Məhkəmə qərarları › İş №e-2(079)-398/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №e-2(079)-398/2024

24.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № e-2(079)-398/2024 24.05.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Ərizənin qəbul etməkdən imtina haqqında Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyənetdi: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti “23” may 2024-cü ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında Babək Rayon Məhkəməsinə müraciət edərək 283.65 (iki yüz səksən üç manat, altmış beş qəpik) manat məbləğində maddi zərərin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə bildirir ki, iddia ərizəsi və ya hər hansı icraat növü üzrə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Ərizəni və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Tələbdən aydın olur ki, “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı olan iddianın qiyməti beş min manatdan aşağıdır və iddiaçı işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş qaydada baxılmasını xahiş etmişdi. Bu səbəbdən də məhkəməyə qeyd edilən ərizəyə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 23-1-ci fəslində nəzərdə tutulmuş normalar tətbiq edilməklə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxmışdı. Həmin fəsildə olan 284-4-cü maddədə isə işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinin əsasları qeyd edilmişdir. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədlərin qeyd edilən normanının tələbləri daxilində yoxlayan məhkəmə nəticəyə gəlir ki, “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borc tələbini onunla "xxxx" MMC arasında bağlanmış “04” iyul 2017-ci il tarixli “Hüquqi xidmət haqqında” müqaviləyə əsasən məhkəmə qərarı üzrə yaranmış borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etməsi, sonuncunun aidiyyəti borcun ödənilməsinin təmin etməsi və bunun müqabilində hüquq şirkətinə 283.65 (iki yüz səksən üç manat, altmış beş qəpik) manat məbləğində xidmət haqqı ödəməsi ilə əsaslandırmış və cavabdehə qarşı tələbinin onunla Cavabdeh arasında bağlanmış kredit müqavilənin 5-ci və 6-cı bəndlərindən irəli gəldiyini qeyd etmişdi. Daxil olmuş sənədləri nəzərdən keçirərək məhkəmə olaraq qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: -2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir; - 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; -8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir; - 8.2-ci maddəsində qeyd edilir ki, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; -10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir; -13.1.1-ci maddəsinin tələbinə görə bu Qanunun 13.1.3-2-ci, 13.1.4-1-ci və 13.1.5-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, məhkəmələrin qərarları əsasında verilən icra vərəqələri və məhkəmə əmrləri bir ay ərzində icraya yönəlir; -78.1-ci maddəsi ilə müəyyən edilir ki, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Yuxarıda qeyd edilən normalardan aydın olur ki, məhkəmə aktlarının icrası məcburidir və bu müvafiq icra məmuru tərəfindən həyata keçirərək, o, qanunla müəyyən edilmiş müddətdə onu icraata qəbul edib, borcluya tələbin könüllü icrası barədə müddət təyin etməklə, bununla bağlı müvafiq bildirişi sonuncuya təqdim edir. Borclu ilə həmin müddətdə bunu üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Göründüyü kimi məhkəmə qərarının icrasını təmin etmək icra məmurunun səlahiyyətinə aid olsa da, iddiaçı Babək Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(079)-199/2021 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədinin verilməməsi və verilmiş icra sənədinin icrasının aidiyyəti icra məmuru tərəfindən icra edilməsinin mümkünsüzlüyü və bununla bağlı olaraq "xxxx" MMC ilə hüquqi xidmət müqaviləsi bağlanmasının zəruriliyi barədə məhkəməyə sübut təqdim etməyib. Bundan başqa "xxxx" MMC ilə “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış “04” iyul 2017-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin 4-cü bəndində qeyd edilir ki, büro bank tərəfindən açılan məhkəmə və icra işləri ilə əlaqədar, müvafiq təlimata əsasən hər cür hüquqi xidmətin yerinə yetirilməsini həyata keçirir, bunlarla əlaqədar məhkəmə, icra işlərini və bu işlərə nəzarəti bankın səlahiyyətli nümayəndəsi (vəkili) kimi həyata keçirir. Qeyd edilən müqavilə şərti ilə bağlı məhkəmə iddiaçıya bildirir ki, "xxxx" MMC-nin əməkdaşının məhkəmə qərarının icra olunması zamanı icra prosesində iştirakının hüquqi əsasını etibarnamə təşkil edir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 32.2-ci maddəsinə görə hüquqi şəxslər qanunla, nizamnamə və ya əsasnamə ilə verilmiş səlahiyyət həddində hərəkət edən orqanları və ya vəzifəli şəxsləri yaxud onların nümayəndələri vasitəsilə icraatda iştirak edirlər. Hüquqi şəxsləri təmsil edən şəxslərin onların səlahiyyətlərini təsdiq edən sənədləri olmalıdır. Həmin Qanunun 33-cü maddəsinə əsasən nümayəndələrin səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilmiş etibarnamə ilə təsdiq olunur. Göründüyü kimi qanunvericilik icra icraatında şəxsin müqavilə əsasında nümayəndə ola bilmək imkanını müəyyən etməyib. Ərizəyə isə "xxxx" MMC-nin “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin adından məhkəmə qərarlarının icrası proseslərdə iştirakını təsdiq edən hər hansı etibarnamə əlavə edilməmişdi. Ən başlıcası isə göstərdiyi xidmətə görə "xxxx" MMC tərəfindən iddiaçının ona ödəməli olduğu xidmət haqqının verilməsi qeyd olunsa da (müqavilənin 5.2.6-cı bəndi), “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" MMC-yə xidmət haqqının ödənilməsini təsdiq edən sənədlər ərizəyə əlavə edilməyib. Həmçinin müqavilənin 5.2.1-ci bəndində qeyd edilir ki, müqavilədə yer alan pul (borc) yığımına əsaslanan hüquqi xidmət ödənişi ilə bağlı müddəalar faktiki dosyalar hüquq bürosuna təhvil verildiyi tarixindən sonra həyata keçirilən pul (borc) yığımlarında (geri ödəmələrində) tətbiq edilir. Məhkəməyə təqdim edilmiş sənədlərdən borcluya məxsus dosyanın təhvil verilməsi müəyyən edilmir. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti öz tələbinin təsdiq edən hallarla bağlı məhkəməyə sənəd təqdim etməmişdi. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.1-ci və 284-4.1.3-cü maddələrinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair ərizəsi icraata qəbul edilməkdən imtina olunmalıdır. Belə ki, həmin prosessual normaların tələbinə görə verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Məhkəmə onu da qeyd edir ki, həmin Məcəllənin 284-4.2-ci maddəsinin tələbinə əsasən ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Bundan əlavə iş üzrə iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə izah edilsin ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yekunda məhkəmə onu da qeyd edir ki, “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanıldığından qeyd edilən sənədlərin iddiaçıya geri qaytarılmasına zərurət yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, q ə r a r v e r d i: “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair ərizənin qəbul edilməsindən imtina olunsun. “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə izah olunsun ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Bu qərardaddan şikayət verilə bilməz. Hakim : Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar