şəxsi imzanın başqa analoqu (imzanın faksimilesi, SMS, klik edilmə, müvafiq xananın seçilməsi, məlumatların doldurulması və s.) ilə təsdiq edildikdə qüvvəyə minir və tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək, o cümlədən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi üzrə hesablanmış faizlər, dəbbə pulu, maliyyə sanksiyası ilə bağlı çəkilən xərclər tam ödənilənədək qüvvədə qalır. Müqavilənin imzalanma qaydası ilə bağlı müddəa həm bu müqavilə bağlanarkən imzalanan, həm də bu müqavilə üzrə gələcəkdə imzalanacaq digər əlaqəli sənədlərə (əqdlərə) də tətbiq olunur. Bank bu müqaviləyə birtərəfli qaydada xitam verə bilər. Tərəflər arasında bağlanmış müqavilələrdən aydın olur ki, razılaşma üzrə iddiaçının cavabdehə hesab açması, müqavilələrdə göstərilən şərtlərlə kredit məbləğini cavabdehə verməsi, sonuncunun isə ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri və gecikmə zamanı hesablanmış cərimə məbləğlərini ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir ki, bu həmin hallara da mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 22 iyul 2022-ci il tarixli, GTKR6009510A299 nömrəli kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirməsi SMS məlumatları, hesabdan çıxarışla, 02 sentyabr 2022-ci il tarixli, BRCB6388897A500 nömrəli Birbank Cashback kredit xətti müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirməsi isə 02 sentyabr 2022-ci il tarixli, 500TT**********1751 nömrəli balansdan kənar məxaric orderi və hesabdan çıxarışla sübuta yetirilir. Müqavilələrdən irəli gələn öhdəliyin icra edilməsinin sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşsə də o, bunu təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə cavabdehin müqavilələrdən irəli gələn öhdəliyini icra etməməsi iş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 17 fevral 2023-cü il tarixli, 16/9552 nömrəli bildirişdən və sifarişli poçt göndərişinin siyahısından məlum olur. Həmin sənədlərdən cavabdehin müqavilə şərtlərini pozması və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin onu xəbərdar etməsi müəyyən edilir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan əsas borc və ona hesablanmış faizlərin qaytarılması barədə tələbi əsaslıdır. Cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim edilmiş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini, yəni borclunun təqsiri prezumpsiyasını nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 22 iyul 2022-ci il tarixli, GTKR6009510A299 nömrəli kredit müqaviləsinin 11-ci və 02 sentyabr 2022-ci il tarixli, BRCB6388897A500 nömrəli Birbank Cashback kredit xətti müqaviləsinin 14-cü bəndlərindən aydın olur ki, cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Borcun miqdarına gəldikdə isə, iddia ərizəsinə əlavə olunmuş 14 iyun 2023-cü il tarixli, 15/3569 nömrəli maliyyə arayışından və 16 iyun 2023-cü il tarixli hesabdan çıxarışlardan Cavabdeh 07 iyun 2023-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 22 iyul 2022-ci il tarixli, GTKR6009510A299 nömrəli müqavilə üzrə 5668.47 (beş min altı yüz atmış səkkiz manat, qırx yeddi qəpik) manat əsas və 621.91 (altı yüz iyirmi bir manat, doxsan bir qəpik) manat faiz, 02 sentyabr 2022-ci il tarixli, BRCB6388897A500 nömrəli müqavilə üzrə 574.85 (beş yüz yetmiş dörd manat, səksən beş qəpik) manat əsas, 95.59 (doxsan beş manat, əlli doqquz qəpik) manat faiz borcu olması qeyd edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 89.57 (səksən doqquz manat, əlli yeddi qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; - tərəflər arasında bağlanmış 22 iyul 2022-ci il tarixli, GTKR6009510A299 nömrəli kredit müqaviləsi üzrə 5668.47 (beş min altı yüz atmış səkkiz manat, qırx yeddi qəpik) manat əsas, 621.91 (altı yüz iyirmi bir manat, doxsan bir qəpik) manat faiz borcu, 02 sentyabr 2022-ci il tarixli, BRCB6388897A500 nömrəli Birbank Cashback kredit xətti müqaviləsi üzrə 574.85 (beş yüz yetmiş dörd manat, səksən beş qəpik) manat əsas 95.59 (doxsan beş manat, əlli doqquz qəpik) manat faiz borcu olmaqla ümumilikdə 6960.82 (altı min doqquz yüz altmış manat, səksən iki) manat məbləğində borc Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; -həmçinin iddiaçı tərəfindən ödənilmiş 89.57 (səksən doqquz manat, əlli yeddi qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddia təmin olunsun. Tərəflər arasında bağlanmış 22 iyul 2022-ci il tarixli, GTKR6009510A299 nömrəli kredit müqaviləsi üzrə 5668.47 (beş min altı yüz atmış səkkiz manat, qırx yeddi qəpik) manat əsas, 621.91 (altı yüz iyirmi bir manat, doxsan bir qəpik) manat faiz borcu, 02 sentyabr 2022-ci il tarixli, BRCB6388897A500 nömrəli Birbank Cashback kredit xətti müqaviləsi üzrə 574.85 (beş yüz yetmiş dörd manat, səksən beş qəpik) manat əsas, 95.59 (doxsan beş manat, əlli doqquz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 6960.82 (altı min doqquz yüz altmış manat, səksən iki) manat məbləğində borc Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Həmçinin iddiaçı tərəfindən ödənilmiş 89.57 (səksən doqquz manat, əlli yeddi qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədr: Zamiq Əliyev
Məhkəmə qərarları › İş №e-2(079)-396/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-396/2023
10.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver