Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-405/2025 29.09.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkil-nümayəndəsi Vəkil, Cavabdeh, cavabdehin vəkil-nümayəndəsi Nümayəndə, şahidlər Şahid1 və Şahid2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı “27” may 2025-ci ildə vəkil-nümayəndəsi vasitəsilə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh dəymiş maddi ziyan olan 18354 (on səkkiz min yüz əlli dörd) AZN pulun, vəkil üçün ödənilmiş xidmət haqqı olan 270 (iki yüz yetmiş) AZN xidmət haqqının və ödənilmiş dövlət rüsumu olan 146 (yüz qırx altı) AZN pulun, ümumilikdə 18770 (on səkkiz min yeddi yüz yetmiş) AZN pulun İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vəkili və nümayəndəsi olduğum İddiaçı hazırkı iş üzrə cavabdehi məktəb vaxtlarından tanımış, onunla sinif yoldaşı olmuşdur. Təxminən 2022-ci ilin may ayında iddiaçının tanışı X1 3500 (üç min beş yüz) manat pul lazım olduğundan sinif yoldaşı hazırkı iş üzrə cavabdehə müraciət etmiş, cavabdeh də ona kömək edə biləcəyini bildirmişdir. Belə ki, cavabdeh iddiaçıya "MUĞAN BANKA" lombarda qızılları qoymaqla pul götürülə bilmə imkanını bildirmiş, onun özü də bu vasitə ilə bankdan pul götürdüyünü iddiaçıya bildirmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixində cavabdehlə birlikdə X2 yaşadığı Bakı şəhəri, X8 küçəsi, 19/69, ev 34 mənzil 6 ünvanına getmiş, orada X4 qızılları lombarda qoymaqla pul götürülməsinə razılıq vermiş, X1 məxsus 1 ədəd dəst brilliant sırğa və üzük, 1 ədəd 3 qaşlı brilliant üzük, 1 ədəd qırmızı qaşlı qızıl üzük, 1 ədəd bantik qızıl üzük, 1 ədəd xırda qaşlı brilliant üzük, 1 ədəd qızıl qədim 5-lik klon (sikkə), 1 ədəd qızıl qədim 10-luq klon, 1 ədəd qədim qızılı klon, 1 ədəd uşaq üçün qızıl qolbaq, 1 ədəd italyan istehsalı qızıl qolbaq, 1 ədəd italyan istehsalı qızıl sepi götürmüş və həmin tarixdə "MUĞAN BANK”ın Neftçilər filialında hazırkı iş üzrə cavabdehə vermişdir. Həmin vaxt hazırki iş üzrə cavabdeh həmin adları qeyd olunan qızılları qeyd edilən bankda lombarda qoyaraq öz adına girov qoymuş və bunun qarşılığında isə 3864 (üç min səkkiz yüz altmış dörd) manat bankdan pul götürmüş və 3500 (üç min beş yüz) manat olan pul vermiş, yerdə qalan məbləğin isə banka xərclərinə çıxıldığını bildirmişdir. Həmin şərtlərə görə isə 24 aylıq müddətə hər ayın 4-də 208 (iki yüz səkkiz) manat banka pul ödənilməli idi. Bundan sonra iddiaçı hər ay xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 18 ay müddətində "MUĞAN BANK"ın Neftçilər filialına hər ay 210 (iki yüz on) manatdan olmaqla ümumilikdə 3780 (üç min yeddi yüz səksən) manat pul ödəmişdir (ödənişləri iddiaçı ödəmişdir). Bundan sonra cavabdeh həmin bakın müvafiq filialına gedərək sənədə imza etməklə sözügedən qızılları ondan xəbərsiz götürmüş, qızılları 5521 (beş min beş yüz iyirmi bir) manat qiymətləndirmiş və özünə aid olan borcu da bağlayaraq qızılları ondan xəbərsiz götürmüşdür. Bundan sonra isə iddiaçı yuxarıda adı qeyd olunan və qızılları lombarda qoyulan Gülnarə xanımın qarşısında pis vəziyyətdə qalmış, həmin şəxs qızıllarını tələb etmiş, lakin qızıllar olmadığından (cavabdeh tərəfindən götürüldüyündən) onların qaytarılması qeyri-mümkün olmuşdur. Bundan sonra Gülnarə xanımın övladının toyu olacağından təkrar lombarda qızıl girov qoymuş, ayıq ödənişlər iddiaçı tərəfindən ödənilmiş, 4600 (dörd min altı yüz) manat iddiaçı tərəfindən lombarda ödənilmiş, borc bağlanılmış, bundan sonra isə ümumi qızıllar (hər iki dəfə lombarda qoyulan) Gülnarə xanım tərəfindən qiymətləndirilmiş, 12990 (on iki min doqquz yüz doxsan) manat iddiaçı tərəfindən Gülnarə Kərimovaya ödənilmişdir. Həmçinin yuxarıda qeyd olunduğu kimi lombardın aylıq ödənişləri də iddiaçı tərəfindən ödənilmişdir (3780+1200+384) Ümumilikdə hazırki iş üzrə cavabdeh tərəfindən iddiaçıya qeyd edilən məsələ ilə bağlı ümumilikdə 18.354 (on səkkiz min üç yüz əlli dörd manat) maddi ziyan vurulmuşdur ki, bunun da məhkəmə qaydasında qaytarılmasını istəyir. Bunun uçun hüquq mühafizə orqanlarına da müraciət etmiş (sənədlər əlavə olunur) lakin bir nəticəsi olmamışdır. Eyni zamanda iddiaçı vəkil xərci olan 270 (iki yüz yetmiş) manat xidmət haqqının və dövlət rüsumu üçün ödənilmiş olan 146 (yüz qırx altı) manat pulun da cavabdehdən alınıb ona qaytarılmasını istəyir. İddiaçı məhkəmə iclaslarında verdiyi izahatında Şahid2 onun tanışı olduğunu, məqsədinin ona kömək etmək olduğunu, xanıma pul lazım olduğu üçün Ravilə zəng etdiyini, Ravilin ona “özüm də Muğan Bankdan pul götürmüşəm, gedək ordan götürək” dediyini, Ravildən 3500 manat pul lazım olduğunu, nə qədər qızıl qoymaq lazım olduğunu soruşduğunu, Ravilin isə qızıla yerində baxmalı olduğunu bildirdiyini, razılaşdığını və Gülnarəyə dediyini, razılaşdıqlarını və Ravilin gəlib baxıb bahalı qızılları seçib götürdüyünü, qızılların həmin vaxt evdə və daha sonra bankda çəkilmiş fotoşəkillərinin olduğunu, girov biletində yazılan 1-4 aralığındakı qızılların Gülnarə xanımın, 5-7 aralığındakı qızılların qızılların isə cavabdehin olduğunu, daha sonra banka getdiklərini, qızıllara cavabdeh şəxs özünün olduğundan Ravilə “qızılları mənim adıma qoyaq” dediyini, Ravilin isə bankın əməkdaşları ilə nəsə danışdığını, bundan sonra bankın əməkdaşı “sənin adına olmur, sənin 2013-cü ildə gecikmən olub” dediyini, bankın əməkdaşından nə qədər pul verəcəklərini soruşduğunu, onların isə “sənə 2000 manat, Ravilə isə 3500 manat pul verilə bilər” dediyini, pulun Gülnarə xanımın adına götürülməsini istəsə də Ravilin bankda adının olduğu üçün onun adına daha çox kredit verildiyini bildirdiyindən məcbur qalıb onun adına kredit götürdüyünü, belə ki, cavabdehin özünəməxsus qızılları əvvəlcədən artıq banka qoyduğunu, xatırladığına görə Ravilin adına 3500 manat, özünə 2000 manat, Gülnarə xanıma 2500 və ya 2800 manat kredit verildiyini, hadisənin üzərindən çox vaxt keçdiyi üçün tam məbləği və vaxtını tam xatırlamadığını, Ravillə bir evli olduqlarından ona güvəni tam olduğu üçün qızılları onun adına lombarda qoyduğunu, qızılların Ravilin adından lombarrda qoyulmasına razılaşdıqlarını, Ravilin həmin vaxt bankda artıq krediti olduğundan ondan necə olacağını soruşduğunu, bankın əməkdaşının isə “Ravilin aylıq borcunun üzərinə gələcək, aylıq sənə verilən kreditə görə 208 manatı isə özün ödəyəcəksən dediyini, izahatında 8806 manat pul olduğunu bildirdiyini, 3500 manat pulun özünün, qalanının isə Ravilin borcu olduğunu, 18 ay ərzində banka 3780 manat pul ödədiyini, xatırladığına görə isə banka ona verilən məbləğə görə sonda 2 il ərzində 4990 manat pul qaytarmalı olduğunu, Gülnarənin Ravilə “pulu mənim adıma götürək” dediyini, Ravilin isə “kredit mənim adımadır, sən çöldə gözlə pulu götürüb sənə verəcəyəm” dediyini, çöldə gözlədiyini və Ravilin gəlib ona 3500 manat pul verdiyini, krediti 2022-ci ildə götürdüklərini, aylıq ödənişləri Gülnarə xanımın özünün etdiyini, cəmi 1200 manat borc qaldığını, belə ki, 3500 manat pulun qarşılığında faizi ilə 5000 manat pul ödəməli olduqlarını, ümumilikdə isə qoyulan bütün qızıllara görə verilən məbləğə 8806 manat pul ödənilməli olduğunu, 469.99 manat aylıqdan 208 manatı özünün, qalanını isə Ravilin ödəyəcəyi barədə danışdıqlarını, Ravilin hamıya borcu olduğu üçün onun borcu bağlayıb qızılları götürə biləcəyini düşünmədiyini, Gülnarə xanımın cəmi 3780 manat pul ödədiyini, Gülnarə xanımın pulu bəzən özünün ödədiyini, bəzi hallarda isə pulu ona verdiyini və özünün ödənişi etdiyini, Ravilin ad və soyadını, həmçinin FİN kodunu və doğum tarixini yazıb pulları onun adından bankın hesaba ödədiyini, aylıq ödənişləri vaxtında ödədiyini və bununla bağlı qəbzlərin olduğunu, 2023-cü ilin noyabr ayında Ravilin ona zəng edib “Muğan bank” bağlanır, banka pul ödəmə” dediyini, özünün isə ona “bəs qızıllar necə olacaq, gəlib qalıq borcu bağlayıb, qızılları götürək” dediyini, Ravilin isə cavabında “gözlə sənə deyəcəyəm, Bank Respublikaya perevod gedir” dediyini, Ravilin özünün həmin vaxt “Günay Bank”-ın Tarqovu filialında işlədiyini, Ravilin ona “mənim xəbərim var, Günay Bank da bağlananda hansısa banka köçürüldü və 3-4 ay çəkdi” dediyini, özünün Ravilə inanıb olan prosesləri Gülnarəyə bildirdiyini, sonra Ravilə zəng etdiyi vaxt “məni Dənizə perevod ediblər” dediyini, daha sonra Bank Respublikada tanıdığı şəxslərə onun şəxsiyyət vəsiqəsinin surətini göndərib “Cavabdeh həmin bankda krediti olub-olmamasını yoxlayın” dediyini, onların da yoxlayıb bankda onun adına kreditin olmadığını, həmin adda müştərinin olmadığını, Ravilin ya krediti bağlayıb qızılları götürdüyünü, yaxud başqa məsələ olduğunu dediklərini, həmin səs yazısını Ravilə də göndərdiyini, daha sonra Ravilə zəng etdiyi vaxt telefonlara cavab vermədiyini, cavab verdiyi vaxtlar isə müxtəlif bəhanələr gətirərək hərdən bir yerdə olduğunu dediyini, daha sonra Ravillə “Muğan bank”-ın Əhməd Rəcəblidəki filialına getdiklərini, həmin vaxt bankın əməkdaşlarının pulun ödənildiyini və qızılların götürüldüyünü dediyini, həmin vaxt Gülnarəni də ondan şübhələnməməsi üçün özü ilə apardığını, bankın həmin vaxt onlara akt təqdim edib, Cavabdeh 11 oktyabr 2023-cü il tarixdə imza edib həm öz qızıllarını, həm də Gülnarə xanımın qızıllarını götürdüyünü bildirdiklərini, daha sonra bankın bağlanması ilə bağlı fonda getdiklərini, 19 aprel 2024-cü il tarixli ərizəni cavabdehin Əmanətlərin Sığortalanması fondunda öz yanlarında yazdığını, Ravilin həmin vaxt ərizəsində qızılları özünün götürmədiyini, bu səbəbdən də qızılların axtarılmasını tələb etdiyini, həmin ərizənin fond tərəfindən qeydə alındığını, Ravilin ona “bank belə bir iş görübsə, ərizə verəcəyəm, hər şey ortadadır, bir dəfə də belə olmuşdu, kiminsə qızıllarını bank mənimsəmişdi” dediyini, özünün şikayət edəcəyini dedikdən sonra Ravilin “qoy görüm, deyəsən dostum qızılları götürüb, mən ona etibarnamə vermişəm” dediyini, özünün də ona “başa düşmədim, sən etibarnamə verdiyin adamı bilmirsən ki, indiyədək bizdən gizlətmisən, bu indi ortaya çıxır?” dediyini və həmin şəxsin mobil nömrəsini ona verdiyini, işlər qaydasına düşsün deyə həmin şəxslə danışdığını, onun müxtəlif bəhanələr gətirib Türkiyə Respublikasında işlədiyini, may, daha sonra iyun ayı gələcəyini bildirdiyini, həmin vaxtadək gözlədiyini, lakin ondan xəbər çıxmadığını, məsələnin Ravilin uydurması olduğunu anladığını, “Ravilə gətir camaatın qızıllarını ver, bizim 1200-1300 manat borcumuz qalır, həmin pulu verək qızıllarımızı qaytar” dediyini, qızılların onda olduğunu polisə müraciət etdikdə öyrəndiyini, həmin vaxt Ravilin “aylığı ödəmirdi, mən də götürdüm” dediyini, həmçinin ona “sən mənə pul ödəməmisən, pulun hamısını mən ödəmişəm, qızılları da sən ödəmədiyin üçün götürüb satmışam” dediyini, Ravilin hər axşam onun evinə gəldiyini, birlikdə olduqları vaxt xalası uşaqlarının yanında qızılları götürdüyünü etiraf etdiyini, Gülnarənin qızına toy mərasimi üçün pul lazım olduğunu, onun məcbur qalıb bacısının qızıllarını lombarda qoyduğunu və ona “Leysan sən bu pulu ödəməli, yaxud mənim qızıllarımı qaytarmalısan, çünki sənin tanışın və qohumundur, əks halda polisə müraciət edəcəyəm” dediyini, Ravilin isə “xanımdır, qızıldır da, qızılın söhbətin edirsən” dediyini, özünün də Ravilə “başa düşmədim, xanımdırsa qızılını atmalıyıq” dediyini, Gülnarənin qızılların lombardın qoyduğu qiyməti ilə razılaşmadığını və qızılların dəyərini hesablayıb 12990 manat pul qaytarmalı olduğunu ona bildirdiyini, qızılları Ravilə özünün verdiyini, bu səbəbdən də Gülnarə xanımın qızılları Ravildən yox, ondan tələb etdiyini, Gülnarənin lombardda iştirak etmədiyini, evdə qızılları onlara verdiyini və özünün Ravillə lombarda getdiklərini, Gülnarənin qızılları ona verdiyini, özünün isə qızılları aparıb bankda Ravilin adına lombarda qoyduğunu, Ravilin də qızıl seçmək üçün Gülnarənin evinə getdiyini, qızılları ayırdıqdan sonra Gülnarənin qızılları onun özünə verdiyini, həmin vaxt qızılları Ravilə vermədiyini, özünün banka getdiyini, Gülnarəyə qızılların pulunu 6 ay bundan əvvəl qaytardığını, qızılların bazarda qiymətini öyrənib ona uyğun Gülnarəyə ödədiyini, lombardın isə pul verərkən qızılları aşağı qiymətə götürdüyünü, pulu Gülnarəyə onun evində nağd şəkildə verdiyini, özü qızılları Gülnarədən götürdüyündən onun Cavabdeh qarşı qızılların qaytarılması ilə bağlı məhkəməyə müracət etmədiyini, onunla aralarında başqa heç bir yazılı razılaşma olmadığını, özünün lombarda 18 ay pul ödədədiyini, bununla bağlı qəbzləri məhkəməyə təqdim etdiyini, qızılların fotoşəkilləri üzərindəki yazıları özünün yazdığını, həmin şəkildə Ravilin ayağının da göründüyünü, vəkilin ona iddia ərizəsində ödənişləri özünün ödədiyini qeyd etməli olduğunu dediiyi üçün iddia ərizəsində elə yazdığını, əks halda Gülnarənin şəxsə qarşı özünün iddia qaldırmalı olduğunu, bu səbəbdən də iddia ərizəsində lombarda aylıq ödənişləri Gülnarənin əvəzinə özünün həyata keçirdiyini qeyd etdiyini, Gülnarəyə qızılların pulunu özünün qaytardığını bildirib sonda iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarında verdiyi izahatında Gülnarəni çoxdan tanıdığını, onun Leysanın evində gördüyünü, iddiaçı ilə münasibətlərinin olduğunu, Gülnarənin evinə getmədiyini, Leysanın ona zəng edib Gülnarənin özü ya anasının əməliyyat olunacağını, 3500-3600 manat pul lazım olduğunu dediyini, ona Gülnarənin evi ilə lombardın arasında 500 metr məsafə olduğunu, istədiyi halda qızılları aparıb lombarda qoya biləcəyini dediyini, Leysanın israrı ilə görüşdükdə ona “Gülnarə qızılları lombarda qoy deyir, lombarda qoysam gərək hər ay pulu mən ödəyəm, yaxşısı budur qızılları satıb ona lombarda qoyduğumu bildirim” dediyini, özünün də razılaşdığını və Leysana “sabah hər hansı problem yaranacaqsa, aramızda heç bir razılıq olmayıb” dediyini, Leysanın isə cavabında “narahat olma, heç bir problem yaranmayacaq, onsuz da o müddətə kimi mən ondan ayrılaram” dediyini, ona qızılları almağı ona təklif etdiyini, Leysanın həmin qızılları qiymətləndirdiyini və Leysana 3865 manat pul verdiyini, pulu Leysana verməyi ilə bağlı sübutunun olmadığını, pulu 2022-ci ildə Leysana verdiyini, güvəndiyi üçün pulu iddiaçıya verərkən heç bir sənədə imza etdirmədiyini, pulu verib qızılı aldıqdan sonra ehtiyacı olduğu üçün öz qızılı ilə birlikdə aparıb Muğan banka qoyub pul götürdüyünü, özünün “Günay Bank”da mühafizə sistemində işlədiyini, dostu və həmkəndlisi Şahid1la birlikdə qızılları lombarda qoyub 8800 manat pul götürdüyünü və bununla bağlı qəbzləri Leysana verdiyini, həmin qəbzləri Leysanın məhkəməyə təqdim etdiyini, bankın heç bir müştərisi barədə məlumatları digər şəxsə vermədiyini, iddiaçının isə izahatında onun barəsində məlumatları bankdan əldə etdiyini bildirdiyini, qızılları 2022-ci ildə Muğan bankın Neftçilər filialına qoyub pul götürdüyünü, dəqiq vaxtını xatırlamadığın, qızılların 02 ədəd boyunbağı, 01 ədəd qolbaq, 5-lik və 10-luq sikkə və 2 ədəd gümüşdən ibarət olduğunu, qızılların dəyərinin bankın 10000 manat civarında hesabladığını və ona 8800 manat civarında pul verdiyini, iddiaçıdan aldığı qızılların dəyərinin 5500 manat olduğunu, fotoşəkildə olan 1-4-cü qızılların iddiaçıdan aldığı, 5-7-cı qızılların isə öz qızılları olduğunu, daha sonra Leysanın ona “mənim qızıllarımı ucuz almısan, mənim qızıllarımı qaytar” dediyini, sonra Leysanın Gülnarənin qızının toyu ilə bağlı qızıllarını tələb etdiyini dediyini, özünün də Leysana “mən 10 ay pul ödəmişəm, qalanını özün ödə, sonra qızılların pulu bağlananda bankdan götürüb xanıma verərsən” dediyini, Leysanın isə razılaşdığını və 2 ay pul ödədiyini, bundan sonra ona “bank bağlanır, pulları gətir ödə qızılları götürək” dediyini, Leysanın isə pulunun olmadığını bildirdiyini, özünün həmin vaxt avtomobilini satdığını, Leysanın ona “sən apar maşının pulu ilə qızılların pulunu ver, mən sənin pulunu qaytararam” dediyini, özü bankda işlədiyindən qaydanı bildiyindən Leysana “pul tap qızılları götür, yoxsa özüm pul tapıb qızılları götürəcəyəm, sonra gəlib qızıllar mənimdir demə” dediyini, bundan sonra Muğan bank ləğv olunduğu vaxt pulu ödəyib qızılları özünün götürdüyünü və bununla bağlı sənədi aparıb Leysana verib “bu qədər pul ödəmişəm, gətir pulu ver, qızılları qaytarım” dediyini, Leysanın isə ona “sən həmin qızılı ver, mən pulu aybaay qaytarım” dediyini, özünün bununla razılaşmadığını və pulu bütöv şəkildə istədiyini, pulu xalasının oğlundan alıb qızılların pulunu verdiyini, Leysanın isə Gülnarəyə qızılları onun adına lombarda qoyduğunu dediyini, həmçinin ona “Gülnarə xanım zəng etsə de ki, qızıllar mənim adıma lombarddadır, qoy şübhələnməsin” dediyini, özünün də bununla razılaşdığını, sonra qızılları başqa lombarda qoymalı olduğunu, Leysana bunu bildirib “get qızılların pulunu bağla və qızılları götür” dediyini, lakin Leysanın bunu etmədiyini, özünün isə qızılları lombarda qoyduğu şəxsə “qızılları istəyirsənsə götür, elə bil qızılları sənə satmışam” dediyini, həmin şəxsin qızılları götürdüyünü, sonra Gülnarə xanımın ona zəng edib Leysanı təhqir etdiyini və onun başına oyun açdığını dediyini, daha sonra Leysanın ona “ərizə yazaq Gülnarə inansın ki, qızılları it-bata düşüb” dediyini, bu səbəbdən Fondda həmin ərizəni yazdığını, Gülnarənin evinin lombarda yaxın olduğunu, həmçinin lombardda gecikməyə baxılmadığını, Gülnarənin 26 yaşlı qızı, 21 yaşı oğlu və anası olduğunu, qızılları onların adına qoyub pul götürə biləcəyini, “hamı qala-qala niyə məhz tanımadığı mənim adıma qızıllarını lombarda qoyduğunu?”, qızılları aldıqsan sonra şəxsi mülkü olduğunu və özünün sərəncamında olduğunu, Leysana heç bir borcunun olmadığını, tək səhvinin Leysana görə Gülnarəyə yalan deməsi olduğunu bildirmiş, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Şahid2 məhkəmə iclasında verdiyi izahatında iddiaçıya işəgötürəni olmadığını, sadəcə orada işçi kimi adının getdiyini, Leysanın tanışı olduğunu, 5 ildir dostluq münasibətində olduqlarını, ona çox güvəndiyini, qızının nişan, xına və toy mərasimi olduğundan pul lazım olduğunu, bunu Leysana dediyini, Ravili isə Leysana görə tanıdığını, Leysanın ona Ravilin bankda işlədiyini dediyini, Leysanın pul götürə bilmədiyini, heç vaxt lombarda qızıl qoymadığını və qaydasını bilmədiyini, həmçinin Ravilin bankda işlədiyindən ona güvənib qızılı Ravilin adına banka qoyduğunu, deyəsən Ravilin öz qızıllarını da birləşdirib banka qoyduqlarını, 2022-ci ilin aprel-may ayları qızılı götürməyə onun evinə Leysan və Ravilin gəldiyini, Ravilin özünün bir-bir qızılları seçib götürdüyünü, qızılları seçəndə ondan nə qədər pul lazım olduğunu soruşduğunu, ona 3000-3500 manat pul lazım olduğunu dediyini, ondan birinci 1 ədəd 5-lik klon, 01 ədəd 10-luq klon, 01 ədəd başqa klon, 1 dəst komplekt qızıl, 05 ədəd üzük, 01 ədəd qolbaq, 01 ədəd boyunbağı və 01 ədəd uşaq qolbağı götürüldüyünü, komlektə sırğa və üzük daxil olduğunu, komlektin üzüyü ilə birlikdə 5 ədəd üzük olduğunu, qızılların salonda stolun üzərində fotoşəklinin çəkildiyini, bir dəfə boş stolda, bir dəfə isə örtüyün üzərində olmaqla iki dəfə qızılların fotoşəkilinin çəkildiyini, həmin fotoşəkilləri Leysanın çəkdiyini, qızılları evdən Ravilin seçib salfetə büküb birlikdə çıxdıqlarını, evdən çıxarkən kimin götürdüyünü bilmədiyini, Ravilin qızılları seçdikdən sonra dəyərini dediyini, pulu həmin gün Leysanın gətirdiyini, Ravilin gətirmədiyini, ona 3500 manat pul verdiklərini, Leysanın həmin vaxt ona “mənə blok qoyulub deyə öz adıma götürə bilmədim, Ravilin başqa qızılları da var, onun qızıllarını da qoyub çox pul götürdü” dediyini, pulun 3000 manatını ona verdiklərini, qalanın isə Ravilin götürdüyünü, aylıq 210 manat ödəniş etdiyini, götürdüyü pul ilə bağlı hər ay Leysana 210 manat pul verdiyini, pulu ödəyib qəbzləri ona verdiyini, 18 ay ödəniş etdikdən sonra Leysanın yanında olduğu vaxt Ravilin zəng edib bankın bağlandığını və ödəniş edilməməsini dediyini, 3 ay gözlədikdən sonra Leysandan qızılları maraqlanmağını istədiyini, daha sonra banka getdiklərini, bankda Ravilin ərizə yazıb qızılları götürmədiyini və xəbərinin olmadığını dediyini, sonra qızının nişan və toy mərasimi olduğu üçün ikinci dəfə Leysana dediyini, Leysanın ona “bacının qızıllarını banka qoy, pul götür aylığını özüm ödəyəcəyəm” dediyini, 2023-2024-cü ildə pul götürərkən qızıllarını satdığından və az qızılı qaldığından bacısına məxsus qızılları adını bilmədiyi lombarda qoyub pul götürdüyünü, lombarda Leysanla birlikdə getdiyini, lakin qızılları öz adına qoyduğunu, özündə 1600 manat dəyərində 1 dəst komlekt və əlavə 2-3 ədəd qızıl qaldığını, sonra yenidən pul lazım olduğu üçün 1600 manat yenidən pul götürdüyünü və həmin pulun ödənişini də Leysanın etdiyini, Leysanın onun əvəzindən 4600 manat pulun ödənişini etdiyini, toyda isə birinci dəfə verdiyi qızılları Leysandan tələb etdiyini, Leysanın isə gətirib ona 13000 manat pul verdiyini, Leysanın 4600 manatdan əlavə ona 13000 manat pul verdiyini, Ravillə onu Leysanın tanış etdiyini, bu səbəbdən də pulu Ravildən yox, Leysandan tələb etdiyini, Leysanın evə gəlib şəxsən pulu verdiyini, Naxçıvana gəlmək üçün bilet pulunu Leysanın aldığını, Leysan ona qızılların pulunu qaytardığını, sonra Ravilin qızılları götürdüyünü bildirmişdir. Şahid1 məhkəmə iclasında verdiyi izahatında tərəfləri tanıdığını, onlarla həmkəndli olduğunu, heç biri ilə qohumluq və ədavətinin olmadığını, hadisənin 2022-2023-cü illərdə olduğunu, lakin tam xatırlamadığını, Leysanla düşmənçiliyi olmadığını, lakin aralarında kiçik anlaşılmazlıq olduğunu, 2014-cü ildə Leysanla aralarında mübahisə olduğunu, hazırda da Leysanla danışmadığını, xatırladığına görə Goradildən qızılı 2022-2023-cü ildə götürdüklərini, 2024-cü ilin yanvar ayı da Ravil ilə Sahil metrosunun yanına gedib lombarda qızıl qoyduqlarını, Ravilin avtomobili 2-3 il olar ki, nasaz olduğunu, bu səbəbdən də özünün avtomobilindən istifadə etdiklərini, Binəqədi rayonu, Govadlı kəndindən qızılları götürüb “Muğan banka” qoyduqlarını, özünün avtomobildə gözlədiyini, özünün lombardda iştirak etmədiyini və içəri daxil olmadığını, Ravilin isə 8200 manat və ya 9200 manat pul götürdüyünü, qızılların kimin olduğunu bilmədiyini, Ravilin telefon işi ilə məşğul olduğunu və pulu aparıb 28-də Dubaya göndərdiyini, Ravilin pulu başqa bir şəxsə verdiyini, onun pulu göndərdiyini, başqa heç nə olmadığını, başqa heç nədən xəbərinin olmadığını, Ravilin qızılları anasıgilin yaşadığı Goradildən götürdüyünü, tərəflər arasında olan mübahisədən 2024-cü ilin yay aylarında Binəqədi rayonunda polis şöbəsində məlumatı olduğunu, Ravillə çox vaxt birlikdə olduqlarını, onunla birlikdə iş gördüklərini, dost olduqlarını, eyni gündə Bakı şəhərinə getdiklərini, həmin vaxtdan dostluq münasibətlərinin yarandığını, şöbədə olarkən tərəflərin yuxarıda olduğunu, özünün aşağıda gözlədiyini, onların səslərini eşitdiyini, həmin vaxt Leysanın Ravilə “sən mənim qızılmı götürmüsən” Ravilin isə ona “mən pulumu verib qızılı almışam” dediyini, zalda əyləşən xanımı orada görmədiyini, Ravil Leysanı polisə şikayət etdiyi vaxt “ayıbdır, həmkəndlisiniz, bir-birinizi polisə verirsiniz” dediyini, Leysanın isə ona “qızılları gətirib qaytarsın söhbətə son qoyaq” dediyini, polis şöbəsində olarkən özünün onlara yaxınlaşdığını, çünki, onların hərəkətinin utancverici olduğunu, Leysanla danışmasa da, ona yaxınlaşdığını və ona “ayıbdır, gəlin söhbətinizi kənarda həll edin” dediyini bildirmişdir. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hal ondan ibarətdir ki, Cavabdeh tərəfindən mülkiyyətçi Şahid2 məxsus qızılların lombard təşkilatından qanunsuz olaraq götürülməsi nəticəsində ona (İddiaçı) maddi ziyan dəymişdir. Mülki işin məhkəmə araşdırması zamanı mübahisəsiz qaydada müəyyən olunmuş halları ondan ibarətdir ki, mülkiyyətçi Şahid2 məxsus qızıllar sonuncunun razılığı əsasında Cavabdeh tərəfindən və onun adına girov müqaviləsi əsasında "xxxx" ASC-nin Neftçilər filialında 3864 (üç min səkkiz yüz altmış dörd) manat pul vəsaiti qarşılığında girov qoyulmuş, həmin pul vəsaitinin 3500 (üç min beş yüz) manatı Şahid2 verilmiş, sözügedən pul vəsaiti qarşılığında 3672 manat (üç min altı yüz yetmiş iki) Şahid2 hesabına Cavabdeh adından banka aylıq hissələr şəklində ödəmiş, sonuncu Şahid2 məxsus qızılları bankdan götürmüş və Şahid2 qaytarmamışdır. Belə ki, mülki iş materiallarına əlavə olunmuş: - "xxxx" ASC-nin Neftçilər filialı tərəfindən verilmiş xx.xx.2022-xx.xx.2024-cü illəri əhatə edən hesabdan çıxarışdan Cavabdeh xx.xx.2022-ci il tarixdə 3864 manat, xx.xx.2022-ci il tarixdə isə 8806 manat lombard kreditinin verilməsi; - "xxxx" Neftçilər filialı tərəfindən verilmiş xx.xx.2022-xx.xx.2024-cü illəri əhatə edən hesabdan çıxarışdan və ödəniş qəbzlərindən xx.xx.2022-ci il tarixdə 210 manat, xx.xx.2022ci il tarixdə 302 manat, xx.xx.2022-ci il tarixdə 210 manat, xx.xx.2022-ci il tarixdə 30 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 210 manat, xx.xx.2022-ci il tarixdə 210 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi hər ay 210 manat olmaqla cəmi 2100 manatın, ümumilikdə isə 3672 manatın kreditin ödənişi kimi Cavabdeh adından "xxxx" ASC-nin hesabına ödənilməsi; - "xxxx" ASC-nin Neftçilər filialına girov qoyulmuş qiymətləndirmə və təhvil-təslim aktından Cavabdeh xx.xx.2022-ci il tarixdə 1 ədəd qədim qızıl 10-luq, 900 əyar, 13 qram sikkə, 1 ədəd qədim qızıl 583 əyar, 19.5 qram, 5-lik sikkə 1638 manat, 1 ədəd 583 əyar, 12 qram qolbaq 1008 manat, 1 ədəd komplekt, 4 ədəd üzük 583 əyar, 22 qram-1800 manat, 1 ədəd sep, 1 ədəd qolbaq, 1 ədəd klon-583 əyar, 12.8 qram - 1075 manat, 2 ədəd kom, 1 ədəd üzük, 1 ədəd klon - 583 əyar, 19 qram 1520 manat, 1 ədəd sep, 1 ədəd üzük (lom) 583 əyar, 26.4 qram-2217 manat, 1 ədəd üzük (br) 750 əyar, 7.7 qram 583 əyar, 9.6 qram qızılları girov qoyması; - Aktda xüsusi işarələnmiş hissədə əks olunmuş məlumatlar və tərəflərin izahatları əsasında 10-luq, 900 əyar, 13 qram 1 ədəd qədim qızıl sikkə, 1 ədəd qədim 583 əyar, 19.5 qram, 5-lik qızıl sikkə, 1 ədəd 583 əyar, 12 qram qolbaq, 1 ədəd 583 əyar, 22 qram komplekt və 4 ədəd üzük, 583 əyar, 12.8 qram 1 ədəd sep, 1 ədəd qolbaq və 1 ədəd klonun Şahid2 məxsus lombard təşkilatına girov qoyulmuş qızıllar olması müəyyən olunur. Məhkəmə qeyd edir ki, ilk növbədə iddia qaldırmış şəxsin sözügedən tələbə münasibətdə müvafiq subyektiv hüquqa malik olub-olmaması müəyyənləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin olunur, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələri əsaslıdırsa) rədd edilir. İddiaçı Şahid2 məxsus girov qoyulmuş qızıl zinət əşyalarına banka ödədiyini iddia etdiyi pulun cavabdehdən alınıb ona verilməsini xahiş etsə də, həqiqətən kredit ödənişlərinin özü tərəfindən ödənilməsini, yəni tələbin həmin hissəsində hüquqi ixtiyara malik olmasını sübuta yetirə bilməmişdir. Belə ki, İddiaçı audio-video yazısının aparıldığı məhkəmə iclasında qızılları banka qoyduqdan sonra götürülən 3500 manat pulun Gülnarə Əhmədovaya verilməsini və kredit ödənişlərinin 3780 manat olmaqla sonuncunun özü tərəfindən cavabdehin adından banka ödənilməsi faktını etiraf etmiş, iddia ərizəsində əksini qeyd etməkdə məqsədlərinin iddianın təmin olunmasına nail olmaq olduğunu bildirmiş, Şahid2 isə ifadəsində sözügedən halı təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. İddia tələbinin ona məxsus qızılların cavabdeh tərəfindən götürülməsi nəticəsində Şahid2 dəymiş 12990 manat pulun özü tərəfindən ödənilməsi və bunun nəticəsində ziyana düşməsi ilə bağlı hissəsində qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli qərarında vurğulanır ki, delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə araşdırması zamanı iddiaçı cavabdehin üçüncü şəxsə vurduğu ziyana görə sonuncuya ümumilikdə 12990 manat pul verməklə ziyana düşdüyünə istinad etsə də bunu təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Belə ki, iddiaçı Şahid2 ikinci və üçüncü dəfə lombarda qızıllar qoyaraq götürdüyü kredit ödənişlərinin özü tərəfindən edildiyinə istinad etsə də həmin şəxsin lombard krediti alması və kreditə görə ödənişlərin iddiaçı tərəfindən edildiyinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Şahid2 məhkəmə iclasında şahid qismində buna dair verdiyi ifadəni işin müəyyən olunmuş halları ilə birlikdə qiymətləndirən məhkəmə həmin hissədə şahidin ifadəsini mötəbər sübut kimi qəbul etmir və iddiaçının istinad etdiyi faktların öyrədilmiş şahid ifadəsi ilə təkrarlandığını müəyyən etmişdir. Həmçinin MPM-in 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2ci maddəsi). İddiaçı iddia ərizəsində cavabdeh tərəfindən ona ziyan vurulmasını qeyd etsə də, iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş və bu barədə hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməməklə Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən üzərinə düşən tələbin əsası kimi istinad etdiyi halları sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Ona görə də məhkəmə hesab edir ki, iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə sonda belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası əsaslı olmadığından rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 146 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.6- cı maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. İddiaçı məhkəməyə müraciət edərkən iddiaçı ilə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili arasında bağlanmış hüquqi yardımın göstərilməsi haqqında 04/385 nömrəli, xx.xx.2025-ci il tarixli müqaviləyə istinad etmiş və hüquqi yardıma görə ödənilmiş 270 manat xərcin cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir. Həmin məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Sözügedən halda isə iddiası rədd edilmiş tərəfə vəkil xərcinin digər tərəfdən alınıb verilməsindən söhbət gedə bilməz. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia rədd olunsun. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Günay İsmayıl.
Məhkəmə qərarları › İş №e-2(079)-405/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-405/2025
29.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver